CAN AğRISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
46741 | 2010-12-25 07:34
Deyirlər ki, hər kəsin canı ağrıyan yerindədi. Yəni haran ağrıyırsa, ora sənə daha əziz görünür və elə bilirsən ki, həmin o ağrıyan yer kəsilib götürülsə, hər şey, o cümlədən yaşam da qurtaracaq, ömür başa çatacaq. Bunu daha çox ağrı-acıdan qoruna bilməyənlər, problemlərlə yüklənmiş insanlar hiss edirlər və elə həmin hissin diqtəsi ilə də onlar özləri üçün qətiləşdiriblər ki, ağrı ömrün baltasıdır, dəhrəsidir, bıçağıdır, xəncəridir, kəsib doğrayır...
   
   Həmişə mənə elə gəlib ki, insan nədən qorunursa, nədən qaçırsa, məhz həmin o qorunduğu da, qaçdığı da onun qarşısına çıxır, həyatına daxil olur. Düzdür, uşaq vaxtlarımda eşitmişdim ki, özünü oddan qorumaq lazımdır. Amma mən də bütün uşaqlar kimi özümü ağlım kəsənə qədər oddan qorumadım. Neçə dəfə əlim odun sobasında yandı, isti çay aşıb üstümə töküldü, tonqaldan atlananda kösövdən qopan çınqılar əl-ayağımı yandırdı, qoyun-quzu otaranda isinmək üçün qaladığım ocağın qoru paltarımı, əlimi yandırdı... Amma oddan qorunmadım...
   
   Qəribədir ki, özüm ata olanda başladım uşaqlarımı oddan çəkindirməyə. Onlara tövsiyə etdim ki, oddan aralı gəzsinlər... Və hər dəfə də bu iradımı dilə gətirəndə içimdən öz uşaqlığım gəlib keçdi və başa düşdüm ki, mənim uşaqlarım da elə mənim kimi oddan "qorunacaqlar". Hə, deməli, od yandırır, od adamı qarsıyır, od adamı külə döndərir. Bu üç yanaşmanın üçünün də kökündə od dayanır. Yanmağın da, qarsımağın da, külə dönməyin də... Lakin biz bunların üçündən də dəhşətli bir odun həmişə dəlisi oluruq, özü də gözümüz görə-görə, ağlımız kəsə-kəsə. Pərvanə şama vurğun olduğu kimi, biz də bu odun pərvanəsinə çevrilirik.
   
   Az-çox kitab oxuyanlar, nağıl-dastan dinləyənlər yəqin ki, söhbətin nədən getdiyini anladılar. Bu odun adı EŞQdir!.. SEVGİdir!.. Bu elə bir oddur ki, Məcnunu tarixləşdirib, Leylini əfsanələşdirib, Sənanı dinindən döndərib, Kərəmi kül eləyib!!! Bax, indi bu oddan necə qorunmaq olar?
   
   Ümumiyyətlə, mümkündürmü bu oddan qorunmaq?
   
   Yəqin ki, suallar ətrafında hərənin öz fikri, öz fərziyəsi olacaq. Biri deyəcək ki, sevgi də, eşq də ötəri bir hissdir, o biri vurğulayacaq ki, (məşhur bir tamaşada deyildiyi kimi) kişilərin uydurmasıdır. Bir başqası deyəcək ki, sadəcə məşğuliyyətdir və bir şair də ortaya çıxıb deyəcək ki, bu od ilahi bir ocaqdır, tonqaldır. İnsanın ürəyindən alovlanıb ağlını başından alıb özünü yerdən-göydən qoparıb ikinci bir hissəsini arayıb-axtarmağa, ona qovuşmağa doğru səfərbər edir. Doğrudur, indi Məcnun kimi çöllərə düşməyə, səhralar gəzməyə ehtiyac yoxdur. Həm də heç nə çöl qalıb, nə də səhra, hamısının sahibi var. Sadəcə sevginin ünvanını, eşqin qibləsini tapıb o küçəni, o evi yaddaşına, ürəyinə, yuxuna köçürüb başına fırlanırsan. Şairanə desəm:
   
   
   
   Sən yaşayan ev də pirə çevrilib,
   
   Dönüb dolanıram başına hər gün.
   
   Sevginlə alışıb kül ola-ola,
   
   O evin dönəcəm daşına bir gün.
   
   
   
   Bəli, deməli, bu oddan qorunmağın yolunu mən heç harda görməmişəm, oxumamışam və heç kimdən də eşitməmişəm. Çünki o gözlənilməyən yerdə, gözlənilməyən məqamda öz çınqısını, öz işartısını aram-aram alışdırır ürəkdə və bizim də ürəyimiz ağrıyır o yanğıdan, o atəşdən. Qəribədir ki, bu ağrı ilə biz həkimə üz tutmuruq. O boyda ağrını fikirlə, xəyalla, arzuyla, yuxuyla yola veririk. Özü də haramızın necə ağrıdığını bilə-bilə...
   
   
   
   əllərim
   
   əllərindən utandı
   
   gözlərim
   
   gözlərindən...
   
   nəfəsim
   
   nəfəsindən utandı
   
   izlərim
   
   izlərindən
   
   ayrılığa gücüm
   
   çatmadı deyə...g
   
   nə əllərimiz günahkardı,
   
   nə gözlərimiz
   
   nə də ki,
   
   titrəyən nəfəsimiz,
   
   silinən izlərimiz...
   
   sadəcə
   
   biz hələ də
   
   ürəklə
   
   həsrəti yıxıb
   
   bayrağı
   
   verə bilmədik
   
   vüsal adlı qələbəyəg
   
   yanırıq
   
   xəlvətcə
   
   eşq adlı bu odda
   
   bilə-bilə!..
   
   
   
   ***
   
   
   
   İstənilən bir məsələdə məntiq adamın köməyinə çatır. Təbii ki, əgər bu məntiq varsa. Mən adətən nədənsə danışanda, nəyinsə barəsində yazmaq istəyəndə öncə onun söykənəcək yerini müəyyənləşdirməyə, hansı məntiqin üzərində dayanacağını öyrənməyə çalışıram. Bundan sonra qələmə, kağıza söz verirəm, meydan açıram. Və mənə elə gəlir ki, onda da az-çox istədiyimə nail ola bilirəm. Çünki ortada səmimi, təmənnasız, qərəzsiz məntiq var. O məntiq mənim əlimdən tutur, köməyimə çatırg
   
   Bu günlərdə Rusiya telekanallarının birində Sovet dönəminin köhnə filmlərindən birini təsadüfdən izlədim. Doğrudur, indi çoxumuz sosialist realizmini bir yaradıcılıq forması kimi qəbul etmirik. Əksinə, hətta onu əməlli-başlı çarmıxa da çəkirik. Amma o filmdə gördüyüm mənzərələr mənə lap yaxın aylarda müşahidə etdiyim məqamın demək olar ki, bütün detallarını xatırlatdı. Bir anlıq elə bildim ki, məhz həmin hadisəni olduğu kimi lentə köçürüblər. Lakin tez də bu qapandığım hisslərdən qopub ayrıldım. Çünki filmdəki hadisələr 40-cı illərdən bəhs edirdi və təbii ki, burada rejissorun, ssenaristin məharəti öz sözünü mənə əmlli-başlı diqtə etmişdi və mən də o diqtənin təsiri altında şahidi olduğum hadisə ilə filmi eyniləşdirmişdim. Lakin nə olur-olsun, həyat həqiqətləri bədii əksini tapanda daha maraqlı, daha inandırıcı olur, nəinki fantastik, reallıqdan uzaq, qondarma süjetlər üzərində qurulan səhnələr. Nə isə...
   
   İnsanın bütün həyatının məramı, mənası olmalıdır. Məram, məna yaşam üçün impulsdu. Elə bil ki, həmin o impuls saydığımız bir yatırımdı, bir bank hesabıdı. Ona güvənib, ona istinad edib həyatını qurub səmtləşdirirsən və arzuların ardınca düşüb yorulmadan, çəkinmədən hərəkət edirsən. Getdikcə də həm arzuların şirinliyi, həm də yolun sənə olan əks müqaviməti dözümünü, iradəni bir az da mətinləşdirir. Tutaq ki, orta məktəbdən özün üçün seçdiyin idealın həyatını öyrənirsən və o idealın yaşantılarını öz içərinə köçürürsən, onun yolunu tutursan, hətta onun jestlərini, danışığını belə özününküləşdirirsən... Və bir də xəbərin olmadan idealının kölgəsinə çevrilirsən, ya da heç özün də olmursan. Zənnimcə, kiminsə kölgəsi olmaqdansa, elə pis-yaxşı özün olmaq daha münasibdir, daha təqdirəlayiqdir.
   
   Bax, həyat səhnəsində oynanılan bütün rolların ifaçıları özlərini oynayanda səmimiyyətləri ilə yaddaşa köçürlər. Lakin oynadıqları rolu təlxək kimi təqdim edəndə isə təlqinçiyə çevrilirlər, gülüş obyekti olurlar. İndi heç kim deyə bilməz ki, o, öz sevgisindən dəli olub, Məcnuna çevrilib və yaxud da Leyli olub. Çünki bu günün mühiti, şəraiti, psixologiyası insanları Füzulinin bizə sevdirdiyi Məcnunluqdan, Leylilikdən bir xeyli aralayıb. Amma səhnədə böyük Üzeyirin və böyük Füzulinin "Leyli və Məcnun"unu seyr edəndə o tamaşa boyu Məcnunlaşmaq, Leyliləşmək xeyli asanlaşır. Çünki o divarların arasındakı, o tamaşa zalındakı bütün mühit iki istedadın təqdim etdiyi "Leyli və Məcnun" dünyasıdır. Bu dünya yalnız sevgiylə öyünür, sevgiyə tapınır. Onun mehrabı EŞQdir!
   
   Xalqın qəribə bir deyimi də var. Doğrudur, mən onunla bütünlüklə razılaşmasam da, tamamilə inkar da edə bilmirəm. Atalar deyib ki: "Bostançının bəyliyi bostan sovulana kimidir". İndi bəzilərinin sevgisi də elə ilk mesaja, ilk görüşə, bir az da çılpaq desək, ilk öpüşə qədərdi. Sonra hər şey adiləşir. Guya belə də olmalıdı. Bəs, həqiqət nədir?
   
   
   
   sovulmuş
   
   bostan yeri tək
   
   indi heç nə
   
   ifadə etmir
   
   nə hərəkətlərim,
   
   nə də üz-gözümg
   
   hamı da
   
   çəkilib gedib
   
   hətta qurd-quş da!
   
   unudulmaq anları
   
   yavaş-yavaş
   
   yer salır özünə
   
   yuxarı başdag
   
   bu həmişə belə olub
   
   vədəsində
   
   bostanlar da, bağlar da
   
   saralıb, solubg
   
   sadəcə
   
   bir həqiqət var
   
   bunu əlbəttə
   
   bilir adamlar
   
   bostançının
   
   anımı
   
   son bahara kimidir!-
   
   deməli,
   
   bu ötəri sevgidi.
   
   
   
   ***
   
   
   
   Bu yazını başlayanda mənə elə gəlirdi ki, yazdıqlarım, sizə təqdim etdiklərim ola bilsin ki, bütün istəklərimi əks etdirməsin. Amma yazını diqtə etdikcə öz-özümdə belə bir inam yarandı ki, mən heç kimə nə nəsihət etmirəm, nə də ağıl vermirəm. Sadəcə bir vətəndaş olaraq bu dünyanın pərdələrinin bir küncünü qaldırmağa çalışıram. İstəyirəm ki, bəzi məqamlara işıq düşsün və bu işıq da göz qamaşdırmaq üçün yox, gerçəkliyi göstərmək üçün diqqəti çəksin. Çünki insan ömür payını sevib-sevilərək yaşayanda heç nə üçün təəssüflənmir. Nə arxada qalanlar üçün, nə də öndən gələnlər üçün. Ən böyük faciə sevgisiz, sevmədən, sevilmədən yaşamaqdır. Mən buna bütün varlığımla inanıram. Gün işığına, dan ulduzuna, bədirlənən aya inandığım kimi.
   
   
   
   Canımdan umduğunu
   
   Canım qurban eləyib
   
   Köçmüşəm yer üzündən-
   
   Məni yurddan eləyib-
   
   sevgin...
   
   
   
   Qovmuşam öz-özümü
   
   Günəşimə çatmağa.
   
   Baş qoyub dizi üstə-
   
   Bircə hovur yatmağa
   
   sevginin...
   
   
   
   Xəyal qırıqlarından
   
   İlk görüş anı qurdum.
   
   Kirpikdən qopan oxla -
   
   Şəklini qəlbə vurdum-
   
   sevgilim!..
   
   

TƏQVİM / ARXİV