adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Aprel 2015 14:42
3538
MƏDƏNİYYƏT
A- A+

Milli kulinarlar beynəlxalq çempionatda 6 medal qazanıblar

Beynəlxalq Kulinariya çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyəti bu gün mətbuat konfransı keçirib. Adalet.az xəbər verir ki, konfransda çıxış edən Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov bildirib ki, Azərbaycan nümayəndə heyəti Ümumdünya Kulinariya təşkilatları Birliyinin (ÜKTB) – Avropa Qitə konfransında iştirak edib: "Konfransda 40 ölkə iştirak edib. Konfrans zamanı Kulinariya sahəsində təhsilin vəziyyəti, keçirilən tədbirlərin effektivliyinin artırılması və bu kimi məsələlər dinlənilib. Azərbaycanın təqdimatı keçirilib, film göstərilib və 2016-cı ildə ÜKTB-nin Avropa Konfransının Bakıda keçirilməsi təklifinin müzakirəsi olub. Konfrans zamanı gənc kulinarların da çempionatı keçirilib. Belə ki, Ginnesin rekordlar kitabına düşmək üçün 14 min nəfər üçün Boşnaq (Bosniya) mətbəxinin "Bəy şorbası” hazırlanıb. Şorbanın hazırlanmasında 100 aşpaz iştirak edib. Şorba üçün 1 ton toyuq, 300 kq digər məhsullar istifadə edilib. Onu da deyim ki, Azərbaycan Milli Komandası Monteneqronun Budva şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında iştirak edib. Çempionatda 8 ölkə (Azərbaycan, Serbiya, Bosniya-Hersoqovinya, Xorvatiya, Sloveniya, Ukrayna, Rusiya, Monteneqro) iştirak edib. Komandamız gənclər kateqoriyasında 2 sinifdə, peşəkarlar kateqoriyasında isə 4 sinifdə iştirak ediblər. Beləliklə, komandamız 2 kateqoriyada 6 sinifdə 6 nəticə göstərib. Sözügedən nəticəni də müsbət hesab etmək olar”.

Daha sonra iştirakçılar da söz alaraq komandanın Monteneqroda olan müddətdə Azərbaycan Respublikasının Monteneqrodakı nümayəndəliyinin daimi diqqəti altında olduğunu söyləyiblər. Bildirilib ki, nümayəndəlik tərəfindən komanda Podqorica şəhərində Bakı küçəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Monteneqro nümayəndəsi ilə birlikdə yenidənqurma işləri aparılan parkda, Azərbaycanın görkəmli yazıçı dramaturqu Hüseyn Cavid abidəsini ziyarət ediblər.

Qeyd edək ki, yarışlarda Musabəyli Azadə qızıl, Alışov Əliəşrəf qızıl, Cəfərli Ramin gümüş, Carullazadə Carulla bürünc, Quliyeva Elnurə bürünc, Ələsgərova Gülnar bürünc medal qazanıblar.