adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
61453 | 2011-01-22 05:59
İndi media yaşadığımız bu günkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun.
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   -1-ci sual: Srağagün 20 Yanvar idi. Siz Şəhidlər Xiyabanına ziyarətə getdinizmi?
   
   
   
   -2-ci sual: Metrioloqlar qar yağacağını bildirirlər. Qarın yağacağı sizi narahat edirmi?
   
   
   
   -3-cü sual: Mənzilinizin istilik sobaları işləyirmi?
   
   
   
   1. - Səlahəddin: (QAZel sürücüsü) Yox, gedə bilmədim. Həmin gün təcili bir işim çıxdı, axaşama qədər qurtarmaq mümkün olmadı. Amma getmək çox istəyirdim. Əslində həmişə getmişəm. Şəhidlərimiz bizim fəxrimizdi, onları yaddan çıxarmaq olmaz
   
   2. - Mən də qar yağacağını eşitmişdim, gözləyirdim də. Amma yağmadı. Əslində elə yaxşı oldu ki, yağmadı. Qarın yağması bizim üçün bilirsiz nə qədər problem yaradır? Heç deyiləsi döyül. Bir də görürsən ki, maşına nəsə olur, əlavə filan qədər xərcə düşürsən.
   
   3. - "Atapleniya"mız işləmir. Biz də məcburuq ki, evi tok sobaları ilə isidək. Bu da ki özünüz bilirsiz də heç sərf eləmir. Çünki o qədər "tok"un pulunu ödəmək də asan olmur. Bir-iki dəfə "atapleniya"ların düzəldiləcəyini deyiblər, amma elə həmin hamam, həmin tasdı.
   
   
   
   1. - Nadir: (orta məktəb müəllimi) Mən rayonda yaşayıram. Bakıya vacib bir iş üçün gəlmişdim. Amma bibioğlu ilə getdik Şəhidlər Xiyabanına, ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
   
   2. - Əslində qışda qar yağmalıdı da. Amma bizdə şərait elədi ki, qar yağanda cürbəcür problemlər ortalığa çıxır. Bizim qaz elə vaxtlarda çox zəifləyir. Elə vaxtlar olur ki, odun da yandırmalı oluruq. Belə olanda da bizim üçün çətinlik yaranır. Müəllim babayam, özünüz təsəvvür edin.
   
   3. - Biz həyət evində yaşayırıq. Həyət evində istilik sobaları nə gəzir?
   
   
   
   1. - Kübra: ("Baqes"in işçisi) Mən özüm gedə bilmədim. Çox istərdim. Amma oğlum qonşu uşaqları ilə yığışıb getmişdilər. Bütün şəhidlər elə bizim övladlarımız, qardaş, bacılarımızdı. Onların şəhid olduqları günü gedib onların qəbirlərini ziyarət eləmək savabdı. Əvvəlki vaxtlarda mən də həmişə getmişəm.
   
   2. - Bəli, narahat eləyir. Keçən il qarlı-şaxtalı günlərdə biz də hamı kimi əziyyət çəkdik. Çörək qəhətə çəkildi, marşrutlar işləmədi... Qızım texnikumda oxuyur, qarlı günlərdə dərsə gedib-gələndə çox narahatlıq keçirirəm. Yağmasa yaxşıdı.
   
   3. - Sözün düzü, işləyir. Pis də yanmır, yaxşıdı. O da əvvəllər yox idi, üç-dörd ildi qaydasına qoyublar.
   
   
   
   1. - Mahir: (tibb işçisi) Bəli, getdim. Deyim ki, başqa bir yerə getməmişəmsə, mən hər il Şəhidlər Xiyabanına ziyarətə getmişəm. Şəhidlərimiz bizim qürur yerimizdi. Allah onların hamısına qəni-qəni rəhmət eləsin.
   
   2. - Bakıda qar həmişə problemlər yaşatsa da onun yağması vacibdi. Şaxta mikrobların çoxunu məhv edir.
   
   3. - İşləyir. Amma hökumətinki yox. Özüm düzəltdirmişəm, çox yaxşı da evimizi qızdırır. Mənzilin istiliyi ilə bağlı heç bir problemimiz demək olar ki, yoxdu.
   
   
   
   1. - Adını söyləmədi: (müəllimə) Bu il gedə bilmədim. Amma mən həmişə imkan eləyəndə ziyarətə gedirəm.
   
   2. - Narahat olsaq da, problemlər yaransa da bizlik nə var ki? Yağsa yağacaq, biz də pis-yaxşı yola verəcəyik.
   
   3. - Son illər istilik sobaları işləyir. Pis deyil.
   
   
   
   1. - Murtuzəli: (dükanda satıcı) Getmədim. İşim imkan vermir. Amma əvvəlki illərdə hər il Şəhidlər Xiyabanına ziyarətə getmişəm. İş başında olmasaydım, yüz faiz bu dəfə də gedəcəkdim.
   
   2. - Yağmasa yaxşıdı.
   
   3. - Hərdən yanır, hərdən yanmır. Belə də... Soyuq olanda "plitka" yandırırıq.

TƏQVİM / ARXİV