adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

DüM TƏK-TƏK

OQTAY SALAMOV
25089 | 2010-12-25 07:34
Siz bilərsiniz, bizim o zərb dediyimiz musiqi alətinin əsl adı nədir? Axı zərb ümumiyyətlə, zərbə vurmaqla səsləndirlən alətlərin "optom" adıdır. Təbil var, kos var, nağara var, qaval, dəf... Mən biləni o alətə dümbələk deyirlər. Özü də o türk qızı Hadisənin "Eurovision"da oxuduğu mahnıda da türkə aid cəmi iki ştrix var; biri dümbələkdə iki dəfə "şart-şart" , o biri də ingilis sözlərinin arasında türkcəyə oxşayan "düm tək-tək". Mən o sözün mənasını elə İzzət Bağırovun oxuduğu "Tək-tək" kimi başa düşürəm. Amma "Bir-bir" yox, hərdənbir, rus demiş "redki" hallarda, aradabir kimi. Bu həftə sonu guya tək-tək rast gəlinən, əslində isə artıq adət halını almış hoqqalardan söhbət açmaq niyyətindəyəm.
   
   Cəlil Məmmədquluzadənin "Ölülər"indən sonra başımıza gətirilən ən utanclı, baş yerə soxan hadisə Şəmkirin kəndlərindən birində baş verdi. XXI əsrin əvvəllərində, inkişaf sürətinə görə analoqu olmayan adlandırdığımız Azərbaycanda camaat xəstəsini həkim yanına yox, "ocağa" aparırmış. Ocaq sahibi, hamının seyid, az qala müqəddəs saydığı molla isə xəstələri sekslə "müalicə" edirmiş. "Müalicə" olunan qız ərə gedib bakirə çıxmayanda məsələnin üstü açılıb və məlum olub ki, çoxları bu "müalicə metodu"ndan keçib. Pah, qeyrət damarları indi tutub, mollanı ailəsi ilə birgə kənddən qovublar. Kənddə o qədər alkaş iskəndərlər olub ki. Əşi nə alkaşlar, müəllimlər, həkimlər, aqronomlar, bələdiyyə, icra işçiləri, Rusiyada qazananlar hamısı ocağa nəzir verib, qurban kəsib, xəstə gətirirmişlər. İndi deyirsiniz bu boyda rəzaləti "düm tək-tək"in adına yazaq ki, başqa yerlərdə belə olmur? Başınızı qaldırıb ətrafınıza baxın, olur, bundan betərləri də olur. Kefli İskəndərin kənə əhlinə üz tutub dediyi ifadəni işlətməmək mümkün deyil. Amma o "sizin" deyirdi, indi isə tək-tək yox, elə elliklə, optom hamımıza demək lazımdır ki, "tfu bizim üzümüzə, ölülər bizik!".
   
   O gün bizim Müdafiə Sənayesi Nazirliyimiz istehsal etdiyi məhsullar haqda məlumat verirdi. Maşallah, namxuda, yaxşı silahlarımız var. Özü də türlü-türlü, hər növündən, hər hadisə üçün. Məlum səbəblərdən hələ istifadə etmirik. Amma bir silah var ki, reklamı, tərifi, təbliği olmasa da çox populyardır: bıçaq! İndi bu silah, bəli, məişət aləti yox, məhz silah haqda söz düşəndə heç kim soğan soymaq, göy doğramaq, çörək kəsmək haqda düşünmür. Hamının nəzərində kiminsə kimisə bıçaqlaması, neçə zərbə vurması, vurulanın ölüb-ölməməsi canlanır. Özü də daha bıçaqlamaq üçün çıxıb başqa yerdə düşmən axtarmırlar, elə evin içindəcə qardaş-qardaşı, oğul atanı, ər arvadı, arvad ərini və qaynatasını (arada maraqlı görünmək üçün qaynanasını da onların gözünə qatır), gəlin baldızı bıçaqlayır. Deyirsiniz "düm tək-tək"dir? Yox, brat, tək-tək erməniyə güllə atmağımızdır, bıçaqlamalar kütləvidir...
   
   Vay dədəm vay, Azərbaycanda nə qədər ər deyib, arvad deyib müftə cehiz almaq istəyənlər varmışg Radio-televiziya, internet, KİV, Statistika, dövlət rəsmiləri günü-gündən gözəlləşən, firəvanlaşan həyatımızdan yazır, danışır, göstərir, amma bu ...lənməyə gələnlər (nöqtələrin yerinə ev, cehiz, süs, görsən ...dən hansını istəsəniz yaza bilərsiniz) zır-zır ağlayırlar ki, həyatımız ağır keçib, biz görəni düşmənimiz görməsin, küçələrdə böyümüşük, boşananların yarısının əri biqeyrət, manyak, əzazil çıxıb, kişilərin arvadları sədaqətsiz olub, ev, mal-mülk davası edir, nə bilim, daha nələr... Bu da "düm tək-tək"dir? Təəssüf ki, yox...
   
   Təkcə öz naqisliklərimizi, özü də qətiyyən tək-tək olmayan çatışmazlıqlarımızı söyləsəm, adam özünün gözündən tamam düşər. Elə bil təsəlli yerimiz, ürəyimizin partlamaması üçün başqa misallarımız da var ki, bizim ala qarğa olmadığımızı, dünyanın hər yeridə belə gzəlilliklərin oluğunu göstərir. İnanmıram ki, bizdə də olmasın, amma bu hadisə qıraq yerdə yox, öz Türkiyəmizdə baş verib.
   
   Türkiyənin Kocaeli vilayətində məscidin ehtiyaclarını qarşılamaq üçün (adını belə yazıblar- O.S.) nəzərdə tutulan nəzir qutusu oğurlanıb. Özü də bu hadisə bir dəfə, iki dəfə yox, düz dördüncü dəfədir təkrarlanır. Daha əvvəl məsciddə 3 dəfə oğurluq hadisəsi baş verdikdən sonra dindarlar məbədə təhlükəsizlik kameraları yerləşdirib. Bu dəfə pəncərədən məscidə daxil olan oğrular əvvəl kameranı söndürüb, sonra da 4-cü dəfə nəzir qutusunu oğurlayıblar. "Düm tək-tək" bir məsciddə dörd dəfə olurmu?
   
   Rusiyadakı iğtişaşlardan xəbəriniz var. Əslində buna xristian-müsəlman davası da demək olar. Amerikada da müsəlmanların addımbaşı sıxışdırıldığı faktdır. Bu dəfə də bir xəbər İngiltərədən gəldi. O İngiltərədən ki, müsəlmanların ən rahat yaşadığı Avropa ölkəsi hesab olunur(du).
   
   Buyurun, İngiltərə Xarici işlər nazirliyi Müdafiə və Strateji təhlükələr idarəsi tərəfindən hazırlanan, ölkə üçün təhlükələrin nümayiş olunduğu lövhədə Kəbənin şəkli də qoyulub. Müsəlmanların qibləsi olan Kəbəyi-Şərifin həcc mövsümündə çəkilmiş şəkli güllələr, qumbaralar, minalar, nüvə silahları, terror hadisələri və s. bu kimi şəkillərlə eyni lövhədə nümayiş olunur.
   
   Tək-təkdi? Ay-hay... İslamafobiya xristian silahına çevrilib, hamısının, ucdantutma...
   
   Bizdə Milli Məclis deyilən dövlət qurumunun müxtəlif ölkələrdə müxtəlif adları var- parlament, senat, duma, rada, knesset, bundestaq... Nəzərimizdə hamısı da super ciddi qurumlardır. Burada qanunlar qəbul olunur axı. O cümlədən də əxlaq, davranış, mədəniyyət haqda. Əvvəllər bu mötəbər yerlərdə düm tək-tək "çepe"lər olurdu. Kimsə kiməsə yumruq atırdı, kimsə ayağını yerə döyüb etirazını, ya razılığını bildiridi. İndi məclislərin iclasları davasız, söyüşsüz, barrikadasız, yaxayırdısız, qansız keçəndə bu haqda az qala ayrıca məlumat verirlər. Daha burada nələr olmur? Amma əhali sayına görə, dünyada ən çox müsəlman yaşayan İndoneziya parlamentində baş verəni bu gün üçün düm tək-tək adlandırmaq olar. Məsələ belədir ki, parlamentin son iclasında deputatlar tam 15 dəqiqə ərzində pornoqrafik videoçarxlara baxıblar. Bu əxlaqsız görüntüləri millət vəkilləri ilə yanaşı, parlamentin mətbuat mərkəzindəki jurnalistlər də görüblər. Pornoqrafik görüntülər parlament iclasındakı səsvermənin nəticələrinin nümayiş etdirildiyi böyük ekranlarda translyasiya edilib, eyni zamanda jurnalistlərin parlamentin işini izlədikləri mətbuat mərkəzindəki monitorlarda da görünüb. Heç nə, deyirlər xakerlər eləyib.
   
   Həftə sonudu, özümə yazığım gəlir, sizin vaxtınıza da heyfim. Nə isə ürəkaçan bir mövzu gözləyirsiniz, amma ortaya nələr qoyulur. Lap minnətli olsa da, bir dənə qadınlar üçün az-çox ürəkaçan, kişilərin ən yaxşı halda neytral qalacaqları bir xəbər də yazım. Sarsaqqulu alimlər (vallah, iş-güclərini belə şeylərə sərf eləyənlərə başqa ad tapmıram) araşdırandan sonra bu qənaətə gəliblər ki, portağal xanımların həm xarici görünüşünə, həm də əhvalına çox yaxşı təsir göstərir.
   
   Deyir,Tədqiqat qrupuna rəhbərlik etmiş professor Tori Parker bildirir ki, cavan qalmaq istəyən xanımların gündə 1 portağal yeməsi vacibdir. Bunun mütəmadi təkrarlandığı halda xanımlarda ürək-damar çatışmazlığı riskinin azaldığı da sübut edilib. Bilmirəm, bəlkə də portağalsatanlar maya buraxıb, mallarını reklam elətdirir, hər halda maraqlı məsələdir. Yeyin, başınıza dönüm, portağallayın getsin. Amma düm tək-tək. Görürsünüz, alim də deyir ki, gündə bir dənə. Çox yeyərsiniz, o qədər cavanlaşarsınız ki, ya səsverməyə buraxmazlar, ya da "Olveys" əvəzinə pampers növbəsində durmaq lazım gələr. Unutmayın, düm tək-tək! (dümbələkdə müşaiyət: şart-şart!)...

TƏQVİM / ARXİV