adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

DüNYANI HOLLiVUD FiLMLƏRi DAğIDACAQg

VƏSİLƏ USUBOVA
23335 | 2011-01-15 08:13
Pəncərəmin ağzında xışıltı eşidilir. Boylanıb baxıram. Ucları əlvan güllü tünd göy yaylığını gözlərinin üstünə endirmiş süpürgəçi qadın payızın son yadıgarlarını süpürgənin ağzına verib topalayır. Özü də yaşmaqlanıb, yaylığının ucu nəfəsini tozdan qoruyur. Güclə görünən sifətindəki narazılığı yaylığı da gizlədə bilmir: Belə qış olar? Elə bil yaz havasıdı. İndi gərək buraları qar tutub, buz bağlayaydı, biz də bir-iki gün evdə oturub dincələrdik. Bəlkə də bu fikirlər heç onun ağlının ucundan da keçmir. O mənəm ki, boş-boş xəyallarımı onun öz gündəlik qayğılarından, güzəranından başqa heç nə ifadə etməyən sifətinə yazıram. Gözümü qaldırıb hündür ağacın son on-on beş gündə tamam çılpaqlaşmış budaqlarını görəndə təəccüblənirəm. Niyə görəsən, qışda hər şeyin örtüyə ehtiyacı olduğu halda ağaclar, kollar öz donunu soyunur, çılpaqlaşır?! Bəlkə soyuğu, qarı, şaxtanı bütün varlığıynan duymaq, canına hopdurmaqçın belə edirlər?! (Eh, mən də elə düşünürəm ki, guya ağaclar, kollar özbaşınadı. Təbiətin də özünəməxsus idarəetmə üsulu var!) Yayın istisindən təntimiş Aran camaatına son iki-üç ildə əsl qış zövqünü yaşadan qarın-şaxtanın yolunu gözləyə-gözləyə qalmışıq. İki-üç gün idi ara-sıra yağış yağırdı, bu gün buludlar parçalandı, günəş çıxdı. Qışın ortasında gün çıxmağı bu yerlərdə görünməmiş şey olmasa da, adamın ovqatında çaşqınlıq yaradır. Elə bil fəsillər də simasını itirib. Gündə bir sifətə, dona girən adamlara dönüblər. Dünyanın rəngləri, istisi-soyuğu qarışıb bir-birinə. Biz qar həsrətindəyik, dünyanın yarısını şaxta-boran iflic eləyib. Elə bil təbiət də etibarsız, üzüdönük olub. Vaxt vardı böyüklərimiz günün batmasından, quşların uçuşundan, ağacların yarpaq tökümündən havanın necə olacağını dəqiqliklə deyirdilər. İndi bu öncəgörmələr də özünü doğrultmur. Ən təcrübəli adamlar belə sabah havanın necə olacağını deməyə ürək eləmirlər. Hamı bir şeyi görür və vahimə içində ona inanır: Dünyanın sonu yaxınlaşır!
   
   Kim bilir, bəlkə bizə qəribə, gözlənilməz görünən bu hallar elə qoca təbiətin əzəli xislətidi?! Sadəcə, insan cəmiyyəti bu gün daha məlumatlı, daha həssas olduğu üçün narahatlığı da nisbətən daha güclüdü. Yəqin, təbiət elə qədimdən "sürpriz"lərlə dolu olub, adamlar isə bundan vaxtında xəbər tutub bir-birlərinə ötürə bilməyiblər. İndi bizlər min illər bundan öncə baş verənlər barədə bilgilərimizlə qürurlanırıq, amma zamanında o tarixi hadisədən yaxınlıqda yaşayanların belə məlumatsız qalmalarını düşünmürük. Fiziklər, astronomlar, ekoloqlar, coğrafiyaşünaslar bir-birlərinə dəyiblər. Kütləvi informasiya vasitələrində bir-birinin ardınca, həm də biri digərini təkzib edən materiallar dərc olunur. Ən əsası isə belə yazılarda nikbin notlar çox azdı, əksərində dünyamızın başı üstünü almış qlobal təhlükədən danışılır. Təbii ki, həyəcan təbili çalınmılıdı, bu işdə çox-çox gecikmişik də. Amma, nə olsun ki, yenə hər kəs bildiyini edir. Və hiss edirsən ki, yazıların əksəriyyətində peşəkarlıq, mütəxəssis araşdırması, qənaəti çatışmır. Nəticədə mükəmməl savadı olmayan adamlarda çaşqınlıq, sabaha inamsızlıq, bədbin ovqat yaranır. Elələri var ki, onların psixoloji durumu hər şeyə hazır deyil, oxuduqlarını, eşitdiklərini birbaşa, öz düşüncəsinin süzgəcindən keçirmədən qəbul edir. Fikir rəngarəngliyini, fərqli qütblərdən yozumu anlamaqda çətinlik çəkir.
   
   Son dövrlərdə dünyanın sonunu təsvir edən saysız-hesabsız əsərlər yaranıb. Məsələ burasındadı ki, bizim nəsil dünyaya göz açandan daha uğurlu sabahlar, bəşəriyyətin xoş gələcəyi haqqında kitablar oxumuş, filmlərə baxmış, addımbaşı plakatlara rastlamışıq. Təbiətin də insan iradəsindən asılılığına, insanın fövqəl gücünə inanmışıq. Birdən-birə hər şey alt-üst oldu və dünyaya açılan gözümüzün önündə tam fərqli aləm dayandı. Sağımızda-solumuzda müxtəlif inanclardan, təriqətlərdən qaynaqlanan düşüncə daşıyıcıları, mistika dolu bir dünya gördük. Bu gün niyə ancaq dünyanın sonunu təsvir edən əsərlər yaranır? Əksinə olsa, daha gərəkli, daha vacib sayılmazmı?! Üstəlik, vəhşilik, qəddarlıq, bir-birini bəyənməzlik boğazdan yuxarıdı bu əsərlərdə. Qəribədir, sanki heç kəs dünyamızın xilas olunmasını, insanların sülhə, barışa gəlməsini arzulamır, əksinə yanar ocaqları bir az da körükləndirirlər. Elə bil hamı həyatın, bu gözəl planetimizin sonunu görmək istəyir.
   
   Nədir bu, yoxsa insanlıq təzə peyğəmbər arzusundadı?! Yoxsa, göylər öz elçisini göndərmək istəyir?!
   
   Kənar sivilizasiyalar, orada yaşayan, arada bir bizlərə də "təşrif buyuran" eybəcər məxluqlar haqqında çəkilən filmlər lap dəhşətdi. Adəm babamızdan, Həvva nənəmizdən üzübəri min illərdi Yer üzündə yaşayan cəsur, yaraşıqlı, zəkalı insanlar bu qədərmi qiymətsiz oldu?! Belə eybəcər, həm də heç bir təbii əsası olmayan, Allah bilir, hansı biçim təfəkkürlərin, düşüncələrin məhsulu olan görüntülərə baxa-baxa nəslimizin necə cırlaşdığının, çirkinləşdiyinin fərqindəyikmi?! Məni qınamayın, elə bilirəm ki, (həm də görürəm), 40-50 il bundan əvvəlki gözəl qızlar, cüssəli oğlanlar bu gün çox azdı. Vaxtilə nənələrimiz yerikləyən gəlinlərə ancaq gözəl şeylərə baxmağı, təmiz, halal şeylər yeməyi tövsiyə edərdilər. İndi gözəllik də, halallıq da getdikcə qəhətə çıxır.
   
   Vaxtilə Yer üzündə yaşayan, mövcud olan heyvanların, quşların, ağac və bitkilərin bəzilərinin nəsli çoxdan kəsilib. Dinozavrların, kələzlərin, mamontların, odpüskürən çoxbaşlı əjdahaların adları ancaq dərsliklərdə və nağıllarda qalıb. Planetimizin ən qiymətli varlığı, əzəli sakini insanlarsa bu günəcən yaşayırlar. Bundan sonrası isə... Narahatlıq doğuran da elə bundan sonrasıdı. Çox təəssüf ki, bu gözəl məxluqlar öz keçmişi ilə nə qədər qürurlansa da, möhtəşəm əsərlər yaratsa da, sabahını təhlükə altında qoyur. Təbiətə qan udduraraq, oturduğu budağı kəsməklə məşğuldu. Bir tərəfdən də var-dövlət hərisliyi adamları ilkin xislətindən, özəl missiyasından ayırır. Bu azğınlıqlar da bədii filmlərə, seriallara çevrilib dünyanı ayaqlayır. Dünyanı nə kataklizmlər, nə də ekoloji problemlər dağıda bilməz. Əgər bu dünyanı dağıtmaq mümkündürsə, bunu ancaq Hollivud filmləri edəcək. Bir siçanın, itin-pişiyin, ayı balasının qorunmasına, otun, ağacın hüquqlarına həsr olunmuş çarxları ilə özlərini sığortalaya bilməzlər...
   
   
   
   

TƏQVİM / ARXİV