adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Aprel 2015 12:55
3331
İQTİSADİYYAT
A- A+

Azərbaycanda rubl əmanətləri ləğv edildi

Azərbaycan Beynəlxalq Bankı (ABB) idarə heyətinin qərarına əsasən, aprelin 21-dən etibarən faizlərin ödənilməsi müddətinin sonunda nəzərdə tutulan əmanətlər ləğv edilib. ABB-dən Azərtac-a verilən məlumata görə, qərar "Uşaq” əmanəti və 12 ay müddətinə yerləşdirilən digər əmanətlərə aid deyil. Qərara görə, Rusiya rublu valyutasında depozitlər (əmanətlər), "Qızıl depozit” və "Avans” əmanət növləri ləğv edilib, 100 min manat (və ya digər valyutada onun ekvivalenti) və yuxarı məbləğdə hər bir depozit əqdi üzrə yerləşdirilən əmanətlərə müəyyən olunmuş faiz dərəcəsinə 0,5 faizin əlavə edilməsi qüvvədən düşüb. Bankın məlumatına görə, aprelin 21-dən əvvəl bağlanmış faizlərin ödənilməsi müddətin sonunda nəzərdə tutulan əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir. Həmçinin qərar qəbul edilən tarixindən əvvəl bağlanmış "Qızıl depozit”, "Avans” və Rusiya rublunda əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir. Bankın xəbərdarlığına görə, əmanət müqaviləsi müddəti başa çatmamış əmanətçi tərəfindən ləğv edilərsə, əmanət üzrə hesablanmış faizlər ödənilmir. Əvvəl hesablanmış və əmanətçi tərəfindən artıq alınmış faizlər əmanətin ümumi məbləğindən çıxılır. Müddət başa çatdıqdan sonra əmanətin məbləği əmanətçi tərəfindən tələb edilməyibsə, müqavilə eyni müddətə uzadılmış hesab olunur, o şərtlə ki, bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda əmanətçinin əmanəti ona əvvəlcədən rəsmi xəbər verməklə geri qaytarılır.