adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iRANI ViRAN ETMƏK CƏHDi BAŞ TUTMAYACAQ

OQTAY SALAMOV
19909 | 2011-01-08 06:11
"Haydpark" bloqunda Akif Hüseynov adlı bir həmyerlimizin Vyaçeslav İqrunovun 2010-cu ilin nəticələri ilə bağlı yazısına cavabı ilə qarşılaşdım. Bugünkü yazım həmin mövzu ilə əlaqədar olduğurdan cavabda çox maraqlı məqamlardan bəzilərini sitat kimi göstərməyə məcburam:
   
   "Güman edirəm ki, Obamanın problemləri hələ qarşıdadır. ABŞ-ın dünya jandarmı funksiyasını itirməsi artıq dəqiq faktdır. Çindən sonra inkişaf sürətinə görə ikinci olan Türkiyə İrana qarşı qoyulan embarqolara qətiyyən əhəmiyyət vermədən tam müstəqil siyasət aparır və faktiki olaraq Avropanın energetik şəbəkəsi kimi özünün Türkiyə-İran-Azərbaycan blokunu yaradır. Çox güman ki, öz enerji daşıyıcılarına nəzarəti davam etdirmək üçün bu bloka Rusiya da qoşulacaq. Belorus isə artıq Türkiyənin öz Aralıq dənizi limanlarından satacağı İran neftinin alınması ilə bağlı danışıqlar aparır. İki il ABŞ Türkiyə və Azərbaycanı sıxır, oralara səfirlərini təyin etmirdi. Üç ölkənin İstambul sammitində birgə bəyanatından sonra amerikanlar geri çəkildilər və Obama milad tətillərini yarımçıq qoyaraq, qanunverici orqanları saymadan öz sərəncamı ilə səfirləri təsdiq etdi. Belə getsə, qarşıda Obamanı doğrudan da şən olmayan günlər gözləyir".
   
   İstər-istməz mövzunu davam etdirmək, fikir bölüşdürmək ehtiyacı yaranır. Elə İqrunov va cavabı cavabsız qoymur və məncə bizim oxucu üçün də maraqlı olan mülahizələrini yazır. Mən bu mülahizələrin tərcüməsini yox, razılaşdığım məqamların məğz və şərhini verməyə çalışmışam. Yəni rus müəlliflə fikirlərimizin üçt-üstə düşdüyü yerlərlə müştərək müəllifik. Razılaşmadığım məqamların üstündən isə sadəcə olaraq, yan keçirəm ki, nə gözünüz görsün, nə könlünüz bulansın.
   
   İran problemi doğrudan da dünya gündəmində hakim mövqedədir. Qərbdə elə bilirlər ki, onların dünya quruluşu mütləqdir. Onlar əmindirlər ki, insan hüquqlarının Avropa konsepsiyası, qərb demokratiyası, qərb iqtisadi sistemi ən üstündür və öz sistemlərini onlara tam yad olan cəmiyyətlərə tətbiq etmək istəyirlər. Bunun üçün güc, zor tətbiq etməkdən də çəkinmirlər. Özü də heç nə onlara dərs olmur. Bu mənada İrana sadəcə olaraq təkcə öz maraqlarını qoruyan ölkə kimi yox, həm də gələcəyə öz yolunu axtaran qeyri-qərb dünya quruluşunun simvolu kimi baxılmalıdır.
   
   Problemə dərindən baxanda, ilk növbədə İranın qayğıları nədir sualına cavab axtarmaq lazım gəlir. Ölkə istəyir ki, lider dövlətlərin elmi-texniki səviyyəsinə yüksəlsin ki, bu hegemonların təzyiqindən qurtulsun və öz taleyini sərbəst müəyyənləşdirsin, öz resurslarının müstəqil sahibi olsun. İranı başa düşmək olar. Son iki yüz il ərzində bu ölkə, əslində subsivilizasiya Rusiya və Böyük Britaniya tərəfindən parçalanır, tar-mar edilirdi. Bu iki ölkə, sonra da ABŞ İrana öz şərtlərini diqtə edir, öz talançı konsessiyalarını sırıyırdılar. Parlamenti güllələdilər, şahları dəyişdilər, İranı tabe etmək üçün qoşun yeritdilər. Təbii ki, İran müdafiə olunmalı və müqavimət göstərmək üçün üsullar tapmalı idi. Və əgər Qərb elə düşünür ki, onun üstünlüyü şübhəsizdir, geri qalanların hamısının qərb qaydaları ilə oynaması, onun iradəsini qəbul etməsi qaçılmazdır - onda bu diqtə edilənlər belə status-kvodan çıxış yolu axtarmalı idilər. Bəziləri bu gücü tapdılar da. Çin, Braziliya, Hindistan... Onların qərarları aralıq, kompromisli, heç bir tərəfi razı salan olmasa da, dinamik olaraq tarazlığı dəyişir, onların Qərbdən asılılığını azaldır. Və əgər Çin çox qısa bir müddətdə səfil, yarı işğal olunmuş ölkədən dünya liderinə, gənc fövqəlgücə çevrilə bildisə, ondan heç də az tarixi ənənələrə malik olan İran nəyə görə Çinin olmasa da, ən azından Braziliyanın vəziyyətinə çatmağa cəhd eləməsin?
   
   Pəhləvi sülaləsi bu məqsədi qarşısına qoymuşdu. Qərb nə qədər mane olmağa çalışsa da İran seçdiyi yolla kifayət qədər uğurla gedirdi. Özü də elə sürətlə gedirdi ki, cəmiyyət elitanın ardınca çata bilmirdi və İslam inqilabı bu prosesi tormozlamaq, onu saxlamaq cəhdi kimi oldu. 1979-cu il inqilabı İranı viran elədi. İndi özünə gələn İran nüvə proqramı ilə Qərbin qarşısında duruş gətirməyə çox yaxın mövqedədir.
   
   
   
   Qorxunun gözləri böyük olur
   
   
   
   ABŞ İranın inkişafını özünə və dünyaya təhlükə kimi qələmə vermək istəyir. Deməyinə deyir, amma bunu təsdiqlətmək deyəsən çox çətin olacaq. Fakta baxaq: İndiki nəsillərin həyatı boyunca İran bircə dəfə müharibə aparıb. O da müdafiə müharibəsi, İraqın ABŞ-ın dəstəyi ilə apardığı müharibədə müdafiə olunub. Amma ABŞ və ya İsrail nə qədər İrana öz iradələrini qəbul etdirməyə çalışırsa, tez-tez bomba zərbəsindən (bəzən nüvə silahı tətbiq etməyi də təklif edirdilər) danışırlarsa, İran o qədər güclü olmağı arzulamalıdır. Yaşamaq, niyyətinə çatmaq istəyirsə buna məcburdur. Və azad inkişaf şərtləri ilə bu ölkənin gücünü iqtisadi inkişafda cəmləşdirə biləcəyi halda, artan təzyiqlər diqtəsi altında o, sadəcə olaraq silahlanmanı artırmağa, təcrid olunmuş vəziyyətə düşəndə isə ən müasir silahlara mailk olmağa məcburdur. Qərb İrana başqa seçim imkanı vermədi.
   
   
   
   Türkiyə də
   
   kef çəkmir
   
   
   
   Yazının bu yerində İqrunov birdən gedişi dəyişir və Türkiyəyə üz tutur. Amma burada gözlədiyimiz təxribat ünsürləri gözə dəymir. Çünki həmyerlimizin sözlərindən sitat gətirdiyim ilk abzasda məhz Türkiyə-İran münasibətləri fonunda baş verənlər təhlil olunur. Və rus müəllif də öz baxış bucağından münasibət bildirir. Amma təkrar eləməyə məcburam ki, fikirlər ələkdən keçiriləndən sonra bizim oxucuya təqdim olunur.
   
   Türkiyədə də vəziyyət kifayət qədər mürəkkəbdir. O artıq kifayət qədər modernləşdirilib və Qərb onu saxlamaq niyyətində deyil. Amma burada avropalaşma o qədər uzağa gedib ki, əhalinin böyük bir hissəsi başqa dünyada, başqa epoxada qalıb. SSRİ dağılandan sonra Qərbin Türkiyənin boynuna ifrat sivilləşmə yükü qoymaq (onu Mərkəzi və Ön Asiyada Avropa dəyərlərinin daşıyıcısına çevirmək) cəhdləri müəyyən reaksiya göstərməyi qaçılmaz edirdi və bu reaksiya 90-cə illərdə özünü göstərdi. Türkiyədə islamın yüngül bərpası gündəmə yeni siyasi strategiya gətirir və deyəsən Turkiyənin öz sivilizasiya arealına qayıtması Avropaya qısılmasından daha təbii görünür.
   
   Türkiyənin müstəqilliyini şişirtmək, onun ABŞ-a əlcək atmasını demək düzgün olmazdı. Türkiyə hələlik dünya qərb sistemindən çıxmadan öz yerini axtarmaqdadır. Türk cəmiyyətində qarışıqlıq var. Demək olar ki, iki Türkiyə var. Bu ölkənin Avropa İttifaqına daxil olmaq istəyinin Avropa tərəfindən qorxu ilə qarşılanması isə odun üstünə yağ tökməkdə, qərb əleyhinə əhval-ruhiyyəni gücləndirməkdədir.
   
   Nə qədər istəməsəm də bu yerdə rus müəllifin bir pravakasion fikrini verməli oluram. Çünki bunlar təkcə onun yox, bir çox maraqlıların ortaya atıb şişirtmək istədiyi məqamlardır.
   
   Əgər sünni ərəb dünyasına İranın artan rolu qəbul edilən deyilsə (müsəlmanlar arasında təriqət fərqini gözə soxmaqla "parçala-hökm sür!" siyasətinin davam etdirildiyi ortadadır - (O.S.) dünyəvi Türkiyə İranı öz müttəfiqi görməkdə daha tolerant ola bilər. Və əgər Türkiyə-İran yaxınlaşması baş tutarsa, bu alyans stabil, sivill İslam arealının yaranmasında hakim mövqe rolunu oynayar. Qərbin öz hərbi gücündən və iqtisadi dominantlığından daha çox gəlir götürmək cəhdləri, islam ölkələrində stabilliyi pozmaq istəyi belə dövlətlərin müttəfiqliyini daha da gücləndirə bilər. Burada bir çox ərəb ölkələrinin keçmiş müstəmləkəçi kimi Türkiyəni bəyənməmələri də rol oynayır. Məlum taktikadır. Keçmişdə ABŞ məmnuniyyətlə bu taktikadan istifadə edir, İran mücahidlərini və talibançıları yemləyir , avanturist müharibədə İrana qarşı İraqı dəstəkləyirdi.
   
   Artıq belə bir fikir formalaşmaqdadır ki, İran-Türkiyə birliyi Ön Asiyada müharibədən sonrakı Almaniya-Fransa güclərinin birləşməsi rolunu oynayacaq. Qərbdə bu inteqrasiya layihəsinə təkcə Azərbaycanın yox, Tacikistanın, hətta Özbəkistanın da daxil olacağından qorxurlar. Rusların İranı çox da vacib ölkə saymaması da onların öz xeyirinə işləməyəcək. Buradan belə bir fikir yaranır ki, İranı viran eləmək cəhdləri Avropa və Qərb üçün arzu olaraq qalmaqadır və qalacaq...

TƏQVİM / ARXİV