ÖMÜRDƏN YARPAQLAR

VAQİF YUSİFLİ
41007 | 2015-04-28 01:20
Azərbaycan torpağının ən bərəkətli və zəngin, florası və faunası ilə "Mirvari, inci" kimi dillərdə dastan olan Cənub bölgəsi (Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Uəlilabad) həm də öz qədim mədəniyyəti, özünəməxsus folkloru və etnoqrafiyası, mahnı və rəqsləri, nadir peşələri, sənət sahələri və əlbəttə. Yetirdiyi söz adamları ilə həm məmləkətimizdə, həm də onun hüdudlarından kənarda məşhurdur.
XIX əsrdə Lənkəranda yaranan "Fövcül-füsəha" ("Natiqlər yığıncağı") ədəbi məclisini xatırlayaq. Bu ədəbi məclis 1850-ci ildə müəllim Mirzə İsmayıl Qasirin təşəbbüsü ilə təşkil edilmişdi. Hər həftənin cümə günü keçirilən bu məclisdə Qasirlə yanaşı Mirzə İsa Xəyali, Molla Fəttah Səhban, Molla Ələkbər Aciz, Molla Məhəmməd Mücrim, Mirzə Ələkbər Mühəqqir, Usta Hüseynqulu Şuri, Məhəmməd Həsən Nəccar, Mirzə Ələkbər Səburi öz şeirlərini oxuyar, sonra da bu şeirlər haqqında fikir söylənilərdi. "Fövcül-fəsəha" Azərbaycanda yaranan digər ədəbi məclislərlə də əlaqə saxlayar. Lənkərandakı bu ənənə indi də davam edir.
XX əsrdə Azərbaycanın bu bölgəsində ədəbi həyat yalnız əllinci illərdən sonra daha gur inkişaf etməyə başladı. Rayon qəzeti redaksiyalarında yaradılan ədəbi dərnəklərin bu işdə böyük rolu oldu. Rayonlarda yaşayıb-yaradan bir çox söz adamları Azərbaycanda tanınmağa başladılar, onların kitabları çap olundu, Yazıçılar İttifaqına üzv qəbul olundular. Bu sırada Məmmədhüseyn Əliyevin, Şəkər Aslanın, Vaqif Hüseynovun, Abbasağanın, Məmməd Kazımın, İltifat Salehin, Böyükxan Bağırlının, Xanəli Tolışın adlarını çəkmək olar. Lənkəranda Azərbaycan Yazıçılar İttifaqının filialı təşkil edildi, bu, bölgədə yaşayan qələm sahiblərinin yaradıcılığına təsirsiz qalmadı. Sonralar ədəbiyyatımızın müxtəlif canrlarında yazıb-yaradan və öz əsərləri ilə oxucuların rəğbətini qazanan Hüseynbala Mirələmov, Əlisa Nicat, Ağacəfər Həsənli, Tahir Qurban, Rafiq Tağı, Arif Fərzəli, Samir Sədaqətoğlu, Balayar Sadiq ilk yazılarını məhz bu bölgədə qələmə almışlar.
Son on-on beş ildə Uənub bölgəsi rayonlarının ədəbi həyatını əks etdirən toplular nəşr edilmişdir: "Masallının söz sərvəti", "Lerikin söz ətri", "Dağların söz xəzinəsi" və s. Belə toplulardan biri də "Ömürdən yarpaqlar"dır. Artıq bu toplunun ikinci kitabı da nəşr olunub. Və bu toplunun -almanaxın ən mühüm məziyyəti odur ki, burada Uənub bölgəsi rayonlarında yaşayıb-yaradan yazarlar əhatə olunub. Toplunun redaktoru, tərtibçiçi və yazıçılar haqqında məlumatların müəllifi şair-Yazıçılar Birliyi Lənkəran filialının sədri İltifat Salehdir.
"Ömürdən yarpaqlar"da bəzi istisnalar nəzərə alınmazsa, əsasən həmin bölgədə yaşayan yazarların şeir və hekayələri təqdim olunur. Onların bir çoxu bölgədə yaşamalarına baxmayaraq Azərbaycan oxucularına az-çox tanışdırlar: əlifba sırası ilə getsək İltifat Salehin, Ağamir Uavadın, Anar Həbiboğlunun, Arif Fərzəlinin, Ədalət Salmanın, Hafiz Mirzənin, Xatirə Xatunun, Qədiməli Əhmədin, Meyxoş Abdullanın, Mehman Qaraxanoğlunun, Samir Sədaqətoğlunun, Sahib Əliyevin, Tərlan Əbilovun adlarını çəkə bilərik.
Heç şübhəsiz, "Ömürdən yarpaqlar" toplusu Uənüb bölgəsindəki ədəbi həyat haqqında müəyyən təsəvvür yaradır və bu, təqdirəlayiqdir. Ancaq o da nəzərdən qaçmır ki, bu topluda cəm olan yazıların heç də hamısı eyni səviyyədə deyil. Maraqlı, oxunaqlı, bədii zövq baxımından dəyərli şeir və hekayələrlə yanaşı, ortabab və hətta zəif yazılar da diqqətdən yayınmır. Ona görə də gələcək belə toplularda onu tərtib edənlərə məsləhət görərdik ki, ədəbi materialları toplayarkən yalnız bədii səviyyəsi diqqəti cəlb edən yazıları seçsinlər.
Yaxşı şeir, hekayə isə onu qələmə alanın harada yaşamasından asılı olmayaraq maraq doğurur.

Ayırdı Tanrının verdiyi hökm,
Gəlmişəm qəbrinin üstə diz çöküm.
De, necə tab edim, de necə çəkim,
Mən sənsiz bu ğoyda bəlanı, ana.

Sən ki, gətirmisən dünyaya məni,
De necə aparım məzara səni?
Eşit ürəyimdən qopan naləni:
-Anasız qoyma gəl, balanı, ana!

Nə deyim taleyin qəfil oynuna,
Yetimlik adını qoydu boynuma.
Torpaq soyuq olar, alıb qoynuna
Qoy çalım mən özüm laylanı, ana!

"Ana" adlı bu şeirin müəllifi Ədalət Salmandır(Uəlilabad). Ana haqqında, anasızlığın faciəsi barədə təsirli bir şeirdir. Topluda adına ŞEİR deyə biləcəyimiz belə nümunələr az deyil. Müasir poeziyada öz dəst-xətti ilə seçilən Bilal Alarlının "ayrılıq" şeiri bu qəbildəndir:

Bütün ayrılıqlar acı göz yaşı,
Bütün vüsallar da bal dadı verir.
Hər ürək kədərə qapı açmır ki,
Kədər də ürəyə aldadıb girir.

Bir eşqin havası dolur başlara,
Sonra sevənlərin havası çatmır.
Səadət uğrunda müharibənin
Qılıncı-qalxanı, davası çatmır.

Həyat ayrılıqdır-məna bundadır,
Vüsal sondur, vüsal mənzil başıdır.
İnsanı tükənmiş imkanlar deyil,
Çatmaq istədiyi arzu yaşadır.

Təfərrüata varmadan İltifat Salehin "Kəsmə şikəstə", "Örtülü bazar", Mirhafiz Bahadırın "Gəraylı", Arif Fərzəlinin "Bir ovuc Vətən torpağıyıq", "Dəmirçi nəğməsi", "Sözü bağışla", Əhməd Haqsevərin "Dünyadı", Fəxrəddin Ziyanın "Torpaq eşqi", Məmməd Həbibin "Yarpaqlar tökülür", "Alça çiçəyi", "Vətən məhəbbəti", Fikrət Şahbazlının "Qürbət ellər", Ağamir Uavadın "Halallıq", Faiq Hüseynbəylinin "Şairin ölümü" şeirlərinin də müasir poeziyanın tələbləri səviyyəsində yazıldığını söyləyə bilərik.
Topludakı şeirlərin mövzuları genişdir. Bu gün bizi nə düşündürürsə, ürəyimizdən nə keçirsə, bunun ifadəsini o şeirlərdə görə bilərik. Lakin baxır o şeirin bədii səviyyəsinə. Müasir şeirimizi alaq otu kimi sarmış sözçülük bu topludakı şeirlərdə də görünür. Amma mövzusundan asılı olmayaraq əsl şeirdə poeziyanın nəfəsini duymaq olur.Baloğlan Uəlil İdrisinin Vətənə həsr olunmuş bu şeirinə diqqət yetirək:

Şütüyən qatarla, uçan uçaqla,
Torpağın daşınır, daşınır Vətən.
Yuyunur ardıyca mavi dalğalar,
Çiçək gözlərində yaş yanır, Vətən.

Bakıggözəl Bakı, baxır mürgülü,
Uca Qız qalası beli bükülü.
İçərişəhərin içi sökülür,
Köksünə yabançı quş qonur, Vətən.

Topludakı bir çox şeirlərdə də belə narahatçılıq, Vətənin taleyi üçün nigarançılıq, etiraz səviyyəsində notlar diqqəti cəlb edir. Təbii ki, bu da təbii qəbul edilməlidir.
Anar Həbiboğlu bu günkü yeni ədəbi nəsil arasında xüsusilə seçilir. Onun şeirləri "Azərbaycan" və "Ulduz" dərgilərində dərc edilir. Anar artıq iki şeir kitabının müəllifidir, Xalq şairi Fikrət Qoca və bu sətirlərin müəllifi mətbuatda onun şeirləri haqqında müsbət fikir söyləyiblər. Anar ənənəvi mövzulara yenilik gətirə bilir. Onun Ana haqqında yazdığı şeirlərdə bunu görə bilirik:

Bu ocaq anama oxşayır, Allah,
Deyinsə ovutmaq, saxlamaq olmur.
İslaq kəlmələri elə hıçqırır,
Dediyi sözləri anlamaq olmur.

Kişi işlərindən yapışdı anam,
Daş kimi bərkidi gəlin əlləri.
Elə bu ocaq tək alışdı anam,
Bəmbəyaz buludtək ağarmadı ki,
Tüstütək ağardı uzun telləri,
Bu ocaq anama oxşayır mənim.

Lənkəran bölgəsində yaşayan şairlərin qəzəl canrına güclü meyl göstərdiyinin şahidi oluruq. Bu da ənənədən, yəni "Fövcül-füsəha" ədəbi məclisinin ənənsindən gəlir. Topluda Mirhaşım Müsafirin, Mirhəbib Sadiqin, Oqtay Zəkanın,Abababa Nakamın, xaqani Muğamatoğlunun, Xatirə Xatunun, Xanəhməd Nahidin, İmamqulu Məmmədovun,Şərafət Sadıqoğlunun qəzəlləri təqdim edilir.Bunların içərisində Mirhaşım Müsafirin qəzəlləri xüsusilə seçilir. Yaşının 90 ərəfəsində olan Mirhaşım müəllim ta əzəldən əruzçu şair olmuşdur. O, qəzəl poetikasını yaxşı mənimsəyən şairlərdəndir.

Gəldi Məcnuna xəbər ki,Leyli can üstündədir,
Tez yetiş cananına, bir ələman üstündədir.
Sinəsin cırdı, saçın yoldu, yola oldu rəvan,
Elə bil yol getməyir, təxti-rəvan üstündədir.
Getdi qəbrin görməyə etsin ziyarət xakını,
Gördü qəbr üstə uşaqlarxoşzəban üstündədir

Topluda Cənub bölgəsində yetişən, ilk qələm təcrübələri ilə diqqəti cəlb edən ədəbi gəncliyin də səsini eşidirik. Müşfiq Cəbiyevin, Aysel Səfərlinin, Elcan Rəcilinin, Elnur Kəlbizadənin, Əlirza Məhərrəmovun, Fərid Rüzgarın, Fərid Turanın, Səkinə Əsədovanın, Ülfət Ziyafətqızının yazıları onların gələcəyinə ümid yaradır. Ancaq gənclərin yazılarında sırf təcrübəsizlik də nəzərdən qaçmır. Onlar hələ öyrənməli, həyatı, gerçəkliyi bədii inikası çevirməyin yollarını, üsullarını mənimsəməlidirlər. Bu sırada Müşfiq Uəbiyev daha inamlı təsir bağışlayır. Onun bir şeirinə diqqət yetirin:

Nə yaşımdı axı, tale
Saçlarıma dən çağırır.
Yağışı dağın başına
Külək qovur, çən çağırır.

Qaytarın ölümdən məni
Yapışın əlimdən mənim,
Boylanır çölümdən, məni
İçimdəki "mən" çağırır.

Daha gücdən düşüb dizim
Tükənibdir artıq sözüm
Getməliyəm, canım-gözüm
Məni göndərən çağırır.

"Ömürdən yarpaqlar" toplusunda bir sıra maraqlı hekayələrlə də qarşılaşırıq. Onların müəlliflərindən bəzisi artıq müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələridir. Aslan Quliyev uca dağlar qoynunda-Yardımlıda yaşayır, amma əyalətdə yaşasa da, onun roman və povestləri ədəbi dərgilərdə sərgilənməkdədir. Aslanın topludakı "Gülümsəyən qız" hekayəsi onun necə istedadlı bir nasir olduğunu sübut edir. Xarakter yaratmaqda, obrazın psixologiyasını əks etdirməkdə mahirdir,-desək, mübaliğəyə varmarıq. Oxucular Kamran Nəzirlini də artıq tanınmış nasir və tərcüməçi kimi qəbul edirlər. Onun müasir Azərbaycan povestinin bir sıra gözəl nümunələrini yaratdığını bilirik.Topludakı "Qoca uşaq" yazısı müasir hekayəni necə yazarlar sualının ən yaxşı cavabıdır. İlham İlhaminin və Hacıbala Əmirovun hekayələri də pis təsir bağışlamır.
Əlbəttə, bir yazıda xeyli müəllifin şeir və hekayələrini özündə cəm edən toplu haqqında ətraflı söz açmaq mümkün deyil. Arzumuz budur ki, gələcək toplularda Cənub bölgəsinin ədəbi həyatının daha gur və qaynar olduğunun şahidi olaq.

TƏQVİM / ARXİV