adalet.az header logo
  • Bakı 18°C

iNGiLiSiN iKi üZü

SEYFƏDDİN ALTAYLI
50296 | 2010-12-31 05:22
Hər millətin özünə məxsus bir xarakteri vardır. Onu yaradan da ata-babalarından aldığı mirasdır, qan yaddaşıdır və tarix boyu o xarakteri möhkəmləndirən, cilalayan müəyyən dəyərlərdir. Ancaq şablon kimi deyə bilmərik ki, bu millətin bütün şəxslərinin xarakteri belədir. Təbiidir ki, bir millətin yarıdan çoxunda dediyimiz xarakter özünü göstərirsə deməli o millət üçün, "bu millət, bu xarakterə malikdir" deyə bilərik.
   
   Bu adla gedən birinci məqaləmdə ingilislərin biz Türklərə qarşı tarix boyu bəslədikləri duyğulardan və bizə qarşı yeritdikləri siyasətdən bəhs etmişdim. İngilislər imperialist xarakterli bir millətdir və onların imperializmi qan, gözyaşı və qarət özülü üstündə bina olmuşdur. Bir Afrikalının dediyi bu sözlər imperialistlərin iç üzünü çox gözəl ifşa edir: "Qərblilər gələndə onların əllərində İncilləri, bizim əlimizdə torpaqlarımız vardı. Bizə öz dinlərini təbliğ etdilər və əllərindəki İncilləri bizə verdilər, torpaqlarımızı özlərinə aldılar. İndi bizim əlimizdə onların İncili, onların əlində isə bizim torpaqlarımız vardır..!"
   
   İngilislər on doqquzuncu əsrdən başlamış sadəcə olaraq Anadolunu yox, Azərbaycanı da caynaqlarına keçirməyi planlamışdı, ancaq xəyalları müəyyən səbəblərə görə reallaşmadı. Azərbaycan mövzusunu daha sonra yazacağam.
   
   Birinci Dünya Müharibəsində məğlub olduq, bunun nəticəsi olaraq Anadolu işğal edildi. Üç qitədə 630 il ədalətlə hökm sürən Osmanlı İmperiyası yerlə-yeksan oldu, ancaq onun külləri üstündə Mustafa Kamal Atatürkün rəhbərliyində müasir fikirlərlə silahlanmış təptəzə bir milli dövlət yaradıldı. İngilislər, bükə bilmədiyi əli öpən bir xalqdır, ancaq onlar kimin qarşısında məğlub olublarsa onu əsla unutmazlar. Azadlıq Hərbində Türk milləti Atatürkün rəhbərliyində uğur qazandı, uduzan işğalçılar oldu. İngilislər, müharibə meydanlarında qalib gələ bilmədikləri Atatürkü izləməyə başladılar. İngiltərə səfiri Sir Pərcy Lorainə illər uzunu Ankarada vəzifə yeritdi və Atatürklə dəfələrlə görüşdü, onun etimadını qazandı. Həssas və obyektiv xarakterə malik Lorainə, Atatürkün dünyasını dəyişməsindən on beş gün sonra ingiltərəyə xüsusi kuryer ilə bir məktub yollayır. Məktub oxunandan sonra üstünə "qırx il açılmayacaqdır" möhürü basılır və qırx il müddətində də açılmır. İngilislərin bu davranışı təqdirə layiqdir. Qırx il ötəndən sonra məktub açılır və Sir Pərcy Lorainənin yazdıqları çap olunur. Lorainənin, Atatürklə bağlı yazdıqları bunlardır, buyurun oxuyun:
   
   "Mustafa Kamal Atatürkün dünyasını dəyişməsini bildirən 194 nömrəli teleqramı ürək ağrısıyla vurmuşdum.
   
   Bu yazımda isə Atatürkün gördüyü işləri, əslində onu öyməkdən çox Atatürkün şəxsiyyəti və Türk xalqı üçün nə mənaya gəldiyini şərh etməyə çalışacağam. Sosioloqlar və tarixçilər onun fəaliyyəti və gördüyü işlərlə maraqlanıb, onları təfərruatlı şəkildə çatdıracaqlar, ancaq yazılanların çox azı Atatürkün həqiqi kimliyi barədə kifayətli məlumata yiyələndikdən sonra qələmə alınacaqdır ki, onu layiqincə tanımadan aparılacaq dəyərləndirmələr şübhəsiz ki, ziddiyyətli olacaq və insanların səhvə yol verməsinə səbəb olacaqdı.
   
   Bu məlumatın toplanmasında mənim xüsusi bir üstünlüyüm vardı. Mərhum Atatürk ilə nadirən görüşsək də, o görüşlər digər diplomatik nümayəndələrinkindən daha sıx olmuş və onlarınkindən daha uzun çəkmişdir. Vəzifəyə başladığım günlərdən etibarən Atatürk məni bir dost gözündə görmüş və mənimlə görüşdən məmnuniyyət duymuş, görüşmə fürsəti yarananda da xoşhal olmuşdu. Deyəsən onun istedadını layiqincə başa düşən uğurlu yanaşmalara malikdim. Onun özünə məxsus özəl yönlərini, digər xaricilərə göstərdiyindən daha artığını mənə göstərdiyinə inanıram.
   
   Atatürk, müstəsna və təqdirəlayiq bir şəxsiyyətdi. Zənnimcə, o dual xarakterli bir insandı və bacardığım qədər onun bu yönünü açmağa çalışmalıyam. Türkiyədə nifrət hissi oyadan və qadağan edilən H. C. Armstrongun "Grəy Wolf (Bozqurd)" adlı kitabını oxuyan hər bir kəs orda, Atatürkü yüksək səviyyəli istedada, inadkeş bir energiyə malik, ancaq insafsız, xoşagəlməz rəftarları olan, içkiyə aludə, qeyri-adi zövqlərə, əxlaqa zidd olan ehtiraslara sahib olan; dahası dostluq nədir bilməyən bir şəxsin portretiylə üzləşir.
   
   İrəli sürülən bu fikirləri sübut etmək üçün istənilən qədər faktı yığmaq çox da çətin olmaz, ancaq şəxsən mən, bir insanın bu şəkildə tanıdılmasını tamamilə yanıldıcı hesab edirəm. Onun aydın görünən və bir sıra qayda-qanuna uymayan yönünü, yalnızca hamıda olmayan bir xarakterə malik olduğunu irəli sürərək başa sala biləcəyimə inanıram.
   
   Sadəcə olaraq bu və ya digər bir müharibəni qazanaraq, o və ya bu qanunu qəbul edərək, hərf inqılabını həyata keçirərək, ya da fəs geyilməsini qadağan edərək və ya ölkədə dünyəvi idarəni hakim qılaraq yox, yüzillər boyu izdirab çəkmiş, insanın ruhunu məngənəyə salıb sıxan hakimiyyətləri görmüş bir irqin dühasına bel bağlayaraq, yalnızca bir daha köləliyə düçar olmamağın gərəyinə inandığı üçün çox sayda gücü hərəkətə gətirib-bir insanın böyüklüyünün və qeyri-adiliyinin sübutu sadəcə olaraq yaxşılığı ilə ölçülə bilər- on beş il kimi qısa müddətdə inanılası olmayan işləri görmüşdür. Qalanı isə yalnızca təfərruatdan ibarətdir; sadəcə dediqoduçu xarakterlərin üstündə dayanacağı, ancaq bir tarixçinin lazımi qədərini yazacağı təfərruatlardır.
   
   Atatürkün dinamik energisi üstündə dayanmağa ehtiyac yoxdur. Bu energinin müqavimətedilməz gücü, Türk irqinin tarixində hələ indidən çox önəmli bir səhifə kimi öz yerini tutmuşdur. Ancaq mən o qədər də bilinməyən özgə bir özəlliyinə toxunmaq istəyirəm. O da Atatürkün fitratından gələn, bəlkə də fərqində olmadan eynilə südün xamasını o dəqiqə ayıran alətlər kimi, faydalını faydasızdan ayırma xüsusiyyətidir.
   
   Bir iddia kimi irəli sürülən mərhəmətsizliyi, onu tanıyanların çox yaxşı bildiyi kimi vətəndaşlarına duyduğu sərhədsiz sevgisiylə düz gəlmir. Toplumda qadının rolu, inqilablarında ən qabarıq şəkildə araya gətirdiyi qadın hüquqları və onun önəmi, ona aid edilən və qadınlarla bağlı irəli sürülən iddialarla heç cürə uyğunlaşmır. O, bir iki ildə çoxarvadlılığı qanun yoluyla ləğv etdi və istəsələr hərəm qadınlarına belə dövlətin liberal postlarının açıq olduğunu sübuta yetirdi.
   
   Atatürkün, qərbdə "yəs-mən" və uzun müddətdir Türkiyədə "baş üstünə əfəndimçi" kimi bilinən tərzdən xoşu gəlmir, bu cür insanlara alçaldıcı nəzərlərlə baxırdı. Axmaq və yaltaklara dözə bilmirdi. əslində bəlkə də ən çox tüfeyliləri sevməzdi və acgözlərə dəyərsiz bir əşya gözüylə yanaşırdı. Bir kəsin, onun üçün işləməsinə də yaxşı gözlə baxmazdı. Özü onsuz da milləti və xalqı üçün yaşayır, onlar üçün fikirləşir, onlar üçün işləyirdi. Digər insanlar onun kimi hərəkət eləmirsə, ona görə bu şəxslər öz vəzifələrini yerinə yetirmirdi.
   
   Qorxuram ki Atatürk, gələcək nəsillərə bir diktator kimi tanıdılacaqdı. Bu fikrin səhv olduğuna inanıram. Bəli o, həm hərb, həm də sülh vaxtı böyük bir liderdi, ancaq sözün həqiqi mənasında bir diktator deyildi. Təəssüflər olsun ki mən, indiyə kimi Atatürkün kimliyini sözün həqiqi mənasında aça biləcək bir diktator modelini şərh etdiyimizə, mənalandırdığımıza qane deyiləm. Ancaq Hitler və Mussolininin tərsinə, dövlətdə idari və hakimiyyət yönündən hər hansı bir funksiyası; əfv səlahiyyəti, məhkəmələrə hökm etmə, əmr vermə salahiyyəti yoxdu; xarici diplomatları qəbul etməmək hüququna malik deyildi.
   
   Bütün bunlara texniki gözlə baxıb, onları bir kənara itələyib və dövlət məsələlərində onun istəklərinin hökmran olduğu barədə nə cür təkid edə bilərsinizə Düz olan şeylər, ancaq daha çox, o mövzudan məsul şəxslərin təsdiq edilməsinin hakimiyyəti kimi qarşımıza çıxırdı. Hadisələrin gedişatı, Atatürkün fikirlərinin düzlüyünü, verdiyi qərarların qeyriadi bir məntiqə söykəndiyini və onun əsla səhvə yol vermədiyini sübut etmişdir. Münasibətilə onun fikirlərinə tez-tez müraciət edilməsi və məmnuniyyətlə onun öz fikirlərinin həyata keçirilməsini görməsi o qədər də çaşdırıcı olmamalıdır. Lakin onu Mussolini, Hitler və ya Primo de Rivera kimi diktatorlardan ayıran bəlkə də ən böyük xüsusiyyət, başdan bəri istəyərək və çox əmək verərək özünü yaşadacaq bir dövlət sistemi yaratmağa çalışmasıdır.
   
   Atatürkdən sonrakı cümhurbaşqanı seçkisinin səssiz-sədasız həyata keçirilməsi və ölümündən sonra yaratdığı rejimin səssiz-küysüz öz yolunda yeriməsi bir ölçüdürsə, bəli o uğurlu olmuşdur.
   
   Atatürkün idrak qüdrətində əsrarlı bir yön vardı; kiçik şeylərə önəm verməmək və ya sinsi olmamasında üstün bir yön vardı".
   
   Bəli, imperialist xarakterli ingilislərin səfiri olan Sir Pərcy Lorainə, Atatürklə bağlı bu qeydləri düşüb. Bizə düşmənanə rəftar eliyən imperialist xarakterli bir dövlətin nümayəndəsi də olsa, ona obyektiv rəftarına və mərdanə yanaşmasına görə Atatürk Cümhuriyyətinin yetirdiyi bir övlad kimi öz təşəkkürümü bildirirəm.
   
   Atatürkə ayrı gözlə baxan, onun daxili dünyasına enə bilməyən, doqmatik xəyallarının və fikirlərinin yerlə-yeksan olmasından qorxaraq enmək istəməyən, ya da onu hansı səbəblərə görəsə sevməyən insanlara bunları demək istərdim: Atatürk təptəzə bir dövləti həyatını döyüş meydanlarında heçə sayıb, çox sevdiyi millətinə həsr edərək silahdaşlarıyla əl-ələ verib qurdu. Öz şəxsi maaşıyla on iki dənə yetim uşağı evladlığa götürdü və onları oxutdu, bu uşaqları mənsub olduqları millətin və dövlətin xidmətinə yetişmiş kadrlar kimi təqdim elədi. Heç bir xalqa və onun milli mədəniyyətinə alçaldıcı nəzərlərlə baxmadı. Heç bir dövlətin torpağına göz tikməyən bir siyasi düşüncəni, yaratdığı dövlətin ən təməl prinsipi elədi. Torpağımıza göz tikənlərə də soyqırımçı Stalində olduğu kimi layiq olduğu dərsi verdi. Türkiyə Cümhuriyyətinin ən təpə nöqtəsində olduğu halda özünə bir dənə də saray tikdirmədi, tikilməsinə icazə vermədi, özünə bir qarış torpaq belə ayırmadı, şəxsi tamahına məğlub olub dünyanın harasındasa bir banka bir quruş belə pul köçürtmədi, kimlərin əliyləsə köçürtdürmədi, xərcləyə bilmədiyi maaşını da dövlətin xəzinəsinə ərməğan elədi.
   
   Həqiqi diktatorlar belə hərəkət eliyər?! Yaşadığımız bu dövrdə belə, özünü demokrat kimi göstərən nə diktatorlar vardır və onların dünyanın müxtəlif banklarında bəzi dövlətlərin büdcəsindən də artıq pulları qat kəsir. Şah Rza Pəhləvinin və Səddam Hüseynin İsveçrənin banklarında batan pullarını buna nümunə kimi göstərmək olar.

TƏQVİM / ARXİV