adalet.az header logo
  • Bakı 12°C

YAĞIŞ VƏ KÜLƏK PƏNCƏRƏNİ DÖYƏCLƏYƏNDƏ...

MƏZAHİR ƏHMƏDZADƏ
53094 | 2015-04-25 01:15
Bu, yetmişinci illərin ortalarında çəkilmiş romantik bir alman filminin adıdır, mövzuyla birbaşa əlaqəsi yoxdur, assosiativ bağlantıdır bəlkə də. Ancaq gənclik illərindən üzü bu yana hərdən-hərdən xatırlanıb unudulmursa, onda, elə indinin özündə də qeyri-adilik deyil, baxmayaraq irreal aləmlə reallıq yan-yanadır.
Sən "Yeddi oğul istərəm..." filminə baxıb "Komsomol poeması"nı xatırlamaya bilərsən. Ancaq eyni zamanda Bayıldan cənuba tərəf 40-50 kilometr keçərkən qırçın qayalıqları seyr edib "Qobustan" toplusu haqqında nələrsə düşünərsən. Bütün bunlar psixolojinin və fərdin əhval-ruhiyyəsi, onun dünyagörüşü ilə səciyyələnən situasiyalardır. Həmin filmin qəfil yada düşüb adının başlığa çevrilməsi də eləcə.
Aprelin ortalarından tutularaq yağır, yağır, yağır... Zərif çiçəkləri, yarpaqları, qanadlanmaq istəyən kəpənəkləri döyəcləyir, adamın canına hopur, ruhunu üşüdür. Ümidlə gözlənilən aprel günləri eləcə ötüb-keçir, ağır-dolu buludlarıyla səmada vurnuxur, ora-bura qaçır, nə etdiyi, nə istədiyi bilinmir. Bu çay daşqınları, dağ yamaclarındakı torpaq sürüşmələri də bir yandan. Hətta təbiətin insanlardan qisas alması haqqında mistik fikirlər də səslənir. Hər yan yaşıla, çiçəyə bürünsə də əsl bahar zövqünü duyub yaşaya bilmirsən. Bir də görəcəksən ki, artıq yay fəslidir, heç bahar... heç bahar yaşamadım... O gözəl şarkının sözləri, ruhu kimi...
Baharda yağış və küləyin pəncərəni döyəcləməsi yaxşı ovqat doğura bilməz. Baxmayaraq hər kəsin öz pəncərəsi var. Ancaq bunun fərqində olmayanlar da az deyil ki. Sevinc və kədəri hamının eyni cür yaşamadığı kimi. Baharı hər dəmdəstgahı ilə arzulayıb yaşamaq istəyinə irad tutan biganələr də olur: "Allah özü bilən məsləhətdir, yerinə-yurduna yağır..." Əlbəttə, özü bilən məsləhətdir. Ancaq biz Ondan daha artıq nə istədik ki, sən də bir qahmar çıxırsan...
Səhər günəşinə boylanan gilas, şaftalı, albalı çiçəklərinin qoxusunu canına çəkmədən baharı ötürmək, sanki bir sonbahar bənzəri yaşamaq nə qədər kədərli əhvalatdır. May günəşi, bülbül nəğməsi əvəzinə yağış və küləyin elə hey pəncərəni döyəcləməsi, səni torpaq, çəmən, gül-çiçək ətrindən yarımçıq etməsi normal düşüncəyə tərs gəlir, vallah belə alınmır. Pusquda duran "obıvatel" qardaşım, sən də peşimi burax belə havalarda. Onsuz da fikirlər dağınıq olur, emosiyalar mənfiyə yönəlir çiçəkləri duman-çiskin örtəndə. Heç sən özün də bilmirsən, nəyə görə əlin heç bir işə yatmır, özünü, sözünü nəyə görə istədiyin kimi ifadə edə bilmirsən.
Bəlkə bahar depressiyası deyilən şey budur.
Ancaq depressiya ilə natamamlıq və kədər arasında xeyli məsafə, fərqli cəhətlər də var.
Maksim Qorki deyirdi ki, kədər qiymətdən düşmüş fonddur. O, həm də yazırdı: "Kədər dünyanın üzqaralığıdır, onu məhv etmək üçün ona nifrət bəsləmək lazımdır".
A.P.Çexovun "Dərd" adlı bənzərsiz bir hekayəsi var. Ata dərddən boğulur, onun oğlu ölüb. Dərdini danışıb ürəyini boşaltmaq üçün adam axtarır. Ancaq heç kəs onu dinləmək istəmir. Qoca axşam atına yem verəndə dərddən dolub daşan ürəyini ona boşaldır. At qəmgin hekayəti "dinləyir". Qoca öz dərdini danışdıqdan sonra xeyli yüngülləşir.
Ən yaxşı yüngülləşmə üsulu məqsədə çatmaqdır. Lakin buna həmişə nail olmaq mümkünmü? Çətin, həm də anlaşılmaz məsələdir.
Yağış və külək pəncərəni zəhlətökən bir inadla döyəcləyəndə ovqat nə sevinci, nə kədəri, nə də depressiyanı tam aça bilmir. Hər şeyin tamlığı gərəkdir. Kəsir və ifrat eyni anormallıq yaradır. Bu mənada kədəri anlamaq da faciədir, anlamamaq da.
Ancaq baharın bu çağında taybatay açıq olmalıykən kip bağlanmış pəncərənin şüşələrini bu dəli külək nə qədər beləcə yalayar, yağışla döyəcləyib önündə nə qədər ulayar?
Mən belə bir ovqatla çox uzaqlara gedib çıxmaq istəmirəm. Bayırda göy guruldayır. Deməli, hələ yağış yenə yağacaq, külək yaşıl budaqların arasında yenə çırpınacaq, pəncərəmdə yalquzaq kimi səslər çıxaracaq.
Bəs nə edim? Gedib şərab içimmi, siqaret çəkimmi, yalan danışımmı?
Dahi Nazim Hikmət mən balaca uşaq olanda belə bir şeir yazmışdı:

Dənizin üstündə ala bulud,
üzündə gümüş gəmi,
içində sarı balıq,
dibində yosun.
Sahildə bir çılpaq adam
durub düşünür:
Buludmu olum,
yosunmu yoxsa?
Nə o, nə o, nə o.
Dəniz olmalı, oğlum,
Buluduyla, gəmisiylə, balığıyla,
yosunuyla!

TƏQVİM / ARXİV