İNANMAYIN HEÇ KİMƏ

FAİQ QİSMƏTOĞLU
125459 | 2015-04-25 01:18


... Necə inanmamaq olar? Bir də görürsən ki, çoxdan tanıdığın yaxın bir adam sənin yanına gəldi və ilan kimi dil çıxarıb yalvardı ki, çox çətin vəziyyətdəyəm, mənə əl tut! Təbii ki, ürək də daşdan deyil. Həmin an ürəyin yumşalır və əlini cibinə aparıb o dediyi pulu çıxarıb verirsən. İlan kimi dil çıxaran adam da sevin-sevinə deyir:
- Ürəyini sıxma, uzaqbaşı on gündən sonra sənin pulunu qaytaracağam!
On gün keçir bir səs çıxmır, bir ay ötür, yenə dillənmir. Beş-altı ay ötəndən sonra daşdan səs çıxsa da həmin adamdan səs-soraq olmur. Sənin də səbrin tükənir, ona telefon açıb əsəbi halda bildirirsən:
- Axı mən sənə əl tutdum, kömək elədim. On gün demişdin, altı ay keçib. Belə də insafsızlıq olmaz.
İpiqırıq adamsa qəzəbli-qəzəbli dillənir:
- A kişi, dünya dağılmayıb ki, on gün demişəm, deməmiş olum. Sənin pulunu yeməyəcəm ki, axır bir gün qaytaracam...
İstər-istəməz həmin insanın soyuq münasibətindən adamın qəlbi sınır və düşünür ki, ona yalvarmaqdansa bir daha verdiyi pul haqqında söz-söhbət salmasın. Çünki belələrindən Allah verdiyi canı da ala bilmir, o ki qala pul ola.
Bir borclu uzun müddət verdiyi pulu ala bilmir. Bir il, iki il onun qapısına ayaq döyür, axırda yorulub əldən düşür. Bir gün də eşidir ki, bir ətək pul verdiyi adam dünyasını dəyişib. O da yas yerinə gedir, namaza durur. Molla deyir ki, ay camaat, bu mərhuma halallıq verin. Hamı halallıq versə də, onların arasından həmin adam çıxır və deyir:
- Mən ona heç vaxt halallıq vermərəm, çünki balamın boğazından kəsib on il bundan qabaq bir ətək pul vermişəm. O isə neylədi, Allahın yanına üzüqara döndü. Heç belə adamı da bağışlamaq olar? Özü bilər, Allahı bilər. Qoy görək Allahın sorğu-sualından canını necə qurtaracaq?
Mənim atam da həmişə qohum-əqrəbaya, dost-tanışa arxa durardı. Kim qapısına gəlsəydi heç vaxt naümid geri qaytarmazdı. Bir əmisioğlu vardı, on dəfə borc alıb qaytarmamışdı. On birinci dəfə bizim qapımıza gələndə yenə rəhmətlik kişinin ürəyi yumşalır. Ancaq bu dəfə rəhmətlik anam deyir ki, a kişi, görürsən ki bu əmioğlun sənin borcunu qaytarmır, yenə yumşalıb pul vermək istəyirsən. Atam isə anamı yola gətirir:
- Ay arvad, ona nətəhər pul verməyim? Axı Allah görür ki, mənim imkanım var. Allah da o ruzini mənə ona görə yetirir ki, mən də başqasına arxa durum. Bu zalım oğlu da axı mənim qohumumdur, qoy görək nə deyir də?!
Əmisi oğlu şirin dilini işə salır və qımışır:
- Əmioğlu, Allah sənin canını sağ eləsin. Göydə Allahı, yerdə səni ümid yeri bilmişəm. Maşın almaq istəyirəm, pulum çatmır.
Rəhmətlik atam qohumundan soruşur:
- Maşının qiyməti neçəyədir?
Qohumu:
- On min manata. Yüz manatım var, doqquz min doqquz yüz manat çatışmır.
Atam gülür və yenidən üzünü qohumuna tutur:
- Rəhmətliyin oğlu, tay de ki, mənə maşın al da!
Əlqərəz, doqquz min doqquz yüz manatı əmisi oğluna verir. Əmisi oğlu da pulu alanda kefi ala buluddan nəm çəkir və sevinə-sevinə:
- Allah canını sağ eləsin, qəm eləmə, uzaqbaşı bir ilə pulu qaytaracağam. Qapımda qoyunum da var, inəyim də.
Əmisi oğlu gedib yağın içində bir "Jiquli" alır. O vaxt da hər adamın belə maşını olmazdı. Uzaqbaşı bizim kənddə beş-altı adamın qapısında maşın vardı. Bizim özümüzün də qapımızda üç-dörd maşınımız durardı, ancaq heç biri atamın adına deyildi. Çünki həmin dövrdə imkanlı adamlar heç vaxt öz adına maşın ala bilməzdilər. Ancaq yaxın-qohum əqrəbasının adına bu maşını alardılar.
İllər ötür, günlər bir-birini əvəz edir. Bir il dönüb olur düz on il. Yenə rəhmətlik anam atamı qınayır:
- Gördün əmin oğlunu? Demişdi ki, uzağı bir ilə pulunu qaytaracam, amma on il keçib yenə hərəkətə gəlmir. Elə bilirsən imkanı yoxdu? Qapı-bacasında mal-heyvanı doludu, üstəlik də üzümçülük briqadiri işləyir. Hər dəfə ilin axırında bir ətək pul qazanır.
Rəhmətlik atam dillənmir və başını aşağı salıb "Pobeda"ya əyləşib gedir. Elə olur ki, günlərin bir günündə atamın başqa qohumu əmisi oğlunu danlayır. Deyir ki, utanmırsan, ağsaqqal əmin oğlundan on ildi bir ətək pul almısan qaytarmaq bilmirsən. Özünə hörmət eləmirsən heç olmasa nəslinə hörmət elə. Allahdan qorxmursan?
Qohumu dillənir:
- Bayaqdan nə mənim üstümə düşmüsən ey. Əmioğlum daş atıb pul qazanıb? Pambığın müftə pullarıdı da. O-bu yeyəcəkdi, mən yedim. Özü də yaxşı bilir ki, on dəfə pul almışam, qaytarmamışam. On birinci dəfə guya qaytaracam? O pulu mənə verəndə əlini çoxdan üzmüşdü. Allah onun canını sağ eləsin...
İnsanlar bir-birinə o qədər də sədaqətli deyillər. İşləri düşəndə ilan kimi dil çıxarırlar, yalvarırlar, göz yaşı tökürlər və özlərini sifətdən-sifətə salırlar. Elə ki işləri düzəldi, hər şey qaydaya düşdü, ona əl tutanı, kömək eləyəni və arxa duranı çətin ki yada sala. Düzdür, sədaqətli adamlar da var, amma ipiqırıq, etibarsız adamlar çoxdu...

TƏQVİM / ARXİV