adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

HƏYATI çƏKƏN VƏ OYNAYAN ADAM...

BABƏK YUSİFOĞLU
32236 | 2010-12-21 05:49
Həyatda normal insanlıq duyğularına malik hər kəs doğma saydığı, sevdiyi adamların ölümünə ürəkdən kədərlənir, üzülür. Bundan təbii nə ola bilər ki?.. İnsanlar itirdiklərinə sevinmirlər...
   
   Amma elə şəxslər də var ki, yaxının, doğman, olmasa da, hətta şəxsi münasibətlərdə bulumasan belə onların dünyadan köç etməsindən təsirlənməyə bilmirsən. Bu fikir, bu duyğusallıq kimlərəsə anlaşılmaz, qeyri-səmimi görünə, ya "müasir təfəkkür" tərzinə uyğun hesab edilməyə bilər, amma mən gerçəkləri deyirəm. Kədər, üzüntü, sevinc, sevgi... də insanın bir parçasıdı...
   
   Mən (inanıram ki, çoxları) Ziya ül-Həqqin, Turqut Özalın qəzasından xəbərdar olanda da, Əbülfəz Elçibəyin, Rəşid Behbudovun, Valentina Talkunovanın, Rac Kapurun... ölüm xəbərini öyrənəndə də ürəyim qəribə bir kədərlə sıxılıb, ovqatım dəyişib, çox təsirlənmişəm. Və sadaladığım və sadalamadığım bu qəbil şəxsiyyətlərin hamısı haqqında nə vaxtsa yazmağı, onları tanımayanlara tanıtmağı, tanıyanlara isə bir daha xatırlatmağı düşünmüşəm. Bəziləri haqında artıq yazmışam, bir qismi var ki, yazmağa hazır deyiləm. Bu dəfə isə 1950-60-70-ci iilərdə hər kəsin dilində olan, tamaşaçıların sevimlisinə çevrilən, həmin dövrün haqsızlıqlarını, cəmiyyətin eybəcərliklərini, əzablarını... - bütövlükdə həyatın bütün qatlarını məharətlə ekranlarda dünyaya göstərən məşhur hind aktyoru, rejissoru Rac Kapur haqqında söhbət açmaq istəyirəm. O, Rac Kapur haqqında ki, bir rejissor, bir aktyor, nəhayət möhtəşəm sənətkar kimi xatırlatdığım həmin illərin insanlarının yaddaşına həkk olub, yeniyetməlik, gənclik xatirələrinin bir hissəsinə çevrilib.
   
   Nəslin Racdan əvvəlki nümayəndələrinə nəzər salanda onun da kino sənətinə, aktyorluğa meyl salmasına təbii baxmaq lazımdır. Çünki Racın babası 19-cu əsrin sonları, 20-ci əsrin əvvələrində feodalizmin hələ qatı mərhələsini yaşayan Hindistan kimi ölkədə aktyorluq sənəti ilə məşğul olmuşdu. Məhəllə teatrlarında, truppalarda çıxış etmişdi. Atası Pritxvirac Kapur da bu yolu getmiş, amma atasından fərqli olaraq daha uğurlu işlərə imza ata bilmişdi. Pritxviracın əmisi oğlu Surinder Kapur da dövrünün sayılan rejissorlarından, senaristlərindən, kino istehsalçılarından biri olub. Onlar Peşəvərdən (Pakistan) Bombeyə köçəndə 1927-ci il idi. Bir müddət sonra böyük Kapur Hindistanın mədəniyyət mərkəzlərdən biri sayılan Bombeydə bir teatr - "Pritxvi-tietrs"i yaratmış və eyni zamanda bu sənət ocağının baş rejissorluğunu da etmişdi. Amma deyərdim ki, Pritxviracın ən böyük başarısı övladlarını, xüsusilə də Racı bir aktyor kimi yetişdirməsi idi. Dünya ekranlarını fəth edən Rac sonralar yazacaqdı: "Biz atamızın yanında sənəti, aktyorluğu sevdik..."
   
   
   
   RAC KAPUR
   
   
   
   1924-cü il, 14 dekabrda anadan oldu. Və belə demək olar ki, onun səhnəyə gəlişi çox erkən yaşlarında başladı. Yəni Rac ilk dəfə tamaşaçılar qarşısına çıxanda onun cəmi 6 yaşı vardı. "Pritxvi-tietrs"də yüzlərlə aktyor-işçi çalışsa da Pritxvirac ən sərt şərtlərini, tələblərini oğlanlarına - Raca, Şammiyə və Şaşiyə qarşı qoyardı. Bu üzdən də Racın boynuna teatriın bütün işlərinə çiyin vermək düşərdi - fəhləlik, xidmətçilik, işıqçılıq... Artıq 14 yaşına çatanda yeniyetmə hər kəsi heyrətləndirəcək bacarığı ilə seçilməyə başladı. Teatrın peşəkar aktyorlaından birinə çevrildi. Amma o yalnız teatrdakı işləri ilə kifayətlənmək fikrində deyildi. Atasından fərqli olaraq daha dinamik, daha böyük auditoriyanı əhatə edə biləcək işlər haqqında düşünməyə başlamışdı. Və ilk dəfə 1935-ci ildə "İnqilab" filmindəki oynadığı kiçik bir rol Racın kino sənətinə qırılmaz tellərlə bağlanmasına səbəb oldu. Ardınca da bu istək tezliklə onu "Bombey-tokiz" kinostudiyasında rejissor köməkçisi vəzifəsinə gətirdi. Lakin bununla bərabər o, teatrdakı aktyorluğunu da davam etdirməkdəydi.
   
   Taleyinsə onun üçün cızdığı yol vardı... 1945-ci il idi. Atasının tapşırığı ilə bir teatr layihəsinin müzakirəsi üçün o vaxt tanınmış aktrisa sayılan Caddanbayın evinə getdi və elə evin kandarında qarşısına çıxan gözəl bir qız Racı çaşqınlıq içərisində buraxdı. Bu Caddanbayın qızı Nərgiz idi. İllər ötəndən sonra Rac Kapur bu görüş haqqında belə deyəcəkdi: "Bizim görüşümüz Tanrı tərəfindən təyin edilmişdi". Həqiqətən də bu tanışlıq onları yaradıcılıq işlərində də birləşdirdi və qısa zaman içərisində gənclərin arasında böyük məhəbbət romanı başladı. Onlar artıq hər yerdə birgə görünürdülər. Bir il sonra Rac rejissor kimi özünün ilk filmini - "Od"u çəkdi, baş rolları da 18 yaşı təzəcə tamam olan Nərgizlə bərabər ifa etdilər. Və film gözlənildiyindən də yaxşı qarşılandı. Həm tamaşaçılar, həm də tənqidçilər lenti alqışladılar. Elə bu uğur da Racı şəxsi kinostudiya - "Rac kapur films"i yaratmağa həvəsləndirdi. Amma bi çox çətinliklə başa gəldi.
   
   Əsl aktyorlara malik üz cizgiləri, səhnə manerası, daxili aləmini sözlərsiz tamaşaçıya çatdıra bilən baxışları, bənzərsiz hərəkətləri... ilə oynadığı obrazları hər kəsə sevdirən Rac Kapur həmin günləri belə xatırlayırdı: "Yeni yaranmış studiyada adam çatışmazlığı üzündən gecə-gündüz işləyirdik. Yemək yeməyi, dincəlməyi tez-tez unudurduq. Rəssamlarımız, bəstəkarlarımız, fəhlələr, işıqçılar kütləvi səhnələrdə, kiçik rollarda iştirak edirdilər. Çox işi elə özümüz görürdük..." Rac isə həm rejissor idi, həm baş rol ifaçısı, həm prodüsser, həm ssenarist, həm də administrator. Bütün bu işlərdə isə Nərgiz ona kömək edirdi. İkinci filmi - "Yağışlar mövsümü" də səs-küy yaratdı.
   
   Bu dövrlərdə onun şəxsi həyatında da dəyişikliklər oldu. Onun evdən kənarda sürdüyü həyat tərzinə baxmayaraq 1946-cı ildə atasının yaxın qohumlarından biri ilə - Krişna adlı qızla evləndi. Və bu haqda danışanlar qeyd edirlər ki, Krişna onun həyatında gözəl həyat yoldaşı, əvəzsiz ana, ev işlərini idarə edən bir xanım oldu. Onların həyatı sonadək birgə davam etdi. Racın bu nigahdan beş övladı - üç oğlu, iki qızı dünyaya gəldi: Rita Nanda (Kapur), Randhir, Rişi, Radciv və Rima Cayn (Kapur). Qeyd edək ki, hind kinosu uzun illər əsasən Kapur dinastiyası tərəfindən idarə olunub.
   
   
   
   "AVARA"
   
   
   
   Hindistan artıq yeni bir istedadın gəldiyindən xəbərdar olmağa başlamışdı. Adamlar, kinotənqidçiləri tez-tez ondan danışırdılar. Amma hələ heç kim inanmırdı ki, bu gəncin növbəti əsəri bir partlayış olacaq. Bu axı Rac Kapurun çəkdiyi cəmi üçüncü film idi. Həm də əsərin lentə alınması çox böyük çətinliklərlə müşayiət olunurdu. Ən mürəkkəb işlərdən biri də filmdəki hakim Raqunatı - Racın atasını oynayacaq aktyoru tapmaq idi. Çətinliklə olsa da Pritxviracı rolu ifa etməyə razı sala bilmişdilər. Filmin çəkilişləri üç ildən çox sürdü. Bir çox səhnələri çəkmək üçün məhşur kinopavlionlardan istifadə olundu. Və xeyli pul xərcləndiyi üzündən filmin finalını hazırlamağa pul çatmadı. Buna görə də həm Rac, həm də Nərgiz başqa kinostudiyaların bir neçə filmdə çəkilməyə məcbur qaldılar. Nəhayət hind kinosunun şedevri sayılan "Avara" ərsəyə gəldi. Amma onun səsi-sorağı qısa müddət ərzində bütün dünyanı bürüdü. Rac Kapura dünya şöhrəti gətirdi.
   
   Əslində Rac Kapurun o dövr üçün ən çox gəlir gətirən qorxu və ya kəskin süjetli macəra, müharibə... filmlərindən fərqli olaraq cəmiyyətin eybəcərliklərindən, ictimai problemlərdən bəhs edən bir mövzuya girişməsi risq idi. Çünki bu qədər vəsait, böyük zəhmət, uzun zaman sərf olunmuş əsərin iflasını təsəvvür etmək çətin deyildi. Amma Rac Kapurun fitri istedadı, aktyorluq bacarığı, rejissorluq məharəti, eləcə də Nərgizin, təcrübəli Pritxviracın... gözəl aktyor oyunları hər şeyin öhdəsindən gəldi. "Avara" dünya ekranlarında nümayişinə görə rekord qazanan filmlər sırasındadır. Hətta Azərbaycanda belə yaşı 1960-70-ci illərə düşən elə adam tapmaq olmaz ki, bu filmi izləməmiş olsun. Rac Kapur bu filmlə Kann kinofestivalının mükafatçısı oldu. Bombeyin bu gənc, balaca studiyası dünyanın bir çox ölkələrindən gələn turistlərin məkanına çevrildi. Nüfuzlu nəşrlər gənc Rac haqqında yazmağa başladılar.
   
   1955-ci ildə Rac Kapurun bənzər motivdə daha bir əsəri ekranlarda göründü - "Cənab -420". Tənqidçilərin "Avara"nın başqa bir variantı kimi qiymətləndirdikləri bu satirik kinokomediya da alqışlarla qarşılandı. Yeri gəlmişkən, bu film Benql Kinojurnalistlər Assosiasiyasının doqquz mükafatına layiq görülüb. Onun ardınca, 1956-cı ildə ekranlaşdırdığı "Gecənin zülmətində" Karlova Vardakı kinofestivalda "Büllur qlobus" mükafatı aldı. Beynəlxalq arenada qazandığı uğurlarından yazanlar Rac Kapuru tez-tez məşhur Çarli Çaplinlə müqayisə edirdilər. Bu hindlinin jestlərini, ürkək, inamsız, utancaq səhnə hərəkətlərini, yazıqlıq ifadə edən baxışlarını... Çarliyə bənzədirdilər. Məşhur fransız kinoşünas və tənqidçi Jorj Sadul yazırdı ki, hər iki aktyor öz hərəkətləri ilə bədbəxt, səmimi, sadədil qəhrəmanlarını tamaşaçılara inanılmaz dərəcədə sevdirə bilirlər. Bu obrazlar xaraktercə çox oxşardılar.
   
   
   
   NƏRGİZ GETDİ
   
   VƏ SONRA...
   
   
   
   Bütün bunlardan sonra Racın həyatında gözlənilməz dəyişikliklər oldu. Aktyorun həyatına qəfildən daxil olan, bütün işlərində Raca dəstək verən Nərgiz elə gözlənilmədən də onun həyatından çəkilib getdi, başqa birisi ilə evləndi və həmişəlik olaraq Racdan ayrıldı. Belə bir qeyri-adi birliyin sona çatması, əslində bu məşhur rejissorun və aktyorun yaradıcılığında bütöv bir epoxanın başa çatması idi. Bu hadisənin əlamətləri zahirən ətrafa bildirilməsə də əksər adamlar bundan sonra çox şeyin dəyişəcəyini bilirdilər. Elə belə də oldu. Onun kino həyatında yeni bir ulduz göründü - Padmini. Racınsa köhnə dostlaının "gəmi"ni tərk edib getməsi yalnız Nərgizlə bitmədi. Bir neçə ildən sonra onun dostluğuna, yaradıcılığına çox dəyər verdiyi ssenarist, rejissor X.A. Abbasla da yolları ayrıldı. Məhz bu dövrlər idi ki, Rac Kapur artıq hiss edirdi ki, onun filmləri - "idealizm epoxasının "övladları" irəliyə qaçan zamanın fonunda sürətlə yox olur".
   
   Rac Kapurun yaradıcılığında xüsusi yeri olan, onun şöhrətinin üstünə şöhrət gətirən filmlər sırasında "Qanq axan ölkədə", "Sanqam", "Bobbi", "Gümüş və qızıl", "Mənim adım kloundur"... filmləri də hind kino tarixinə düşən əsərlərdən hesab edilir. "Mənim adım kloundur" lenti Rac kapurun yeni ideyalarını əks etdirən əsər hesab olunmaqla yanaşı inanılmaz uğur qazandı. 1973-cü ildə çəkdiyi "Bobbi" filmi də inanılmaz nəticələr əldə etdi. Təkcə onu demək kifayətdir ki, elə həmin il filmin gəliri rekord qazandı. Lakin uğur heç vaxt, heç kəsin daimi dostu olmayıb. Bir neçə ildən sonra Rac Kapurun bütün işləri tərs getməyə başladı. Onun illərlə qurduğu nəhəg "Rac Kapur filmz" kinostudiyasının özəyini təşkil edən istedadların... əsl iflası başladı. Elə bil hər şey, bütün itgilər qəsdən ardıcıl sıralanmışdı. Abbas tam müflisləşdi, filmlərdəki mahnılar üçün mətnlər yazan şair dostu Sxailendra intihar etdi, musiqilərin müəllifi, bəstəkar Cankişan gözlənilmədən öldü, Kapurun ən etibarlı həmkarı Şamkar kinostudiyadan getdi. "Rac Kapur filmz"in xoşbəxt vaxtları keçmişə köçdü... Ümumiyyətlə, Rac Kapur 70-dən çox filmə öz möhürünü vurub.
   
   Onu Azərbaycanda da yaxşı tanıyırlar və sevirlər. Çoxlarının yaddaşında Racın qəribə təbəssümü, kədərli və mənalı baxışları həmişəlik yuva salıb. Bəlkə də ona qarşı bu qədər isti münasibətin, məhəbbətin bir nədəni də onunla bağlıdı ki, Rac Kapur Azərbaycanı tanıyırdı, Bakıya gəlmişdi, böyük müğənni Rəşid Behbudovla dostluq edirdi, bizim müsiqimizə valeh idi. Hələ indi də bu iki möhtəşəm sənətkarın dostluğunun, yaxın münasibətlərinin şahidi olanlar az deyil. Doğrudanda Racla bağlı bu xatirələrin hər birinin öz gözəlliyi var. Həmin dostluq haqqında eşitdiklərimdən biri daha çox təsirlidir. Deyirlər, Rəşid Behbudov 1988-ci ildə Racın xəstə yatdığını öyrənədən sonra Bombeyə gedib. Onların görüşü Kapurların nəhəng, gözəl evində olub. Amma Rac xəstəliyi üzündən ayağa qalxa bilmədiyi üçün hind qonaqpərvərliyindəki qaydalara uyğun olaraq ayağa qalxıb hörmətli qonağını qaşılaya bilməyib, çox təsirlənib. Lakin Rəşidə olan hörmətini, bu ziyarətə verdiyi dəyəri ifadə etmək üçün möhtəşəm aktyor onun əlindən öpüb...
   
   HİND EKRANININ KRALI VƏ SON...
   
   
   
   Rac uzun illər Hindistanın ən sevimli aktyoru, rejissoru olaraq qaldı. Hind kinosuna dünya şöhrəti qazandırdı, neçə-neçə beynəlxalq mükafatı Vətəninə gətirdi, milyonlarla insanın yaddaşında Rac Kapur obrazını əbədiləşdirdi. Hindistanda heç bir sənətçinin qazana bilmədiyi uğurlara sahib oldu. Bütün xidmətlərinə görə, hakimiyyət dairələrində də Rac Kapura böyük diqqətlə, məhəbbətlə yanaşırdılar. Hətta Cəvahirləl Nerunun özü belə zarafatla sevdiyi aktyora tez-tez deyərmiş ki, Racın onun şöhrətini əlindən alacağından qorxur. 1988-ci ildə Rac Kapur ölkədə hind kinematoqrafiyasının əsasını qoyan D.Pxalke adlna mükafata layiq görüldü. Məlumat üçün onu da qeyd edim ki, bu, Hindistanın ən dəyərli, ən hörmətli kinomükafatı sayılır...
   
   Tanrı bəlkə də ona elə aktyor kimi də ölüm bəxş etmişdi. Çünki Tanrının özündən başqa heç kim bilmirdi ki, hadisələr necə davam edəcək...
   
   ...1988-ci il, 2 may, onun sevincinin həddi-hüdudu yoxdur. Çünki bu gün vətənində əməyinin mükafatını ona təqdim edəcəklər. Rac tədbirə həyəcanla hazırlaşır. Amma bir qədər sonra o özünü narahat hiss etməyə başlayır. Bəs necə olsun?.. O, belə bir günü buraxmamağa qərar verir və tədbirə yollanır. Budur, təntənəli tədbir başlayır və Racın üzündə hamımızın dəfələrlə gördüyümüz mənalı təbəssüm "Siri Fort" salonunda görünür. Hindistanın prezidenti R. Verkataraman xüsusi hörmət əlaməti olaraq mükafatı şəxsən təqdim etmək üçün tribunadan düşüb gurultulu alqışlar sədası altında Rac Kapura yaxınlaşır. Saniyələr sonra... Heç kimin gözləmədiyi bir hadisə baş verir. Bu zaman astmanın ağır tutması nəticəsində böyük aktyor huşunu itirərək yerə yıxılır. Hamı təlaş, çaşqınlıq içərisindədir. Yaxındakılar bir anlıq nə edəcəklərini bilmirlər. Ara qarışır, onu təcili xəstəxanaya aparırlar...
   
   Minlərlə insan ölümlə əlləşən xəstəxananın qaşısından çəkilmirlər. Hamı bu böyük aktyorun həyatı üçün həyəcan keçirir. Ölkənin hər yerində Racsevərlər informasiya vasitələrini intizarla izləyirlər. Ondan ötrü dualar edirlər... Amma dünyanın əzəli və əbədi qanunu dəyişməyəcək. Bir gələn, bir gün də mütləq gedəcək. Kim olursa-olsun. Həmin hadisədən düz bir ay sonra, 2 iyunda Rac Kapur da bu dünyaya gözlərini əbədi yumdu. Əslində Rac Kapurun ölmü ilə hind kinosunun bütövlükdə bir epoxası sona çatdı.
   
   Onun haqqında belə deyirdilər: Rac Kapur hind ekranının kralıdır.
   
   
   
   

TƏQVİM / ARXİV