adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

BƏXTi GƏTiRƏNLƏR VƏ GƏTiRMƏYƏNLƏR

OQTAY SALAMOV
18349 | 2010-12-31 05:21
İl bəziləri üçün ildırım sürətilə başa çatdı. Əsasən də bir neçə bankdan kredit götürənlər ayın başlanması ilə sona çatmasını, ilin də qurtarmasını il sonunda Əlilərdən alınıb Vəlilərin başına qoyulan papaqların sayı və faizləri ilə bildilər. Bir ayın kreditini borcla yenicə ödəyib nəfəs almamış o biri ay özünü yetirdi. Gözü yolda olanlar üçün ilin quyruğundan daş asıldı, elə uzun oldu ki, sonu çatanacan çoxlarının öz sonları yetişdi, canları üzüldü.
   
   
   
   Yara sızlar
   
   Meh dəyər yara sızlar
   
   Yaralının dərdini
   
   Nə bilsin yarasızlarg
   
   
   
   Elələri də oldu, belələri də. Kimisi Pələngin nəslinə lənət oxudu, kimisi də Dovşanı pələng kimi gözlədi. O gün bir tanışın əlində gələn ilin simvolu olan bir dovşan oyuncağı gördüm. Əlində tutduğu kökü alan kimi elə hay-həşir salır, özünü silkələyir ki, deyirsən elə əsl pələngdir. Əslində ilin nə üstündə təhvil olunmasının fərqi azdır. Deyirəm axı, kiminsə dovşanı pələngdən güclüdür, kiminsə də...
   
   Bilmirəm indi deyəcəklərimə bəxt, tale demək düzgün olar, yoxsa fərasət, işin rast gətirməsi, ya da gətirməməsi. Amma yüz faiz ilin nə üstündə təhvil olunmasından deyil. Hər halda adilikdən kənar işlərdir. Lap adi birini misal çəkim, özünüz baxın. O gün kriminal xəbərlərə baxanda bir məlumata rast gəldim ki, bəs Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsində oğurluq olub. Olur, harada olmur ki. Amma ha fikirləşdim ki, bu hansı partiyanın 20-ci qurultayıdı, yada sala bilmədim. Ayə, birdən Sov.İKP-nin olar ha. "Neujeli" hələ Bilgəh əşli sovet dövründə yaşayır. Bəxtəvərlər. İndiki partiyaların keçirdiklərinə qurultay yox, elə qurultu demək olar. Balam, bəs rayonun sahibləri hələ raykomdakılardı, yoxsa icra hakimiyyətindəkilər? Yaxşı, bu neçə ildə neçə əjdahadan, pələngdən can qurtarmısınız, qorxmursunuz ki, dovşan kreslonuzun kələmini yeyər? Bəxtə, taleyə çox da arxayın olmayın, deyirlər Firudin Qurbansoy otpuska çıxıb...
   
   Pələng ilində bəxti çox qəribə gətirən bir xanımdan danışım. Deməli, Britaniyada 61 yaşlı Süzan Conson adlı xanım nadir bir xəstəliyə tutulub. Onun orqanizmində kollagen adlanan zülal həddindən artıq istehsal olunur. Nəticədə xanım get-gedə, günü-gündən cavanlaşır. İndi onun xarici görünüşü 40 yaşlı xanımı xatırladır və sifətində bir qırış belə yoxdur. Görəsən orqanizmin kollagen istehsal eləməsi üçün nə yemək lazımdır. Bilirəm ki, qəm yeməklə kollagen yaranmaz...
   
   Roman Abramoviçi tanıyırsınız daa. Şəxsən demirəm, şəxsənə qalsa çoxlarınız onu adam yerinə qoymazsınız, ya da əksinə. Hə, həmin o "Çelsi" futbol klubunun sahibi Abramoviç "Forbes" jurnalının müəyyənləşdirdiyinə görə ilin ən böyük alverini etmiş adamdır. O Peterburqun Admiralteystvo rayonunda Yeni Hollandiya adasını alıb. Cəmi 400 milyon dollara. Deyir biznesmen adanı mehmanxanalar, maqazinlər və ofis mərkəzləri olan mədəni mərkəzə çevirmək fikrindədir. İkinci sırada amerikan milyarderi Stiven Koen gəlir. O, 2010-cu ildə 140 milyon dollar xərcləyərək Endi Uorxolun "Koka-kola" və Casper Consun "Bayraq" şəkillərini alıb. Pakistanlı milyarder Mian Mühəmməd cəmi 95 milyon dollar xərc çəkib Londonda St. James Hotel & Club alıb. Neynəsin, Allah kasıbçılığın üzünü qara eləsin, yoxsa müsəlman üçüncü sırada olardı?..
   
   Qəzetlərə, Statistika Komitəsinin məlumatlarına baxanda elə bilirdim ki, dünyanın ən xoşbəxt adamları Azərbaycanda yaşayır. Sən demə, tam elə döyülmüş. Rusların "Naşa qazeta"sı yazır ki, "xoşbəxtin xoşbəxti" olan şəxslər daha çox İsveçrə və Danimarkada yaşayırmış. Bu ölkələrin əhalisinin düz 78%-i həyatından razıdır və özünü xoşbəxt sayır. Sorğuda insanlardan xoşbəxtliklərini 10 ballıq şkala ilə qiymətləndirmələri istənilib. Sözügedən 2 ölkədə bu göstərici 8,3 bal təşkil edib. Finlandiya, Kanada, Avstraliya, Avstriya, Braziliya, ABŞ, Belçika, Almaniya və Böyük Britaniyada bu, 7 bal olub.
   
   Bıy, bə... Deyəsən bu il bir az uğursuz oldu, arılar balı az verdilər. Ona görə də balımız çatmayıb adımızı siyahıya salmağa. Ziyan yoxdur, biz Dovşana göstərərik. Vaxt vardı futbolda da bizə lağ eləyirdilər, 10-0 uduzdunuz, 9-1 uduzdunuz... İndi biz bəzilərinin yanında sünnət toyuna getməliyik. Bu il İngiltərənin "Medron" komandasına heç düşməyib. Deyəsən bəxt fortunası konkret olaraq onlara arxasını çevirib. O gün "Medron" elə öz yerliləri "İlloqan"la oynayırdı. Heç nə, birinci hissədə 24, ikincidə 31 top buraxdılar - 55-0! Ümumiyyətlə qapıçısı olmayan bu komanda 10 oyunda 204 qol buraxıb. Amma məşqçiləri nikbindir. Lap bizimkilər kimi. Əşi yox, bizə min şükür, gör gələn il neynəyəcəyik...
   
   Bizim evləndirmə proqramlarında bəyliyə namizədlərdən soruşurlar ki, aylıq qazancın nə qədərdir? 150-dən başlamış 700 manata qədər deyənlər var. Deyirəm türkiyəli 5 yaşlı Emir Berkey həmin verilişlərə çıxsa, bizim oğlanların hamısı subay qalar. Çünki Türkiyənin özəl telekanallarından birində nümayişi yeni başlayan "Öyle bir geçer zaman ki" serialında Osman rolunun ifaçısı 5 yaşlı Emir Berke Zincidi ayda 10 000 lirə (5 166 manat) qonorar alır. Üstəlik də Berkeyə artıq reklam çarxlarında oynamaq üçün təkliflər gəlməyə başlayıb. Hələlik prodüser firma onun hər hansı reklam çarxında oynamasına izn vermir.
   
   Braziliyalı futbolçu Karlos Alberto oyun zamanı hakimin tumanını çıxarıb. Hadisə dekabrın 27-də Rio-de-Janeyroda keçirilən xeyriyyə matçında olub. Braziliya futbol ulduzlarının iştirakı ilə keçirilən xeyriyyə matçında "Zikonun dostları" komandası "Tulionun dostları"na 8:6 qalib gəlib. "Tulionun dostları" tərəfindən oynayan Karlos Alberto oyunda iki top vursa da, bir məqamda hakimin qərarı ilə razılaşmayıb və yaxınlaşaraq onun tumanını çıxarıb. Maraqlıdır ki, ona heç bir cəza verməyiblər. Hakimin bəxti elə, bununku da belə gətirib.
   
   Kaş qarşıdan gələn Dovşan ilində sizlərin də bəxti yaxşı mənada gətirsin, neynəyim, necə eləyim deməyəsiniz, Amin!

TƏQVİM / ARXİV