HƏYATIN BiR ANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
40303 | 2011-01-22 05:48
Son vaxtlar, çox da uzaq keçmiş olmayan 1991-ci ilin noyabr ayını xatırlayıram. Əslində, bu xatirədən daha çox sərt bir sillədi. Elə bir sillədi ki, onun açıcısını ömrümün sonuna qədər özümlə daşıyacam. Daşımaya da bilmərəm. Ən azı ona görə ki, qarşılaşdığım müxtəlif məqamlar məndən asılı olmadan o xatirəni mənim üçün təzələyir, görk edir...
   
   Deməli, kəndimiz 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə işğal olundu. Gözlərimiz önündə kəndimiz, evimiz yandı, adamlar canlarını götürüb kənddən qaçdılar. Bir çoxları kimi bizim də həyətimizdə zəncirli bir itimiz var idi. Onun zəncirini aça bilmədik. Çünki düşmənin yağdırdığı güllə yağışı hamını çaş-baş salmışdı. Hamı uşağının, özünün hayında idi, kim idi iti yadına salan...
   
    O gündən təqribən on gün sonra Füzuli rayonunda, daha doğrusu, Füzulidən bizim kənd istiqamətinə gedən yolun kənarındakı yeməkxanada əsgər dostlarımla, döyüşçü yoldaşlarımla əyləşmişdim. Bizi səngərə aparacaq maşını gözləyirdik. Bu vaxt diqqətimi bir it çəkdi. Baxdım, baxdım, gözlərimə inana bilmədim. Bizim həyətin iti zəncirini qoparıb ardımızca gəlmişdi. Tanınmaz hala düşmüşdü, boynunu kəndir kəsmişdi. Gözlərimə elə baxırdı ki, sanki məni güllələmək istəyirdi. Amma ona doğru addımladığımı görüb nə əlimdəki çörəyə baxdı, nə də üzümə. Sadəcə, qarşısında çökdüyümü görüb, pəncələrini qaldırıb dizlərimin üstünə qoydu və sonra da çönüb asfalt yola qaçdı. Bu hadisə bircə an çəkdi. Çünki yolu sürətlə keçən maşın onun üstündən ötüb keçmişdi...
   
   Bu, bəlkə də adi bir hadisə idi. Bəlkə də heç, kiminsə oxuyub qanını qaraltmasına dəyməz. Amma bu həyat həqiqətidir, həyat gerçəkliyidir. Mən bu barədə dəfələrlə düşümüşəm, götür-qoy etmişəm və görmüşəm ki, sahibsizlik, arxasızlıq, dayaqsız olmaq doğrudan da çox yerdə, çox məqamda sınmağa, məhv olmağa aparır. Özü də heç nədən çəkinmədən, heç nəyə məhəl qoymadan...
   
   İnsan güvənc yerini, ümid yerini, sığınacağı şəxsi, məsləhət, təsəlli aldığı ünvanı, hətta əlindən tutanı özü üçün böyük güc, böyük imkan hesab edir. Məhz bu hesabla da həyat yolunda qətiyyətli addımlar atır. Lakin o güvənc yerini, o sığınacağı, o məsləhət verənini, əlindən tutanını, bir sözlə, yumşaq desəm, sahibini itirəndə qol-budağı doğranmış ağaca çevrilir. Özünə gəlməyə imkan tapana kimi ömür ötüb gedir. Bax, o kimsəsizlik yeyir içəridən insanı. Bu müqayisə, ola bilsin ki, sizi razı salmasın. Amma mən qəti əminəm ki, bütün canlıların, o cümlədən də insanın güvənci, sahibi olanda o daha qürurlu, daha qətiyyətli, daha ağayana olur. Görünür, heç kimin qarşısında əyilmir, sözünü, hökmünü yeridə bilir. Amma sahibsizlik adamı turş alma kimi büzüşdürür, üz-gözündən təlaş, vahimə, ümidsizlik, mağmunluq tökülür...
   
   Yaxın günlərin bir hadisəsi məni, həmin o keçmiş xatirəmə qaytardı. Biləcəri qəsəbəsindəki çörək mağazasının birindən çörək almağa getmişdim. Çörəyi alıb bayıra çıxanda düz yolumun ağzında bir itin dayandığını gördüm. Əvvəl quyruğunu buladı, sonra yavaşca quyruğunun üstündə oturub üzümə baxdı. Doğrusu, bu hərəkətlər mənə çox qəribə gəldi. Adətən sahibsiz itlərin necə zəhlətökən olduğunu çox görmüşəm. Amma bu itdə elə bil ki, özünü yaltaqlığa məcbur etmək iqtidarı çox idi. Sanki özü özünü məcbur edirdi ki, quyruğunu bulasın, qarşımda şöngüyüb otursun...
   
   Baxdım, baxdım həmin o məqamı bir də xatırladım və sahibsizliyin bu it üçün də nə olduğunu öz-özümə pıçıldamağa başladım.
   
   
   
   əvvəl
   
   quyruğunu buladı
   
   sonra da qatlayıb
   
   oturdu üstündə
   
   çörək satılan
   
   köşkün önündə...
   
   acından üzülən
   
   küçə iti
   
   gözlərində yazıqlıq
   
   və yalvarış...
   
   heç səfilə oxşamırdı
   
   çünki
   
   inandırıcı görünmürdü
   
   göstərməyə çalışdığı
   
   yaltaqlıq...
   
   yəqin o da
   
   nə vaxtsa
   
   hardasa
   
   sahibli bir həyətdə
   
   qorxu yaradırmış
   
   çəpərli bir sərhəddə...
   
   qarşısında da
   
   vaxtlı-vaxtında
   
   istədiyi qədər yal!..
   
   indi isə-
   
   gəlib
   
   düşüb
   
   bu həddə!..
   
   
   
   Sahibsizlik doğrudan da ağırdı...
   
   Təbii ki, duyan üçün.
   
   
   
   ***
   
   
   
   İnsan daha çox özü-özünə hesabat verəndə həyatı da anlayır, kimliyi də. Bax, həmin o hesabat məqamında niyə yaşadığını, necə yaşadığını, hansı ağacı əkib, hansı özülü inşa etdiyini göz önünə gətirirsən, günlərin mənalı və mənasız keçdiklərini ortaya qoyursan. Nələr itirdiyin sənə ağır zərbə olur, nələr qazandığın təsəlli. Söhbət madiyyatdan getmir. Əgər madiyyatdan getsə, hərə özünə bir yolla oğurluq-doğurluq hansısa bir maddiyyatın əldə edə bilir. Fərqi yoxdur onun həcminin, qədərinin. Söhbət mənəviyyatdan gedir, əxlaqdan gedir, insanlıqdan gedir...
   
   Bu mənada dünyaya vida edən hər kəs özü ilə elə özü boyda bir dünya da aparır. Əgər bu həqiqətən mənəviyyat sahibi olubsa itki ətrafdakıları sarısıdır, ağrıdır. Amma elə-belə say artırıbsa, yer tutubsa, bu ən yaxşı halda evindən getmiş sayılır. Onun üçün evinin içərisində göynəyirlər, təəssüflənirlər...
   
   Mən elə bir insan tanımıram ki, onun bu və ya digər ölçüdə, çəkidə, görkəmdə qayğısı, dərdi olmasın. Qəti əminəm ki, insan varsa, onun dərdi də var. Dərd dağda-daşda olmaya bilər, amma insanda bu mütləqdi. Sadəcə, hər insanın ürəyi öz dərdi boydadı, öz dərdini tutacaq həcmdədi. Bax, bu mənada mən yaşadığım hər bir ağrını-acını, ürəyimdə səxavətlə yer ayırdığımdan sevgini, sevinci elə ürəyim həcmdə təsəvvür edirəm, ürəyim boyda görürəm. Başqa cür də mümkün deyil. Çünki insan sevinci ilə, kədəri ilə bütöv olur, normal görünür.
   
   Mənim kimi yəqin siz də gün boyu ancaq güləni, ancaq qəhqəhə çəkəni, ətrafa bir saymamazlıq nümayiş etdirəni normal adam saymazsınız. Eləcə də gün boyu ağlayanı, ah-uf edəni də!.. Çünki bunların heç biri cəmiyyətdən kənarda deyil. Əgər cəmiyyətdən kənarda olsa, onların ağlına şübhə ilə yanaşmaq olar. Amma cəmiyyətdədirsə, o gülüşünün də yerini, mənasını bilməlidi, ağlamağının da. Qədərindən artıq olan hər şey nöqsandı. Bunu hətta böyük Nizami də deyib.
   
   İndi yaşımın bu vaxtında Bakıya cəmi-cümlətani qısa bir zaman kəsiyində sulu qarın yağıb uşaqları sevindirdiyi, böyükləri təbdən çıxardığı bir məqamda dərdimlə baş-başa qalıb ondan soruşmaq istəyirəm ki, bizim yol yoldaşlığımızdan peşiman olmayıb ki? Axı mən onu heç vaxt sahibsiz qoymamışam.
   
   
   
   sağ əlimi
   
   əsəbi şəkildə yellədib
   
   ürəkdən bir "eh!" edib
   
   etinasız ötüb gedəcəm
   
   dərdlərimin yanında...
   
   qoy qalsın-
   
   yana-yana
   
   arxamca
   
   təəccüb içində
   
   baxa-baxa...
   
   görüm məni
   
   necə çıxara biləcək
   
   canından?!
   
   əlli iki ildən sonra...
   
   
   
   Bəli, mən özümə doğma bilib canıma köçürdüyüm dərdin özüm də canına köçmüşəm. Bəs siz necə?..
   
   ***
   
   
   
   Yaxşı ki, yazmağı bacarıram. Kimlərəsə xoş gəlsə də, gəlməsə də yazdıqlarım mənim ürəyimi elə bil ki, yenidən dünyaya gətirir. Lap kobud desəm, sanki onu təmir edib yenidən istismara qaytarır. Və mən də böyük həvəslə bu təmirdən çıxmış ürəklə düşürəm qələm-kağızın canına. Həmsöhbət oluram, həmfikir oluram, həmdərd oluram...
   
   Deməli, yazdıqlarımın böyük əksəriyyəti konkret ünvanla, konkret zamanla bağlı olur. Mən də bu ünvanın, bu zamanın içərisində ürəyimin döyüntüsünə çevrilən, sonra pıçıltı kimi dünyanı dolaşan sevgidən ilham alıram. O sevgidən ki, o dərdlə həmsöhbət olanda məndən bir iynə ucu boyda da olsa aralı dayanmır. Əksinə, o da dərdimin dinləyicisinə, həmsöhbətinə çevrilir.
   
   Baxıb düşündükcə mənə belə gəlir ki, həyatın hər yerində, hər məqamında sən varsan, dünyanın hər yerində sən mövcudsan. Hətta özümdən asılı olmadan hər şeyin, hər yerin, hər kəsin gözəli ilə səni müqayisə edirəm, onları sənə bənzədirəm. Bunu dəlilik sayma, əksinə, sənin yerinə mən olsam, bunu bir-birimizə sevgi dolu sahiblik kimi də qiymətləndirirəm. Çünki mən öz ürəyimin ölçüləri ilə gördüklərimə, ürəyimə yaxın buraxdıqlarıma, ən vacibi isə sevgimin sahibi olmağa özümü hazırlıqlı hesab edirəm. Deməli, bu dünyanın gözəllikləri və sevgiləri, sahibli olanda daha əbədiyaşar olurlar. Necə ki, mənim sevgim bu haqqı qazanıb.
   
   
   
   Dağda duman, dərədə çən
   
   Çəməndə şeh, sünbüldə dən
   
   Min nişanə - hərədə mən
   
   Görüb, sənə bənzətmişəm.
   
   
   
   Lalədə xal, arıda bal
   
   Şan görmüşəm - yarı da bal!
   
   Çiçəklərdən ilməli şal-
   
   Hörüb, sənə bənzətmişəm.
   
   
   
   Dərdə nişan - can vermişəm
   
   Əzizləyib qan vermişəm
   
   Sevgiyə ad-san vermişəm-
   
   Verib, sənə bənzətmişəm...
   
   
   
   Qovrulsam da mən xiffətdən
   
   Ümid umdum şən sifətdən
   
   Ürək köçüb Əbülfətdən-
   
   Verib, sənə bənzətmişəm!..
   
   
   
   Heç kim məni qınamasın. Çünki hər şeyin sahibi və qoruyucusu olmaq, yaşadanı və daşıyıcısı olmaq böyük xoşbəxtlikdir. Özünüzü xoşbəxtlikdən məhrum etməyin!..
   
   

TƏQVİM / ARXİV