Ağalar Bayramov: "Güldən, bülbüldən söz demək zamanı deyil"

ETİBAR CƏBRAYILOĞLU
55339 | 2011-01-15 08:13
Ötən ilin son günlərindən biri idi. "Xalq" Bankın mərkəzi ofisinin 16-cı mərtəbəsinə toplaşanları əməkdar artist Ağalar Bayramov öz ecazkar səsi ilə göyün yeddinci qatına qaldırmışdı. Tanınmış bədii qiraətçinin ifasına qulaq asanlar aşağı düşməyə tələsmirdilər. Xalq şairi Məmməd Arazın "Xalq Əmanəti" layihəsi çərçivəsində işıq üzü görən "Seçilmiş əsərləri"nin təqdimatına gələn ölkənin say-seçmə ziyalılarına Ağalar Bayramovun öz hədiyyəsi var idi.
   
   Təqdimat mərasimindən sonra belə qərara gəldik ki, Ağalar bəylə qəzetimiz üçün müsahibə hazırlayaq. Qaldı bircə söhbətləşəcəyimiz günün vaxtını, vədəsini dəqiqləşdirmək. Mobil telefonuna zəng vuranda...
   
   
   
   "Zəngimsell"də telefonun sahibi bizi şair Əjdər Olun
   
   
   
   Kim nə deyir, qoy desin,Səni sevib - seçmişəm"
   
   
   
   misraları ilə salamladı.
   
   Bədii qiraət ustası ilə növbəti məşqdən öncə görüşə bildik.
   
   - Adətən müğənnilərdən soruşurlar ki, hansı albom üzərində çalışırsız? 10-dan çox albom təqdim etdiyinizi nəzərə alsaq, elə bu sualı sizə də ünvanlamaq olar...
   
   - Sırf vətənpərvərlik mövzusunda yazılan şeirlərdən ibarət albom hazırlayıram. Həmin alboma Məhəmməd Hadinin, Məhəmmədhüseyn Şəhriyarın, Mehmet Akif Ərsoyun, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Adil Babayevin, Əjdər Olun, Rüstəm Behrudinin, Əlisəmid Kürün şeirlərini daxil etmişəm. Böyük şairimiz Məmməd Arazın yaradıcılığı yeni albomda "Azərbaycan - dünyam mənim", "Ayağa dur, Azərbaycan!" "Əsgər oğul", "Yol ayrıcında söhbət", "Məndən ötdü", "Vətən desin" əsərləri ilə təmsil olunacaq.
   
   İndi elə bir zamandı ki, yalnız güldən-bülbüldən şeir demək mümkün deyil. Gərək həm də ordumuz, gücümüz, silahımız var deyək. Əli silah tutan övladlarımızı ruhlandırmaq lazımdı. Qələbə ruhuna köklənmədən döyüşə getməyin heç bir mənası yoxdu.
   
   - Necə düşünürsüz, indiki zamanda söz silahı əvəz edə bilir?
   
   - Rəhmətlik Xəlil Rza Ulutürkün yaxşı bir sözü var.
   
   
   
   Böyükdür sözün gücü,
   
   Əgər sözdə yaşarsa
   
   Düzün, düzlüyün gücü.
   
   Böyükdür sözün gücü.
   
   
   
   Şairin sözü olmasın, sözün gücü həqiqətən də böyükdü. Amma burda bir məsələ var. Baxır həmin sözü kim yazır, kim deyir. Özünü öymək olmasın, mən heç vaxt elə-belə söz demirəm. Vətənə sevgi, qələbəyə inam mənim təkcə dilimdə yox, həm də ürəyimdədi. Neçə ildir ki, vaxtımın çoxunu ön cəbhədə keçirirəm. Məmməd Araz, Xəlil Rza Ulutürk kimi nəhəng şairlərimizin hər misrası topa-tüfəngə bərabər şeirlərini səngərdə düşmənlə üz-üzə, göz-gözə duran qəhrəman əsgərlərimiz qarşısında söyləyirəm. Onları qələbəyə ruhlandırıram. Səngərdəki günlərimin nə televiziyalarda göstərilməsinə, nə də qəzetlərdə yazılmasına çalışıram. Bunu reklam etməzlər.
   
   Bir dəfə rəhmətlik Məmməd Arazla cəbhə bölgəsinə getmişdik. Döyüşçülər qarşısında çıxış bitən kimi korpus komandiri dedi ki, Ağalar müəllim, əsgərlərin gözlərinə baxın, bu sözləri eşidəndən sonra gözləri qisas arzusu ilə alışıb-yanır. Hamının əli tətikdədi. Bu dəqiqə İrəvana qədər gedə bilərlər.
   
   Ona görə deyirəm ki, sözün gücü böyükdü. Ürəkdən gələn, ölkənin, xalqın bütövlüyünə xidmət edən sözdə həmişə qüdrət olub. Yarınmaq üçün deyilən sözdən isə heç nə gözləmə.
   
   
   
   Sözümüzü balla kəsənlər
   
   
   
   Professor Tofiq Hacıyev: "Böyük rus şairi Puşkinin müasiri, məşhur qiraətçi Karatagin səs tembri, ifadə zənginliyi ilə o zaman böyük auditoriyaların, yüksək salonların hörmətini qazanıbmış. Bu ərəfədə gənc bir satirik yazıçı populyarlaşmağa başlayır. Dostları Karataginə zarafatla deyirlər ki, belə getsə gənc yazıçı sənin çörəyini əlindən alacaq. İstedadlı qiraətçi halını pozmadan "Narahat olmağa dəyməz, çörək getsə də, duzu özümdə qalacaq" - deyə cavab verir.
   
   Təbii ki, xəmiri, çörəyi dada gətirən duzdu. Dilin də, danışığın da ürəyə yatması, zövqü oxşaması ifaçının, söz sahibinin bəlağətindəki duzdan asılıdı. Bu gün yazıçı, şair. artist, müğənni bolluğunda usta qiraətçi azlığı aşkar görünür. Bu az olan sənətkarların içərisində əməkdar artist Ağalar Bayramov öz ifasının duzu ilə seçilir. Onun səs tembri bir ilahi vergidi. İfasının bütün dadı-duzu onun içindədi.
   
   Ağaların nəfəsi ilə bədii söz insanların duyğularında bir can kimi yaşayır. Ağalar qiraət sənətimizi tarixə yazanlardandı".
   
   - Bədii qiraət ustası hər zaman xarici ölkələrə dəvət almaq şansı qazanmır. Mətbuatdan oxuduğuma görə bu günlərdə İngiltərədə çıxış etmisiz. Sözümüzü dinləyən oldu?
   
   - Dinləyən olmasaydı mən heç ora getməzdim. Dünya Azərbaycanlılarının Konqresində iştirak etmək üçün Londona dəvət olunmuşdum. Araz Elsəslə birgə çıxışım oldu. Tədbirin keçirildiyi konsert salonunun səhnəsindən Məmməd Arazın "Ayağa dur, Azərbaycan!" şeirini və Fikrət Qocanın "Cənnətdən qovulmuşlar" poemasından hissələri söyləyəndə necə qarşılandığımı gərək öz gözlərinizlə görəydin.
   
   - Bəs deyillər dünya bizi başa düşmür...
   
   - Düzdü, salonda dünyanın müxtəlif ölkələrindən gələn soydaşlarımız toplaşmışdı. Amma qonaq qismində bir neçə ingilis də dəvətli idi. Tədbirdən sonra yaxınlaşıb tərcüməçi vasitəsi ilə fikirlərini bildirdilər. Dedilər ki, sözləri başa düşməsək də, səsinizin ruhu, ahəngi bizi vəcdə gətirdi.
   
   Bir daha əmin oldum ki, təkcə Avropada yox, elə dünyanın istənilən yerində bizi başa düşə bilərlər. Məgər onların ruhu yoxdu? Dünya ünsiyyət üzərində qurulub. Doğma qardaşlar da bir-birini axtarmayanda, gec-gec görüşəndə yadlaşırlar.
   
   
   
   Sözümüzü balla kəsənlər
   
   
   
   Xalq şairi Fikrət Qoca: "Ağalar Bayramov bu sənətin doğma övladıdı. O, böyük sənətkarların layiqli davamçısıdı. Ağalar ürəyəyatımlı səsindən ustalıqla istifadə edir. Dinləyicisini, tamaşaçısını tez tanıyır, ona münasib şeir seçir. Dinləyicini ələ alır, özünə tabe edir.
   
   Ağalar Bayramovun çıxışına qulaq asmağa öz gündəlik məişət qayğıları ilə gələn tamaşaçı görüşdən dövlət, millət qayğıları ilə ayrılır".
   
   - Bu gün bədii qiraət ustalarına verilən meydan sizi qane edir?
   
   - Təbii ki, yox. Meydanı şoular, ulduz yarışmaları, evlənmək yarışları zəbt edib. Ciddi yaradıcılıq təkliflərini yaxına buraxmaq istəmirlər. Mən qapıdan qovulanda pəncərədən daxil olanlardan deyiləm. Həmişə şəxsiyyətimi qorumağa çalışmışam. Təkbaşına qol çırmayıb bu durumla mübarizə aparmaq çətindi. Maraqlı layihələrim, fikirlərim var. Onu reallaşdırmaq üçün maddi tərəfi isə həll edə bilmərəm. Mədəniyyət və İncəsənət Universitetinin dosentinin buna gücü çatmaz.
   
   - Təkbaşına niyə ki? Digər bədii qiraət ustalarını da bu işə cəlb etmək olmaz?
   
   - Mən təkbaşına deyəndə yalnız özümü nəzərdə tutmuram. Axı biz çox azıq. Xalq artisti İlham Əsgərov, əməkdar artist Azad Şükürov, Nadir Hüseynov... Bizi saymaq üçün bir əlin barmaqları bəs edir. Mərhum sənətkarlarımız Mikayıl Mirzə və Həsən Əbluc Söz Teatrı yaratmaq istəyirdilər. İndi mən də bayaq adlarını sadaladığım həmkarlarımı, sənət dostlarımı bir yerə toplayıb bu ideyanı həyata keçirmək istəyirəm. Amma buna maddi dəstək verən yoxdu. Amma şoulara pul xərcləmək istəyənlər az qala növbəyə düzülüblər.
   
   
   
   Sözümüzü balla kəsənlər
   
   
   
   Şair Musa Yaqub: "Ağalar şeir deyəndə könlümüz ehtirasa gəlir, onun dilində, onun ifasında elə bil sözümüz də təzədən doğulur. Ağalar şair duyğularının sədasına təzə bir sim qoşur. Sözə təzə bədii rəng vurur. Belə bir sənətçini saxlamaq, qorumaq, qiymətləndirmək bizim mənəvi borcumuzdu".
   
   - Söz Teatrı bədii qiraəti şadlıq evlərindən daha böyük səhnəyə daşıya bilər...
   
   - Bu gün şadlıq evlərində, restoranlarda təşkil olunan toylarımız başqa bir söhbətin mövzusudu. 10-15 il əvvəl belə deyildi. Dəvət edib deyirdilər ki, təki övladımın toyunda Ağaların səsi gəlsin. Amma indiki toylarda nə hoqqalardan çıxırlar. Sözə, musiqiyə, adət - ənənələrimizə toy tuturlar...
   
   Söz vaxtına çəkər, sabah Ağalar Bayramovun ad günüdü. Biz də onu sözlə təbrik edirik. Ağalar bəy, ömrünüz söz qədər uzun olsun!
   
   

TƏQVİM / ARXİV