Qadınların qarğızı Karolini tutacaq

ETİBAR CƏBRAYILOĞLU
38554 | 2011-01-22 05:49
Lümer qardaşları elə bil kinonu bizi ağlatmaq üçün yaradıblar. Fransızların bu misilsiz kəşfindən bir neçə il sonra Bakıda kino nümayişi keçirilib. Ta o zamanlardan film izlədikcə göz yaşı axıtmaq gündəlik işimizə çevrilib.
   
   "Ögey ana", "Onu bağışlamaq olarmı?", "Leyli və Məcnun", "Bizim küçə", "Onun böyük ürəyi", "Nəsimi", "Dədə Qorqud", "Babək" bu gün də bizi ağlatmaqda davam edir. Aradabir də "Fəryad"a baxdıqca fəryad qoparırıq.
   
   Sovet hökumətinin şinelində qızınanlar yəqin ki, xatırlayırlar. Televizorun qarşısında ağlamaqdan doymayanlar tez özlərini verirdilər kinoteatrlara. Hindistan kinematoqrafçılarının göndərdiyi filmlərə baxanda hamının əlində iki-üç yaş dəsmal olurdu. "Daş və çiçək", "Fillər mənim dostumdu", "Bobbi" ən daş ürəkli tamaşaçını belə ağlatmaq gücünə malik idi. Çoxdandı hind filmlərinə baxmıram. Görən onların indiki filmləri camaatımızı ağlada bilirmi?
   
   Son illər bizi Türkiyədən gələnlər ağladır. Özü də necə... Türk qardaşlarımız tək Azərbaycan tamaşaçılarını deyil, dünyanın yarısını ağlatmaqla babat para qazanırlar. Diziyə baxıb dizini döyənlərin statistikası fantastik rəqəmlər ortaya çıxarır. "Min bir gecə", "Aliyə", Aşqı memnu" çox gözləri yaşlı qoyub. Hələ mən "Yapraq dökümü"nü demirəm. Düz beş il ekranı məşğul edən bu dizi bitsə də bəzi tamaşaçılar hələ də onun qəhrəmanları üçün ağlamaqdadılar.
   
   İndi də ekranda "Öylə bir keçər zaman ki..." hegemonluq edir. "Yapraq dökümü"ndəki Alirza bəyə rəhmət oxuyanlar yeni dizidəki ataya lənət yağdırmağa təzə başlayıblar. Yeni dizidəki Ali kaptan əməlli-başlı qarğış yiyəsi olub. Belə başa düşürəm ki, bizim qadınların qarğışı artıq onu tutub...
   
   Ali özü gəmi kaptanı olub. Ömrünün çox hissəsini uzaq səfərlərdə keçirib. Dənizlər, okeanlar adlayıb. Həyat yoldaşı, iki qızı və iki oğlu olmasına baxmayaraq, türklər demiş, "hər limanda bir sevgili" prinsipilə yaşayıb. Belə romantik eşq macəralarının birində möhkəm ilişib. Hollandiyadakı sevgilisi Karolin Ali kaptanın ağlını başından alıb. Deyib ki, özümü öldürərəm, amma Ali kaptandan əl çəkmərəm. Qatara minib gəlib İstanbula. Boylu-buxunlu, yaraşıqlı türk kişisi ola, özü də gəmi kaptanı. Özünüz fikirləşin də...
   
   Bu məsələdə bir balaca "əmma" var. Elə Ali kaptan da Karolindən əl çəkmir. Bizimkiləri də əsəbiləşdirən, Alin kaptana qarğış yağdırmağa məcbur edən budu. Gül kimi həyat yoldaşını, dörd cocuğunu bir gavur qadına dəyişdiyinə görə Ali kaptana gecə-gündüz, şənbə-bazar bilmədən qarğış edirlər. Bayaq dediyim kimi bu qarğışlar yavaş-yavaş Ali kaptanı tutmaqdadı.
   
   Doğma anası belə başı Karolinə qarışan Ali kaptanın üzünə baxmaq istəmir. Həyat yoldaşı və uşaqları onu evdən qovublar. Oğlu Mete evi yandırıb. Qonum-qonşu yanında hörmətdən düşüb. Heç salam verən də yoxdu. Əvvəlki Ali kaptandan əsər-əlamət qalmayıb. Sağlıq durumu pisləşdiyindən işdən də çıxarıblar. Qərib limanlar da bitib, sahildə əl yelləyən əcnəbi gözəllər də, romantik sevgilər də. İndi gəmiyə uzaqdan-uzağa baxır. Düşmənə də arzulanmayan gündədi.
   
   Ali kaptanı yaman günə qoyan qadınlarımız indi də onun Hollandiyadan İstanbula gələn sevgilisi Karolinə qarğış yağdırırlar. Deyirlər ki, mənfi xüsusiyyətlərinə görə "Yapraq dökü"mündəki Ferhundənin ölənlərinə rəhmət oxudan Karolin qara şal olsun. Tezliklə elə günə düşsün ki, öləndə ağlayanı olmasın. Bizimkilərin imkanı olsa, gül kimi ailəni didərgin saldığı üçün Karolini tikə-tikə doğrayarlar. Hələlik qarğışla kifayətlənməli olurlar.
   
   Amma öz aramızdı, bizimkilərin qarğışı da qarğışdı ya... Belə getsə Karolinin də günü yaxşı olmayacaq. Qadınların göz yaşı, qarğışı gavur qızını tutacaq. Ötən bölümdə görmədiz? Ali kaptan cəsarətlənib onu bəs deyincə döyməyə hazırlaşırdı. Son anda nə fikirləşdisə vaz keçdi. Yəqin o da özünü növbəti bölümə saxlayıb.
   
   Gün görməmiş Karolinə əvvəl-axır nəsə olacaq. Ali kaptanın sonbeşik gədəsi Osmanın da olmasa bizimkilərin göz yaşı, beşmərtəbəli qarğışı gavur qızını tutacaq. İnanmırsız?
   
   Türklər demiş, iddiada varmısız?
   
   

TƏQVİM / ARXİV