adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Aprel 2015 15:17
8498
ƏDƏBİYYAT
A- A+

Çanaqqala ilə bağlı müsabiqənin qalibləri məlum oldu

Türkiyənin ölkəmizdəki səfirliyində Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtım Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə öncə musiqisi azərbaycanlı bəstəkar Sevinc Tofiqqızına aid olan, Mədəniyyət və Tanıtım Müşavirliyinin Çanaqqala savaşına həsr etdiyi klip nümayiş olunub.


Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Ahmet Arslan müsabiqə barədə məlumat verib. Bildirib ki, Çanaqqala savaşının 100 illiyi münasibətilə keçirilən bu yazı müsabiqəsinə çox dəyərli şeir və hekayələr göndərilib. Yarışmaya yazı qəbulu martın 2-dən aprelin 14-dək aparılıb. Əsərlər şərti imza ilə çap halında, beş nüsxə olmaqla müsabiqəyə təqdim olunub. Beş nəfərdən ibarət münsiflər heyətinin on ballıq sistemlə hər nominasiya üzrə müəyyənləşdirdikləri qaliblərin may ayında Çanaqqalaya səyahət turu təşkil ediləcək.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ölkələrimizin qardaşlığından danışaraq Çanaqqala qalibiyyətinin ortaq tariximizin şanlı səhifəsi olduğunu söyləyib. Müsabiqəyə Azərbaycanın hər yerindən iştirakçıların qatıldığını diqqətə çatdıran səfir bildirib ki, onların bu hadisəni öz mübarizəsi kimi görməyi bizi çox sevindirdi.

AYB-nin sədri, xalq yazıçısı Anar Çanaqqala savaşı, orada döyüşən könüllü Azərbaycan övladları barədə danışıb. Bildirib ki, bu müsabiqə ölkələrimiz arasındakı əlaqələrə bir töhfədir.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Elan olunmuş şeir, hekayə və məqalə nominasiyaları üzrə Sevinc Nuruqızı, Sevinc Mürvətqızı və Namiq Əhmədov birinci, Yusif Nəğməkar, Firudin Qurbanov və Firuzə Nadir ikinci, Akif Əhmədgil, Leyla Kərimova, Elçin Əhmədov üçüncü yerlərə layiq görülüblər.


***


Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Çanaqqala mövzusunda elan edilmiş ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilir. 


Adalet.az-ın xəbərinə görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Yazıçılar Birliyinin sədri Anar, yazıçılar, mədəniyyət xadimləri  və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyə və Azərbaycan arasında olan dostluq əlaqələrindən danışıb. O deyib ki, Çanaqqala zəfəri təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir.

Hazırda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunacaq.

 Tədbir davam edir.