adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"YUXULARDA çIXDIM YOLA"

VƏSİLƏ USUBOVA
33761 | 2011-01-08 06:11
Hardan tapıb çıxartdın bu mahnını, ay zalım?! Daha bizim "Alabəzək yuxular" görən vaxtımız deyil, axıg Bir zamanlar görərdik... Və dünyanın min bir rəngi dolardı o yuxulara. Əslində, elə həyatımız da al-əlvan idi, heç yuxulardan seçilməzdi. Bu rənglərin getdikcə bir az da açılıb parlayacağına, göz qamaşdıracağına inanardıq. Niyə də inanmayaydıq?! Ömrün elə çağlarıydı ki, inamımızın ətəklərindən tutub göyün yeddinci qatlarında, bəlkə heç indiyəcən kimsəyə bəlli olmayan qatlarında süzürdük. Ömrümüz elə özü bir şirin yuxuydu.Yuxulara ehtiyacımız da yoxdu. Özləri gəlirdilər, kirpiklərimizin arasından keçib bəbəklərimizə dolurdular. Günlərimiz elə parlaq, şirin, işıqla, sevgiylə doluydu ki, yuxulardakı aldadıcı təsəllilərə qane ola bilməzdik. Gecə gördüklərimizi gündüz heç xatırlamırdıq da. Amma yuxular özünü gözə soxurdu. Hamısı da tərsinə yozulurdu. Öpüş ayrılıq idi, gülmək ağlamaq. Pul tapmaq ehtiyaca yozulurdu, ayaqqabı darlığa, sıxıntıya. Ölmək, saçın uzanması uzun ömür sayılırdı, bulanıq sularda çimmək xəstəlik. Bunlar uzun illərin sınağı sayılsa da, hərənin öz yuxuları, öz sirli dünyası vardı. Gözlər qapanan kimi hərə öz dünyasına uçurdu. Ağlımız kəsməyəndə qorxular meydan sulayırdı yuxularımızda. Məktəb yolundakı fermanın bəd itləri, hər axşamçağı naxır kəndə dönəndə uşaqlara sarısını udduran, vurağan sarı inək, böyüklərin dediyinə görə məscidin arxasındakı qalın böyürtkən kolluğunda "məskən salmış", birini öldürsən, o birilərin dünyanın o başına qaçsan da, səni tapıb intiqamını almağa hazır olan yeddi qardaş ilanlar pəncərədən sübh şəfəqi görünənəcən göz verib-işıq vermirdi. Gündüz gəzib-dolandığımız, qaçıb oynadığımız yerləri göz önünə gətirə-gətirə kirpiklərimiz qovuşanda boz-qaranlıq aləmin əcaib qüvvələri elə bil yorğan-döşəyimizə doluşardı. Yuxuda hıçqıra-hıçqıra ağlayardıq da, qışqırıb yerimizdən dik qalxardıq da. Elə o saat da yuxulu analarımızın, nənələrimizin yorğan-döşəyinin böyründə hazır qoyduğu sərin sudan içib təzədən başımızı yastığa atardıq...
   
   
   
   ***
   
   Beş-on günlük çağa da yuxuda gah qaşlarını çatıb, dodaqlarını büzərək ağlamsınır, gah da dişsiz damağını göstərib şirin-şirin gülür. İlahi, doğrudanmı, o da yuxu görür?! Onu güldürən kimdi, ağladan nədi?! Eşitmişdim ki, qırxı çıxanacan körpələr görmürlər. İnanmamışdım. Həkimlər də bunu deyəndə içimi buz kəsdi. Deməli, qırx gündə ancaq yuxu görürlər, yuxulu bir ömür sürürlər. Dünyaya gələn andan ağızlarını gəzdirib yemək axtarırlar, səsi bilirlər, ana ağuşunu hiss edirlər. Bəs, yuxuda kimləri, nələri görürlər?! Tanrım, sənin qüdrətini dərk eləməkçin elə qırx gün bir çağanı seyr eləmək kifayətdi. Dur beşiyinin başında, gözlərini bu məsum varlığın çöhrəsindən ayırma. Ömrün boyu cild-cild kitablardan, mənimsədiyin hikmətlərdən, kəlamlardan öyrənmədiyini, anlamadığını bu nur topasından alarsan. Onda görərsən ki, sən dünyanı və öz həyatını nə qədər bəsit görmüsən, nə qədər az duymusan. Özünə və başqalarına qarşı necə zalım və qəddar davranmısan. Anlaqsız hərəkətlərinlə gözəllikləri eybəcərləşdirmiş, şux rəngləri soldurmusan. O məsum çöhrədə oynaşan işıqları, sözsüz danışan qımıltıları nəynən ifadə edə bilərsən?! Bəlkə sözlə, ya səslə?! Ya da qələmi, fırçanı yoxla. Gör bacararsanmı?! Deyəsən, alınmır. Oxşada bilərsən, tam ehtivası isə... Müşkül işdi. Etiraf elə, əlinin dalını yerə qoy. Yaratmağı bacarmadınsa, onda heyrət elə, heyran olmağı bacar. Bütün tapıntılar burdan-heyranlıq nöqtəsindən başlanır. Səni heyran edirlərsə, sən də borclu qalmamalısan. Ancaq heyran olmağı bacaranlar heyrət doğura bilirlər...
   
   
   
   ***
   
   O isə hələ yuxudadı. Görən bilirmi atası-anası var?! Gündüzlər Günəşin işıq saçıb isitdiyini, gecələr Ayın soyuq-soyuq üzüaşağı-üzüyuxarı gəzdiyini duyurmu?! Bic-bic göz vuran ulduzlardan, vıyıltıynan ötüb meşədə itib-batan küləklərdən necə, xəbəri varmı?! Lap elə gecəni gündüzə qarışdırıb saatlarla yatdığının, dəqiqələrlə ağladığının fərqindədimi?!..
   
   Qırx ötüncə ürək dözmür, min cür xəyallara düşürsən: birdən heç qırx gündən sonra da görmədi?! Ömürlük qaranlıq yuxuların qoynundamı qalacaq?! Yox, yox! Mənə demə ki, yuxular həyatdan gözəldi. Bu zalım həyat elə öz zalımlığı ilə, acısı-şirini ilə, gözlənti və üzüntüləri ilə yuxulardan üstündü. Bu yuxular dünyanın bütün əlvan rənglərini özündə cilvələndirsə də, nə qədər uzansa da, həyatın bir anını verə bilməz. Həyat qat-qat gözəldi. Ancaq... müəyyən vaxta qədər. Vurğunluq, heyranlıq limiti bitənəcən. Ömrün günəşi qaralıb könül dünyasını zülmət qaranlığın buz nəfəsi kəsənə qədər şirindi həyat. Bundan sonra ümid yuxulara qalır. Sən-hər şeydən əllərini üzmüş biçarə indi də yuxularda yola çıxırsan. Gerçəklikdə tapmadıqlarını, əlindən alınanları axtarmağa yollanırsan. Ayaq götürdüyün nöqtədən məchulluğadək uzanan yuxu ömrünü ruhunun sahibi idarə edir. İstəsən də, istəməsən də belədi. Ancaq istəyirsən bunu. Belə rahatsan, bədənindən, çəkindən ayrılmısan. Nə çörək, nə paltar dərdi çəkirsən. İşini itirmək, evsizlik, xəstəlik qorxusu bədəninlə birgə tərk edib səni. Dəryada balıq kimisən, lap ondan da üstünsən. Balığın canında tilov-qırmaq xofu var. Bu yuxunun bitməsini istəmirsən. Yuxuda sevgilərin də özgə dadı, özgə şirinliyi olur. Gerçəklikdə qismətinə düşməyən, dada bilmədiyin şirinlik... Ayıqlıqda gedə bilmədiyin yerlərə gedirsən, görə bilmədiklərini görürsən. İki dünya arasındakı sərhəd də itib səndən ötrü. Yaşının çatmadığı adamlarla da görüşə bilirsən. Gerçək dünyada isə bu mümkün deyil. Nəinki iki dünya, heç ölkələr arasında sərhədlər də götürülənə oxşamır. Utanıb deyə bilmədiklərin rahatca ağzından tökülür, illərdən bəri acığını, hirsini çıxa bilmədiklərinə dişinin dibindən çıxanı deyirsən. Ürəyin boşalır, canın dincəlir. Qəzəbin tutanı döyürsən də. Amma nə sənin əlin ağrıdır, nə də onun canı inciyir. Hə, axı, siz can deyilsiniz. Siz ruhsunuz...
   
   Bəlkə heç ayılmayasan bu yuxulardan?! Ayılıb gerçəklikdən sıxıldığın, təzədən o sehrli röyaların qoynuna dönməyi şiddətlə arzuladığın məqamları unuda bilərsənmi?!...
   
   
   
   ***
   
   O isə hələ oxuyur. Otuz il, qırx il bundən qabaq necə oxuyurdusa, elə də oxuyur. Elə o vaxtlar gördüyü ala-bəzək yuxular haqqında oxuyur. Yuxularında yola çıxırmış, göydən ulduzları yolurmuş... Ürəkdən, şövqlə oxuyur. İnanır ki, qulaq asanlar da ona inanır. Bunlar hələ alabəzək yuxular görənlərdi. Amma... bu yuxuların qısa, ani və sonda həmişəlik olduğunu bilənlər də var... Və onlar yuxu görmək istəmirlər.
   
   Onu da bilir ki, daha bu adamlar özlərini aldatmaqdan yorulublar...

TƏQVİM / ARXİV