KƏNDiRiN KƏSiLƏN ZAMANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
36853 | 2011-01-15 08:13

   
   Doğrudan-doğruya dünya yaşamalıdı, görüb-götürməlidi, amma bir şərtlə, yaşamağına, görüb-götürməyinə badalaq gələn olmasın. Necə deyərlər öz ağlın, öz başın və bir də öz yolunla başını salıb aşağı üzü gündoğana tərəf çıxıb gedəsəng gedəsən və gedə-gedə düşünəsən, arxada nə qaldı, qarşıda nə var... Mənə elə gəlir ki, bu iki sualın arasında bütöv bir ömür yerləşdirmək olar və bütöv bir ömrün də yükünü anlara, aylara, günlərə, illərə elə bölmək olar ki, heç boş yer qalmaz. Hətta zərgər gözləri ilə də baxıb iynə ucu boyda bir yazılmamış, yaşanmamış yer tapa bilməzsən. Bax onda papağını əyri qoyub dünyaya meydan oxumağa dəyər. Təbii ki, başında papağın və bir də ona meydan oxumağa daxili bir icazən olsa...
   
   Mən həmişə adamları insanlıqlarına görə, sözlərinə və əməllərinə görə qruplaşdırıb, çeşidləyib özüm üçün bir bölgü aparmışam və fikirləşmişəm ki, əgər bu adam doğrudan-doğruya insandısa və yaxud da bu insan doğrudan-doğruya adamdısa o elə insan olmalıdı, adam olmalıdı. Onun ayrı cür olmağa haqqı yoxdu. Bəzən içki məclislərində ürək yumşalır, dil bir az sözə baxmır, yəni idarə olunmur. Onda istər-istəməz dil həqiqəti deməyə başlayır. Çünki nəzarətdən, tabeçilikdən çıxır. O da öz növbəsində danışanın içini açıb tökür ortaya. Bax, bu günlərdə əyləşdiyimiz süfrə arxasında qəribə bir söz eşitdim. Söz sahibi gözlənilmədən əlini badəyə uzadıb sağlıq demək istədiyini bildirdi və cavab gözləmədən də dedi:
   
   - Mən filan müəllimi ona görə çox istəyirəm ki, o adamlara vəzifəsinə, peşəsinə, yaşına görə yox, adam olduğuna görə qiymət verir. Onları adam kimi qarşılayır, adam kimi yola salır!!!
   
   Doğrusu məclisə dəxli olmayan bu gözlənilməz sağlıq hamı kimi məni də düşündürdü. Öz-özümə götür-qoy etdim və gördüm ki, sağlıq həqiqətən ünvanına layiqdir. Yəni o ünvanı əhatə edə bilir. Onda daxili mənimdən soruşdum. Bir halda ki, insanlar kimin nəyə layiq olduğunu, kimin hansı yerdə, hansı mərtəbədə durduğunu görürsə, bilirsə onda niyə hər şeyi yerində və vaxtında demir. Doğrudanmı mütləq spirtli içki qəbul etmək, mütləq əlini badəyə uzatmaq lazımdır?.. Məgər bunsuz mümkün deyil?.. Hətta həmin an rəhmətlik xalq şairimiz Cabir Novruz da yadıma düşdü. Onun məşhur "Sağlığında qiymət verin insanlara" şeiri yaddaşımda vərəqləndi. Amma...
   
   Sonra məclis dağıldı, içkinin yaratdığı eyforiya ortadan qalxdı, hər kəs yenə öz ampulasına qayıtdı və o süfrə arxasında olan söhbət də badələrlə birlikdə içilib getdi. Amma niyə? Bax elə sualın sadə amma, verilməsi mümkün olmayan cavabı da növbəti bir badə məclisi tələb edir. Yalnız onda dil sərbəst olub ürəyin, ağlın xəlvətdə dediklərini hamıya diqtə edir. Ehh...
   
   Gör, nə günlərə qaldıq (burda yadıma Balaş düşdü. Böyük Cəfər Cabbarlının Balaşı. Yəqin siz də xatırladınız. Xatırlamadınızsa, çalışın C.Cabbarlını bir də oxuyun. Onda mütləq mövzu tapacaqsınız, danışmağa da, yazmağa da).
   
   Bu gün həyatın bütün parametrləri elə bir xaotik vəziyyətdədir ki, nə kəsişmir, nə üst-üstə düşmür, nə də qarşı-qarşıya gəlmir. Amma hərəkətdədi, fəaliyyətdədi, bütövlükdə var. Bu var olmaq öz-özlüyündə yaşamaq deməkdi. Necə yaşayır, bu artıq ikinci sualdı və mən də ikinci sualın içərisində özüm üçün işıq ucu axtarıram. Elə axtara-axtara da görürəm ki, sən demə mənim axtardıqlarım əlimin altında, gözümün önündə dayanıb mənə baxır. Amma mən onları görmürəm. Bəlkə də heç onlar da məni görmür, bu da inandırıcı variantdı. Olsun, əsas odur ki, onlar da var, mənə də, amma bu iki olanın başqalarına, bütövlükdə cəmiyyətə nə verdiyini demək bir az çətindi. Çünki...
   
   
   
   yataqda qovruluram,
   
   səhərə bir səhər var...
   
   gözlərimi yummağa -
   
   qoymayan bir qəhər var.
   
   
   
   halım sanki hallanır
   
   öz-özünə allanır...
   
   ilan kimi yalmanır -
   
   tək dişində zəhər var...
   
   
   
   dünya böyük, yoxsa dar
   
   bir üzü gün, biri qar...
   
   məni soraqlayan yar,
   
   biz yaşayan şəhər var!..
   
   
   
   ***
   
   Deməli son vaxtlar televizorların bəzi proqramlarına "toy tutulub". Ona görə də toy verilişləri üzü üstə qalıbdı. Hətta qonum-qonşu qarşımı kəsib soruşur ki, müəllim, sən də mətbuatda çalışırsan toy verilişlərini niyə göstərmirlər? Mən də özümü ağıllı bir görkəmə salıb cavab verirəm ki, o verilişin pul verənlərinə toy tuturlar ona görə. İnşallah, toyun nəməri yığılıb qutarsın yəqin ki, sonra nə isə olacaq...
   
   Bunu zarafat xatirinə yazmıram və demirəm. Doğrudan da indi bu millətə, xususi ilə tamaşaçıya və oxucuya toy tutanların sayı günbəgün artır. Hamı öz "menyusunu" millətə sırımaq istəyir. Telekanallarda gedən reklamlara fikir verin. Şadlıq evləri yarım saat öz mətbəxini tərifləyəndən sonra axırda qiyməti də təbii ki, bir nəfər üçün yemək xərcini də elan edir. Və baxıb görürəm ki, ən ucuz xərc, yəni bir nəfərin mədəsinin dəyəri 35 manatdı. Özü də nə az, nə çox, düz 35 manat. Sonra da öz-özümdə başlayıram o 35-i xırdalamağa. Ətin, yağın, kartofun, çörəyin, göyərtinin və nəhayət 1 şüşə kolanın, (və yaxud da "Jalə"nin) qiymətinin üstünə 150 qram da gəlirəm, baxıb görürəm ki, 20 manatı keçmədi. Əgər mən bir adam həmin o hesabnan 15 manat qənaət etmişəmsə, onda görəsən restoranda 35 manata nə yeyib-içirəm. Axı bu mədəyə sığışan deyil?
   
   Öz-özümə danışdığımı eşidən ailə üzvlərim hər tərəfdən mənə hücum çəkir. Guya mən geri qalmışam, guya mən düzgün hesablaya bilmirəm, guya mən köhnəliyin qalığıyam, guya mən müasir xidmətləri qəbul eləmirəm, guya... guya... bir sözlə mən bu dünyanın adamı deyiləm. Razılaşıram, indi siz olun bu dünyanın adamı. Ayın çox demirəm, 15 günün dəvətnaməsini qoyun qarşınıza və sonra onu vurun 35-ə. Aldığınız rəqəmi çevirin pula. Özü də Azərbaycan manatına. Sonra da durun bəzənin gedin toya. Hələ orda xərclədiklərinizi demirəm. Şəkilpulu, tamadapulu, foyedə nəyəsə verdiyiniz... Bu rəqəmlər sizin üçün dəqiqləşdi? Onda toya gedə bilərsiniz?
   
   Mənə elə gəlir ki, sual öz konkret göstəriciləri ilə sizi çaşdırdı. Ona görə ki, aylıq qazancınızı arxada qoyub, və belə olan halda mənə irad tutmaq bir az qeyri-səmimi görünür. Təbii ki, mən də hamı kimi həmişə toy-şadyanalıq olmasını arzulayıram, amma neyləyim ki, cibnən - əl, imkanla - şərait, tələbatnan -durum bir-biri ilə uzlaşmır. Bir az da dəqiq desəm onların hərəsi bir dildə danışır. Onu anlamaq üçün isə təkcə səbir və dözüm yox, həm də iqtisadi güc lazımdır. O gücün sahibləri nə mənəm, nə də sən. Deməli, bizim imkanımız elə bizim dilimizlə, ürəyimizin bir-birinə ağlın hökmü ilə dediyidir. O hökmün arxasında bizim bütövlüyümüz dayanır. Yaxşı ki, bütövlüyümüzü qoruya bilirik. Və bir də yaxşı ki, o bütövlük bizim özümüz qədər özümüzdə olan tərəfin də payına yazılıbdı.
   
   
   
   nə çox susdu dinmədi
   
   sənsiz qaldı bu ürək
   
   heç nəyə isinmədi
   
   səssiz qaldı bu ürək
   
   
   
   keçən gündən xəbərsiz
   
   qadağasız, çəpərsiz
   
   bilinməyən səbəbsiz -
   
   mənsiz qaldı bu ürək.
   
   
   
   xəbər dolaşdı simsiz
   
   kədər danışdı dilsiz
   
   biən olmadı kimsiz -
   
   nəsiz qaldı bu ürək.
   
   
   
   ***
   
   Hə, bütün bu yazdıqlarım nə bir günün, nə bir saatın mənə pıçıldadıqları deyil. Əslində bu fikirləri, bu sözləri ayrı-ayrılıqda ürəyimizdən keçirir, yaddaşımıza sala-sala vərəqləyirik. Sadəcə mən sizlərdən fərqli olaraq, bunu kağıza köçürürəm. Bir az eşidiləcək səslə deyirəm. Amma bu da heç nəyi dəyişmir. Çünki indi eşitməli olanların çoxunun qulağında pambıq var. Bu yerdə yadıma mərhum şair qardaşım Vahid Əlifoğlunun bir sözü düşür. O həmişə zarafatla deyirdi ki, Əbülfət, bizi eşitməli olanların hamısının qulağında pambıq var. Respublikada pambıq böyük sürətnən yayıldığından bu adamlar pulsuz-parasız alıb qulaqlarını pambıqlayıblar. Əgər pambığa pul versəydilər yəqin ki, xəsislik edərdilər. Heç olmasa iki sözümüzdən birini eşidərdilər. Bəxtimizdən pambıq pulsuz olduğuna görə, onlar da qulaqlarını pambıq bardanı kimi lap axıra qədər tapdalaya-tapdalaya doldurublar. Nə səsimizi eşidirlər, nə nəfəsimizi duyurlar.
   
   Doğurdan da indi nə yazırsan-yaz, nə deyirsən-de səni eşitmək istəyənlər hansısa bir bədənin lüt yerini göstərənin ifasına qulaq asır, ya da internetin "odnoklasnik" və yaxud "çat" səhifəsindədir. Top da atsan eşidən deyil. Böyük Bülbülün məşhur bir mahnısı var:
   
   
   
   Qalada yatmış idim,
   
   Top atdılar, oyanmadım.
   
   
   
   Bəli, indi bizi nə top səsi, nə də balabanın zümzüməsi özümüzə qaytarmır. Çünki biz o səsləri eşitmirik, hətta bir az kobud desəm eşitmək istəmirik!!! İstəyirsən döz, istəmirsən... özün bilərsən. Mənim özümün bildiyim bir şey də var. O da ürəklə üz-üzə oturub danışmaq, həmfikir olmaq, həmsöhbət olmaq. Gücüm və imkanım ancaq ona çatır. Və o imkandan istifadə edib ürəkdə dediklərimi kağıza köçürürəm.
   
   
   
   gün axşamdı, ya səhər
   
   fərq eləmir bu şəhər
   
   yola verib bir təhər -
   
   mənsiz darıxacaqdı...
   
   
   
   günün yükü duz, ya daş
   
   günə səpələnir yaş...
   
   məndən kim açıbsa baş -
   
   mənsiz darıxacaqdı...
   
   
   
   günə Günəş doğacaq,
   
   qaranlığı boğacaq
   
   o qız hara baxacaq -
   
   mənsiz darıxacaqdı...
   
   
   
   Doğrudan da bu dünyada bizsiz darıxanlar varsa, deməli biz yaşayırıq. Amma o darıxanlar da heç iddialı olmasınlar. Çünki bizim olmamağımız onları darıxdırır. Deməli onlar darıxırsa yaşayırlar. Həm özləri üçün, həm də bizim üçün. Bax bu məntiqlə tərəflərin bir-birinə ancaq ürək və sevgi ehtiyacı var. Başqa heç nə!..
   
   

TƏQVİM / ARXİV