adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Aprel 2015 00:51
1388
MƏMLƏKƏT
A- A+

Naxçıvanda Alov festivalı keçirilib

Aprelin 27-də Naxçıvanda "Bakı-2015” ilk Avropa Oyunları məşəlinin muxtar respublikaya gətirilməsi münasibətilə Alov festivalı keçirilib. 


Adalet.az-ın Azərtac-a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

"Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvan Beynəlxalq Hava Limanından əvvəlcə "Duzdağ” Fizioterapiya Mərkəzinin yeraltı şaxtasına, oradan da "Əshabi-Kəhf” ziyarətgahına aparılıb.

Sonra birinci Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinin Koroğlu meydanına gətirilib.

Alov festivalının rəmzi qapısında "Bakı-2015” birinci Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanova məşəli Naxçıvan Muxtar Respublikası voleybol yığmasının üzvü Xanım Xudadanovaya verib. Buradan başlayaraq estafeti 11 naxçıvanlı məşəlçi davam etdirib.

Ümumilikdə 4,1 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar muxtar respublikanın çoxsaylı sakinlərinin alqış sədalarının müşayiəti ilə Cəlil Məmmədquluzadə küçəsindən keçərək Heydər Əliyev prospekti ilə Naxçıvan şəhərinin mərkəzi meydanına çatdırıblar. Voleybol üzrə kişilərdən ibarət Naxçıvan Muxtar Respublikası yığmasının kapitanı, eyni zamanda, Azərbaycan millisinin üzvü Polad Əliyev məşəli meydanda qurulmuş möhtəşəm səhnəyə qaldırıb.

İdmançı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovla birlikdə səhnədəki məşəli alovlandırdı və bununla da Naxçıvan şəhərində Alov festivalına start verilib.