adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2015 11:38
1226
GÜNDƏM
A- A+

Görkəmli oftalmoloq Zərifə Əliyevanın doğum günüdür

Azərbaycanın görkəmli oftalmoloqu, elm xadimi Zərifə xanım Əliyevanın doğum günüdür. 1923-cü il aprelin 28-də Azərbaycanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz aşan Zərifə Əliyeva 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi əməkdaş vəzifəsində fəaliyyətə başlayıb, 1950-ci ildə aspiranturaya daxil olub, həkimlik fəaliyyəti ilə bərabər, elmi axtarışlarını davam etdirib.

Zərifə xanım elmi-praktiki fəaliyyətinin böyük bir dövrü Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrası ilə bağlı olub. O, kafedrada dosent kimi fəaliyyətə başlayıb, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra 1976-cı ildə kafedranın professoru seçilib. O, 1983-cü ildən göz xəstəlikləri kafedrasına başçılıq edib. Onun təşkilatçılıq bacarığı bu vəzifədə özünü daha qabarıq göstərib.

Zərifə xanım tədqiqatlarını traxoma xəstəliyinin müalicəsi, xüsusən, traxomanın və onun fəsadlarının müalicəsində o dövrdə yeni antibiotikdən – təkcə geniş spektrli antibakterial deyil, həm də antixlamid təsirli sintomisindən səmərəli istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlərə həsr edib. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-dən çox elmi işin, bir kəşfin müəllifidir. "İridodiaqnostikanın əsasları” monoqrafiyası həkimlər arasında bu gün də çox populyar dərslikdir. Onun iridodiaqnostika - gözün qüzehli qişasında səciyyəvi dəyişikliklərə əsasən orqanizmdəki xəstəliklərin diaqnostikası sahəsində araşdırmaları böyük maraq doğurur. İridodiaqnostika təbabət elminin uzun müddət qəbul edilməyən yeni istiqamətidir. Zərifə Əliyeva o zaman hələ tədqiq edilməmiş bu yeni istiqamətə bir sıra məqalələr həsr edib.Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Moskva oftalmologiya məktəbi Zərifə xanımı "oftalmologiyanın incisi” adlandırmışdı.

Zərifə xanımın fitri istedada malik novator alim, gözəl, səmimi insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.  

Zərifə xanım peşəkar həkim, əvəzolunmaz pedaqoq idi. O, əldə etdiyi yeni bilik və bacarıqları böyük həvəslə həkim və elmi işçilərlə paylaşırdı. 

Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada vəfat edib.