adalet.az header logo
  • Bakı 11°C

iL KEçDi...

VƏSİLƏ USUBOVA
26635 | 2010-12-31 06:37
Uzun zamandı ömürdən gedən illərimi bir-birindən fərqləndirməyə çalışıram. Xatırlamalı, göz önünə gətirməli, yada saldıqca yaddaşı sevindirən, ruhu oxşayan bir şey tapa bilmirəm. Doğrudanmı, bu qədər bəsit, saya ömür sürmüşəm?! Günahı kimdə axtaracağımı da bilmirəm. Özümdə, yoxsa özgələrdə?! Əl-qolumu bağlayan, həvəsdən salan, marağımı öldürənlərmi var?! Hər başladığım işdə yolumu kəsib "boş ver, sənlik deyil" deyənlərmi olur?! Belələri olsaydı da, bəhanə yeri deyil. Axı, hər bir şəraitdə qərar verən, ilk və son sözü deyən mən özüməm. Başqalarının həyatıma qarışacağı, təsir edib yönləndirə biləcəyi qədər də zəif birisi deyiləm. Əksinə, uzun illərdən bəri sınaqdan keçirmişəm: başqasının sözünə, məsləhətinə qulaq asanda, dediklərinə əməl edəndə zərər çəkirəm. "Ağıl ağıldan üstündür" məsəlini nə qədər bəyənsəm də, həyatın əksər məqamlarında qəti qərar vermək lazım gələndə hər kəsin öz ağlının daha çox yararlı və gərəkli olduğuna dönə-dönə əmin olmuşam. "Özü yıxılan ağlamaz" deyimi əvvəlkindən də təsirli və realdır. Bu misalda sərbəstlik və müstəqillik var. Nə kimsə səni qınayır, nə də sən başqalarından umub-küsürsəng
   
   Öz ağlımın idarəsi altında olduğuma görə, yıxılanda da ağlamıram. Bu da mənim ömrümdü, deyə düşünürəm. Doğrusu və yanlışı ilə birlikdə, rahatlığı və nigarançılığı, istisi və soyuğu ilə baş-başagÖzünü ağıllı sayanlardan deyiləm. Olub-keçənləri saf-çürük edəndə qənaətim həmişə birmənalı olur: ömrüm ancaq səhvlərdən ibarətdi. Çox işlənən bir sual var: bir də dünyaya gəlsəydin, necə yaşayardın? Sualın məntiqsizliyi hamıya bəllidi. Bir də dünyaya gəlməyəcəyini bilməyən yoxdu.Ancaq səslənəndə sualdakı təəssüf və yanğı ünvanlandığı hər kəsdə təlatümlü duyğular oyadır. "Elə belə də yaşayardım" deyənlərə inanmıram. İfrat özündən razılıq əlamətidi. Bəlkə də bu cavabı verən çox ağıllıdı. Təzədən dünyaya gəlməyin mümkünsüzlüyünü bildiyindən gərəkli bir ömür yaşadığına özünü və qarşısındakını inandırmağa çalışırg
   
   "Bu illər sizə nə verdi?" sualının qarşılığında uğurlarını sayanları da aldanmış hesab eləmək olar. İllər heç nə vermir. Zaman özüynən heç nə gətirmir. Onun vəzifəsi alıb-aparmaq, ardınca həsrətli baxışlar, nakam ömürlər buraxmaqdı. Sən onu qabaqdan gözləyirsən, bir də görürsən arxandan uzaqlaşan ayaq səsləri gəlir. Ayılmamış, gözünü açmağa macal tapmamışg Alır əlindən hər şeyini, aparır əlçatmaz, ünyetməz məchulluqlara. İllər ömrümüzü qısaldır, bizsə onu bircə an da uzada bilmirik. Uzada bilmirik ki, anlamadıqlarımızı anlayaq, eləmədiklərimizi eləyəkgBiz ancaq itirdiklərimizi anlayıb dərk edə bilirik. Onu da zamanında yox, çox gec başa düşürük. Bir ərəb aforizmi var: "Ömrün əvvəlində itirdiyini ömrün axırı üçün tədarük elə". Nə itirdiyimi vaxtında bilsəydim, itirərdimmi?! İtirilən şeydən nəsə tədarük eləmək mümkündürmü?! Ömrün axırına saxlamaq mümkün olubsa, deməli, heç itməyibmiş də.
   
   
   
   ***
   
   Zaman bizi su üzərində yarpaq kimi gah sürətlə, gah da ağır-ağır aparır. Hara gedəcəyimizi, son mənzilimizin haradan, hansı zaman kəsiyindən başlanğıc götürəcəyini bilmədən. Görəsən, zaman nədi? Harada, nə vaxt başlanıb? Harada, necə qurtaracaq?! Bəzən mənə elə gəlir ki, onun səsini eşidirəm. Küləklərin qanadında ulaya-ulaya gəlib keçir. Həm xoş, həm də müdhiş səsi var zamanın. Bu səsi eşidəndə ayaqlarını yerə bir az da möhkəm dayamaq istəyirsən: "Qoy, başımın üstündən uçub getsin. Mən hələ qalmaq istəyirəm. Hələ görüləsi işlərim çoxdug" Bu sənin istəyindi. Amma zaman heç kəslə hesablaşmır. Onun öz istədikləri var. O, idarə olunur. İdarə edənə etibarlı və itaətlidi. Sənin qəlb ağrıların vecinə də deyil. İstəsə səni unuda da bilər. İllərin yadından çıxarsan, bütün diləklərini arxayınlıqla həyata keçirərsən. İstəməsə, səni göz açmağa qoymaz. Vecsiz taleyinlə birləşib addımbaşı badalaq gələr, bütün işlərini yarımçıq qoyub sinənə çökər. "Bitdi, vidalaş gözün, könlün istəyən nə varsa. Qurtardı hər şeyg"
   
    "Təzə ili sevirəm" deyənlərə inanmıram.
   
    Uşaqlarım balaca olanda illərin tez keçməsini mən də istəyirdim. "Bir yaş da böyüdülər. Ayaqları bir az da möhkəm yer tutacaq". Daha demirdim ki, dərdləri də böyüyür.
   
    "Ananın cavanlığı uşaqlar böyüyəndən sonra başlayır!" Şirin təsəllidi. Amma kədərlidi.
   
    İllər qanadlarımızı yola-yola irəli buraxır bizi. Təbiətin verdiklərini bir-bir əlimizdən alır. Bizdən soruşmadan, halımıza yanmadang
   
   
   
   ***
   
   Dünən marketdə köhnə iş yoldaşımla-həmkarımla rastlaşdım. Alış-verişi, ətrafdakıları unudub elə ortalıqda xeyli söhbətləşdik. Danışdıqca hiss edirdim ki, sözlərimizin əvvəlki şuxluğu, şirinliyi qalmayıb. Daha çox sızıltı, daha çox giley, bir də təəssüf, həsrət hopub cümlələrimizə. Daha kommunist partiyasından ilham alıb səhifə-səhifə pambıqdan, taxıldan, heyvandarlıqdan yazan adamlar deyilik. Birdən nə desə yaxşıdı: "Getdikcə hiss edirsən ki, elə bil həyat özü səndən imtina edir". Sözlərdəki dəqiqlik, sərt həqiqət üşüdür məni. Acığım da tutur ona. "Niyə belə deyirsən? Niyə qoymursan özümüzü aldadaq? Qəlbimizdən, başımızdan qovmaq istədiklərimizi niyə dilinə gətirirsən? O qədər şirin yalanlar var ki,g Birini işlədə bilməzdin?"g
   
   Yolboyu həyəcanım artır, addımlarım yeyinləşir. Dəhşətlə hiss edirəm ki, qəlbimdə onunla razılaşıram. Necə olub ki, indiyə kimi bunu hiss eləməmişəm?! Bərk-bərk yapışdığımız bu dünyanın üzüdönüklüyü hardan başlandı? Yoxsa, illər də adamlar kimidi, hamı tanıya bilmirg Ayaq götürürəmg
   
   "Yox, hər şeyin günahı vaxtdadı, zamandadı. Evə çatan kimi saatı dayandıracamg"
   
   Evə çatıb saatın yox, televizorun üstünə gedirəm. Yeni il verilişlərinin anonsu gedir. Ramiz Rövşən şeir oxuyacaq:
   
   Hər şey dünənkindən yaxşı olacaq!
   
   Sabah bu günkündən yaxşı olacaq!
   
   "Şair sözü yalan" olsa da, təsəllisi böyükdü...g

TƏQVİM / ARXİV