BAŞLANğIC

ƏBÜLFƏT MƏDƏTOĞLU
37030 | 2011-01-08 06:16
Əgər xatırlayırsınızsa, ötən ilin son yazısının adını bər-bəzəksiz, sadəcə bir şəkildə belə yazmışdım: "Bu da ilin sonu". Sağ olsun, internet yayımçılarımızı, bayram günlərində "Ədalət"in son sayını internetdə xeyli axtarandan sonra yazıma rast gəlmədim. İlk dilxorçuluq başladı. Sonradan bir təhər araşdırıb öyrəndim ki, məni "öz yerimdən sürüşdürüblər". Deyiblər ki, get küncdə dur. Hər halda ixtiyar sahibləridi, deyiblər, mən də əməl etməliyəmg
   
   Elə həmin gün də şəhərdə tüğyan eləyən qəribə qrip virusu tutdu yaxamdan. Hə, bu da ikinci dilxorçuluq. Deməli, yeni ili beləcə başladım. Allah üçüncüsündən saxlasın. Mən oturub üçüncüsü barəsində fikirləşirdim, redaksiyadakı əməkdaşlardan biri mesaj yazdı ki, bəs qəzetimizin builki ilk nömrəsində hörmətli Məzahir Əhmədoğlu sənin barəndə xoş sözlər yazıb. Təbii ki, həmişə - dünən də, bu gün də, inşallah sabah da, ən kiçik qəzetdə, əl boyda kağız parçasında barəmdə nə yazılırsa, onu böyük səbirsizliklə axtarıram. Tapmayana kimi də dincəlmirəm. Və mən də "Ədalət" qəzetinin ilk nömərsini əldə edib Məzahir Əhmədoğlunun özünəməxsus üslubda yazdığı yazısını yavaş-yavaş oxumağa başladım. Dünyanın müxtəlif mənzərələri, müxtəlif məqamları, müxtəlif insanları, şüuraltı işarələri, sətirarası ifadələri, bir sözlə, qızdırmam sözün həqiqi mənasında 39.8 olduğu halda evdəkilərə məhəl qoymadan oxudum yazını. Sona çatanda Məzahir Əhmədoğlunun keçmişdən gələcəyə yola çıxan bir atlı kimi ağır-ağır getdiyi bir məqamda kənardan diqqətini çəkən bir səsə çevrilib baxması və o səs sahibi ilə mövzuya dəxli olmadan isti bir hal-xoş etməsi ürəyimcə oldu. Yenə deyirəm, mən insanam və tərif mənə də xoş gəlir. Özü də yaradıcılığınla, üstəgəl ad gününlə bağlı deyilən tərifin nə dəyərini müəyyənləşdirmək olur, nə də dəyərini qiymətləndirmək. Təbii ki, onun arxasında səmimiyyət durursa...
   
   Bax, mən də Məzahir Əhmədoğlunun o xoş səmimiyyəti ilə, mənə verdiyi qiyməti, dəyəri çox görüt-qoy etdim. Müəyyən məqamlara aydınlıq gətirmək üçün onun özünə telefon açdım, təşəkkürümü bildirdim. Və o da həmişəki səbrlə bir çox nüansları mənim üçün bir növü ağ səhifə kimi açdı...
   
   Yaxşı ki, ilin üçüncü təpkisi belə sevindirici oldu. Hələ üstəlik də bilgisayar yazarı Mehriban xanımın, Məzahir Əhmədoğlunun sitat gətirdiyi şeir parçasını əzbər deməsi mənim üçün bir növ gözlənilməz oldu. Çünki bu xanımın şeirlə heç arası yoxdur. Görünür, təqdimatdan çox şey asılı imiş. Nə isə...
   
   Mən Məzahir Əhmədoğluyla söhbət zamanı onun ünvanıma atdığı dəsmalı əyilib qaldırdım. Məzahir müəllim təklif edir ki, vaxtımı, günümü öldürməyim. Bacardığım işin, yəni şeirin qulpundan yapışım. Çox gözəl və çox da səmimi qəbul edilən bir təklif. Amma mən bir başqa şeirimdə dostlarıma, oxucularıma yazmışam ki:
   
   
   
   Mənim bildiklərim sən demə heç nə
   
   Heç kimə, heç yerdə gərək deyilmiş.
   
   Mənim yazdıqlarım, ay sözə təşnə,
   
   Evdə uşaqlara çörək deyilmiş.
   
   
   
   İndi mən də bir dəsmal atdım. Adicə, gündəlik güzəranın - uşağın yanında çörək xəcaləti çəkməməyimə hazır olan kimsə varsa, buyursun. Tutum ətəyindən, oturum ölən günlərimin əvəzinə də bacardığım işləri görüm?!.. Amma inanmıram ki, kimsə bu cəsarətdə buluna...
   
   
   
   QIZDIRMALI ŞEİR
   
   
   
   mən
   
   bir ad qoyub gedəcəm
   
   balalarım
   
   bacarsa sulasın
   
   göyərtsin,
   
   böyütsün...
   
   bacarmasa
   
   adımı da unutsun
   
   ya da
   
   dəfn etsin...
   
   məzarıstan yanından
   
   utana-utana
   
   üzünü çevirib getsin...
   
   mənim adım
   
   və bütün həyatım
   
   bir misrada
   
   çörəyə çevrilmədi
   
   ev olmadı
   
   pul olmadı
   
   imkan olmadı
   
   şairin yarımçıq şeiri kimi...
   
   qaralanmış kağız
   
   parçasına çevrildi
   
   əzildi...
   
   və atıldı zibil qutusuna...
   
   hə, işdi
   
   adım sizi utandırsa
   
   sıradan biri bilin
   
   əhəmiyyət verməyin
   
   deyin, gülün...
   
   oğlum,
   
   qızım,
   
   qadınım...
   
   bircə
   
   daşını
   
   vaxtlı-vaxtında
   
   dəyişin saatımın...
   
   
   
   ***
   
   
   
   Deməli, həyat elə gətirib ki, mənim istəyimdən asılı olmadan, dünya özünün indi yaşadığımız təqviminin ilk ayını, ilk gününü mənim üçün doğum günü kimi qeydiyyata salıb. Və mən də bununla barışmışam. Çünki həmin o gündə hətta ad günümü xatırlamayan doğmalar, dostlar belə yeni illə bağlı mütləq bir təbrik ismarıcı göndərirlər. Və mən də onu ürəyimcə bir neçə səmtə yozuram - ilə də, doğum günümə də. Amma bir səmimi etirafda bulunum. Çox istərdim ki, Novruz bayramı axşamında doğulaydım. Təəssüf... İşdi yenidən dünyaya gələsi olsam, Allahın bütün mələklərinə minnətçi düşüb yalvaracam. Eşitsələr də sağ olsunlar, eşitməsələr də. Hər halda, atalar çox saytal bir zərb-məsəl deyiblər. Deyiblər ki, "istəyənin bir üzü qara, verməyənin iki üzü". İndi mən də qismət olsa, həmin o istəyi zamanında dilə gətirəcəm. Necə deyərlər, bu məsələnin zamana ehtiyacı var. İndiki halda mənim daha çox narahatçılığım yazıb, əl boyda vərəqlərdə özümlə gəzdirdiyim misralarımın aqibətidir. Daha doğrusu, onların sonunun necə olacağı, başına nələr gələcəyidir? Axı indi hamı yazır, hamı qoşur, hamı bəstələyir, hamı da dəstəkləyir. Deməli, hələ bu xəmirin suyunun miqdarının bilinmədiyi zamanda ümid, qələmlə bərabər içimizdə doğulanları vərəqlərə bükməyimizədir... Bu da onların aqibətidi, bu da onların həyatıdı. Olsun.
   
   Mən isə bu yazını diqtə etməyə başlamazdan əvvəl ilin son günündə iş otağımın qapısını bağlayıb gedəndə yaddaşıma köçürdüyüm misraları indi kompüterə diqtə edirəm. Bəlkə kiminsə diqqətini çəkdi...
   
   
   
   qapını
   
   çəkib bağladım
   
   açarı
   
   bir az əlimdə
   
   sağa-sola oynatdım
   
   və sonra da
   
   gərəksiz bir şey kimi
   
   etinasız şəkildə
   
   fikirləşmədən
   
   cibimin hansısa küncünə
   
   atdım-
   
   üstümdən
   
   elə bil
   
   gün ağırlığı götürüldü-
   
   axır ki,
   
   bir günün də
   
   sonuna gəlib çatdım
   
   gecən xeyrə qalsın!-
   
   deyəndən sonra-
   
   iş otağım!..
   
   
   
   ***
   
   
   
   Tətil günlərində bir neçə kitab, jurnal vərəqlədim. Tanış imzaları, tanımadığım müəllifləri gözdən keçirdim. Açığını deyim ki, bunu oxumaq marağımın güclü olmasından yox, yataqda dözülməz bir gərginliyin içərisində olduğumdan eləyirəm. İstəyirəm ki, başımı nə iləsə qatım, ağrıları da unudum, dünyanı da. Amma bir məqam var ki, adam meymunu unutmaq istəyəndə, bu əbləh heyvan onun gözü qarşısından bir addım da olsun o yana getmir. Elə hərlənib-fırlanıb yenə qayıdırsan həmin ağrıya, həmin sıxıntılara.
   
   Dostlar adama elə can yandırır ki, bəzən özün bu diqqətin qarşısında sıxılırsan. Hərə özü bildiyi türkəçarədən danışır, özünün qəbul etdiyi təbii dərman mənşəli bitkilərdən söz açır, bir sözlə, hamı cəhd edir ki, nə iləsə köməyinə çatsın. Sərçənin dimdiyində su gətirməsi kimi bir məqama bənzəyir bu. Yəni hər kəs bacardığını, gördüyünü, bildiyini məsləhət edir. Ancaq ən maraqlısı budur ki, mən də heç bu məsləhətlərdən məqamı gələndə geri qalmıram. Mən də onlara həmin o dürlü-dürlü tövsiyələri az qala birnəfəsə deyirəm. Bax, onda nə vaxtsa yazdığım misralar yadıma düşür.
   
   
   
   əsəblə oynama,
   
   qan təzyiqini gözlə...
   
   özünü üzmə
   
   hər şey üçün-
   
   onsuz da ömür
   
   barmaq sayı
   
   düz beşcə gün...
   
   qədrini bil-
   
   deyirsən...
   
   amma
   
   bu məsləhətlərə
   
   əslində özün
   
   əməl etmirsən...
   
   bu necə düzgün-
   
   dürüst dostluq ki
   
   özün etdiklərini-
   
   mənə rəva bilmirsən...
   
   
   
   Bəli, ili belə başladıq. Başlanğıcdakı məqamları təkrar sadalamıram. Görək bu il necə davam edəcək.
   
   

TƏQVİM / ARXİV