adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SİMLƏRİ ÜRƏYİ İLƏ DANIŞDIRAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
56987 | 2015-04-28 01:14




Mən onu Şuşadan tanıyırdım. Özü də təsadüfdən yox, sadəcə Şuşanın məşhur istirahət evində keçən günlərimin birində şuşalı qohumlarım, dostlarım məni bu işıqlı insanla tanış etdi. Hətta məclislərimizin birində o, ruhumuza mənəvi qida vermək üçün tarı da sinəsinə sıxdı. Mən ilk dəfə tarın danışdığını, özü də üzbəüz mənimlə həmsöhbət olduğunu onda gördüm, onda şahidi oldum. Doğrudur, oxuduğum orta məktəbdə də İmran adlı bir tar müəllimimiz vardı. Daha doğrusu, bizə musiqi dərsi keçirdi. O da həmişə bizi müxtəlif məktəbli mahnılarını ifa edəndə tarla müşayiət edirdi. Amma hərdənbir "Segah" da çalırdı. Bax, həmin "Segah" nöqtəsində sevirdik musiqi dərsini (o vaxt nəğmə dərsi deyirdilər - Ə.M.), İmran müəllimi...
Ona görə yadımda qalmışdı tar... ona görə mənə tanış idi tar... Amma tarı ilk dəfə mənə o sevdirdi. Yəni Gülağa müəllim sevdirdi. Özü də bütün varlığımla özümə, ürəyimə hopdurdum o tarı. Sonra illər keçdi, mən tarı daha böyük ifaçıların çalğılarında not-not, səhifə-səhifə dinləməyə və böyük Müşfiqin niyə tar üçün üsyan etdiyini dərindən anlamağa başladım. Günlərin birində onunla dörd divar arasında "Azərbaycan" nəşriyyatının bir parça Şuşa ünvanı olan Vasif Quliyevin iş otağında görüşdük. Bir-birimizin əlini sıxdıq, amma bir-birimizə təzə heç nə demədik. Çünki deyiləsi təzə heç nə yox idi. Əgər Şuşa yoxdursa, Qarabağ yoxdursa, təzə nə ola bilərdi ki? Susduq. Üzbəüz əyləşib özümüzdən, uşaqlardan danışdıq. Hiss edirdim ki, o da bu görüşdən köklənib, havalanıb, mən də... Hiss edirdim ki, onun barmaqları mizrab axtarır. Elə mən də o mizrabı görmək, onun toxunacağı simləri öpmək istəyirdim. Köməyimizə Vasif müəllim çatdı. Həmişə iş otağında, kitab rəfinin üstündə olan tarı göstərib Gülağa müəllimə bircə kəlmə dedi:
- Bəlkə çalasan?
Bu söz mənə hava kimi gəldi... Bu söz məni elə bil ki, darıxmaqdan, partlamaqdan xilas elədi. Özümdən asılı olmadan mən də həmin sözü təkrar etdim. Bir balaca dəyişikliklə:
- Gülağa müəllim, bəlkə bir hava səsləndirəsən?
Vasif müəllimin və eləcə də mənim səsimdəki nisgili, həm də ağrını tutdu Gülağa Zeynalov. Heç nə demədi. Oturduğu yerdən qalxıb kitab rəfinə tərəf çevrildi. Tarı götürüb öncə simləri bir-bir gözdən keçirdi. Sanki nə isə axtarırdı. Sonra tarın özünə məlum olan yerindən mizrabı çıxardı. Kökləmək istədi. Bir-iki dəfə simlərdə gəzişdi, amma kökləmədi. Hiss etdim ki, elə bu cür, tarı kökləmədən, onu xam səsiylə, xam nəfəsiylə danışdıracaqdı. Elə də etdi. Amma nətəhər çaldısa, o tarın köklənmədiyi, o tarın bu dünyaya sığmayan böyüklüyü içərisində əriyib getdi. Barmaqlar tarı söz-söz danışdırırdı. Barmaqlar Şuşanın bütün küçələrini, məhəllələrini, hətta özünün doğulduğu ünvanı da gəzib, dolaşıb dolamalardan üzü aşağı Ağa körpüsünə tərəf enib gəlməyə başladı. İlahi, insan öz barmaqlarının necə danışdığını və bu barmaqların cansız simləri necə oda, alova çevirdiyini görəsən hardan öyrənib? Ümumiyyətlə, bunu necə bacarır? Buna necə nail olur? İnanın ki, mən o ifaların dalğası altında Şuşanı gəzə-gəzə həm də o suala cavab axtarırdım. Axtardım, axtardım və Gülağa müəllim son pərdədən mizrabı götürəndə tapdım. Gördüm ki, sən demə, həmin o qeyri-adi istedada malik olan adamlar barmaqlarla çalmırlar tarı, ürəklə çalırlar. Sadəcə, biz barmaqları görürük. Amma ifaçı onu ürəyiylə çalır... mizrab ürəyi olur... ifa ürəyi olur... səs ürəyi olur... Hətta simlər də ürəyin telləriylə əvəzlənir. Ona görə də biz doymuruq o ifadan, biz ayrıla bilmirik o səsin aurasından...
Həyat elə gətirdi ki, Gülağa müəllim mənim qızlarımın müəllimi oldu. Öncə müsiqi məktəbində, sonra Şuşa Musiqi Texnikomunda qızlarım onun təkcə müəllimliyinin yox, həm də insanlığının şahidi oldular. Dəfələrlə evimdə, ailəmdə söhbət düşəndə bu əl boyda uşaqlarım, təbii ki, bütün digər uşaqlar kimi onlar da müəllimlərini müzakirə edəndə, müqayisə edəndə həmişə Gülağa müəllimi birinci vurğulayırdılar, onun barəsində doğrudan-doğruya hörmətlə, məhəbbətlə danışırdılar. Hətta mən Gülağa müəllimi tanıdığımı, onunla dost olduğumu bir dəfə də olsun evdə, uşaqların yanında söyləmədim. Gözlədim ki, görüm onların fikrində hər hansı bir dəyişiklik olacaq, yoxsa yox. Amma mənfiyə doğru heç bir dəyişiklik baş vermədi. Əksinə, Gülağa müəllimin vaxtsız ölüm xəbərini eşidəndə onların necə kövrəldiyini, necə heyfsiləndiklərini görüb həqiqətən bir insan itirdiyimizin əhəmiyyətini bir də dərk etdim. Ona qədər isə...
Dəfələrlə görüşdük, çay içdik, çörək kəsdik... Dəfələrlə Vasif Quliyevin iş otağında onun ifasını dinlədim, onunla fikir mübadiləsi edib dağı arana, aranı dağa çəkdim. Amma bir dəfə də olsun kimsənin qeybətini etmədi... kimsənin haqqına göz yumduğunu büruzə vermədi... kimsəni aşağılamadı... və nəhayət, hansısa böyük vəzifədə oturan dostunu, qohumunu işarə verib öyünmədi. Çünki o, əsl şuşalı idi, əsl qarabağlı idi, əsl azərbaycanlı idi və ən vacibi isə o, əsl İnsan idi. Biz bütün təmaslarımızda Şuşadan danışırdıq... Şuşanın ziyalılarından söhbət açırdıq. Şuşa üçün gücü çatan hər hansı bir işin qulpundan yapışıb çaba göstərənlərdən danışırdıq. Və bütün sözlərimizin, söhbətlərimizin yekununda "İnşallah, Şuşaya qayıdaq, kimin kim olduğunu orda deyərik!" məntiqiylə bir-birimizin əlini sıxıb ayrılırdıq. Bu, Gülağa müəllimin insanlıq missiyasının ən işıqlı bir tərəfi idi. O, əyilmədiyi kimi, kimsənin də onun önündə əyilməsini heç vaxt nə istəməmişdi, nə də buna yol verməmişdi. Elə buna görə də arxada qalan istirahət günü böyük Rəşid Behbudovun işığı altında hamı ondan danışırdı... Bu məkanda Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbinin yekun konserti təşkil olunmuşdu. Hesabat xarakterli bu konsert həm də bu məktəbin müəllimi olmuş, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Gülağa Zeynalovun əziz xatirəsinə həsr olunmuşdu. Maraqlıdır ki, Gülağa müəllim məhz bu məktəbin məzunu olmuşdu. Sonra bu məktəbdə də çalışmış, bu kollektivlə də işgüzar əlaqələr qurmuşdu. Ona görə də bu məclisdə iştirak edənlərin hamısı onun adına, onun sorağına, onun barmaqlarının, daha doğrusu, ürəyinin səsinə gəlmişdilər. Məktəbin direktoru Mikamil Ağamirov qonaqları salamlayarkən xüsusi vurğuladı ki, bu yekun konserti bizi vaxtsız tərk etmiş, 59 yaşı bu gün tamam olan, (yəni 28 apreldə - Ə.M.) həmyerlimiz, dostumuz, pedaqoqumuz, ziyalımız Gülağa Zeynalovun xatirəsinə həsr olunub. Və bu məclisdə onun tələbələri, onun iş yoldaşları, dostları, doğmaları, eləcə də onun ifasının pərəstişkaları iştirak edir. Konsertimiz həm də Gulağa Zeynalovun ifalarıyla, təbii ki, lentə köçürülmüş ifalarıyla, müsahibələriylə rəngarəng olacaq. Onun barəsində hər kəs öz ürək sözünü deyə biləcəkdi....
Doğurdan da rəngarəng musiqilər istər musiqi məktəbinin 2-ci sinif şagirdləri bacı-qardaş Elşən və Səma Həsənovların, 3-cü sinif şagirdləri Həsən və Fatimə Məmmədovların, 4-cü sinif şagirdi Bəxtiyar Rəhimlinin, 2-ci sinif şagirdi Fərid Zahidovun, məktəbin müəllimləri Gümanə Mərdiyeva, Murad Abduləzimov, Aynur Ağamirova, həmçinin Milli Konservatoriyanın tələbəsi Anar Mirzəyevin bir-birindən maraqlı ifaları Gülağa müəllimin ruhuna bir ehtiram idi. Xüsusilə, həmin tədbirdə böyük ürəklə iştirak edən əməkdar artistlər Teyyub Aslanov, tarzən Vamiq Məmmədəliyev, kamança çalan Mirnazim Əsədullayevin ifaları və aşıq Əhliman Rəhimovun xatirələri hər kəsdə dərin iz buraxdı. Gülağa müəllimin tələbə yoldaşı Mirnazim Əsədullayevin söylədiyi fikirlər isə təkcə dinləyənləri kövrəltmədi, həm də Gülağa müəllimi onu tanıyanların nəzərində daha da ucaltdı, daha da böyütdü.
Tədbirdə çıxış edən Gülağa müəllimin ailə üzvləri bu diqqət və sevgiyə görə tədbir hazırlayanlara, iştirakçılara öz minnətdarlıqlarını bildilər. Mərhumun bacısı xüsusi olaraq vurğuladı ki, bu itki bizi sarsıtdığı qədər də qardaşımızı gözümüzdə böyütdü. Onun nə qədər sevildiyini, nə qədər pərəstişkarları olduğunu bir daha gördük. Həmin tədbirə qatılan Şuşa rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov qeyd etdi ki, Gülağa müəllim Şuşa mədəniyyətinin, incəsənətinin yaradıcılarından, sütunlarından biri idi. O, ali təhsilini başa vurub Şuşaya gəldiyi gündən son nəfəsinə qədər Şuşa mədəniyyətinin, Şuşa incəsənətinin yaşanması, inkişaf etdirilməsi, təbliği üçün gecəsini gündüzünə qatdı.
Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva vurğuladı ki, Gülağa Zeynalov əsl şuşalı idi. Təkcə şuşada doğulduğuna görə, Şuşada yaşadığına görə yox, həm də ona görə ki, o, bütün həyatını, bütün fəaliyyətini Şuşaya, Şuşanı tanıdıb sevdirməyə, Şuşa musiqisini dünyaya çatdırmağa həsr etmişdi. O, Şuşa üçün yaşadı və bu gün də ruhu Şuşadadı, Şuşanın səmasında dolaşır.
Tədbirin ən maraqlı məqamlarından biri də Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun qısa və konkret fikirləri oldu. Bayram müəllim vurğuladı ki, Gülağa Zeynalov özəl xarakteri, əyilməz, heç kimin minnətini götürməyən, heç kimi sındırmayan və heç kimin qarşısında sınmayan cüssəli, dəyanətli, məğrur və bütöv bir kişi idi. O, özünü Şuşasız təsəvvür etmirdi və Şuşa adı gələn, Şuşa sorağı verən hər yer üçün, hər kəs üçün canından keçməyə hazır idi. Bütün arzusu, istəyi Şuşaya qovuşmaq, Şuşaya dönmək olan Gülağa müəllim Şuşasız dözə bilmədi...
Bəli, böyük Rəşidin adını daşıyan ünvanda biz Gülağa Zeynalovun ürəyinin səsini dinləməklə həm də ruhunun nəzərləri altında kövrək, həzin xatirələrlə dolu anlar yaşadıq. Və sonda onun da şahidi olduq ki, məktəb rəhbərliyinin əmri ilə Gülağa Zeynalov musiqi məktəbində "İlin müəllimi" fəxri diplomuna və xatirə hədiyyələrinə layiq görüldü. Həmin xatirə hədiyyələrindən mərhumun doğmalarına da bağışlandı. Biz isə 23 il Şuşasız yaşayıb 59 yaşının tamamını gözləmədən bizlərə "əlvida!" demiş Gülağa Zeynalovun xatirələri ilə əl-ələ tutub Şuşalı günlərə doğru addımlamağa başladıq. İnşallah, Şuşada görüşməyimizə çox da uzun zaman qalmayıb...
Tədbirdən sonra Biləcəriyə evə tərəf gedəndə dostum Salman müəllim dedi ki, Gülağa Zeynalov mənim ilk musiqi müəllimim olub. O, müəllim kimi də, ziyalı kimi də, tarzən kimi də, şuşalı kimi də qeyri-adi insan idi. Onunla yoldaşlıq edəndə bütün dərd-sərini unudub sanki bir məktəb keçirdin. Öyrənmək və Şuşaya qayıdışa hazır olmaq məqsədi...
P.S. Bu, Gülağa müəllim haqqında eşitdiyim isti xatirələrdən yalnız biri idi.



TƏQVİM / ARXİV