adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Palaza bürün, elnən SÜRÜn!

FƏRHAD ŞABANOV
34153 | 2012-11-24 12:12
Təxminən 10 gün əvvəl bir xəbər oxudum. Çoban qoyunları dağda otarırmış. Bir sürü qoyun. Qoyunlardan biri yaxınlaşır uçurumun kənarına və necəsə olur oradan uçuruma yuvarlanır. Nə olubsa, bundan sonra olub. Bir qoyunun uçurumdan aşağı yuvarlandığını görən qoyunlar başlayırlar onun arxasınca hoppanmağa. 300 qoyun beləcə tələf olur. Yazıq çobanın vəziyyətini indi özünüz düşünün.

Yuxarıda bəhs edilən bu gerçək və tragikomediya hadisənin psixoloji açıqlaması var. Buna "sürü psixologiyası" deyilir. Düşüncə qabiliyyəti inkişaf etməmiş canlılar - bəzi canlılar isə düşünərək - sürüyə yönəlirlər. Sürünün daha təhlükəsiz və özləri üçün daha uyğun bir yer olduğunu hiss edirlər. Məsəl üçün; bir balıq sürətlə bir yerə doğru hərəkət edirsə, balıq sürüsü onun arxasınca ora doğru üzür. Çünki orada yem olduğunu düşünürlər. Bu tamamilə instinktiv bir haldır. Eyni zamanda qoyunlarda sürüdən ayrıldıqları zaman heç vaxt yem tapmayacaqları və ölüb yox olacaqları hissi var. O çoban vaxtı gələndə o qoyunu kəssə belə, qoyunlar o çobana məcburdurlar. Qoyunları başa düşdük, bəs insanlar?

İnsanlar da heyvanlardan çox fərqli deyil. Məsələn; "X" universitetinin "Y" fakultəsindəki müəllim "Z", imtahan öncəsi qrup təmsilçisini çağırır otağına. Deyir ki, imtahanda hamınızı keçirəcəm amma bir şərtlə. Mənim ürəyim "H" maşınının filan modelindən istəyir. Təmsilçi söhbətin nədən getdiyini çox yaxşı başa düşür, ona görə heç bir artıq sual vermədən otağı tərk edir. Gedir qrupu yığır və müəllimin istəyini yoldaşlarına çatdırır. Kimin nəyə gücü çatırsa, 3-5 qəpikdən atışıb o maşını müəllimə alırlar. Pul verən hər tələbənin ağlında ancaq bir düşüncə var - birdən pul vermərəm, imtahanda məni kəsər. Az öncə yuxarıda da qeyd etdiyim kimi qoyunda sürüdən ayrılsam acından ölərəm hissi bununla təxminən eyni şeydi. Çox kiçik bir fərq var, insanın beynində düşüncə yaranır, qoyun isə hiss edir.

Məşhur alman filosof Artur Şopenhaur deyirdi ki, içində işıq olmayan insanlar, camaatın arasına - ya da izdihama - qatılaraq işıq əldə etməyə çalışırlar. İnsanlar cəmiyyət içində doğulur, topluluğun bir üzvü kimi. Cəmiyyətdən çıxmağa çalışanlar və çalışmayanlar var. Ancaq heç kimin çıxa biləcəyini düşünmürəm. Uzun illər tək yaşamaq, heç kimlə uzun müddətli ünsiyyət qurmamaq cəmiyyətdən çıxmaq anlamına gəlmir. Cəmiyyətdən qopmaq ölmədən öncə mümkün deyil. Sistem elə qurulub ki, atdığımız hər addım cəmiyyətdə reaksiya yaradır. Ya da əksinə; cəmiyyətin atdığı hər addım insanda reaksiya yaradır. Bunun kökü, faktları bir bütün ya da tək olaraq ələ almaqda yatır. Bu fəlsəfi - psixoloji analizin sonu yoxdur, ona görə misallar üzərindən gedib daha rahat anlamaq mümkündür.

"G" rayonunda yaşayan gənclər "B" şəhərinə gəlirlər. Şəhərin mərkəzi, rayonun mərkəzinə görə daha çox inkişaf etmişdir. Həm cəmiyyət, həm infrastruktur baxımından. Buradakı inkişaf sözünü açmaq lazımdır; yəni ki, dünyada baş verən yeniliklərə ayaq uydurmaq. Belə olduqda rayondan gələn gənclər şəhərlə öz aralarında çox dərin uçurumlar olduğunu görür. Hər hansı bir əyləncə mərkəzinə gedib orada qadın - qız gördükdə onlara potensial fahişə gözü ilə baxır. Ya da ki, gecə saat 12-də dəniz kənarına hava almaq üçün çıxan 2 xanım rayondan gələn gənclərin sərt baxışlarına tuş gəlir. Bu xanımlar da həmin gənclər üçün potensial fahişədir. Beləcə bu dövr davam edir. (Etiraz edə bilərsiniz ki, guya şəhərdəki gənclər qadınlara fahişə gözü ilə baxıb bütün günü söz atmır?! Etirazınızda haqqlısınız ancaq etirazınız heç nəyi dəyişmir!)

Sürü psixologiyasına xəstəlik kimi baxılmır. Çünki bu sistemin davamlılığı üçün vacibdir. İnsanlar sürüdən ayrılsa sistem çökər. Ona görə buna çarə aramaq bir az əbəs olar. Ancaq pozğun cəmiyyət bəzi imkanlardan istifadə edilərək düzələ bilər.

Heç kim fikirləşmir ki, "namus" anlayışı "olmazsa olmaz" olan bu cəmiyyətin axrı hara gedir? Qadınlarınızı evə qapamaqla, ya da getdiyi hər yerə yanında getməklə həyatı həm özünüzə, həm də qadına zindan edirsiniz.

Nitşe və Emil Durkhaym kimi filosoflar insanları iki yerə ayırır. Cəmiyyətin "sürü" hissəsinə daxil olanlar və onları idarə edənlər.

Mən bu sürüyə qatılıb sürünmək istəmirəm. Təklif edirəm ki, Bakıda da Amsterdamdakı kimi "qırmızı işıqlar küçəsi" açılsın. Kim fahişəlik etmək istəyirsə, getsin orada işə düzəlsin. Hər şey leqal olsun, dövlət də bu biznesdən pul qazansın. Kimin də könlündən fahişə görmək keçirsə getsin o küçədə gəzsin. Yoxsa, mavilər bir gün Saray tərəfdə, fahişələr 28 May metrosunun həndəvərində toplaşır, başqa gün Tbilisi prospektində, başqa gün başqa yerdə. Məncə belə bir küçə açılsa, hamı dincələcək.

İndi çox yaxşı başa düşürəm "atalar sözü" deyilən məfhum niyə hər dövrdə kürəyini söykəyə biləcəyi bir divar tapıb. Çünki bunlar sistemin uydurmasından başqa bir şey deyil. Məsələn; palaza bürün, elnən sürün. Əgər el sürünürsə, mən də sürünməliyəm? Bəlkə palazdan çıxıb çıxış yolu tapmaq lazımdı.

Fərhad Ş[email protected]

TƏQVİM / ARXİV