ZAMANIN TUNELİNDƏN KEÇƏNDƏ

VAQİF YUSİFLİ
44497 | 2015-04-25 01:32
Bu gün ədəbi aləmdə ən çox işlənən ifadələrdən biri də "gənc şair"dir. "Gənc" olaraq hələ də yaşı qırxı keçən yazarlarımız nə çox. Gənc olaraq yaşı iyirmi-otuz arasında dövr edən cavanlarımız da az deyil. Bəs onda biz kimlərə "gənc şair" deməliyik? "Axı, "gənc şair"lərin elə öz cavan yaşlarında "qocalanları" da var, bunu dana bilmərik ki, bədii təfəkkür həmişə təzəlik, novatorluq üstündə köklənir və bu gün gənc şair olub bu meyara köklənməyən cavanlarımız nə çox.
Bu xüsusda söhbəti uzatmaq istəmirəm. Mənim üçün - bir oxucu və tənqidçi üçün yaşına görə də, şeirlərinin təzəliyinə görə çox gənc olan bir cavan şairdən - onun şeirlərindən söz açmaq istəyirəm.
Ramil Əhməd... Çox cavandır, iyirmi bir yaşı var. Amma elə ilk şeirlərində poeziyanın nəfəsi hiss edilir. Bu nəfəsin getdikcə böyük SƏSƏ dönəcəyinə inamım var.
Budur, onun ilk kitabı - "Zaman tuneli" işıq üzü görüb. ("Natəvan" klubunda bu kitabın müzakirəsinə də yığışdıq).
... Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. "Antik variant", "Axilles dabanı", "Əvəz-siz-lik", "Müharibə", "Zaman tuneli", "Bir qadının gündəliyi" və "Sevginin zamanı" - bu bölmələr şərti xarakter daşıyırmı? Məncə, yox!
Antik variant - müasir dünyanı, gerçəkliyi qədimlik, keçmişə baxış müstəvisində bəyan etməkdir, - deyə düşünək.

Gedir bir qadın -
bətnində körpəsi,
kürəyində ayağını itirmiş əri,
bir sümükdür, bir dəri.
Bəlkə qiyamətdir?
Yox, bu qadın işi deyil!
İlahi komediya,
bəşəri faciədir,
şeytani bir sənətdir!

Kimdir bu qadın? "Yaxşı tanıyıram o qadını - Məryəm xalanı". "Məhəlləmizdə görürəm hər gün" Dante qəsəbəsi, Balzak küçəsi, ev 66, mənzil 1-də". "Antik variantda" - "dayanar yol kənarında hər gün bir uşaqgataya məktub yazar, hərfsiz bir əlifbada. Tanrıdan, bir də mələklərdən başqa kimsə bilməz bu əlifbanı. Bir daşın üstünə çıxıb əllərini yuxarıya uzadan uşaq Allaha toxunacağını düşünər. Amma yenə toxuna bilməz, çatmaz əlləri Ona". "Ata! Ata!!, - qışqırar. Qışqırar pərən salar çiynindəki mələkləri".
Atar özünü lələklərinin ucundakı
həsrətdən.
nə ölüsünü görən olar, nə dirisini:
yer üzündə bir uşaq azalar,
göy üzündə bir mələk çoxalar.

"Metamorfoz" şeiri "Antik variant"da mifoloji düşüncənin reallıqla sintezidir. Dantenin "İlahi komediya"sından süzülən bu düşüncə bu günün atasızlıq faciəsini yaşayan, əllərini açıb "Ata!" deyib qışqıran bir uşağın fəryadına hopdurulmuşdur. Uşağın mələyə dönməsi irrealdı, amma mifoloji düşüncədə Mələk saflığın, günahsızlığın rəmzidir. Bu silsilədə hətta müasir məişət qayğıları da Arximedin "Evrika"sı ilə paralelləşdirilir. Həndəsə müəllimi "Pul yox, sevgi yox! Yoxluq, yoxluq... Zaman geri qayıtmır, boş çoxluq" "məntiqinə" yuvarlanır. Bəs hanı Evrika? "Antik variant"da "Qadına şeir yazmaq nəyə lazım-qadınlar özləri şeir deyilmi? Tanrının şeirləri". Bu qız əruz bəhrini xatırlatmırmı? Müasir Çin qızının damarlarından Tanıq sülaləsinin qanı axır, amma ürəyi Çin ipəyi kimi zərifdir. O, nə "Xəmsə"dəki, nə də Qodarın "Çinli qız" filmindəki qız deyil.
Antiklik anlayışını təkcə yunan mifologiyasından gələn obrazlarla, yaxud bu obrazların ekvivalentləri ilə deyil, XX əsrin paradiqmaları ilə də paralel düşünmək olar. Bunu "Ehtimal", "Hitlerin katibəsi", "Kapitalizm" şeirlərində gördük.
Ramil müharibəni görməyib, top səsinə diksinməyib, yuxusu ərşə çəkilməyib. Amma müharibə haqqında müharibəni görmədən də şeir yazmaq olarmış. Ramil dünyaya gələndə artıq Qarabağ müharibəsi bitmişdi, Atəşkəs elan olunmuşdu. Amma XXI əsrin uşaqları vaxtından tez böyüdülər, onların müharibə haqqında bildikləri yaşları ilə müqayisədə daha çoxdu. Onun şeirlərində müharibədən sonrakı ovqat, daha doğrusu təzə nəslin (Ramil yaşlıların) müharibə haqqında, onun şüurunda və psixologiyasında yaratdığı əks-səda ilə qarşılaşırıq. Ramil bu şeirlərdə demək istəyir ki, müharibə hələ bitməyib, şikəst qollarda, sındırılmış, qoparılmış ayaqlarda, evin divarlarında görünən şəhid ata şəkillərində, yol gözləyən anaların, sevgililərin göz yaşlarında davam edir.
Ramilin "Metamorfoz" şeirini biz onun "Müharibə" silsiləsi üçün bir AÇAR hesab edirik. Yol kənarında dayanan bir uşaq - bu şeirin qəhrəmanı;

Atasının ayaqqabısını
geyinib qaçan uşaq
maşınları da ötüb
keçəcəyini düşünər...
Bağlaya bilmədiyi
ayaqqabının ipləri
dolaşır ayaqlarına -
yıxılar üzü üstə,
yıxılar atasızlığa.

Və bu uşaq "hər gün ataya məktub yazar, hərfsiz bir əlifbada". Detal son dərəcə dəqiqdir. "Tanrıdan, bir də mələklərdən başqa kimsə bilməz bu əlifbanı". Şeirin ideyası bu misranın "çiynindədir".

Bir daşın üstünə çıxıb
əllərini yuxarıya uzadan uşaq
Allaha toxunacağını düşünər...
Qalxar hündürə, lap hündürə -
barmaqlarının ucuna!
Amma yenə toxuna bilməz,
çatmaz əlləri Ona...
Və bir gün...
Bir gün hürkər-
Görəndə çiynindən çıxan
Ağappaq, ağappaq lələkləri!..
"Ata! Ata!", - qışqırar.
Qışqırar,
Pərən salar çiynindəki mələkləri.
Atar özünü
Lələklərinin ucundakı həsrətdən,
nə ölüsünü görən olar, nə dirisini-
yer üzündə bir uşaq azalar,
göy üzündə bir mələk çoxalar.

Az qala Ramilin "Metamorfoz" şeirinin üçdə birini sitat gətirdik. Gətirməyə bilməzdik, hər hansı bir yaxşı şeirdən söz açanda bəzən geniş şərhə, təfsirə ehtiyac duymursan. "Metamorfoz" Ramil Əhmədin digər şeirlərinin, xüsusilə, "Müharibə silsiləsi"nin ən təsirli nümunəsidir. O silsilədə uşaqlığı ümidsizlik içində keçən nəslin etirafları səslənir.

Biz atamızın
ayaqqabılarına,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz
pencəyinə baxıb
böyüdük...
"Ata" dedik divardan baxan şəklə,
Şəkil kimi yaraşıqlıydı atamız,
şəkil atamız!..

Ramilin müharibə haqqında təəssüratları Ata şəkli obrazında "təmərküzləşir". Əslində, onun müharibə şeirləri "atasızlıq" sindromu ilə bağlıdır. Mərhum şairimiz İsa İsmayılzadənin "Böyüdülmüş şəkillər"indəki Ata sanki Ramilin təsvir etdiyi o atasız evin divarlarına qonur. "Hər evdə böyüdülmüş bir əsgər şəkli qaldı". Bu, müharibədən sonrakı mənzərədir. Tankların əvvəl insanlığı, sonra insanları əzib keçdiyi o müdhiş günlərin ağrı-acılarını Ramil bir şeirində Sonanın faciəsində ümumiləşdirir.
Ramilin sevgi şeirləri də XXI əsr gəncinin - modernləşmə, qloballaşma dövrünün yetirməsi olan, xarici ədəbiyyatı, Amerika və Avropa filmlərini izləyən, təzə vərdişlərə, dəblərə mümkün qədər tez yiyələnən bir fərdin (fərdlərin) duyğu və düşüncələrini ifadə edir. Eyni zamanda, min illərin "sevgi təcrübəsi"nə (praktikasına) - yazılmışlara, deyilmişlərə biganəlik də nəzərdən qaçmır. Əslində, hər nəslin öz sevgi "fəlsəfəsi" olmalıdır. "Sevgi oyunları" da bu məcrada davam edir: "Əvvəlcə dostluq, birlikdə kinoya getmək, ikilikdə şam etmək, İçərişəhərin antik kafesində təzə eşqin şərəfinə badə qaldırmaq-Mesaclar, gecə zəngləri... Telefonda açılan sabahlar... Ehtiyatlı olun! Ağlın qapıları bağlanır-növbəti stansiya Xətaidir. Siz sevgiyə doğru gedirsiniz, ürəyə doğru...Tük... tak... tük... tak... Sonra ayrılıq, hicran, açılmayan sabahlar, bitməyən axşamlar". Daha sonra şəkillər qayçılanır, mesajlar silinir, siqar siqara calanır. Və ürəyin qapıları bağlanır. Amma Ramilin sevgi şeirləri içərisində sanki yuxarıdakı modern "hicran" sevgisinə deyil, ənənədən gələn, hələ də öz bakirəliyini itirməyən hicran, ayrılıq motivlərinə də təsadüf edirik.

Bağçada çiçək qalmamışdı,
hamısının da son ləçəyi
"Sevmir!" deyirdi bir ağızdan...
Həmin gündən nifrət edir güllərə...

Bu gün ona gül gətirən
oğlan da aldadırdı onu...
O isə inanmırdı o ağ, gözəl əllərə...
Səni heç vaxt tək buraxmayacam-
deyən anasına da...
Onun güzgü ürəyini qırdılar,
hamı aldatdı onu, hamı...
Bircə illər öncə "Sevmir!" deyən
Çiçəklərdən başqa.

Məncə. Onun ən gözəl sevgi şeiri "Məktub"dur. "Səni heç vaxt tapa bilməyəcəyim üçün itirmək qorxum yoxdu... Hər qadında səndən bir az nəşə var - bu qadınlar sənin yoxluğunun şəkilləridi".
Ramil Əhmədin şeirləri məndə belə bir təəssürat oyatdı ki, o, axtarış aparır və öu axtarışların yönü, istiqaməti modern şeir axarındadır. Təbii ki, bu axarda müasir şeir mədəniyyəti ilə həmahəng olan məqamlar az deyil, yalnız "söz oyununa", "riyazi-həndəsi" formallığa aludəçilik də... Sırf ağılla yazılan şeirlər də var, yalnız hisslərin təlatümünü əks etdirənlər də. İkisinin vəhdəti duylan şeirlər də.
Hər halda, uğurlar arzulayıram bu 21 yaşlı cavan şairə...

TƏQVİM / ARXİV