adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

iRANA ATOM BOMBASI LAZIMDIRMI?

OQTAY SALAMOV
17232 | 2011-01-22 05:48

   
   Hər vaxtın xeyir, hörmətli və qiymətli oxucu! Hörmətli - etiket xatirinə edilən müraciət formasıdır, bəlkə bir az şişirdirəm, bəlkə bir az azaldıram. Yəni sənin özünə və ətrafının sənə olan münasibətindən asılıdır. Amma qiymətli olmağına söz yoxdur. İndi, heç kimin heç kəsin yazdığını oxumadığı vaxt sən bu yazını oxuyursansa, deməli, mənim üçün qiymətlisən. Hüznlü günlərdən çıxmısan, nəsə könül açan bir yazı oxumaq istəyirsən. Amma yazının başlığına baxırsan, ürəyin bir az da sıxılır. Onsuz da İranla baş verənlərə tam obyektiv qiymət verə bilmirsən. Bir yandan yaxın qonşuluq, onların da müsəlman olması, o tayda əzizlərimizin, doğmalarımızın olması, o biri yandan İran dövlətinin ermənilərlə sıx yaxın əlaqələri. Bir yandan ABŞ-la tərəfdaş olmaq, onunla əlaqələri yaxşılaşdırmaq istəyimiz, o biri yandan onun İrana qarşı təzyiqləri, müharibə başlayarsa, həm o tərəfin, həm də bu tərəfin kiçicik bir qeyri-dəqiqliyi ucbatından ərazimizin, əhalimizin təhlükə qarşısında qalmaq qorxusu. Bu vurçatlasının içərisində hansı ürəkaçan şeydən danışmaq olar? Adam istər-istəməz siyasətçilər kimi düşünməyə çalışır, ən azından özü üçün aydınlaşdırmağa çalışır ki, olanların arxasında nələr durur, onların nəticələri necə olacaq. Ona görə də bu həftəsonu da ciddi bir mövzu ilə üz-üzə qalmalı olacaqsınız. Bilmirəm nə qədər düz fikirləşirəm, nəyi düz demirəm, amma bu, mənim çıxardığım nəticədir ki, sizinlə bölüşmək istəyirəm. Beləliklə...
   
   Silahlanma haqda mübahisələr davam etməkdədir. Suallar çox, cavablar azdır. Kim günahkardır ki, SSRİ və ABŞ o qədər silah toplayıblar ki, nəinki təkcə öz rəqiblərini, hətta Yer kürəsində həyatı dəfələrlə məhv etməyə qadirdir?
   
   İkinci Dünya Müharibəsindən sonra ta 1990-cı illərin əvvəllərinə qədər sürəkli silahlanma yarışı getməsinə baxmayaraq (bəlkə də elə buna minnətdar olaraq), bu dəhşətli yarışın iştirakçılarından heç biri nəinki nüvə düyməsini basmağı, heç bu haqda düşünməyi ağıllarına da gətirməyə qorxurdular.
   
   İndi elit nüvə silahı klubuna üzv olmaq üçün sinov gedən ölkələr kimlərdir, nə istəyirlər? Onlar üçün öz ölkələrinin təhlükəsizliyini qorumaqda nüvə silahı ən çətin anda, özünümüdafiə üçün başqa yol qalmayanda dəhşətli də olsa müdafiə silahıdır, yoxsa gənc və həyasız aqressorlar yenidən dünyanı nüvə fəlakətinə sürükləmək istəyirlər?
   
   Ölüm silahı yaşamaq üçün?
   
   İstənilən formada və hansı səbəbdən olmasına baxmayaraq, nüvə silahının hətta lokal tətbiqi belə ən dəhşətli şərdir və bundan şər iş heç ağılagəlməzdir də. Ağlı başında olan hər bir kəsin məsələyə birmənalı mövqeyi olmalıdır və əslində belədir də. Amma bu silah məhdudlaşdırılmış və nüvə klubunun əsas üzvlərinin əlində də olsa da, artıq mövcuddur. Nüvə klubu isə genişlənməkdədir. Hər bir iştirakçı ölkənin də əlində məhz nüvə silahının niyə belə zəruri olması haqda əsaslı dəlilləri var. Və biz də necə olsa da, bu əsaslarla yaşamağa məcburuq.
   
   Tarixin söylədikləri doğrudursa, nə SSRİ, nə də ABŞ real olaraq birinci qlobal konflikti başlamaq niyyətində deyildilər. Bilirdilər ki, bu, nə ilə nəticələnə bilər. Silahlanma yarışı məğzinə görə nə qədər küt və iqtisadiyyatı talayan bir siyasət olsa da, o zaman daha effektli və daha sarsaq başqa özünüqoruma, təmkin siyasət yox idi - nə bu, nə də o tərəf şirniklənməyə getmirdi. Qəribə, hətta paradoks kimi görünsə də ən eybəcər siyasət ən effektverən idi. Effektliyinə görə bundan təmkinli siyasət indi də yoxdur. 1945-1991 illər arasında dünyada ancaq lokal konfliktlər olmuşdu. Amma silahlanma yarışının üzvlərindən birinin ciddi zəifləməsi baş verən kimi konfliktlər şişməyə başladı. Yada salın:
   
   1991-ci il - "Səhrada tufan"
   
   1999- Yuqoslaviya
   
   2000-ci illər- yenə İraq
   
   Növbədə İrandır. Onlar ya nüvə silahı əldə etməyi çatdıracaqlar, ya da yox. Dünyada resursları azalan neft o ərazilərədə yaman çoxdur... Beləliklə,
   
   Atom bombası İrana nəyə görə lazımdır?
   
   Qısaca desək, İrana atom bombası ona görə lazımdır ki, ən yaxın qonşusu İraqın əlində lazım olan anda bu silah olmadı. Əsas bu vacib anı anlamaqdır: ABŞ İraqa ancaq o vaxt aqressiyanı başladı, demokratiya idealı (lazım bildiyinizin altından xətt çəkin) gətirdi ki, orada kütləvi qırğın, o cümlədən atom silahının olmadığına tam əmin oldu.
   
   2005-ci ildə prezident seçkilərinin ikinci turunda Mahmud Əhmədinejat qalib gəldi. Artıq ikinci dəfə seçilmiş prezidentin fəaliyyəti göz qabağındadır. Maraqlısı odur ki, özünün ilk çıxışlarında bəyan etmişdi ki, fəaliyyəti dövrundə istisnasız olaraq İranın maraqlarına, o cümlədən ölkənin iqtisadi maraqlarına xidmət edəcək. Neft sahəsini daha şəffaf edəcək, xarici şirkətlərlə neft müqavilələrinə yenidən baxacaq, onun gəlirini İranın xeyirinə dəyişəcək.
   
   O qədər də çox vaxt keçmədi və dünya İranın nüvə proqramından danışmağa başladı. ABŞ-ın İranın nüvə proqramına marağı əvvəllər olsa da, onun aktiv fazası Əhmədinejatın prezident seçilməsindən sonra başladı.
   
   İranın həqiqətən atom bombası düzəltmək fikrini söyləyə bilmərəm, heç MKİ, BKİ, MAQATE bu suala dəqiq cavab verə bilmir. Amma onun kifayət qədər inkişaf etmiş iqtisadiyyatı, elmi və mühəndis kadrlarının olması, prosesin fizikasının yaxşı məlum olması İranın buna qadir ola biləcəyini söyləməyə imkan verir. Yazılanlardan, deyilənlərdən çıxan nəticəyə görə, bu hansısa normalaşdırılmamış kütlə, qabarit və ölçülü atom partlayış qurğusu olacaq. Xatırlayaq ki, ABŞ-da da, SSRİ-də də ilk atom məmulatları elə də görkəmli deyildi və ancaq stasionar qurulduğu yerlərdə, təcrübə poliqonlarında partladıla bilərdi. Hətta 1945-ci ildə dinc yapon şəhərlərini yer üzündən silən ABŞ bombaları da çoxçəkili və iri qabaritli idi. Amma onlar müasir silahlarla ayaqlaşa bilməzlər.
   
   Bomba düzəltdi, bəs sonra?
   
   Əslində, İranın atom proqramı yaratdığı qurğunun poliqonda partladılması ilə başa çatacaq. Çünki:
   
   a) partlayıcı qurğu maketindən atom nüvə başlıqlarına qədər çox böyük yol var. Bu illərlə iş və milyard dollarlarla vəsait deməkdir. Bu yeni materiallar və texnologiyalar deməkdir ki, ya onları almaq, ya da yaratmaq ( ticarət və iqtisadi embarqolar tətbiq edilən zaman isə bu çox çətindir) lazımdır. Bu, ardıcıl təcrübələr aparan elmi məktəblər, mühəndis kadrları, yeni-yeni materiallar yaradan, tam yeni, başqa iqtisadiyyat səviyyəsi deməkdir.
   
   b) atom nüvə başlığı o vaxt silah olur ki, o daşıyıcı kontinentlərarası ballistik raketin üzərinə quraşdırılsın. Raket ABŞ ərazisinə qədər olan bir neçə min kilometri uçmalı və çoxsaylı Hava Hücumundan Müdafiə qurğularını (o cümlədən indii ABŞ-da hazırlanan lazer silahı, elektromaqnit top və s.) dəf etməlidir. İranda belə raketin hazırlanması üzərində hər hansı bir iş getdiyi məlum deyil, bu haqda hələlik heç danışmırlar da. Belə raketin yaradılması isə mühəndis həlli mənasında raketin hədəfə daşıyacağı atom başlığının hazırlanmasından çətindir.
   
   İranın atom bombasını İsraili əzmək üçün düzəltdiyini söyləmək çiddi səslənmir. Əvvəla, İsrail ərazicə kiçikdir, ətrafı ərəb dünyasıdır, prezidentin rəğbət bəslədiyi Fələstindir- onlar daha çox zərər çəkərlər. İkincisi də, əgər İranın İsrailə qədər uçan raketi ( okeanın üzəridən uçmur ki, yaxın yerdir) olsaydı, indii biz bu məsələni müzakirə etməzdik. Amma İranın daşıyıcısı yoxdur. Əgər olsa da, nüvə başlığı ilə yox, adi başlıqla olacaq. Bu raket neynəsə də ABŞ raketindən sadə olacaq. Özü də sabah, birigün olmayacaq.
   
   İran bunlardan başqa heç kimi hədələmir və heç kimlə vuruşmağa hazırlaşmır.
   
   Bəs onda niyə?
   
   Yaxşı, bəs İrana atom bombası nəyə görə lazımdır? Cavab birdir: neft rayonlarına xarici aqressiya halları üçün. Bu əməliyyat üçün ABŞ pul tapacaq - 40 milyard dollar az , 40 milyard dollar çox - problem deyil. ABŞ-ın başçılığı ilə anti-İran koalisiyası yaradılacaq. Avropalı partnyorlar dəstəkləyəcək (əlbəttə- bəs demokratiya idealları daşımaq?), İran koalisiya qoşunlarına ziyan vurmaq üçün bu qurğunu öz ərazisində partlatmağa məcbur olacaq. Özləri də öləcək, yaxın ərazilərə də xələl gətirəcəklər. Amma bu son çarə lazım olsa işləyəcək, itirməli bir şey qalmayanda. İndiki halda İranın nüvə proqramı - müdafiə proqramıdır. İraqın əlində olmayan həmin o özünüqorumaq faktoru.
   
   İrana İraqın gününə düşməmək üçün atom bombası lazımdır.

TƏQVİM / ARXİV