ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

FAİQ QİSMƏTOĞLU
67632 | 2015-04-29 08:26
Bərəkətinə qurban olaq. Deyirlər ki, çörək hətta "Quran"dan irəlidir. "Quran" da Allah kəlamıdır, çörək də Allah nemətidir. Analarımız bizi belə tərbiyə ediblər: "Çörək yerə düşəndə onu öpüb gözümüz üstünə qoymuşuq, çünki çörəyi itirən adam, onu tapdayan insan həmişə bu bərəkətin üzünə həsrət qalar".
Əlbəttə, gərək çörəyin qədrini biləsən, xüsusən də müharibə görmüş, yəni 1941-45-ci illəri yaşamış insanlar çörəklə bağlı çox şey bilirlər. Biz də çox şey bilirik. Çünki müxtəlif filmlərdə bu barədə nə lazımsa onu çəkərək bizə göstəriblər. Böyük Vətən müharibəsində bir tikə çörəyə görə aclıqdan milyonlarla insan qırılıb. Heç nə yox, ancaq çörək tapsaydılar o qədər insan müharibə dönəmində məhv olmazdılar.
Beləcə, çörəyi hamımız sevməliyik və gözümüzün üstündə saxlamalıyıq. Şükürlər olsun ki, bu gün ölkəmizdə çörək boldur. Böyük şair Səməd Vurğun isə çox gözəl deyib: "Çörək bol olarsa basılmaz Vətən". Bu bir həqiqətdir. Əsgərin qarnı doymasa, o, səngərdə duruş gətirə bilməz. Bizim millət nə yesə doymur, amma çörək yeyəndən sonra tam doyur və özünü rahat hiss eləyir.
Elə bil mətləbdən uzaqlaşdıq. Ölkəmizdə çoxlu sayda çörək istehsalı ilə məşğul olan zavodlar və istehsalat sahələri mövcuddur. Bunların bir çoxu standartlara uyğun və keyfiyyətli çörək istehsal edir. Amma gəlin onunla razılaşaq ki, bəziləri çörək ":::istehsalından xəbəri olmasalar da pul qazanmaq naminə bu işlə məşğuldurlar. Ən azından ona görə ki, onlar düşünürlər; bu yolla qaz vurub qazan doldurmaq mümkündür. Çox qəribə də olsa belələri düşündüklərini asanlıqla yerinə yetirirlər.
Bu cür çörək sexlərində sanitar-gigiyenik qaydalara əməl olunması bir yana, köhnə texnologiyadan istifadə olunur. Üstəlik də onların lazımi maşınları olmadığına görə, istehsal etdikləri çörəkləri minik avtomobillərində ayrı-ayrı gözdən uzaq, könüldən iraq mağazalara daşıyırlar. Hansı ki, mövcud qanunla çörək bişəndən sonra bir müddət qalmalı, soyumalı, qablaşdırılmalı və çörək maşınında mağazalara daşınmalıdır. Onun daşınması zamanı demək olar ki, bütün qaydalara əməl olunmalıdır ki, çörək çirklənməsin.
Dəfələrlə bir hadisənin şahidi olmuşuq ki, minik avtomobilinin yük yerində mağazalara daşınan çörəyi boşaldarkən çörəklər yerə tökülür və yenidən həmin şəxs çörəyi yığaraq mağazaya aparıb. Təbii ki, bu cür anları yəqin çoxlarınız müşahidə etmisiniz. Maşının yük yerinə yığılan çörəklərdən çox vaxt benzin qoxusu gəlir. Hələ biz onu demirik ki, yük yerində daşınan çörəklər hansı natəmizliyə məruz qalır.
Aydındır ki, bu cür çörəklər standarta uyğun texnologiya ilə bişirilmədiyinə görə onun içərisindən bəzən kəndir, ağac qırığı və hətta şüşə qırıntısı çıxır. Çox qəribədir ki, elə bu sətirlərin müəllifi tanınmayan sexdə istehsal olunmuş çörəkdən istifadə edərkən onun içərisindən kəndir qırığı çıxdığını görüb.
Bütün bunları yada salmaqda məqsədimiz ondan ibarətdir ki, bəzi istehsalçılar çörəkçiliyə barmaqarası yanaşır və gözlərini yumub necə gəldi çörək istehsal edirlər. Bununla yanaşı, bu cür bərbad çörək sexlərində çalışan fəhlələrin özləri heç bir sanitar və gigiyenik qaydalara əməl etmir, xəmirin qatılması, yoğrulması və sobaya qoyulması zamanı texnoloji prosesləri tez-tez pozurlar.
Əlbəttə, ilk növbədə aidiyyəti qurumlar tərəfindən istehsalat sahələrinin sanitar və gigiyenik normalara cavab verilməsi nəzarətdə saxlanılmalıdır. Eyni zamanda çörək sexlərində çalışan fəhlələrin də sanitar qaydalara əməl etməsi vacib şərtdir. Bir də görürsən ki, xəmir yoğuran, yaxud da başqa bir əməliyyatı yerinə yetirən qadının saçları bağlı deyil. Bu zaman hər hansı saçın xəmirin arasına düşməsi mümkündür. Təəssüflə qeyd etməliyik ki, qaldırdığımız məsələyə bir çox çörək sexləri riayət eləmir. Çünki onların fəaliyyətində çox böyük qanun pozuntuları mövcuddur.
Ancaq gəlin onunla razılaşaq ki, yüksək keyfiyyətli çörək istehsal edən istehsalat sahələri də kifayət qədərdir. Həmin istehsalat sahələri müasir standartlara uyğun avadanlıqlarla təchiz edilib və çörək bişirilməsi zamanı bütün texnoloji proseslərə əməl olunur. Belə şəraitdə bişirilən çörəklər həm görünüşünə, həm də keyfiyyətinə görə digərlərindən seçilir. Ona görə də atalar yaxşı deyib: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik".

TƏQVİM / ARXİV