adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Kim günahkardırsa, birinci salamı da o versin!

SAMİRƏ ƏŞRƏF
25193 | 2015-04-25 01:18

Son vaxtlar kitabla bağlı baş tutan heç bir tədbirə ayaq yormuram. Sonuncu dəfə getdiyim kitab təqdimatı Həmid Herisçinin "Solaxay" kitabının imza günü idi. Yaş baxımından nisbətən məndən böyük və dünya görmüş adamların yığışdığı ortam məni qətiyyən sıxmamışdı. Ondan əvvəl getdiyim təqdimatların bir çoxundan böyük təəssüf hissi ilə ayrılmışam. Səbəb isə çox sadə və sadə olduğu qədər də aktualdı. Belə tədbirlərin əksəriyyət qismini uzağı yüz kitab oxuyub, əlli filmə baxan şairlər, şairələr və yazarlar təşkil edir. Həmin ortamlarda mən gördüyüm səhnələri lentə almaq imkanım olsaydı, siz görərdiniz ki, ətrafda nələr baş verir.
Özlərini şax tutmuş, boynu şərfli, üzü tüklü, mütləq şəkildə eynəkli gənclər əllərində səbəbkarın kitabını tutuban bir-birilərindən azı iki metrə aralı dayanmağa cəhd edərək ətrafı dahiyanə baxışlarla süzürlər.
Necə olursa, yüz kitab oxuyan kimi bu gənclərin gözü kor olur. İllərlə kitab oxuyub, yazı yazanlar heç eynək taxmırlar. Amma bu sayaq gənclər elə yaradıcılığa başladıqları ilin ortalarında gözləri zəifləyir. Və eynəyə ehtiyac duyurlar. Bir olsa, iki olsa yenə dərd yarıdı. Nədənsə onların xeyli hissəsi bu xəstəlikdən əzab çəkirlər. Əlqərəz bir yerə vaqe olan gənclər bir-birilərini yaxşı tanısalar da salamlaşmağa ərinirlər. Hər kəs kimin birinci salam verəcəyini, hal-əhval tutacağını səbirsizliklə gözləyir. Eynilə kim günahkardırsa, birinci daşı da o, atsın məsələsi... Halbuki onlar gündə əlli dəfə misal üçün facebookda bir-biriləri ilə cikkildəşirlər. Di gəl ki, meyadana gəlib çıxanda özlərinə əl qatılar ki, bağ belə, bostan da elə.
Belə məqamlarda gözəl, uzunsaçlı, hündürboylu xanımların işi lap ürəkdağlayan olur. Onların diqqətdən kənarda qalmalarını və bunu izləmək həqiqətən də dözülməzdi.
Bir dəfə kitab təqdimatlarının birində imzası necəsə məşhurlaşmış, yazdıqları isə lətifədən ibarət olan hündürboylu, tutqun simalı, xurmayı saçlı yaraşıqlı şairə, publisist, yazar-pozar bir bacı daimi pərəstişkarlarının nəzərindən kənar düşmüşdü. Baci sözün əsl mənasında əzab çəkirdi. Onun kədərli, tənha baxışları yadıma düşəndə indi də özümü çox pis hiss edirəm. Məclis xanıma görə hədsiz intellektual olduğundan daimi pərəstişkarların, fırfıraların başı öz haylarına, şan-şöhrətlərinə qarışmışdı. Hərə bir yolla özünü çox kiçik ortamda təsdiq etməyə cəhd göstərirdi. İş elə gətirdi ki, bacı müəllifin kitabını ən axırıncı imzalatdıran şəxs oldu. Yəni onun zərif ayaqlarının inciməsinə hörmət edib irəli növbəsiz buraxan olmadı. Müəlliflə arzuladığı, gözlədiyi fotosessiya da heç cür baş tutmadı. Həmin günü xanımın facebook səhifəsi qaldı bomboş.
O gün də hörmətli şəxsin təklifini yerə salmayıb tanınmış bir yazıçının təqdimatına getdim. Ortalıqda mən dediyim gənclərdən yoxuydu. Sakitçilik idi. Müəllif də yuxarı başda əyləşib öz uşaqlıq və gənclik xatirələrini nəql edirdi. Arabir qarşısındakı badədən şərab da içirdi. Hiss olunurdu ki, müəllifin vəziyyəti yaxşıdı. Ədəbiyyatdan başqa nədən istəsəniz söhbət gedirdi. Axırda məram gəldi çıxdı erməni-müsəlman davasının üstünə. Digər çox tanınmış bir yazıçı (zatən hamısı çox tanınmışdılar) ayağa qalxıb erməniləri bir xeyli təriflədi. Nəhayət olaraq isə buyurdu ki, düşmənlər hər şeyin yaxşısına bizdən daha çox layiqdilər. Mən və digərləri quruduq qaldıq. Tərslikdən humanizmin Azərbaycanda əsaslarını qoyan yazıçı özü də işğal bölgəsindən idi. Hamı dağılışmadan müəlliflə hal-əhval edib dinməzcə aradan çıxdım. Və özümə neçənci dəfəsə söz verdim ki, bir də ayağımı belə məqsədlər üçün evdən bayıra atmayacam.



TƏQVİM / ARXİV