adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2015 13:06
1720
SİYASƏT
A- A+

Qənirə Paşayevanın kitabı Türkiyədə təqdim olunub

Milli Məclisin deputatı Qənirə Paşayevanın "Qarabağ hekayələri” kitabının Türkiyədə təqdimat mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, İstanbulda Dünya Türk Forumu çərçivəsində deputat Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri "Qarabağ hekayələri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

"Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı, nisgil dolu hekayələri yer alıb.

Bu əsərlər iyirminci yüzildə  dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Q.Paşayeva və araşdırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib:

"Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”.

Kitabın təqdimat və imzalanmasında Türk dünyasının hər tərəfindən gəlmiş ziyalılar böyük maraqla iştirak ediblər. Türkiyənin bəzi millət vəkilləri, Uluslararası Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, TASAM rəhbəri Süleyman Şensoy, İraq Türkmən Cəbhəsinin lideri Erşad Salihi, Qazaxıstan parlamentindən nümayəndələr, mətbuat və media təmsilçiləri, Qırğızıstan, Türkmənistan, Özbəkistan, KKTC, Tatarıstan, Krım, Rusiya, Rumıniya, Makedoniya, Yunanıstandan Türk təşkilat rəhbərləri, ABŞ, Fransa, Almaniya, Avstriya, Danimarka və bir çox ölkələrdən diaspor təşkilatları liderləri də təqdimat və imzalanma mərasiminə qatılıblar.

Qonaqlar Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında bundan sonra daha da aktiv iştirak edəcəklərini bildiriblər. Qeyd edək ki, Türkiyənin "Kun” kitab evində çıxan kitab Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb.

Kitab mayın 5-də Malatyada keçiriləcək böyük kitab sərgisində də oxuculara geniş təqdim olunacaq. Sərgidə Q.Paşayeva və araşdırmaçı-yazar İmdat Avşar oxucularla görüşəcək, kitabla bağlı geniş məlumat veriləcək və imzalanma mərasimi keçiriləcək.