QIŞIN iLIQ NƏFƏSi...

FAİQ QİSMƏTOĞLU
30096 | 2010-12-25 07:35
Bu yurdun hər yeri gözəldir; dağları, daşları, meşələri, çayları və ormanları. Sanki elə bilirsən ki, hər addımı atanda bir gözəlliyə, bir füsnkarlığa doğru bir az da yaxınlaşırsan. Yaxınlaşanda isə özünü çox rahat və sakit bir aləmdə hiss edirsən. Burda səs-küydən, stressdən adam tam uzaq olur. Heç insanın ağrı-acısı, dərdi-qəmi də çox olmur. Bu bəlkə də mənə elə gəlir. Çünki ən azından bu torpaqda anadan olub, bu torpaqda böyüyüb və bu yerlərdə özümə bir məkan tapmışam. O məkansa zamanından asılı olmayaraq, həmişə məni maqnit qüvvəsi kimi özünə çəkir. İnsan yaşa dolanda deyirlər ki, doğulduğu və boya-başa çatdığı yurda daha tez can atır.
   
   Qış girsə də havada bir yaz nəfəsi hiss olunur. Düzüdür, nə vaxtdandır Füzulinin kəndlərinə, o cümlədən Böyük Bəhmənliyə bir damcı da olsun yağış yatmır. Ancaq buna baxmayaraq, suvarılan torpaqlarda bir yaşıllıq və bir gözəllik var. Hətta elə yerlər var ki, otların arasında solmayan çiçəklər də hələ ömrünü bu qış günündə başa vurmayıb. Dekabrın 22-i axşamı bir az şaxta düşdü. Ancaq səhər açılanda yenə günəşin al şəfəqləri qışı öz "ayaq altına" aldı və hər tərəfi isitməyə başladı. Beləcə bir qış günündə yazın nəfəsi hiss olunurdu. Ən çox da əkin-biçin adamları havaların isti keçməsinə bərk dilxor olublar. Belə ki, onların əkdikləri taxıl sahələrində gəmiricilər zəmilərə darışır və taxılın inkişafına, böyüməsinə imkan vermirlər. Amma buna baxmayaraq, camaat da öz işini çox ehtiyatla görür. Yəni bəri başdan ziyanvericilərə qarşı bir şey fikirləşib tapırlar. Başqa sözlə demiş olsaq, camaatın gələcəyə inamı çox böyükdür. Çünki ölkə prezidenti İlham Əliyev Füzulidə olarakən orda görülən quruculuq və abadlıq işlərinə yüksək qiymət verib və bu sahədə indən sonra da Füzuli camaatına arxa duracağını bildirib. Olimpia İdman Kompleksinin, Muğam Mərkəzinin və Füzuli Diaqnostika Mərkəzinin istifadəyə verilməsi insanlarda xoş ovqat yaradıb. Camaat deyir ki, gecələr güllə səsi eşitsək də, bunlar bizi qətiyyən qorxutmur. Ona görə ki, bizim camaat ölkə prezidenti İlham Əliyevə və rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarova böyük ümid bəsləyir. Hər tikilən yeni ev, hər ucaldılan mənzil insanları bu yurda daha ürəkdən bağlayır...
   
   Mil-Muğan kanalından axan su torpağa
   
   həyat verir
   
   
   
   Torpağın canı sudur. Su olmayanda o yerdə, o məkanda həyat bir ölü məkana çevrilir. Harda ki, su var, harda ki, torpağa can verən bu gözəl nemət var, deməli, orda da yeni həyata başlanğıc mütləq özünü nə zamansa göstərir. Füzuli Mil-Muğan hidroqovşağının rəisi Əlabbas Behbudov öz işini bilən və bacarıqlı bir mütəxəssisdir. Əlabbas müəllimin atası Veysəl kişi Füzulinin sayılıb-seçilən ağsaqqallarından olub. Bu gün də Veysəl Behbudovun adı camaat arasında hörmətlə xatırlanır. Veysəl kişi rəhmətə getsə də, özündən sonra çox savadlı, ziyalı və mədəni övladlar qoyub. Həmin övladlar isə atalarının yolunu şərəflə və namusla davam etdirirlər. Yəni Füzulidə çoxları yaxşı bilir ki, bu ailənin övladları həmişə öz davranışları, əməlləri və müsbət keyfiyyətləri ilə başqalarından seçiliblər. Əlabbas Behbudov deyir ki, həmişə çalışmışam atamın qoyduğu yolu uğurla davam elətdirim. Ən azından ona görə ki, camaat deməsin ki, Veysəl kişidən sonra oğlu Əlabbas onun yolunu davam etdirə bilmir. Camaatın və el-obanın həmişə içində olmaq lazımdır. Bax, onda insan əsl həqiqətləri və dəyişiklikləri dərindən görür, dərk edir. Ə.Behbudov onu da dedi ki, həmişə çalışmışıq ki, öz üzərimizə düşən işi yarıdaq və söz-söhbət baş verməsin. Bunun üçün isə öz üzərimə düşən məsuliyyəti dərindən dərk eləmişəm. Mil-Muğam hidroqovşağının baş mühasibi Oruc İsmayılov və baş mühəndis İsrafil Heydərov da işimizin yüksək səviyyədə həyata keçirilməsində lazımi köməkliklərini heç vaxt əsirgəmirlərg
   
   
   
   Yaxşı insan
   
   
   
   İnsanlar yaşa dolanda və bir az da qocalanda hər şeyi daha dərindən dərk edir, fikirləşir ki, cavan vaxtı müəyyən səhvlərə yol vermişəm, heç olmasa qocalanda həmin səhvləri düzəldim və yaxşılıq qazanım. Çünki yaxşılıqla insan çox mərtəbəyə yüksələ bilər. Ən azından belə insanların el-oba arasında xətir-hörməti və nüfuzu daha çox olur. Elə oldu ki, rayonda olanda səhhətimdə yaranmış müəyyən problemlə əlaqədar rayon mərkəzi xəstəxanasına getdim. Bir az təzyiqim vardı, bir az da boğazım ağrayırdı. Dedim yəqin anomal hava şəraiti ilə əlaqədar olaraq səhhətimdə ağrı-acı ona görə çoxalıb. Səhər saatlarında elə xəstəxanada ilk görüşdüyüm köhnə dostum, burun-boğaz-qulaq həkimi Murad Məmmədov oldu. Murad Məmmədovu çoxdan tanıyıram. Bir dəfə də uşaqlarının ad günündə dostum Aqətlə onun evində olmuşuq. Həmin axşam kəndimizə getməyə qoymadı və gecəni də Murad həkimgildə qaldıq. Elə o vaxtdan aramızda çox isti və səmimi münasibətlər yarandı. Murad həkimin otağına girəndə özümü bir qədər rahat hiss elədim. Sonra o məni dərindən müayinə etdi, boğazımda və qulağımda ciddi bir problemin olmadığını deyərək bir resept də yazdı. Dedi ki, bu dərmanları atandan sonra boğazında yaranmış qıcıqlanma tez bir vaxtda aradan qalxacaq. Elə də oldu. Dərmanı tapıb aldım və boğazımın ağrısı çəkildi.
   
   Zobucuqdakı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tapdıq Behbudovla görüşəndə həmişə bir qədər özümdə yüksək ovqat və nikbinlik hiss edirəm. Çünki Tapdıq həkim çox savadlı, dərin məntiqə malik ziyalı bir insandır. Dünya ədəbiyyatını, rus klassiklərini və Azərbaycan yazıçılarının əsərlərini dərindən mütaliə edib. Elə ona görə də onun danışığında bir şirinlik, bir duzluluq və bir istilik var. Görüşəndə dedi ki, rəhmətə getmiş tələbə yoldaşım Üzeyir Həmişəyev barəsində xatirə yazmışam. Həmin dostum çox gözəl insan və həkim olub, bir buna bax. Mən də həmin yazıya baxdım, oxudum və çox kövrəldim. Yazının son cümlələrini olduğu kimi oxuculara təqdim eləyirəm: "gAllah ona rəhmət eləsin, qəbri nurla dolsun. Görəsən mən öləndən sonra mənə xatirə yazan olacaqmı?".
   
   Baş həkimə təsəlli olaraq dedim ki, yaxşı insanlar heç vaxt yaddan çıxmırlar. Çünki onlar yaşadıqları dövrdə çoxlarının məhəbbətini qazanıblar. Elə Tapdıq Behbudov da Füzulidə çoxlarının hörmətini və məhəbbətini qazanıb. Deməli, belə insanlar haqqında həmişə xoş sözlər deyilib və deyiləcək.
   
   
   
   Yeni yollar çəkilir
   
   
   
   Füzulidə son vaxtlar həm kəndarası, həm də yeni yollar çəkilib. Bu yolların eləsi var ki, əsaslı təmir edilib və həmin yollara daş, qum, çınqıl döşənib. Artıq rayonun bir neçə kəndində yollar əsaslı surətdə təmir edilib. Bu işləri isə Füzuli rayon 47 saylı Yol İstismar İdarəsi həyata keçirir. İdarənin rəisi Mədət Hacıyev təcrübəli və öz işini bilən insandır. Əlbəttə, yollar təmir olunanda, düzəldiləndə istər-istəməz orada hərəkət etmək də asanlaşır. Çala-çuxurlu yollarda isə həm nəqliyyat vasitələri, həm də piyadalar çətinliklə üzləşirlər. Hələ biz onu demirik ki, təmirsiz yollarda avtomobillər hansı problemlərlə rastlaşa bilər. Nə yaxşı ki, son vaxtlar Füzulidə bütün sahələrdə olduğu kimi, yol çəkilişində də əsaslı dönüş yaranıb. İdarənin əməkdaşı İzzət Hacıyev dedi ki, əsas magistral yol tərəfimizdən təmir edilib, ordakı çala-çuxurlar asfaltlanıb. Eyni zamanda bu gün kəndarası yollarda da təmir işləri aparılır.
   
   Bir sözlə, yolların abad və rahat olması insanların rahatlığına və normal hərəkətinə şərait yaradır. Yol rahat olanda, təmir ediləndə və asfaltlananda qəzalar da azalır, təhlükələr də aradan qalxır. Deməli, rahat yol insanların həmin istiqamətdə təhlükəsiz hərəkətinə əlverişli şərait yaradır.
   
   

TƏQVİM / ARXİV