BU GÜNÜMÜZÜN XOCALISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
65598 | 2015-04-29 09:39
Kiçik bir təəssürat
Bir anlıq ötən günlərə qayıdıram və düşünürəm ki, Xocalını görməyib, onun barəsində ancaq eşidib, telelentlər izləyən oxuculara bu gün düşmən əsirliyində olan və məruz qaldığı soyqırım faktı dünya tərəfindən birmənalı şəkildə hələ də qəbul olunmayan Xocalını günün gözüylə, zamanın sözüylə necə ifadə edim ki, mətləblər bütünlüklə diqqəti çəksin. Bax, bu çətin, amma ürəyimin səsiylə yazmaq istədiyim mövzünün ipucundan tutub dağlara tərəf yol gedirəm.
Çünki bir zamanlar, yəni 1992-ci ilin fevral ayının 26-na qədər Dağlıq Qarabağın, Əsgəran qalasının yaxınlığında məskunlaşmış və qədim yaşayış məskəni kimi tariximizdə silinməz yeri olan Xocalı əslində indi də dağlara sığınıbdı. Az-çox tarixi mənbələrə üz tutan hər kəs bilir ki, bizim Azərbaycan tarixinin "Quruçay" mədəniyyəti olduğu kimi, "Xocalı mədəniyyəti", "Xocalı kurqanları" və digər tarixi faktlarla zəngin bir minillərə sinə gərə bilən yolu keçmiş bir şəhərin həyatı indi qaçqınlıq, köçkünlük acısını çəkir. Doğrudur, ölkə prezidentinin demək olar ki, bütün diqqət və qayğısı ilə əhatə olunmuş xocalılar artıq müasir tipli şəraiti ürəkaçan və həm də insana dərdini az-çox unutduran bir qəsəbədə, daha doğrusu, bir çox ünvanlarda məskunlaşıblar. Ancaq onların daha çox sıx yaşadıqları və demək olar ki, Xocalı mühitini köçürüb müvəqqəti də olsa gətirə bildikləri bir ünvan da var. Bu da Goranboy rayon mərkəzindən yarım saatlıq bir məsafədə yerləşən Ağcakənd qəsəbəsidi. Bu gün həmin qəsəbədə xocalılar məskunlaşıb...
Dalğara sığınmış, axarlı-baxarlı bir yerdə salınmış qəsəbə özünün görkəmi ilə dərhal diqqəti çəkir. Bu qəsəbədə tikilən evlərin ümumi görünüşü bir-birini tamamlayır. Xüsusilə bu evlərin həyətyanı sahələri, buradakı boy-boya vermiş meyvə ağacları özlərinin al-əlvan çiçəkləriylə yazın ən gözəl müjdəçisinə çevriliblər. Baxdıqca göz, könül sevinir. Üstəlik də küçələrin genişliyi, rahatlığı, səkilərin döşəmələri, yəni tametlər, həmçinin səki kənarı divarların ağ layları, bir sözlə, Xocalı adlanan bu ünvanda hər şey təzədi, hər şey göz oxşayır.
Mən küçələri bir-bir gəzib dolaşıram. Burada məskunlaşan doğmalarımın söylədiklərindən öyrənirəm ki, adamlar burda özlərini iri şəhərlərin müxtəlif inzibati binalarında, məktəblərdə, uşaq bağçalarında, yataqxanalarında keçirdikləri günləri artıq unudublar. Çünki həmin o sıxıntılar, darısqallıq, hətta qaz, su, işıq problemi belə indi keçmişdə qalıbdı. Adamlar bir genişlik, bir asudəlik qazanıblar. Ona görə də hər kəs ona dövlət tərəfindən verilmiş evin həyət-bacasında özünə, ailəsinə uyğun təsərrüfat yaratmağa çalışır, kimi meyvə ağacları əkir, kimi bostan-tərəvəz məhsulları yetişdirir, bəziləri də heyvandarlığa, quşçuluğa üz tutubdu. Bütün bunlar isə ailə büdcəsinin sosial durumunun yaxşılaşmasında öz sözünü deyir.
Xocalılar üçün salınmış bu qəsəbələrdə xüsusilə insanları razı salan məqamlardan biri də rayon icra hakimiyyətinin, eləcə də dövlət qurumlarının hamısının buraya köçürülməsi, bu qəsəbədə yerləşdirilməsidi. Faktiki olaraq Xocalı rayonunun fəaliyyəti burada öz həllini tapıb. Ona görə də hansısa bir arayış üçün, hətta ən kiçik bir sorğu üçün belə haralarasa üz tutmağa ehtiyac yoxdu. Üstəlik də burada fəaliyyət göstərən məktəblər, səhiyyə və mədəniyyət ocaqları da xocalıların, bütövlükdə isə ərazidə məskunlaşmış qaçqın soydaşlarımızın ixtiyarına verilib.
Maraqlıdır ki, qəsəbələrdə fəaliyyət göstərən məktəblərin yetirmələrinin, yəni şagirdlərin uğurları da ilbəil artır. Əgər konkret rəqəmlərlə söyləsək onda deyə bilərik ki, təkcə son illərdə ölkə prezidentinin sərəncamı ilə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin sakinlərinin böyük əksəriyyəti Xocalıdan, Xocalı rayonundandılar. Yəni bu insanlar Xocalı rayonunun Kosalar, Başkənd, Yalova kəndlərindən didərgin düşənlərdi. Onlar üçün tikilmiş müasir tipli məktəblərin həm bina baxımından, həm də inventarlarla təminat baxımından diqqət mərkəzində saxlanılması çox ürəkaçandı.
Xatırlatmaq yerinə düşər ki, xocalılıran indiki durumunun daha da yaxşılaşdırılması və onların haqq səsinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri danılmazdı. Xüsusilə Leyla xanım Əliyevanın "Xocalıya ədalət" çağırışı ilə dünyanın müxtəlif guşələrində gerçəkləşən anımlar, Xocalının tanıdılması və Xocalı həqiqətlərinin çatdırılması istiqamətində görülən işlərin bu şəhərin sakinlərinin həyatında açdığı izlər danılmazdı. Yəni Ağcakənddə, Goranboy ərazisində, eləcə də Azərbaycanın müxtəlif güşələrində məskunlaşan xocalılar həm ölkə rəhbərliyinin, həm də Heydər Əliyev Fondunun onun haqqını bərpa etmək istiqamətində həyata keçirdikləri uğurlu və damalı siyasəti bəyənir, həm də alqışlayırlar.
Gerçək olan bir həqiqət də budur ki, bugünün Xocalısı ucaldılmış hündürmərtəbəli binaların əhatəsindəki xatirə kompleksində də özünü bir daha təsdiq edir, tanıdır. Mən istər Ağcakənddə, istər Goranboy rayonunun Ağcakənd istiqamətindəki çıxışındakı qəsəbədə gördüyüm gerçəkliklər sübut etdi ki, bu gün Xocalı sözün bütün mənalarında yaşayır və bizimlə birlikdə öz haqq səsini dünyaya çatdırır.
Bəli, dağlara sığınmış bir qəsəbənin abadlığı, təminatı, burdakı insanların sosial problemlərinin çözümü Azərbaycan prezidenti İlham Əliyev cənablarının regionların inkişafına dair dövlət proqramının tərkib hissəsi kimi qurulmaqda və daha da müasirləşməkdədi. Birmənalı şəkildə etiraf etmək lazımdır ki, bu gün xocalılar üçün sağlam qəsəbələr, buradakı abadlıq işləri, açılan iş yerləri heç də işğal altında olan Xocalını bizlərə unutdurmur. Əksinə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, "Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir. Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki, ədalət qarşısında cavab verməyiblər. Amma o gün gələcəkdi. Mən şübhə etmirəm və əminəm ki, siz də Xocalıya qayıdacaqsınız".
Bəli, bu gün yeni ünvanda, dağlar qoynunda bir Xocalı tikilir, qurulur, abadlaşır. Burda həyat qaynayır, insanlar yeni Xocalının sakinləri kimi onun yeni dövrünə imza atırlar. Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun rəhbərliyi altında problemlərin həlli yollarını axtarırlar. İnanırıq ki, onlar bütün problemləri dəf edib ilk ünvanlarına, qədim Xocalıya qayıdacaqları günə hazır olacaqlar.



TƏQVİM / ARXİV