adalet.az header logo
  • Bakı 12°C

QiYAMƏTƏ QALMASIN

VƏSİLƏ USUBOVA
29375 | 2011-01-22 05:52
Günorta naharından sonra işə qayıdanda günəş həmişə çəpəki gözlərimə düşür. Necə olub ki, indiyəcən fikir verməmişəm?! Sən demə, payız-qış aylarında günəş batmağa gedəndə cənub tərəfə meyllənirmiş. Buna görə də şüaları düz deyil, maili düşür, havanı mülayimlətsə də, çox qızdıra bilmirmiş. Əslində, bunu dörd-beş il bundan qabaq kənd arvadlarından eşitmişdim. Eşitmişdim və onların diqqətinə, dərrakəsinə heyran qalmışdım. (Bizsə, ağlımız kəsəndən dünyanı dərk eləməkdən ötrü kəndimizdən çox-çox uzaqlara can atırıq). Yayın istisində düz başımızın üstündə od ələyə-ələyə gedib Kürlə Arazın qovuşağında boğula-boğula, dünyanı özünün tünd narıncı rənginə boyaya-boyaya batar, dalınca bu yerlərə cana yatan sərinlik göndərərdi. Nədən gün batanda adamın canı qərib bir duyğudan sıxılır, özünü hamı tərəfindən atılmış, unudulmuş hiss edir?! Sübh çağı üfüqdən boylananda ürəyinə dünya boyda işıq, sevinc bəxş edən kainat gözəlinin boğulub qaralmasını, istisiz, işıqsız olması niyə bu qədər ağır gəlir sənə. Bilə-bilə ki, bu gediş birdəfəlik deyil, yenə sabah açılacaq, yenə üfüqdən görünüb dünyanı nura boyayacaq, yenə kədərlənirsən. Bəlkə ona görə ki, dəqiq bilirsən, bu gün kimlərdən ötrü isə son gün idi və yenə kimlərsə, sabah doğan günəşi görməyəcək...
   
   ...Neçə illərdi təzə il ovqatı ürəklərdən, çöhrələrdən silinməmiş qəlbimi dağdan ağır qüssə bürüyür. Nəsə axtarıram, bir yerdə qərar tutmuram. Səbirsiz halımdan özümün də baş açmadığım bu günlərdə nə televizora baxmaq, nə də qəzet-jurnal açmaq istəmirəm. Əvəzində Aydan, Günəşdən, ulduzlardan, yağışdan, küləkdən, ağacdan, torpaqdan o gecəki qırğının, nahaq qanların, qırılmış ömürlərin, nakam arzu-diləklərin haqq-hesabını sormaq istəyirəm. İndiyədək təkrar-təkrar yazılanlar, gözü ilə görənlərin söhbətləri, günahkar axtaranlar, faciəni müxtəlif yöndən şərh edənlər mənə heç nə anlada bilmir, hər şeyi dərindən, lap əvvəlindən, kökündən bilmək istəyimi, yanğımı azaltmır. Bilirəm ki, səylərim əbəsdi: nə biliyim artacaq, nə ürəyim soyuyacaq. Əksinə, gündən-günə, ildən-ilə daha qaranlıq labirintdə ilişib qalıram. Ona görə ki, mənim axtardıqlarım, bilmək istədiklərim yazılarda, kitablarda deyil. Bu, əzəli və əbədi bir çarpışmanın, savaşın bu günümüzəcən açılmamış düyünü, çözülməmiş taleyidi! Nəsildən-nəsilə ötürülən dönməz ruhların, qatlanmaz dizlərin, əyilməz başların cəngidi! Bunsuz elə Günəş özü də yer üzündə qəribdi, işıqsız, istisizdi...
   
   
   
   ***
   
   
   
    İş yoldaşım şairədi. Bayaq otağına getmişdim. Deyir ki, Mübariz İbrahimov haqqında poema yazmaq istəyirəm. Bu yaxınlarda evlərinə getmişdim. Ata-anasının söhbətləri adama elə şeylərdən xəbər verir ki,... Düşünürsən, belələri dünyaya məhz qəhrəmanlıq missiyası ilə gəlirlər, onlar başqa cür də yaşaya bilməzdilər. Mübarizin düşmən arxasına keçməmişdən qabaq özünü necə aparması, dediyi sözlər ilahi bir taledən xəbər verir...
   
   Cavabında mən də dedim ki, belə oğulları itirəndən sonra özümə yer tapa bilmirəm. Elə bilirəm dünyanın işığı, istisi azalır, tənhalığın, kimsəsizliyin buz nəfəsi əhdimi kəsir. Onlar ömrümüzdə işıq kimidilər. Vaxtında hiss eləmirik, necə igidlərin arasında yaşadığımızın fərqində olmuruq. Axı, heç kimi alnına yazılmır ki, oxuyub kimliyini biləsən. Məqamı çatanda... Onlar gedirlər. Gedirlər və bizləri də həmişəlik həsrət, nisgil yanğısının qoynuna salırlar. Yaşadığına, nəfəs aldığına, işıqlı dünyada gəzdiyinə görə xəcalət çəkirsən, " o, məndən daha çox layiq idi bu həyata" deyirsən. Uşaqlıqda "Uzaq sahillərdə" filminə baxandan sonra həftələrlə özümə gələ bilmirdim. Çoxumuz beləydik. "Mixaylo" kimi cəsurlarla bir yerdə vuruşmaq, bir yerdə ölmək əlçatmaz bəxtəvərlikdi bizlərdən ötrü. Yeddinci sinifdə oxuyanda bir dəfə qızlarla "Azərbaycan tarixi" dərsliyini vərəqləyirdik. Böyük Vətən müharibəsi bölməsində snayper Ziba Qəniyevanın, təyyarəçi Züleyxa Seyidməmmədovanın şəkillərinə heyran-heyran xeyli baxdıq. Qızlarımızdan biri barmağını Ziba Qəniyevanın şəklinin üstünə qoyub dedi:
   
   - Kaş, bunun yerinə olaydım...
   
   - Sən də öləydin?- bunu da mən soruşdum.
   
   - Hə, mən də öləydim...
   
   Təsəvvür edirsinizmi, o zaman bir anlıq da olsa, mən də rəfiqəmə qibtə elədim... Fikirləşdim ki, onun şəkli tarix kitablarında qalacaq, bizimki yox...
   
   Heç birimiz qəhrəman olmadıq. Amma taleyimizə xalqımızın azadlıq vuruşunun, qəhrəmanlıq tarixinin şahidi olmaq yazılıbmış. Doğma yurd-yuvasından didərgin salınanları da gördük, torpaq uğrunda canını-qanını əsirgəməyənləri də. Aramızda Vətənin taleyini hərraca qoyanların, millətin qanı ilə oynayanların da olduğunu anladıq. Nifrətlə qüruru yanaşı yaşadıq. Tarix kitablarını yada saldıq, öyrəndiklərimizi, bildiklərimizi köməyə çağırdıq. Dünyanın qanla yoğrulan tarixində öz səhifələrimizi görüb sakitləşdik: "Biz də varıq! Dünən də vardıq! Sabah da olacağıq!"
   
   
   
   ***
   
   
   
   Gərək ki, dördüncü sinif dərsliyində idi. 9 Yanvar- Qanlı Bazar gününə həsr olunmuş şeir və şəkil. Ağappaq qarın üstündə qara-qara insan cəsədləri. Elə bu şəkilnən də yanvar qara ay kimi yazılmışdı bizim nəslin yaddaşına. Unutmaq olmur. Uşağın yaddaşı maqnit kimidi. Sonralar fikrində çox şeylər dəyişsə də, əbədi dəyişməz olanlar da çoxdu. Elə yanvarın rəngi kimi...
   
   Hələ dünyaya deyiləsi çox sözümüz var. Qisasımızı almalıyıq! Birliyimiznən, dirçəlişimiznən, gücümüz-qüdrətimiznən. Ah-naləynən, inilti-sızıltıynan yox! Ekran qaralan kimi Babəki, Cavad xanı unutmaqnan yox! Lap elə yaddaşımızın möhkəmliyiynən, ağı qaradan seçməyimiznən, dostu düşməndən ayırmağımıznan qisasımızı almalıyıq!
   
   "Daha bundan belə nə düşmənə veriləsi, nə də şəhidlər xiyabanı salınası bir qarış torpağımız da yoxdur!" deməyimiznən qısas almalıyıq!..

TƏQVİM / ARXİV