adalet.az header logo
  • Bakı 19°C

Bədii sadəlik və mənəvi alilik

3375 | 2015-04-25 01:20
XX əsr ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim, yazıçı, pedaqoq kimi müstəsna və özünəməxsus yaradıcılığı ilə öz aktuallığını bu gün də qoruyub saxlamaqdadır. Klassik yazıçılarımız M. F. Axundov, C. Məmmədquluzadə, Ə. Haqverdiyev, S. S. Axundovun ənənələrini davam etdirən Mir Cəlal bədii irsi və söz sənəti ilə bu gün də qəlblərimizdə yaşamaqdadır.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924-28). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926-1927). 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, "Kommunist" və "Gənc işçi" qəzetlərində işləmişdir.
Ədib "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab"(1941) "Yaşıdlar" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır" (1952-1957), romanları ilə klassik roman yaradan sənətkarlar sırasında dayanmaq hüququnu qazanmışdır.
Romanlarında yığcamlıq, lüzumsuzluq təfərrüatdan qaçmaq, sözə qənaət, hadisələri ancaq lazım, vacib görünən cəhətlərini qavramaq - diqqəti cəlb edən sənətkarlıq xüsusiyyəti nəzərə çarpır. Onun yazılarında macəraçılığa meyl, oxucunu süni vasitələrlə ələ almaq, "cəzb etmək", qəsdən heyrətləndirmək meyli yoxdur. Romanlarında Mir Cəlal ancaq sadəliyi, səmimiliyi, həyat həqiqətinin müdaxiləsiz, bəzək-düzəksiz təsvirləri ilə cazibəlidir.
Mir Cəlalın üslubu, yazı tərzi, dili və sənətkarliq xüsusiyyətləri haqqında ədəbiyyatşünas Pənah Xəlilovun fikirləri: "Alim Mir Cəlal Paşayevin elmi əsərlərinin dili, üslubu öz qələm yoldaşlarının heç birinin dilinə, üslubuna oxşamır. Onun əsərlərində nə publisistika var, nə də qəliblənmiş elmi terminli tədqiqat dili. O, elmi əsərlərini yazıçı Mir Cəlalın qələmindəki yığcamlıq və şirinliklə, amma dərin və axıcı elmi mühakimə tutumu olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir". (Flora Xəlilzadə).
Mir Cəlalın tipləri əxlaqi görüşləri etibarı ilə ya mütləq mənfi, ya da mütləq müsbət surətlərdən ibarət olur. Mir Cəlal heç kəsə bənzəməyən orijinal fərdi yaradıcılıq xüsusiyyətlərinə malikdir. Yaratdığı obrazları ilə oxucu zehnini, şüurunu düşünməyə vadar edib, real həyat hadisələrinə aydın açıq gözlə baxmağa çağırır. Yaratdığı obrazlarda obrazlı ifadələr işlətmək əvəzinə, real həyat səhnələrinin canlandırılmasına üstünlük verirdi. O, əsərlərində hislərin duyğuların fikir ilə, ideya ilə harmoniyasını özünəməxsus etmək qabiliyyətinə malik idi.
Yaxşı yazıçının xalq həyatını düzgün təsvir edən sənətkarlıqla yaradılmış hər bir əsəri onun artması, sənət yollarında irəliləməsi ümumin sevincinə səbəb olur. Bəli Mir Cəlal Paşayev ümumin - xalqın sevincinə, inkişafına, maariflənməsinə səbəb ola biləcək yazıları ilə, incə və dərin müşahidə qabiliyyəti ilə qəlblərə yol tapan yazarlardan idi.
Ədibi bir alim, ədəbiyyatşünas kimi başqalarından fərqləndirən mühüm cəhət bu idi ki, tarixi şəxsiyyətlərə və ədəbi hadisələrə bir cümlə ilə kiçik bir ştrix ilə aydın və bitkin xarakteristika verməyi yaxşı bacarır, bir neçə sözlə onun yaddan çıxmayan portretini çəkə bilirdi. Qiymətləndirmək istədiyi adamın ən səciyyəvi keyfiyyətlərini üzə çıxarmağı, onu obrazlı şəkildə qabartmağı bacarırdı. Məsələn, bu sözləri heç yadımdan çıxmır: "Ədəbiyyatşünaslıq fikir söyləməkdir", "Mirzə Cəlil məzlum Şərqin böyük ədibidir", " Anamın kitabı-həqiqət kitabıdır", "Haqverdiyev yeriyən Azərbaycandır", "Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli görmüşdür", "Azərbaycanı şeirə Səməd Vurğun gətirdi", "Mehdi ədəbiyyatın qeyrətini çəkəndir", "Müşfiq nakam şairdir" və s. (Firidun Hüseynov)
50 illik yaradıcılığı dövrünə nəzər salarkən yaratdığı şeirlər, oçerklər, novellalar , felyetonlar hekayələr və romanları ilə müasir Azəbaycan ədəbiyyatının və filoloji elminin əsas yaradıcılarından, banilərindən olduğunun şahidi oluruq.
Mir Cəlal hekayələri həyati problemləri, mənəvi-əxlaqi və ictimai-sosial məsələləri əks etdirən düşündürücü, məzmunlu, oxunaqlıdır. "Sağlam yollarda" oçerklər (1932) , "Boy" novellalar (1935), "Bostan oğrusu" (1937), "Axundun iştəhası" (1938), " Gözün aydın" hekayələr, oçerklər (1939), "İlyas "(1942), "Şərbət" (1942), "Vətən hekayələri" (1942), "Muştuluq" (1943), "Vətən yaraları" (1943), "Vətən" (1944), " Həyat hekayələri" (1945), " Yeni kəndin adamları" (1948), "İlk vəsiqə" ( 1949), "Söyüd kölgəsi" (1951), "Sadə hekayələr" (1955), "İnsanlıq fəlsəfəsi" (1961), "Xatirə hekayələri" (1961), "Gülbəsləyən qız" (1965), "Söyüd kölgəsində" (1965), "Şəfəqdən qalxanlar" (1972), "Silah qardaşları" (1974), "Dağlar dilə gəldi" (1978), "Ləyaqət" (1984) kitabları sovet dövründə çapdan çıxmışdır. Sadaladığım bu kitablar içərisində olan hekayələrin müxtəlif illərdə bir-birinin ardınca çapdan çıxması dövründə olan ehtiyacdan və aktuallıqdan xəbər verir. Senzura olan bir zamanda yazılan yazıların, bəstələnən bəstələrin dəfələrlə ələkdən keçirildiyi bir vaxtda Mir Cəlal hekayələrinin növbəti dəfə nəşrinə dövlət tərəfindən qərar verilməsi təbbi ki, oxucu istəyinin nəticəsi idi.
Kiçik hekayədə dərin mənanı açıb oxucuya göstərmək yazıçının kiçik janrda böyük ustalığından, qələminin gücündən xəbər verirdi.
Hekayələrini oxuyarkən bizə bəlli olur ki, Mir Cəlal müəllim istedadlı yazıçı, görkəmli alim, qabaqcıl maarif xadimi olmaqla yanaşı, həm də Sovet rejimi dövründə Azərbaycanda müstəqil, demokratiya, azad fikir uğrunda mübarizə aparan böyük mücahidlərimizdən biri olmuşdur. Həyatımızın və məişətimizin müxtəlif sahələrini özünəməxsus məharətlə təsvir edən yazıçının hekayələrində vətənpərvərlik, beynəlmiləlçilik motivləri başlıca yer tutur.
Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür.
Azərbaycan ictimai fikir tarixində yazıçı, pedaqoq, ədəbiyyatşünas tənqidçi və publisist kimi görkəmli yer tutan Mir Cəlal müəllim öz zəngin irsi və parlaq şəxsiyyəti ilə istər onun tələbələrinin, istər qədirbilən oxucularının bir sözlə, onu tanıyanların qəlbində yenilməz və unudulmaz əbədi heykəl ucaltmışdır.

TƏQVİM / ARXİV