içərizəhərin bez açarı var

ETİBAR CƏBRAYILOĞLU
48933 | 2010-12-18 06:07
"İSR Plaza" Biznes Mərkəzinin "Araz" zalında təşkil olunan "Köhnə Bakı" adlı sərgi yola saldığımız həftənin önəmli mədəniyyət hadisələrindəndi. Sərgi qədim paytaxtımızın nadir incisi- İçərişəhər haqqındadı. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbir gözlənildiyi kimi maraqlı alındı.
   
   
   
   Sən İçərişəhərə getməyəndə...
   
   
   
   Günbəgün böyüyən, modernləşən, böyüdükcə, modernləşdikcə problemləri də artan Bakı qoynunda nadir bir inci saxlayır. İçərişəhər adlı bu inci təkcə özümüzü yox, dünyanı da təəccübləndirməkdə davam edir.
   
   Təəssüf ki, vaxt qıtlığından İçərişəhəri gəzməyə, bu nadir tarixi və mədəni abidəni yaxından öyrənməyə macal tapa bilmirik. Bəs nə etməli?
   
   Yeni yaranan "İçərişəhər" Tarix Muzeyi bu suala cavab axtaranların işini yüngülləşdirib. Muzeyin kollektivi "Köhnə Bakı" adlı səyyar sərgi təşkil edərək tamaşaçıların görüşünə gedib. Necə deyərlər, sən İçərişəhərə tərəf getməyəndə sirlərlə dolu bu məkan haqqında sərgi sənə tərəf gəlir.
   
   Sərginin təşkilatçısı İradə Qasımova "İçərişəhər" Tarix Muzeyi və layihə barədə ətraflı məlumat verir: "Muzeyimiz üç il əvvəl "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin tabeliyində yaradılıb. Muzey İçərişəhərdə nadir memarlıq abidələrindən sayılan binada fəaliyyətə başlayıb. Lakin ekspozisiyamız tam hazır olmadığından səyyar sərgilər təşkil edirik. Paytaxtımızın simvollarından sayılan İçərişəhəri təbliğ etmək, onu daha yaxından tanıtmaq üçün belə tədbirlərin böyük əhəmiyyəti var".
   
   "Köhnə Bakı"nın bu dəfə "İSR Plaza" Biznes Mərkəzində qərar tutmasının özəl səbəbi də təşkilatçı ilə söhbətdən sonra məlum oldu. Bu barədə İradə xanım belə deyir: "Bura Bakının ən nüfuzlu biznes mərkəzlərindən biridi. Bəzi xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatların və tanınmış əcnəbi şirkətlərin ofisləri burada yerləşir. Bunu nəzərə alaraq sərgini "İSR Plaza"da təşkil etdik. Əcnəbilərin elə ilk gündən sərgiyə böyük maraq göstərdiyini görəndə seçdiyimiz məkanın doğruluğuna bir daha əmin olduq".
   
   "Köhnə Bakı"da İçərişəhərin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, geyim və bəzək əşyaları əks olunur. Burada aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim sikkələr nümayiş etdirilir.
   
   
   
   "Hara atmısan açarı, şəhər?"
   
   
   
   Dillər əzbəri, səsi-sorağı hər yana yayılan İçərişəhərin neçə açarı olub, onlar harada saxlanılır? Sərgidə bu suala cavab var. İradə xanım bildirdi ki, qədim İçərişəhərin beş açarı olub. "İçərişəhər" Tarix Muzeyinin fonduna daxil olan həmin açarlar sərgiyə gələnlərə nümayiş etdirilir.
   
   Şirvanşah Soltan Fərrux Yasərin (1464-1500) dəbilqəsi, Şirvanşah dövlətinin pulları, Sasani dövlətinin hökmdarı II Şapurun (309-379) qızıl dinarı, Avstriya kralının qızıl sikkələri sərgiyə gələnlərin marağına səbəb olur.
   
   "Köhnə Bak" yaddaşımızı təzələyir, rus rəssamı D. Qrimmin 1851-ci ildə çəkdiyi rəsmlə İçərişəhərə baxırıq.
   
   Yeri gəlmişkən sərgidə nümayiş etdirilən nadir eksponatlar bu vaxta qədər Azərbaycanın müxtəlif muzeylərində saxlanılıb. Bundan sonra isə onlar "İçərişəhər" Tarix Muzeyinin fonduna təhvil verilib.
   
   
   
   
   
   İçəri, içəri, içəri şəhər...
   
   
   
   Əcnəbi turistlərin maraqla gəzdiyi, alimlərimizin araşdırdığı, şair və rəssamların ilham mənbəyi sayılan İçərişəhər illər keçdikcə insanları heyrətləndirməkdədi. İradə Qasımovanın sözlərinə görə, ərazidə elmi araşdırmalar bu gün də davam edir: "Bu gün İçərişəhərdə görünənlər aysberqin yalnız bir tərəfidi. Torpağın altında nələr yatır? Alimlər, muzeyimizin əməkdaşları bu gün də tədqiqatlarını davam etdirirlər. Maraqlıdı ki, İçərişəhər hər dəfə alim və araşdırmaçıları təəccübləndirməkdədi. Bizim muzeyin bir qrup əməkdaşı yaxın günlərdə qonşu Gürcüstana ezam olunacaq. İçərişəhərin tarixi ilə bağlı Gürcüstan arxivlərində də qiymətli məlumatlar əldə etmək istəyirik".
   
   Müasir texnologiyalar İçərişəhərin tarixinə yenidən işıq salmaq imkanı verir. İradə xanım deyir ki, Qız Qalasının daşlarından götürülən kimyəvi analizlər yeni versiyalar üzə çıxarır: "Bu vaxta kimi Qız Qalasının tarixi XII əsrə aid edilirdi. Lakin tətbiq olunan müasir texnologiyalar başqa faktlar ortaya çıxarır. Qız Qalasının daşlarından götürülən kimyəvi analizlər abidənin daha qədim tarixə malik olmasını isbat etmək gücündədi. Yeni araşdırmalar Şirvanşahlar Sarayının tarixi ilə də maraqlı faktlar üzə çıxarır".
   
   
   
   Pul dolu sərgi
   
   
   
   "İçərişəhər" Tarix Muzeyi müxtəlif tematikalar üzrə səyyar sərgilər keçirməyə hazırlaşır. Yaxın vaxtlarda İçərişəhərin ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim pul və sikkələrdən ibarət sərgi tamaşaçıların ixtiyarına veriləcək.
   
   Hələlik isə "Köhnə Bakıya" tamaşa edək. Pulsuz-parasız...

TƏQVİM / ARXİV