adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"BiR GÖZƏL GÖRMüŞDüM KüR QIRAğINDA"

VƏSİLƏ USUBOVA
26437 | 2010-12-25 07:34

   
   -Bilirsən, nə var, Güli? İstəyirəm sənin haqqında "Ədalət"ə yazam...
   
   - Sən onsuz da mənim haqqımda çox yazmısan...
   
   -Yox. Oynadığın tamaşalardan yazanda sənin də haqqında bir-iki cümlə işlətmişəm. İndi isə... Bu, həm də mənim özümə lazımdı ey. İstəyirəm bir ötən günlərə baş vuraq.
   
   Hiss elədim ki, kədərləndi. Bilmirəm, bu "ötən günlər"də nə sehr var. Dilə gətirilən kimi hamının gözü yol çəkir. Onunsa qüssələnməyə hamıdan çox haqqı var. Çünki bu ötən günlərdə itirdiklərinin qazandıqlarından daha çox olduğunu güman edir. Ona haqq qazandırmağa çətinlik çəkirəm, qınamağa da ürəyim gəlmir. Elə bircə kəlmə "o, aktrisadır" desəm, çoxları bu ovqatın haradan qaynaqlandığını başa düşəcəkg
   
   Deyirlər, adamlar haqqında ilk təəssüratı gərək qoruyub saxlayasan. Aldadıcı olmadığına görə. Sonralar fikrini dəyişsən də, bir gün qayıdıb əvvəlki nöqtədə dayanacaqsan və köks ötürüb, "o, doğrudan da beləymiş, mən özümü aldatmışam" deyəcəksən...
   
   İlk dəfə redaksiyada, pilləkən başında görmüşdüm onu. Tanış deyildik. Salam verib redaktorun yerində olub-olmadığını soruşdu. Mənimsə diqqətimi ilk olaraq məharətlə sürmələnmiş iri qara gözləri cəlb eləmişdi. Səsi də gözləri kimiydi. Təmiz, qaynar, ürək titrədən. Sualına cavab verib ürəyimdə Kür qırağının gözəllərini bəyənməyən Molla Pənahı qınaya-qınaya pilləkəni düşürdüm. "Nə şeir qoşmalı baxışları var. Gör bu gözlər nə qədər adama getdiyi yolu da unutdurur".
   
   
   
   ***
   
   Üz-üzə, göz-gözə oturub dərdləşirik. Doğru deyirmişlər, gözlər qocalmır. Əslində, qocalıqdan söz salmaq hələ çox tezdi, amma neyləyəsən, illər öz işini görür. Tərtəmiz baxışlara bir kədər gölgəsi enir, bəbəklərdə daha tez-tez yaş gilələri parlayıb sönür. Onun həyatını mən bilirəm, axı...
   
   -Güli, balacalıqda əksər uşaqlar müəllim olmağı arzulayırlar. Necə oldu ki, sən, kənddə böyümüş bir qız aktrisa olmaq istədin?
   
   -Dönə-dönə demişəm, çox vaxt da mənə inanmırlar. Mən bu sənətə təsadüfən gəlmişəm. Arzum həkim olmaq idi. Düzdü, hələ məktəb illərində teatr tamaşalarında oynayırdım. İlk rolum Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasında Zeynəb obrazı olub... Məktəbi bitirəndən sonra sənədlərimi Tibb İnstitutuna verdim, qəbul oluna bilmədim. Qayıdıb kolxozda işləməyə başladım. Komsomol təşkilatı katibi seçildim. Sonra kənd mədəniyyət evinin direktorluğunu təklif etdilər. Əvvəlcə razı olmadım, sonra yola gəldim. Burada da tamaşalarda çıxış eləməyə başladım. Yavaş-yavaş bu sənətə alışırdım... Tədbirlərə qatılır, məktəbləri, kolxozları gəzirdik. Bir gün məni A. İsgəndərov adına Sabirabad xalq teatrına işləməyə dəvət etdilər...
   
   Doğrudanmı, insan ömrünün səmtini təsadüflər yönləndirir. Bu da hələ isbatını tapmamış fərziyyələrdəndir. Bir müddət keçəndən sonra hiss edirsən ki, başqa cür ola bilməzdi, sən elə belə də yaşamalıydın. Rayon teatrında neçə-neçə nəslin gözü qabağında saysız-hesabsız obrazlar yaradıb Güldərən Azayeva. Qeybulla Rəsulovun "Əlvida, Hindistan" pyesində Şəcərət, Miryusif Mirnəsiroğlunun "Qürbət diyarda" əsərində Süsən, Ağası Məşədibəyovun "Toy kimindir" komediyasında Mirvari, Əbil Yusifovun "Odlar içində" əsərində Azadə, S.S.Axundovun "Tamahkar" pyesində Nabat, Altay Məmmədovun "Həmyerlilər" əsərində Zeynəb, Seyfəddin Dağlının "Bekarçılıq kontoru" əsərində Nailə, Cəfər Cabbarlının "Aydın" pyesində Gültəkin, Suzanna, Şıxəli Qurbanovun "Özümüz bilərik" komediyasında Nailə, Səid Rüstəmovun "Durna" musiqili komediyasında Lalə, Bəxtiyar Vahabzadənin "Qızıl alma" əsərində Aysel, Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında Gülpəri, Rəfael Hüseynovun "1109 nömrəli məhbus" əsərində Dilbər, Orxan Kamalın "Yad qızı" əsərində Nazan... Bir-birindən fərqli neçə-neçə qadın obrazı. Aralarında ağıllısı da var, avamı da, ciddisi də var, şıltağı da, bəxtəvərlikdən qanad taxıb uçanı da var, aldadılıb atılanı da, gözü yolda qalanı dagDeyir ki, bir obraz kimi ürəyimə ən yaxını, daha doğrusu, ən çox ürəyimi ağrıdanı Səməd Vurğunun "Vaqif" dramındakı Xuramandı. Bütün dövrlərdə xuramanlar olub, bundan sonra da olacaq. Xuramanın aldanışından, xəyanətindən ən çox sarsılan da Vaqifdi, ona ən düzgün qiyməti verən də...
   
   
   
   İnsan! O müqəddəs bir kainatdır!
   
   O saf qəlbi pozan yalnız həyatdır!
   
   
   
   Səhnədə çox qadın obrazları yaratsa da, həyatda bir obrazı yarada bilmədi bu istedadlı xanım. Bir ailə ocağının başında oturan ömür yoldaşı rolunu. Bununsa günahı onun özündə deyil. Azərbaycanın məşhur aktrisa və müğənni qadınlarının ötən əsrin 20-30-cu illərdə yaşadığı təqibləri Güldərən 70-80-ci illərdə yaşadı. Onu da tamaşadan sonra sənət dostları teatrın arxa qapısından xəlvətcə evinə ötürürdülər. Deyir, küçəyə çıxanda cavanlar oynadığım obrazların dilindən öyrəndiklərini təkrarlayıb mənə sataşırdılar. Hələ ərlərinin, oğullarının gözlərini dəsmalla bağlamağa hazır olan ev qadınları onun qarasınca nələr danışmırdılar. "Mədəni-maarif" jurnalının 2009-cu il noyabr nömrəsi qarşımdadı. Burada aktrisanın sənət dostu, həm də jurnalın bölgə müxbiri Mahir Əbilovun yazısı dərc olunub. Müəllif yazır: Mən 25 il Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsində çalışdığım üçün onun çoxlu sayda tamaşalarında tamaşaçı kimi iştirak etmişəm. Qadın aktrisaların sənətdə dözümü baxımından bu teatrda Güldərən Azayeva qədər duruş gətirən ikinci bir qadın tanımıram. Onun səhnə taleyi çətinliklərlə dolu bir ömür yoludur".
   
   Kür qırağındakı Çölbeşdəli kəndində dünyaya göz açan körpəyə Güldərən adını verəndə elə bildilər ki, bu gözəl-göyçək qızcığazın gün-güzəranı ömür yollarında gül dərməklə keçəcək. Taleyin qələmi öz bildiyini yazıb həmişə. Arabir lütf göstərib könül almağı da var. Güldərənin Aynuru on birinci sinifdə oxuyur. Arabir tamaşalarda uşaq rollarını ifa eləsə də, hələ öz yolunu müəyyənləşdirməyib...
   
   O, küçədə görünəndə elə bilirsən rayonun quru, sərt havası da mülayimləşir. Onunla xoş üzlə salamlaşır, hal-əhval tuturlar. Bu, həmişə belə olmayıb. Dəyişən odur ki, daha ona sataşanlar, replika atanlar özləri də yaşa dolub, ağıllanıblar. İndi onun hörmətini saxlayır, diqqət göstərirlər. Dünən küçələrdə veyllənirdilər, indi həyat qayğılarında itib-batıblar. Cavanlarsa, artıq dünyanı başqa rəngdə görürlər. Amma bu ona qətiyyən təsəlli deyil, arxada o qədər şeylər qaldı ki,g
   
   -Paytaxt teatrlarından dönə-dönə dəvətlər aldım. Getmədim...
   
   -Peşimansan?
   
   -Əlbəttə. Çox peşimanamg
   
   -Elə bilirsən, gedəndə bəxtini burda qoyub gedəcəkdin?
   
   -Düz deyirsən...
   
   
   
   ***
   
   Gələn il onun səhnə fəaliyyətinin düz qırx ili tamam olur. İndiyədək beş-on Fəxri fərman və tərifnamədən başqa heç nə görməyib. Bütün könül istəklərini sənətinə qurban verən gözəl qadın və istedadlı aktrisa üçün bunlar çox az deyilmi?!..
   
   Söhbətimizin üstünə teatrın rejissoru Seyidməmməd Əliyev də gəlib çıxır. Bu adamların sənət naminə fədakarlığı və nələri qurban vermələrinin canlı şahidiyəm mən. Soruşuram ki, bu keçdiyiniz yoldan sizə nə qaldı?!
   
   -Ancaq alqışlarg- Seyidməmməd deyir bunu.
   
   -Alqışlar kəsiləndən sonra səslər yoxa çıxır, axı. Necə yadda qala bilər?
   
   -Yox, qalır. Lap yuxularımıza da girir.
   
   - Bəs, Güli sənin yadında necə qalacaq?
   
   -Bənzərsiz və müqayisəolunmaz... Ona heç nəyi öyrətmək lazım gəlmirdi...
   
   Bunları sözgəlişi deyirəm. Hələ qarşıda o qədər tamaşalar, rollar var ki...g
   
   
   
   ***
   
   Güldərənin bir tamaşasını da görmüşəm mən. Görmüşəm və ömürlük yaddaşıma hopdurmuşam. Elə tamaşa ki, bir aktyoru, bir tamaşaçısı vardı. Oynayan o idi, baxan mən. Biz uzun illər bir binada yaşamışıq. Hər axşamçağı Güli işdən qayıdanda qucağında bir dəstə gül olardı. Qızımla oğlum uşaqlardan ayrılıb onun qabağına yüyürərdülər, gülləri alıb evə qaçar, suya qoyub təzədən həyətə düşərdilər. Hərdən uşaqlara acıqlanırdım: "Hər dəfə yüyürürsüz, nə bilirsiz ki, Güli yenə gülnən gələcək?!" Ancaq o hər gün qucağında gül dəstəsi univermağın tinindən çıxırdı vəg balalarım ona tərəf qaçırdılar...gİndi bunu ikimiz də göz yaşları içində xatırlayırıq...
   
   Güli, əgər bilsəydin o mənzərəni görməkdən ötrü indi mən nələrdən keçərdim?!.. Gün gələcək, layiq olduğun mükafatı alacaqsan. Onda səni təbrik də edəcəklər, gül dəstələri də bağışlayacaqlar. Bilirəm ki, həmin anda qara gözlərin adamların arasında o balaca bacı-qardaşı axtaracaq. Görməyəndə bəbəklərində qaynayan yaşı gizlətməkçin gülümsəyəcəksən də. Axı, sən aktrisasan! Həyatda da, səhnədə də göz yaşlarıyla gülüşün əkiz olduğunu hamıdan yaxşı bilirsən!

TƏQVİM / ARXİV