adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Göydən üç... bomba düşdü

XURAMAN HÜSEYNZADƏ
27552 | 2012-11-24 12:15
Neçə gündü qətlə yetirilən uşaqların görüntüləri bizi sarsıtmaqdadır. Bu qanlı fotolar dünyanın hər yerində insanla bir dildə danışır: müharibə dilində... Körpə mələklər böyüklərin məqsədlərinə qurban getməkdədir... Göydən bombalar yağır "üç alma" yerinə. Bilmirəm, onların da nağıllarındakı göylərdən almalar düşürmü? Düşürsə, bu bombaların biri də o "nağılı" danışanın payına düşür, demək ki... Bumeranq...

Ürəkağrıdan bu dəhşətli fotolara baxıram. Biri daha çox diqqətimi çəkir. Balaca oğlan ağlaya-ağlaya dağıntıların arasından sevimli oyuncağını tapıb, bərk-bərk qucaqlayır... "Müharibə"nin yazıldığı bütün kitabların üz qabığı bu foto olsa, gərək... O şəkilə nə qədər baxdım, yadımda deyil. Sanki həmin müddətdə bir roman yazdım... Birnəfəsə. Müharibədən, ölən arzulardan, o arzuların gömüldüyü məzarlıqdan boylanan fidanlardan, qönçələrdən.

Fotoda insanlığın öldüyü anlara ağlayan balaca oğlanın qucaqladığı maşın oyuncağı ömür adlı yolun yarısında həmin uşağın arzuları kimi qırılmışdı. O yol yarıda darmadağın edilmişdi. Sonunda uçurum görünürdü. O uşaq bəlkə də ölümünü gözləyən digər uşaqların cərgəsində idi. Nə bilmək olar, bəlkə də o almalardan-böyüklərin icad etdiyi alov saçan "almalardan" biri onun da həyatına son qoyub. Ya bəlkə Allah eləmiş kimi, həyatdadır. Kaş ki gücüm olaydı, imkanım olaydı, bir an öncə gedəydim ora, o uşağı tapaydım -bu an üçün içimdən keçən hisslərdir. Bizim Xocalı, Ağdam, Şuşa, Kəlbəcər... taleli o cocuqlar insan beyninin icad etdiyi "almaların" qurbanı olurlar. Böyüklərin siyasi oyunlarının, düşünüb-daşınıb kəşf etdikləri və bununla para qazandıqları ölüm saçan bombaların, güllələrin qurbanı olan o məsum balaların nədir günahı?

***

Dünyanın bir köşəsində cocuqlar qırılır, dünya ictimaiyyəti hələ günahın kimdə olmasını axtarmaqda... Halbuki hicab, demokratiya, homoseksualların nikahı üstündə küçələrə tökülüşürlər. Din, namus, azadlıq vacib məsələdi, körpələrin qırılması lazımsız. Jurnalistlərimizin sorağını harda istəsək, ala bilərik-İstanbulda lahmacun yeməkdə, rakı içməkdə, Boğazda şəkil çəkdirmək başında, kurortlarda, sanatoriyalarda. Bizim hansı jurnalist belə məqamlarda riskə gedib həyatını təhlükəyə atır? Heç biri! Bir cümləsi 1500 işarə olan, qrantları basıb yeməklə jurnalist adı daşımasıyla qürrələnənləri heç Qarabağ savaşı başlayanda da görməyəcəksiniz! Bunlar oddan-alovdan keçməyiblər. Yenə də o zaman od-alovdan keçənlər, başının üstündən güllələr keçənlərimiz görəv başında olacaq. Nə qədər yaşlaşsalar belə, olacaqlar... Saytlarda paylaşılan bu fotolara baxdıqca düşünürdüm: görəsən elə bir ürəkli oğul çıxıb deyəcəkmi ki, gedirəm Qəzzadan reportaj hazırlamağa! Olmadı. Görmədik. Sabah bizdə müharibə başlasa, kimdən umaq ki, gəlin bizdə baş verənləri çəkib dünyaya göstərin... Hansı biri hardasa dəryada damla qədər insanpərvərlik, mərdlik göstərsə belə, özü hadisə yerinə çatmamış sosial şəbəklələrdə gülümsər fotosessiyalarını görürük. Adama deyərlər, ay balam, sən ora fotosessiyaya getmisən, yoxsa ordakıların halına acımağa, yardım etməyə, informasiya çatdırmağa? Bunları düşünə-düşünə yenə körpələrin rus saytlarından götürülmüş şəkillərinə baxıram...

***

Mən uşaq olanda nənəm deyirdi ki, Reyqan adlı bir baba var, o barmağını bir düymə var, ona sıxsa göydən bombalar yağacaq. Atama demişdim ki, böyük bir bıçaq al, soruşmuşdu neynirsən, demişdim Reyqan babanın barmağını kəsəcəm, göydən bombalar yağmasın... Ağlım kəsənə qədər göylərə baxa-baxa qaldım ki, birdən bomba yağar...

Xuraman Hüseynzadə [email protected]

TƏQVİM / ARXİV