adalet.az header logo
  • Bakı 13°C

üç ÖLKƏNiN iDDiA ETDiYi YAZIçI...

BABƏK YUSİFOĞLU
40368 | 2010-12-28 06:24
Müdrik insanlardan eşitdiyimə görə, Tanrı həyat verdiyi hər bir insana özünəməxsus bacarıq, istedad, qabiliyyət bəxş edir. Sadəcə olaraq həmin istedadın parlaması üçün iki şey lazımdı: birincisi şərait, ikincisi çalışmaq. Əslində ikinci şərti elə birincinin yerinə də yazmaq olar. Çünki saysız-hesabsız faktlar var ki, adını əbədiləşdirmiş məşhur adamların bir çoxu şəraiti də böyük zəhmət hesabına əldə ediblər. Hər halda razılaşmamaq mümkün deyil. Amma bütün hallarda bu iki şərtin birlikdə olması vacibdir.
   
   Elə məşhir şəxslər var ki, qeyd etdiyimiz şəraiti erkən yaşlarında, bir çoxları isə onlarla müqayisədə çox gec əldə ediblər. Robinzon Kruzonu yaradanda Daniel Defonun yaşı çoxdan 40-ı ötmüşdü. Voyniçin də romanları erkən yazılmamışdı. Artur Heyli də eləcə. Hər kəs yeniyetməlik çağlarından onu çox duyğulu insan kimi tanısalar da heç kimin ağlına belə gəlmirdi ki, o yazıçı, özü də tanınmış bir yazıçı olacaq. Axı, Arturun seçdiyi həyat yolu - təyyarəçi olmağa qərar verməsi də yazıçılıqla bir araya gəlmirdi. Amma oldu...
   
   ARTUR
   
   Artur 1920-ci il aprelin 5-də İngiltərənin Bedfordşir qraflığının Luton şəhərində anadan olmuşdu. Atası şəhərdəki zavodların birində anbar müdiri işləyirdi. Amma bununla belə ailənin dolanaşığı çox da gen-bol deyildi. Hətta demək olardı ki, çətin idi. Heyli də pulsuz orta məktəblərin birində oxuyurdu. Öz zəkasına, bacarığına görə həmyaşıdlarından fərqlənən Artur məktəblərində dərs əlaçısıydı. Amma işlərin tərs gətirməsi Arturu 14 yaşında məktəbdən ayrılmağa məcbur etdi. Belə ki, o, ali məktəbi təqaüdlə oxumaq üçün ayrılan bir yerə verdiyi imtahanda konkursdan keçməmişdi. Pullu təhsil üçün isə valideynlərinin pulu çatmırdı. Məktəbdən ayrılan Artur ailəsinə maddi cəhətdən kömək etmək məqsədi ilə ofislərin birində kuryer kimi çalışmağa başladı, bütün günü şəhərin müxtəlif istiqamətlərinə qaçaraq sənəd daşıdı. Üç ildən sonra stenoqrafiya kursunda oxuyaraq həmin sənətə yiyələndi. Əslindı isə bu heç ona lazım da deyildi.
   
   Bir müddət bu sahədə işləyəndən sonra Artur təyyarəçi olmaq həvəsinə düşdü. 19 yaşı olar-olmaz əsgərliyə getmək üçün ərizə verdi, tezliklə Heyli krallığın hərbi-hava qüvvələrində xidmət etməyə başladı. Bu o illər idi ki, İkinci Dünya Müharibəsi başlamışdı. Avropa odun-alovun içərisində yanırdı. Və Böyük Britaniya da bu nəhəng müharibə alovunun içərisində idi. Ölkədə ictimai-sosial vəziyyət də heç ürəkaçan deyildi. Cəbhədən biri-birindən qorxulu xəbərlər gəlirdi. Heylinin ali təhsili olmadığı üçün ona zabit rütbəsi vermirdilər. Amma o məqsədindən asanlıqla vaz keçən adamlardan deyildi. Belə ki, uzun müddət göstərdiyi çabalar nəhayət ki, öz bəhrəsini verdi və o, zabit rütbəsi ala bildi. Lakin bunun üçün gənc Arturu Kanadaya göndərdilər ki, o, xüsusi hazırlıq kursları keçsin. Heyli bu işin də öhdəsindən gəldi və təyyarəçi sənətinə yiyələndi. Və 1939-cu ildən 1947-ci ilədək kapitan rütbəsi ilə hərbi xidmətdə oldu.
   
   KANADA YOLÇULUĞU VƏ...
   
   Amma sonradan o, həyatını hərbiyə həsr etməməyə qərar verdi. Bu üzdən də ordudan tərxis olduqdan sonra daha sakit həyat tərzi keçirmək istədi, lakin bundan ötrü vətəninə qayıtmadı. Yaşamaq üçün Kanadanı seçdi və elə həmin il oraya köçdü. Lakin Heyli üçün burada elə də asan olmadı. O, ilk növbədə Kanada vətəndaşlığını almalıydı. Bunun üçün Heyli ən müxtəlif işlərdə çalışmağa məcbur qaldı. Reklamçılıq etdi, daşınmaz əmlak agenti, jurnalist... kimi çalışdı və sonda - 1952-ci ildə Kanada vətəndaşlığını aldı. Lakin problemlər bitmək bilmirdi və gənc ingilisin həyat sınaqları ən müxtəlif formalarda davam etdi. O inadcıl idi. Nəhayət tədricən işlər yoluna düşməyə başladı. Teatrların biri üçün yazdığı pyesə görə, ona böyük qonorar verdilər. Heyli həmin pulla Toronto yaxınlığında kiçik bir ev aldı. Amma...
   
   Onun buradakı həyatı çox uzun sürmədi. Belə ki, 1965-ci ildə Artur Heyli Birləşmiş Ştatlara - Koliforniyaya gəldi, burada da 4 ilə yaxın yaşadıqdan sonra həm Amerikanın, həm də Kanadanın vergilərindən canını qurtarmaq üçün Baqam adalqrına köçdü. Çünki hər iki ölkədə onun gəlirinin yarıdan çoxu vergilərə ödənirdi. Artur Heyli burada da jurnalistliklə məşğul olsa da bədii yaradıcılıqda özünü sınamamışdı. Lakin hiss edirdi ki, içində bir səs, həyatda müşahidə etdikləri, daxili narahatlıqları onu nəsə yaratmağa, yazmağa sövq edir. Və bütün bunlar sonradan onu bir yazıçı kimi masa arxasına oturtdu. 1956-cı ildə Artur Heyli artıq peşəkar yazıçılığa girişdi. İlk yazdığı "Uçuş zolağı - sıfır-səkkiz" senarisi üzrə çəkilən film çox böyük uğur qazandı. Və məhz bu uğur onu bədii yaradıcılığı davam etdirməyə həvəsləndirdi. 1959-cu ildə ilk romanını - "Sonuncu diaqnoz"u yazdı. Əsər Heyliyə heç gözləmədiyi populyarlığı gətirdi. Və növbəti roman özünü çox gözlətmədi: 1950-ci ildə Heylinin ikinci romanı - "Otel" çap olundu.
   
   Çox keçmədi ki, gənc yazıçının əsərləri digər ölkələrdə də, başqa-başqa dillərdə də nəşr edilməyə başladı. Artur Heyli bəhs etdiyi hadisələri, qəhrəmanların xarakterlərini ən kiçik detallarınadək, bütün incəliklərinədək təsvir etməsi oxucuların xoşuna gəlsə də o dövrün bəzi tənqidçiləri Artur Heylini bəyənmirdilər. Onlara görə, Artur Heyli öz zəif istedadını məhz bu cür üsullarla gizlətməyə çalışır. Belə hesab edirdilər ki, yazıçının realizmin əsiri olması əsərlərinə cansıxıcılıq, ağırlıq gətirir. Amma əslində yazıçının bu üslubu bəlkə də onu xarakteri ilə bağlı idi. Həyat tərzində hər cür xırdalıqlara diqqət verməyə adət etmiş yazıçı hər hansı bir mövzunu qələmə alarkən bir il süjet üzərində işləyir, altı ay mövzuyla bağlı qeydlər aparır, sonra əsərin qaralamasını yazır, bundan sonra həmin əsəri yazmağa başlayırdı ki, bu da ən azı il yarım çəkirdi. Əlbəttə, bu cür yazı manerası müəllifin əsərlərində özünü göstərməyə bilməzdi. Amma bu onun romanlarının ziyanına deyil, xeyirinə idi...
   
   MƏHŞURLUQ
   
   Onun 1968-ci ildə qələmə aldığı "Aeroport" romanını məncə o dövr üçün ədəbi hadisə adlandırmaq olardı. Adi amerikalıların həyatından bəhs edən bu dramatik əsərdə müəllif cəmiyyətin bütün eybəcərliklərini, müxtəlif taleli insanların acınacaqlı həyatını, insan duyğularını, həyat şərtlərinin adamı hansı addımlar atmağa vadar etdiyini böyük ustalıqla təsvir edə bilib. Romanın kəskin süjeti, süjetə uyğunlaşdırılmış dinamizmi çoxları kimi bir oxucu olaraq şəxsən məni də valeh etdi.
   
   Əsər çap olunandan sonra bir sıra ölkələrdə də nəşr edildi. İngiltərədə, Kanada da... hətta roman Rusiyada da böyük tiraşla işıq üzü gördü, hər kəs tərəfindən rəğbətlə qarşılandı. Belə demək mümkünsə, Artur Heyli təkcə bu əsəri ilə əvvəlki romanlarıyla qazandığı populyarlığı kölgədə qoydu. Elə bu səbəbdən idi ki, rejissorlar əsəri ekranlaşdırmağa girişdilər. Qnu da qeyd edim ki, "Aeroport" dörd dəfə, başqa-başqa rejissorlar tərəfindən ekranlaşdırıldı. 1970-ci ildə çəkilən filmdə Helen Heyes yaratdığı qadın obrazına görə "Oskar"a layiq görüldü. Ümumiyyətlə, yazıçının bir neçə romanı filmə çəkilib. Bütün bunlardan sonra Heyli inanılmaz populyarlıq qazandı. Hər kəs ondan danışırdı. "Aeroport"dan üç il sonra yazıçının daha bir romanı - "Təkər" nəşr olundu. Bu əsər özündən əvvəlki qədər səs-küy yaratmasa da onu da uğurlu adlandırmaq olar.
   
   ... Amma Heylinin həyatında hər şey gözəl, sevindirici, ürəkaçan getmirdi. 1973-cü ildə atasını itirən yazıçı bir il sonra daha bir itgi ilə üzləşdi. Oğlunu və onun ailəsini ziyarət üçün Baqam adalarına gələn anası da bir neçə aydan sonra - 1974-cü ildə dünyasını dəyişdi.
   
   YARADICILIĞIN SON NÖQTƏSİ
   
   Yaradıcılığa çox məsuliyyətlə yanaşan Heyli uzun illər yazıçılıqla məşğul olmasına baxmayaraq cəmi 11 roman yazıb. 1997-ci ildə yazdığı "Dedektiv" əsərindən sonra demək olar ki, o nə yeni əsər çap etdirdi, nə də yazdı. Artur Heyli İngiltərədə doğulduğu, Kanadada, yaşadığı, əsərlərini ilk dəfə Birləşmiş Ştatlarda çap etdirdiyi üçün indi hər bir ölkə yazıçını özününkü kimi qələmə verir. Məhz bu üzdən də Artur Heyli müxtəlif ədəbiyyatlarda həm Kanada, həm ingilis, həm də Amerika yazıçısı kimi təqdim olunur. Bu məsələdə ən çox iddialı çıxış edən Amerika tənqidçiləri bildirirlər ki, Heylinin əsərləri Amerika təəssüratları ilə yazıldığından və ilk olaraq Amerikada nəşr olunduğundan o, Amerika yazıçısıdı. Lakin bu mübahisədə hansı tərəfin doğru dediyini qəti şəkildə təsdiqləmək mümkün deyil. Əslində isə Artur Heyli tərcümə olunduğu, oxunduğu, sevildiyi bütün millətlərin yazıçısı olmuşdu. Çünki onun romanlarındakı problemlər, faciələr, həyəcanlar, heyrətamiz hadisələr bütövlülkə hər bir cəmiyyətə aid idi. Ümumiyyətlə, Artur Heyli dövrünün ən çox çap olunan, oxunan bir yazıçısı olub. Onun əsərləri dünyanın 38 dilinə tərcümə edilib. Çap olunun kitablarının tirajı isə 170 milyonu adlayır. Bu isə hər yazıçıya nəsib olan uğur deyil.
   
   AİLƏSİ... VƏ HEYLİNİN SON "SƏYAHƏTİ"
   
   Əgər Heylinin ilk nigahının uğursuz nəticələndiyini nəzərə almasaq demək mümkündü ki, yaradıcılığından fərqli olarq onun ailə həyatı nisbətən sakit tərzdə keçib. Onun iki evliliyi olub. Heyli Böyük Britaniyanın baş konsulluğunda işləyən Coan Fişviklə tanış olub evlənəndə 25 yaşı vardı. Cütlüyün ailə həyatı ilk dövrlər normal sürdü və onların üç oğlu - Rocer (1946), Con (1948) və Mark (1949) dünyaya gəldi. Amma sonralar gənclər arasında problemlər yaşanmağa başladı və onlar ayrıldılar. Bir neçə il subayçılıq həyata keçirəndən sonra Heyli Şeyla Danlop adlı bir qızla tanış oldu və çox keçmədi ki, onlar ailə qurdular və bu evlilik 50 ildən çox sürdü. Yazıçının Şeyladan da üç övladı - bir oğlu, iki qızı dünyaya gəldi: Ceyn, Stiven və Diana.
   
   Artur Heyli ömrünün son illərində də Baqam adalarındakı evindən ayrılmadı. Burada hər şey ona təsəlli verirdi. Yaşlansa da həyat eşqini itirməyən yazıçı günlərini daha çox sakitlik içərisində keçirməyə çalışırdı. Amma bu onun üçün asan deyildi. 2003-cü ildə insult keçirən yazıçının səhhətində problemlər yarandı. Yaradıcılığına nöqtə qoyandan 8 il sonra Artur Heyli Baqam adalarının Nyu-Providens adasında yerləşən Liford şəhərindəki evində ölümü qarşıladı. Səssizcə... Ailəliklə şam yeməyini yedikdən sonra yazıçı yatmağa yollandı. Sonra isə onun üçün hər şey bitdi. Onda 2004-cü il ilin noyabrın 24-ü idi. Heyli öldü. Amma dünyanın sevə-sevə oxuduğu yazıçı bu həyatdan köçsə də əsərləri ilə ölümdən sonrakı "ömrü"nü sürdürməkdədir. Çünki onun əsərləri indi də təkrar-təkrar çap olunur, oxunur və Heyli beləcə yaddaşlardadı...
   
   

TƏQVİM / ARXİV