adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GÖYüN YEDDiNCi QATI

FAİQ QİSMƏTOĞLU
59097 | 2011-01-15 08:13

   
   İndi avtobusa və metro qatarına minəndə sərnişinlər özlərini bir qədər narahat hiss eləyirlər. Ona görə narahat hiss eləmirlər ki, ayaq üstə duraraq əyləşməyə yer tapmırlar. Sadəcə olaraq, narahatlıq onunla bağlıdır ki, ictimai nəqliyyatda - avtobus və metro qatarlarında günün "çaspik" vaxtlarında basabas olur və bu vaxt da bəzi "qızılbarmaq"lar barmaqlarını işə salaraq sərnişinlərin cibinə, çantasına girir və orda nə varsa hamısını çıxarırlar. O zaman sərnişin nə isə hiss edir ki, onda da hər şey artıq gec olur. Yəni "qızılbarmaq" öz işini başa çatdırır.
   
   Elə buna görə də avtobusa və metro qatarına minəndə adamlar ciblərini, çantalarını möhkəm-möhkəm qoruyurlar. Bu yaxınlarda Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan, cibgirliklə məşğul olan 71 yaşlı qadın deyib ki, elə bilirsiniz cibgir olmaq asandır? Bunun üçün gərək xüsusi məharətə və qızıl barmağa malik olasan. İndi camaat avtobusda və metro qatarında öz əşyalarını, ciblərini və çantalarını çox möhkəm saxlayır. Hətta o qədər möhkəm saxlayır ki, bəzən mənim kimi "qızılbarmaq"lar o ciblərdən və çantalardan heç bir şey çıxara bilmir. Müxtəlif dövrlərdə cibgirliyə görə, dörd dəfə məhkum olunmuş bu qadın deyir ki, cib soymağa 14 yaşından başlayıb. Elə o vaxtdan bəri də "çörək pulunu" cib soymaqdan çıxarır.
   
   Sözümüzün canı ondan ibarətdir ki, indi avtobuslarda və metro qatarlarında cib soyulmaq adi hala çevrilib. Düzdür, polis əməkdaşları hər gün olmasa da, tez-tez bu cibgirləri yaxalaya bilir. Bunu başa düşmək olur. Amma onu başa düşmək olmur ki, Bakıda müxtəlif marşrutlarda işləyən avtobusların salonunda bu sözlər yazılıb: "İtən əşyalar üçün sürücülər cavabdeh deyil". Belə də iş olar? Sürücü sərnişinin gediş haqqını yığa bilir, pulunu ala bilir, ancaq avtobusda bir hadisə olanda çox asanlıqla yaxasını məsuliyyətdən kənara çəkə bilir. Sərnişin avtobusa minirsə, demək, bütün hallarda məsuliyyət sürücünün üzərinə düşür. Avtobusda hər hansı hadisə zamanı sərnişin xəsarət alırsa, cibi soyulursa və kim tərəfindənsə döyülürsə, buna görə niyə də sürücü yaxasını məsuliyyətdən kənara çəkməlidir? Əgər həmin sürücü düz-əməlli, əməli-saleh adamdırsa, deməli, tutduğu iş də obyektiv və ədalətli olmalıdır. Bir çox sərnişinlər bildirirlər ki, elə cibgirlərin əksəriyyəti bəzi sürücülərlə əlbir olub orda camaatın cibini soyurlar. Sürücülər cibgirlərin çoxunu yaxşı tanıyır. Ona görə də avtobusda baş verən hər hansı bir hadisə üçün sürücü və həmin avtobusun məxsus olduğu şirkət məsuliyyət daşımalıdır.
   
   Bir də görürsən ki, bir avtobus sürücünün günahı üzündən qəzaya uğradı, bu zaman ölən və yaralanan insanlar oldu. Bax, onda sərnişinlərə dəymiş ziyana görə, avtobusun məxsus olduğu şirkət məsuliyyət daşımalıdır. Əgər sürücünün günahı üzündən avtobus qəzaya uğrayarkən sərnişin ağır xəsarət alırsa və o uzun müddət xəstəxanada müalicə olunursa, bizcə bunun bütün xərclərini həmin avtobusun məxsus olduğu şirkət rəhbərliyi çəkməlidir. Necə olur, onlar sərnişinlərdən milyonlarla manat pul qazana bilirlər, amma bir dəfə öz günahları üzündən avtobusu aşırarkən orda xəsarət alan insanlara maddi yardım göstərə bilmirlər?!
   
   
   
   ***
   
   Gözəl səsi və şirin barmaqları olmaq hər sənətkara məxsus olan məziyyət deyil. Çünki bu istedadı və bu bacarığı insan gedib heç vaxt bazardan ala bilməz. Gərək onu Allah-Təala özü versin. Düzüdür, indi istedadsızlar və səsi olmayanlar müxtəlif televiziya kanallarında "at oynadırlar". Müxtəlif insanlar bu barədə kəskin mövqeyini bildirir, mütəxəssislər etiraz edir, qəzet yazarları məsələni qabardır, yenə də "dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdır". Yəni Azərbaycan televiziyasında hansı kanala baxırsan, günün əksər saatında o istedadsız, səsi olmayan və səhnə mədəniyyətindən çox-çox uzaqda duran səviyyəsiz "oxuyanları" görürük.
   
   Amma elə sənətkarlar da var ki, onların səsi və şirin barmaqları həmişə yaddaşlarda qalır. Bir neçə gün bundan əvvəl dostum, gözəl xanəndə və Seyid Şuşinskinin tələbəsi Təvəkkül Musayevin yanına getmişdim. Otağa çatmamış uzaqdan Təvəkkül Musayevin şirin muğam ifasını və onu müşayiət edən tarın səsini eşitdim. Fikirləşdim ki, indi qapını açıb içəri girsəm, göyün yeddinci qatında olan xanəndənin və tarzənın ovqatını korlayaram. Bir az ayaq saxlayıb Təvəkkül müəllimin ahıl yaşında zəngulələrinə qulaq asdım, xırdalıqlarını dinlədim. Axırda şirin səsi məni içəri girməyə məcbur elədi. Başı ilə mənə salam verdi. Əlimi qaldırıb dedim ki, narahat olmayın, işinizi görün. Təbii ki, həmin vaxtı tarzən Rasim Şamxalov öz işində idi. Hansı pərdədəydi, hansı notdaydı və hansı simdəydi deyə bilmərəm, bir onu deyə bilərəm ki, həm Təvəkkül Musayev, həm də tarzən Rasim Şamxalov həmin an göyün yeddinci qatında çox müqəddəs bir yerdə idilər. Onu biz bir o qədər də hiss eləmirdik. Bunu ən çox hiss eləyən Təvəkkül Musayev və tarzən Rasim Şamxalov idi. Onların ətrafında olan üç-dörd nəfər də sanki göyün yeddinci qatına qalxmaq istəyir, ancaq sadəcə olaraq, bu yeddinci qatdan gələn səsi eşidirdi. Bir neçə dinləyici elə bil donub qalmışdı. Mənim özüm də həmin muğamın içində itib-batmışdım. Bilmirdim Təvəkkül Musayevin bu ahıl yaşda zildə ifa etdiyi muğamı dinləyim, yoxsa tarzən Rasim Şamxalovun qeyri-adi imprivizasiyalarına qulaq asım. Hər iki sənətkar otaqdakı üç-dörd nəfərin hamısının qeyri-adi ifaları ilə mat eləmişdi. Zildən orta səsə keçdi, sonra da aşağı pərdədə ayaq eləyib dayandı. Qəlyanını çıxarıb tənbəki doldurdu. Qəlyanını yandırıb bir neçə qullab vurdu, sonra da mənə "xoş gəldin" dedi. Dedi ki, bunlar Füzulinin tanınmış musiqiçiləridi. Tarzən Rasim Şamxalov, gitaraçı Rasim mənim yaxın dostlarımdı. Yanıma gəlmişdilər, dedim bir balaca səsimi yoxlayım görüm yerindədi, ya yox. Təbii ki, Təvəkkül müəllimin səsi yerində idi və ifasında da heç bir xaric yox idi. Adətən soyuq havalarda xanəndənin oxuması bir qədər çətindi. Özü də yaşlı xanəndənin ifası isə ikiqat çətinlik törədir. Hər halda, çox yaxşı bir anın şahidi oldum. Onu da eşitdim ki, vaxtı ilə tarzən Rasim Şamxalov özünün dediyinə görə, tarın üç simində elə barmaqlar işlədib ki, qulaq asanlar mat qalıb. Sözün açığı, onun barmaqları tarın simləri üstündə gəzdikcə elə bizim də ürəyimizin sarı simini tərpədirdi. O musiqi ki, insanı silkələyir, ürəyini tərpədir, qəlbinə işıq salır, deməli, həmin barmaqlar istədiyinə çatır. Ümumiyyətlə, yaxşı sənətkarın, yaxşı ifaçının ən gözəl qiymətini tamaşaçı verir.
   
   
   
   ***
   
   
   
   Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısından keçib Müdafiə Sənayesi Nazirliyinə qədər uzanan küçədə çox vaxt avtomobillər hərəkət edə bilmir. Çünki Bakı Dövlət Universitetinin yerləşdiyi bu küçədə hər gün nə qədər avtomobil saxlanılır. Bəzən o qədər avtomobil həmin yolun sağ və sol hissəsində saxlanılır ki, o istiqamətdə hərəkət etmək digər maşın üçün çox çətin bir problemə çevrilir. Sərnişin avtobusları belə məqmalarda daha çox çətinliklərlə üzləşməli olur. Bəzən iki-üç dəqiqəlik yolu avtomobil sıxlığı üzündən və yaranan tıxaclar nəticəsində 15-20 dəqiqəyə gəlmək mümkündür. Hətta görürsən ki, yolun sağ və sol hissəsindən əlavə üçüncü cərgədə də avtomobillər dayanıb. Bax, onda adamın səbri qalmır və bir tikə olur. Üçüncü cərgədə ən çox avtomobillər saxlayan deyilənlərə görə, BDU-nun tələbələridir. "Bərk gedən" nömərələrdən hiss olunur ki, onlar atalarının "gül balalarıdır". Çünki heç kəs onlara ürək eləyib deyə bilmir ki, balam, bu üçüncü cərgədə maşını niyə saxlamısan?
   
   Yanvarın 14-də, səhər saat 10 radələrində həmin yolla gələndə gözlərimizə inanmadıq. Yolun sağ və sol hissəsində bir avtomobil belə gözə dəymirdi. Gözə dəyən isə yol polisinin 314, 313 nömərli maşınları və eləcə də post patrul xidməti əməkdaşlarının avtomobilləri idi. Dövlət tədbirləri zamanı həmişə bu yolda qısa zaman kəsiyində qayda-qanun yaradılır və avtomobillər tez bir vaxtda yolun kənarından yığışdırılır. Təbii ki, bu qayda-qanunu adi günlərdə də bərpa etmək mümkündür. Özü də yolun kənarında avtomobillərin saxlanılmaması haqqında qadağanedici nişanlar da var. Təəssüf ki, buna sürücülər çox vaxt məhəl qoymur.
   
   Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son vaxtlar küçə və prospektlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar böyük tədbirlər görür. Həmin tədbirlər zamanı yolun sağında və solunda qanunsuz dayanan avtomobillər evakuatorla götürülüb aparılır və sürücülər qanunu pozduğuna görə, cərimə edilirlər. Biz arzulayardıq ki, yuxarıda göstərdiyimiz küçədə bundan sonra da həmişə qayda-qanun tək dövlət tədbirlərində deyil, adi günlərdə də qorunsun və orda hərəkətin təhlükəsizliyi təmin edilsin. İnanın, bu ilk növədə sürücülərin və sərnişinlərin böyük razılığına səbəb ola bilər.
   
   
   
   

TƏQVİM / ARXİV