Bizdə biri xəstələnəndə və həkimin yanına gedib müayinə, müalicə olunandan sonra başına bir çox oyunlar gəlir. Daha doğrusu, bir də görürsən ki, bir xəstəni nə az, nə çox həkimlər 6-7 ay müalicə edirlər və onu sağalda bilmirlər. Günlər, həftələr keçir xəstənin vəziyyəti daha da ağırlaşır. Əlacı tapılmayan xəstə günlərin birində dünyasını dəyişir. Amma bu vaxta qədər həmin adam həkimlərə nə qədər pul xərcləyir. Başqa sözlə demiş olsaq, bir ətək pul xərcləyir. Sonra da belə bir qan-qaraldıcı vəziyyət yaranır.
Bütün xarici dövlətlərdə pasiyentlərin hüquqlarını müdafiə edən qanun qüvvədədir. Deyilənlərə görə, artıq bizdə də bu məsələlər yavaş-yavaş gündəmə gəlməyə başlayıb. Yəni, pasiyent və xəstə münasibətləri gələcəkdə qanunla tənzimlənəcək. Eyni zamanda həkimlə xəstə arasında müalicə başlanmamışdan öncə müqavilə imzalanacaq. Müqavilənin bütün şərtləri pasiyentlərin hüquqlarını müdafiə etməyə yönəldiləcək. Təbii ki, onda xəstəni müalicə edə biməyən və bir ətək pulunu yeyən həkim həmin vəsaiti sahibinə qaytarmaq məcburiyyəti qarşısında qalacaq. Əlbəttə, əgər pul xərcləyib sağlamlığını bərpa eləmək istəyirsənsə, aydındır ki, buna görə həkimin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyəti səmimi desək həkimlərin heç də hamısı hiss eləmir. Düzdür, məmləkətimizdə kifayət qədər istedadlı, təcrübəli və bacarıqlı səhiyyə işçiləri var. Heç də onlar savadlarına, təcrübələrinə və bacarıqlarına görə xarici həkimlərdən geri qalmırlar. Sadəcə olaraq, bu həkimlərə bir qədər də yaxşı şərait yaradılmalıdır ki, onlar öz vəzifə borclarını yerinə yetirə bilsinlər.
Yaxşı yadımdadır, yaxın dostlarımdan birinin qohumu Mərkəzi Klinik Xəstəxanda xarici həkimlər tərəfindən müalicə olunurdu. Elə oldu ki, günlərin birində xəstənin vəziyyəti daha da ağırlaşdı və dedilər ki, gəlin, xəstənizi aparın, onun əlacı yoxdur. Qohum-əqrəba da yığışıb xəstəxanaya getdi və həmin xəstəni çıxardı. Təsadüfən gedənlərin arasında bir həkim də olub. Həmin həkim deyib ki, onsuz da bu ölümcül vəziyyətdədir, qoyun aparım öz xəstəxanamızda müalicə eləyim. Allaha pənah, bəlkə sağaldı. Xəstənin üzərində təcili yerli həkimlər əməliyyat aparır və bir müddətdən sonra əməliyyat uğurla başa çatır. Həftələr, aylar ötür xəstənin vəziyyəti yaxşılaşmağa doğru gedir. Həkimlərin səyi ilə həmin xəstə həyata qaytarılır. O bu gün də yaşayır və işləyir. Həyata qayıtmağına görə, göydə Allaha, yerdə həkimlərə dua edir. Özü də öz həkimlərimizə. Deyir ki, xarici həkimlərin ümidinə qalsaydım, çoxdan ölmüşdüm. Deməli, mənim ipim üzülməyibmiş. Bax belə də həkimlərimiz varg
***
Bakıda bir çox yaşayış sahələrinin sakinləri qaz sarıdan korluq çəkdiklərini bildirirlər. Onlar deyirlər ki, qazımız havalar soyuyanda çox zəif gəlir. Amma pul lazım olanda bizdən elə pul istəyirlər ki, gözümüz kəlləmizə çıxır. Bilgəh qəsəbəsinin sakinləri qazla bağlı çox odlu-alovlu danışırlar. Onlar bildirirlər ki, bizə elə fantastik qiymətlər yazıb göndərirlər ki, canımızla əlləşə-əlləşə qalmışıq. Başa düşmürük, bu qədər qazın pulunu bizdən niyə almaq istəyirlər? Əgər onu biz işlətməmişiksə, başqalarının borcu nə üçün ayağımıza yazılmalıdır? Üstəlik də borca görə bizə qaz təchizatını dayandırıblar. Hələ Allahın bizə yazığı gəldiyinə görə, qışın oğlan çağı olsa da havalar isti keçir. Deyək ki, Allahın bizə yazığı gəlir. Bəs niyə vəzifəli şəxslərin bizim camaata yazığı gəlmir? Axı, bizim günahımız nədir ki, bu qədər çətinliklə üzləşirik? Bir azdan havalar soyuyacaq, şaxta düşəcək, qar yağacaq. Bəs onda bizim balalarımız soyuqdan donmuyacaqmı? Təəssüf ki, bu sualların cavabını verməli olan təşkilatlar öz işlərini görmək əvəzinə bizə yuxarıdan aşağı baxır. Hələ bir minnət də qoyurlar ki, o yan-buyan eləsəniz qazınızı həmişəlik kəsərik. Onsuz da bizim işimiz heç vaxt düz gətirmir. Qarşıdan yeni il gəlir. Amma qazı, istiliyi olmayan ailə bu yeni ili hansı ovqatla keçirəcək. Yeyib-içdiyimiz boğazımızdan belə keçmir.
Camaatın qaz sarıdan həmişə qış vaxtı çətinlikləri bir qədər də artır. Bəziləri deyir ki, qışda qazdan çox istifadə edildiyinə görə, qıtlıq yaranır. Camaat da bu fikirlə qətiyyən razılaşmır. Onlar deyirlər ki, necə olur bizim qazımız neçə-neçə xarici ölkələrin əhalisini isidə bilir, amma burdan-bura Bakı kəndlərinə qış vaxtı qaz çox zəif gəlir?! Və bəzən də acığa düşüb, borcu bəhanə gətirərək qazı kəsirlər.
Hər halda, ümidsiz də olmaq lazım deyil. Sadəcə olaraq, əhali də işlətdiyi qazın pulunu ödəməlidir. Əgər bir adam aylarla, illərlə işlətdiyi qazın pulunu ödəmirsə, deməli elə ilk növbədə günah həmin insanın öz üzərinə düşür. Bir kənddə, bir qəsəbədə yüzlərlə sakin, abonent qaz pulu vermirsə, elə bunun özü hardasa qanunsuzluq deməkdir. Ona görə də ilk növbədə abonentlər işlətdikləri enerjidaşıyıcılarının pulunu ödəməli, sonra da hüquqlarını tələb eləməlidirlər. Pul ödənilməyəndə insan öz hüququnu da tələb etməkdə çətinlik çəkir.
***
Həmişə yeni ilə 10-15 gün qalmış mağaza və dükanlarda partlayıcı oyuncaqların əlindən tərpənmək mümkün deyildi. Ən qorxulusu da o idi ki, bir də görürdün yolla piyada gedən hər hansı uşağın, hamilə qadının, qocanın ayaqlarının altına bir partlayıcı atdılar. O partlayıcı da qəfil partlayanda piyada gedən insan qorxudan pis vəziyyətə düşürdü. Hətta qorxudan ürəyi gedən insanlar da olurdu. Elə buna görə də məlum sərəncamla məmləkətimizə partlayıcı oyuncaqların gətirilməsi və satışı qadağan edilib.
Əvvəlki illərə baxanda bu il demək olan ki, nə dükan-mağazalarda, nə də metro stansiyalarının çıxışındakı ticarət köşklərində partlaycı oyuncaqlar satılır. Ən azından ona görə ki, hələ dekabrın əvvəllərində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları digər icra strukturları ilə bir yerdə "Sədərək" və digər iri Ticarət Mərkəzlərində reydlər keçiriblər. Bu reydlər zamanı çoxlu sayda partlayıcı oyuncaqlar tapılıb müsadirə edilərək məhv edilib. Eyni zamanda Bakıdakı ayrı-ayrı ticarət şəbəkələrindən minlərlə partlayıcı oyuncaqlar yığışdırılıb. Qüvvədə olan qanunla partlayıcı oyuncaqları satan ticarət şəbəkələri və onların satıcıları məsuliyyətə cəlb edilərək yüksək məbləğdə cərimə ediliblər. Elə ona görə də bu gün küçələrdə əvvəlki illərlə müqayisədə tam sakitlikdir. Yəni yolla gedən hər hansı adamın ayaqlarının altına qəfil partlayıcı oyuncaq atılmır. Düzdür, uşaqlar atəşfəşanlığı çox sevirlər. Ancaq atəşfəşanlıq o qədər də uzaqda deyil. Yeni il axşamı Bakıda çox möhtəşəm bir atəşfəşanlıq olacaq. Bax onda da bütün uşaqlar, yeniyetmələr və gənclər o atəşfəşanlığa gedib yeni ilin dadını çıxara bilərlər.