adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MANQURTLUğUN EYNiSi

VƏSİLƏ USUBOVA
31303 | 2010-12-18 06:20
Qorxunun gözü böyük olar, demişlər. Adamın qorxduğu şeylər haqqında çox düşünməsi, çox danışması da tamamilə təbiidi. Bir də deyiblər ki, qorxan gözə çöp düşər. Ehtiyatlandığın, vahiməsini canında gəzdirdiyin şeylər bir gün başına gəlməlidi. Yəqin, bizdən əvvəl bunu yaşayanlar dəfələrlə sınaqdan keçirib, əmin olublar.
   
   Ağlım kəsəndən maddi olan heç bir şeyin əyər-əskiyindən qorxmamışam. Əksinə, hamı kimi nələrinsə yoxluğunu, çatışmazlığını öz gündəlik həyatımda hiss eləmək, bu məhrumiyyətin qarşılığı olaraq qəlbən bir az da zənginləşdiyimi, bərkidiyimi anlamaq qəribə həzzlər yaradıb məndə. Bir islaq yarpaq üstündə cilvələnən rəngləri, gözəllikləri göz dolusu seyr eləmək dünyanın hər cür sərvətindən artıq riqqət, şirinlik verib ruhuma. Həmişə Tanrının bəxş elədiyi özəlliklərimlə tox olmuşam, öyünmüşəm və inanmışam ki, bütün bunları uca Yaradanın özündən başqa kimsə əlimdən ala bilməz. Bu düyğularla da özümü həmişə güclü və azad hiss eləmişəm. Ancaqg həmişə qorxduğum bircə şey olub. Onun da adını birdən-birə çəkməyəcəyəm...g
   
   "Kimin SSRİ-nin dağılmasına ürəyi ağrımırsa, onun ürəyi yoxdur, kim fikirləşirsə ki, onu təzədən bərpa etmək olar, onun başı yoxdur". Kim bilir, keçmiş vətənimiz haqqında bundan belə nə qədər fərqli fikirlər söylənəcək, mülahizələr, mübahisələr ortaya gələcək. Mənə görə, indiyədək bundan dəqiqi və səmimisi deyilməyib. Bilirsiniz, SSRİ dağılandan sonra baş verən hadisələr içərisində məni ən çox nə qorxutdu?! Müxtəlif təriqət və məzhəb sahiblərinin canlanıb çoxalması, mürtəce din xadimlərinin fəallaşması. Sovet dövründə belə hallara yol verilmədiyindən ancaq dinə sadiq şəxslər öz etiqadlarını yaşadıb, ibadətlərini edirdilər. Dini təbliğat, başqalarına müxtəlif yollarla təsir göstərmək qadağan idi.
   
   Gözümü açandan elat adamını başını aşağı salıb öz iş-gücü, gündəlik qayğıları ilə məşğul olan görmüşəm. Ancaq ahıllar oruc tutub, namaz qılar, vacib dini ayinlərə əməl edərdilər. Başqa kəndlərlə müqayisədə bizimkilər hər cür fanatizmdən uzaq idilər. Bununla belə, şəriət qanunlarının müsəlman qadınlarına yaşatdığı mənəvi işgəncələri ağlı başında olan, ağı qaradan seçməyi bacaran hər bir qız-qadın anlamaya bilməzdi. Və yaşa dolduqca tarixinmi deyim, taleyinmi deyim, ömrümüzə yazdığı qisməti saf-çürük edib müəyyən qənaətlərə gəlməyə başladım. İki əsr bundan əvvəl baş verənləri nə qədər lənətləsəm də, sonda şükr edirdim ki, nə yaxşı taleyimə Arazın o tayında yaşamaq düşməyib. Yoxsa...g Bu yoxsanın açmasında o qədər şeylər gizlənir ki,g keşkə hamısını yazmaq, dilə gətirmək imkanım olsaydı. Yetmişinci illərin axırlarında İranda baş verənlərdən o qədər sarsılmışdım ki, elə bilirdim, cənub tərəfdə günəşin qabağına nəhəng bir qara pərdə çəkiblər...
   
   Ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğu məndən ötrü ən böyük nailiyytimizdi. Qəlbən, ruhən azad olan insanı heç bir maddi ehtiyac əyə, sındıra bilməz. Amma deyəsən, arada özümün özümə gözüm dəyir. Son günlər təzədən ortalığa atılmış baş örtüyü söhbəti qanımı bərk qaraldıb. Bilmirəm, bu insanlar nəyin qarasınca düşüblər. Bu hicab taxanlar, təsbeh şaqqıldadanlar, ömrünün ən enerjili vaxtlarını məscidlərdə keçirənlər nəyi sübut eləmək istəyirlər?! Bəlkə demək istəyirlər ki, ey yerdə qalanlar, baxın, biz sizlərdən daha çox Tanrıya yaxınıq, daha əxlaqlı və tərbiyəliyik. Cənnətin qapıları taybatay açılıb bizə "gəl-gəl" deyir...
   
   Bu günlərdə "Cəmiyyət və din" qəzetinin bir nömrəsi əlimə keçmişdi. Həmin nömrədə Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovla müsahibə dərc ounmuşdu. Elə ilk suala cavabını "Hər şeydən öncə, istərdim xatırladam ki, mən fizikəm və mənim professional fəaliyyətim müasir biliklər çərçivəsində məşhur qanunlarla kifayət qədər təsbit olunmuş, təsdiqini tapmış obyektiv gerçəkliklə bağlıdır" cümləsi ilə başlayan Mahmud müəllim " mən insanın mənəvi keyfiyyətləri ilə dindarlıq, möminlik arasında birbaşa əlaqə görmürəm" deyir. Və hamımızın qorxduğu hədəfə vurur: "gDini fanatizmə gəldikdə isə bu ekstremizmə və terrorizmə aparan həlqənin başlanğıcında dayanan qorxulu amildir".
   
   Mənsə, bundan da dəhşətlisindən qorxuram. Hicablı qadınları, qızları görəndə həmişə yadıma Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanındakı manqurt obrazı düşür. (Elə buradaca qeyd eləyim ki, Nayman Ananın kədəri həmişə canımda gəzdirdiyim ağrılardandır. Onun yaddaşı məhv edilmiş oğlunun başını dizləri üstünə qoyub layla çaldığı səhnə insan vəhşiliklərinə, müharibə və zorakılıqlara qarşı ən güclü etirazdı. Bütün müharibə ağrıları anaların canından keçir). Diqqətli oxucu yaxşı bilir ki, juan-juanlar əsir götürdükləri adamların saçlarını təmiz-təmiz qırxıb təzə kəsilmiş dəvənin qursağını isti-isti başlarına keçirir, quruyanadək qızmar günün altında saxlayırdılar. "Başına belə iş gətirilən adam ya işgəncələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt olurmuş-yəni keçmişini xatırlaya bilməyən qula çevrilirmişg"Bu barədə düşünməyin özü varlığını məngənə kimi sıxır. Gör, bu uca göylərin altında insan oğlu öz həmcinsinin başına nə oyunlar gətirir...g Nə üçün?! Nəyin naminə?! Deyəsən, əsrlər, min illər ötdükcə, nəsillər elə bu sualın cavabını axtara-axtara bir-birini əvəz edəcək
   
   Bilmirəm, islam dininin yarandığı ölkələrdə vəziyyət necədi, ərəb ölkələrində qadınlar necə geyinir, nəyə bürünürlər?! Deyəsən, oralarda bizdəki kimi canfəşanlıq yoxdu, axı,g Deyirəm də, yaddaşımız olsa, belə eləmərik. Heç olmasa, "Dədə Qorqud" boylarını oxusaq, heç kəs başımıza torba keçirə bilməz...
   
   Qəribə millətik, vallah. Ən axmaq qadın da başını örtəndə ona namus, ləyaqət mücəssəməsi kimi baxırıq. Halbuki bütün örtüklər, qapanmalar riyakarlığın, maskalanmanın sinonimidi. Öz xoşuna baş örtənlərin çoxu orijinallıq nümayiş elətdirmək istəyir. Tənbəllərin də işinə yarayır. İstəyirsən aylarla başını yuma, həftələrlə saçını darama. Kim görəcək?!
   
   Bu nə geri qayıtmaqdı, bilmirəm. Hələ ötən əsrin 20-30-cu illərində azərbaycanlı qızlardan hətta təyyarəçilər yetişmişdi. İndi 2-3 nəfər idmançı qadınlarımızın adını güclə çəkərsən. Doğrudanmı, biz səriyyələrin, sevillərin faciəsini təzədən yaşayacağıq?!
   
   Billə-bilə özünü "səyyar məhbəs"ə salanları anlaya bilmirəm. Qapısından bürüncəkli qız-qadın çıxan evlər də mənə qazamat kimi görünür. Elə bilirəm, bürünənlərin ürəyinə günəş işığı düşmür. Adam üşüdən, ürək donduran quzeydə yaşayırlar
   
   İngiltərənin sabiq baş naziri Toni Bleyerin baldızının da başını örtməsi barədə xəbərlər yayıldı. Bu, azadlıqdan doymuş qadının şıltaqlığından başqa bir şey deyil. Həmin xanım qəti əmindi, on qat bürünsə də, heç kəs onun azadlığını əlindən ala bilməz. Onun hicab taxması da uzun sürməyəcək. Bizdə isə vəziyyət kökündən fərqlidi. Tez təsir altına düşən millətik. Torpağımızda gözü olanlar, müstəqilliyimizi, inkişafımızı istəməyənlər, aralığın qarışmasında, əhəmiyyətsiz işlərlə millətin başını qatmaqda maraqlı olan qüvvələr çoxdu...
   
   İndi bildiniz, mən nədən qorxuram?!...

TƏQVİM / ARXİV