Hamı telekanala!

ETİBAR CƏBRAYILOĞLU
37413 | 2011-01-08 06:11
Axır ki, nigarançılığa son qoyuldu. "Onun yarısı"nın efir məkanına qayıdacağı məlum oldu. İndi camaatımız rahat nəfəs ala bilər. Neçə gün idi ki, ölkə bir-birinə dəymişdi. Şaxta Babanın Qar Qızla əl-ələ verib Azərbaycandan narazı getmələri, siqaretin bahalaşması, Avropanın qar altında qalması, Amerikada, Norveçdə göydən ölü quşların düşməsi, İran prezidentinin öz avtomobilini satışa çıxarması, Nuranın polis əməkdaşı ilə mübahisə etməsi heç kimin umurunda deyildi. Hamı ekranda evlənmək istəyənləri axtarırdı. "Onun yarısı" isə tərslikdən görünmək bilmirdi. Telelayihənin qəfil asqıraq kimi bir anın içində yoxa çıxması çoxlu suallar yaratmışdı.
   
   Bəzi ağzıgöyçəklər ağızlarına gələni danışırdı. Biri deyirdi ATV daxilində çəkişmə var, digəri deyirdi kanal yuxarının qəzəbinə gəlib, başqa biri isə aşağını nişan verib deyirdi ki, yuxarıların bu məsələdə heç bir suçu yoxdu, kanalın ayağını altdan qazırlar. Repertuarında tamam fərqli mövzu olanlar da vardı. Həmin bədxahlar deyirdilər ki, yeni il gələr-gəlməz ATV-də çalıb-oynamağı yığışdıracaqlar. Efirdə soyunmaq istəyənə, gic-gic söhbət edənə, armud salatı bişirənə, yataq otağını dayanacağa çevirmək arzusunda olanlara, ömründə bircə dəfə övladının başını tumarlamayıb ancaq özünü ideal ana kimi göstərmək istəyənlərə bu kanalın qapıları bağlanacaq.
   
   Nə gizlədim, mən özüm də yavaş-yavaş bu söz-söhbətə inanmağa başlamışdım. Qanım bəzi kişi müğənnilərin rəngli saçları kimi qaralmışdı. Növbəti həftədən televizorumun düyməsini başqa kanallara çevirmək barədə düşünürdüm. Bircə açıqlama mənə yeni nəfəs verdi, gələcəyə inamımı artırdı. Elə bil göydən ölü quş yox, "Qızıl qələm" mükafatı düşdü. Bundan sonra siqaret yox, lap çörək də bahalaşsa vecimə deyil...
   
   Telekanaldan yayılan açıqlamadan bəlli oldu ki, nə yuxarıdan qəzəb var, nə aşağıdan qazan. Çalmaq da olacaq, oxumaq da, lap elə oynamaq da. Həmişəki kimi. Evlənmək istəyənlərə efirin qapıları bundan sonra daha geniş açılacaq. Gəzən, yeriyən söhbətlər boş dedi-qodu imiş. "Onun yarısı" təmirə dayanıbmış. Təmir bitən kimi yenə taylı tayını tapacaq.
   
   Dovşan ili başlayandan belə şad xəbər eşitməmişdim. Həmin açıqlamadan dərhal sonra üst-başımı dəyişib həmin telekanala getmək qərarına gəldim. "Onun yarısı" layihəsində iştirak etməyə yox, başqa iş üçün. Bəlli səbəblərdən mənim "Onun yarısı"nda görünməyim düz gəlmir. Amma vətəndaş kimi həmin layihəyə kömək edə bilərəm. Təmir işlərinin tez başa çatması üçün iməclik təşkil etməklə yardım əlimi uzadaram. Uzaq ölkələrdən dəvət olunan əcnəbi mütəxəssisləri gözləməklə iş keçməz. Qonşuya ümid olan qazsız qalar. BMT yox idi, səhər açılmırdı? Uzaq ölkələrdən gələnlər bu neçə ildə hansı dərdimizə dərman olublar ki... Özümüzdə gərək bir təpər olsun. Ona görə də əlimə keçən baltanı, çəkici götürüb gedirəm "Onun yarısı"na. Bütün dost-tanışlarımı da telekanala çağırıram. Oxuyub-oynamağa yox, iməclikdə yaxından iştirak etməyə. Texniki problemlərin həllində yaxından iştirak edək ki, "Onun yarısı" tez bir zamanda efir məkanına qayıtsın. Televiziya vasitəsilə evlənmək istəyənlərin duası, alqışı bizə bəsdi.
   
   Yoxsa ki, Mili Teleradio Şurası sədrinin açıqlaması... Guya bizim bəzi telekanallar milli-mənəvi dəyərlərimizə xor baxır və ya heç baxmır. Sədr, evlənmək, yəni arvad almaq, kişi seçib bəyənmək nə vaxtdan milli-mənəvi dəyərlərə zidd hesab olunub? Telekanal gül kimi işini buraxıb milli-mənəvi dəyərləri qorusun? Regionda analoqu olmayan restoran-şadlıq evlərinin qapılarına qıfıl vuraq, ermənilər də bizə baxıb gülsünlər?
   
   Camaat, ay mənim tərəfdarlarım, Avropa Şurasıdı, Mətbuat Şurasıdı, Milli Teleradio Şurasıdı, onların hər açıqlamasına ciddi fikir verməyin. Yaxşısı budu balta, çəkic götürüb
   
   
   
   Ay mişar, tələs mişar,
   
   Taxtanı tez kəs mişar
   
   
   
   mahnısının sədaları altında iməcliyə gəlin. Milli-mənəvi dəyərləri sonra da qorumaq olar. Başqa ölkələrin televiziyalarına baxıb ağıllı verilişlərdən nəsə öyrənmək də iməclikdən sonraya qalsın.
   
   Az qala unutmuşdum, "Onun yarısı"nın təmir-bərpası ilə bağlı iməcliyə gələndə imkan daxilində özünüzlə pendir-çörək götürməyi də unutmayın. Bəlkə ATV-dən sonra ANS-ə getdik. "Toy olsun" verilişi də qəfildən təmirə dayana bilər...

TƏQVİM / ARXİV