adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YARISI, YOXSA HAMISI?

OQTAY SALAMOV
23882 | 2010-12-18 06:13
Yenə həftəsonudur. Elə yazı yazmaq istəyirəm ki, qan qaraldan olmasın, kiminsə ünvanı qaralanmasın. Amma onu da istəyirəm ki, yazı maraqlı alınsın, qərəzsiz olsun və oxuyan əlini yellədib üstündən keçməsin. Bir sözlə, baş işlətmək lazımdır. Baş da ki... Baş kələmdə də var. Gərək başını başlara qatmaq üçün başın ola, daş düşmək üçün o qədər başlar var ki. Odey, Avstraliyada kenquru boyda bir qolfçu kişini ildırım vurub öldürdü. 65 yaşı vardı. Adama deyərlər qoca kişisən, görürsən külək əsir, yağış yağır, otur xarabanda, sənin meydanda nə işin var ki, təpənə də ildırım düşə. Başa daş düşmək belə olmur?..
   
   Mən elə bilirdim ki, başının yarısı olmamaq ifadəsi bir növ bizim day-dayla müdafiə eləyən elmlər namizədləri (pah, indi adlarını lap bəzəyib fəlsəfə doktoru qoyublar) kimilərinə deyilir. Yəni yuxarı məhləsində "skvoznyak"ı olanlara parabaş deyirlər. Sən demə, tamam da belə deyilmiş. Sözün həqiqi mənasında, elə qıraqdan baxanda da başının yarısının olmadığı görünən adamlar da varmış. Şəkildə gördüyünüz bu oğlan 25 yaşlı amerikalı Karlos Rodrigersdir. Deyir, onu fahişə ilə əlaqəyə görə polis axtarırmış. Karlosu yaxalayan asayiş keşikçiləri onu cərimələmək üçün polis məntəqəsinə gətirilir və şəkil çəkilməsi üçün papağını çıxartması istənilir. O, papağı çıxaran zaman isə hər kəs şoka düşüb. "Oğlanın başının yarısı yox idi. Mən gördüklərimdən heyrətə gəlmişdim", - deyə polis əməkdaşlarından biri bildirib.
   
   Yazının qəzet variantını oxuyanlar şəkili əyani görürlər. İnternet oxucuları üçün sözlə deyim ki, heç də ürəkaçan mənzərə deyil. Və söhbətin bu yerində mövzu birdən-birə tam dəyişərək başqa istiqamət alır.
   
   Şou-biznes əhlində elə bir təəssürat yaranıb ki, onlar bu dünyanın adamları deyil, buğda yeyib Cənnətdən çıxıblar. Bunlara xüsusi hörmət olunmalı, məclisin yuxarı başına çəkilməli, ciblərinin pulu verilməli, özləri də istədiklərini eləməlidirlər. Çünki, belə baxanda başları görünür axı. Dəblə düzəldilib, makiyajı, pudra-kraskası, ənlik-kirşanı, pomadası, qoyulma saçı, lakı, bir sözlə, hər əndazəsi. Özü də qadınlı, ayıb da olsa, kişili, hamısında. Lap ucdantutma hamısında, bircəsini də siyahıdan qıprağa çıxarmaq olmaz. Böyük, lap böyük əksəriyyətinin nə savadı bir qəpiyə dəyər, nə ağılı, nə də qanacağı. Amma dindirəndə elə danışır ki, nəinki olmayan başı, hətta cəmdəyinin də ağırlığından qat-qat yekə. Biz də çox qəribə bir sakitliklə susuruq, cavab vermirik, "hörmət" edir, özümüzü pis etmək istəmirik. Belə olanda da, nəinki yumurtadan dünən "dınq" eləyib çıxanlar, elə olduğu yumurtanın içərisinə təzəcə qan düşən "ağıllılar" əndazələrini aşırlar.
   
    Dünən xəbər portapllarından birində bir başlıq oxuyuram: "Müğənni Sabir Əhmədov: "Arif Babayev Elnurun ifasına tüpürəcək!" . Sağ olsun məqalə müəllifi, bu Sabirin müğənni olduğunu elə yazının başlığında göstərib. Yoxsa mən bu ad-soyadlı ancaq bir yazıçı, özü də yaxşı yazıçı tanıyırdım. Və o adam heç vaxt Arif Babayevin kiminsə ifasına tüpürəcəyi kimi ifadə işlədə bilməzdi. Bu ifadəni nə özünə sığışdırardı, nə də Xalq artisti Arif Babayevə. Yaxşı, kimdi bu Sabir Əhmədov, nə oxuyub, haranın müğənnisidir və nə yatıb nə yuxu gördü ki, birdən başını heç ölçüləri uyğun gəlməyən başlara qatmaq qərarına gəldi? Səbrimi basıb yazını oxuyuram:
   
   "Gənc müğənni Sabir Əhmədovu məhkəməyə veriblər. Bu haqda Milli.Az xəbər portalına məlumat verən ifaçı yaxın tanışının sayəsində məhkəmə qapılarında sürünəcəyini deyir". Aman, nəymiş bu gəncin suçu, doğrudanmı bir gənc istedad da ədalətsizliyin, gözügötürməzliyin qurbanı oldu? Sən demə, guya ki, Moskvada yaşayan yoldaşlar bu bəyə ""Range Rover" bağışlayıbmışlar. Əcəb yoldaşlardır, o kinoda deyilən kimi, "uşaqda fərasətə bax aa"g Ay Moskvadakı, Leninqraddakı tanışlar, gözünüzə su verin, indiyənə kimi bir sınıq velosiped bağışlayanınız olub? Amma səsini hələ mən eşitmədiyim bu "müğənni"yə "Range Rover" bağışlayırlar.
   
   "Gənc və müğənni" fikirləşib ki, 90-100 minlik maşın onun nəyinə gərəkdi? Ondansa satıb, özünə biznes qurar. Bir müddət əvvəl tanış bir adamı onun maşınını almaq qərarına gəlir. Amma adamın şəhər qeydiyyatı olmadığına görə, bank proseslərini Sabirin öz adına həll eləyirlər. Həmin adam artıq 11 aydır ki, krediti ödəmir. Nəticəsi odur ki, bank maşını alıb və manıs da verilib məhkəməyə. İndi banka 85-86 min manat ödəməlidir.
   
   Bundan sonra "sinəsinin qəm dəftərini açan" "müğənni" behbudunu çəkib, düşüb özündən böyük həmkarlarının ünvanını qaralamağa ki, bəlkə bununla bir ağ günə çıxa bilsin. Ta neynəsin fağır, ya gərək səsin olsun, ya da qarayaxalığın. Qarayaxalıq deyəndə ki, əslində dediklərində müəyyən həqiqətlər də var. Məsələn, deyirı: "Abbas Bağırov yaxşı toy aparır, amma inanmıram ki, bu gün kimsə onun ifasına 10 min manat pul verə... 10 min manat az pul deyil axı... İnanmıram ki, kimsə Bilal Əliyevin ifasına 120 min avro xərcləsin".
   
   Deyəsən qızışdığından kimə nə məsləhət verəcəyini unudan "manıs" sonra görün nələr deyir: "Xalq artiztimiz, görkəmli xanəndə Arif Babayevi çağırın və soruşun ki, Elnurun elədiyi "boğazlar", xırdalıqlar düzdurmü? Arif müəllim Elnurun ifasına "tfu" deyəcək! Siz mənə şou-biznesdə Elnur kimi ikinci bir müğənni göstərin ki, belə dəxlisiz xırdalıqlar edir".
   
   Deyə bilmərəm bu "dəxlsiz" sözünü ortaya kim atıb, amma doğrudan da dəxlsiz sözdür. Dəxlsiz adamların dilində isə heç dəxli yoxdur. "Gənc və müğənni" söhbətinin sonunda elə bir dəxlsiz söhbət eləyir ki, mən yaşda adam durub onun haqda belə yazı yazmağa məcbur oldum. Xəbər portalınlak yazıdan bir abzas plagiat: "O, fikrinin obyektiv, qərəzsiz olduğuna inandırmaq üçün misallar da çəkdi: "Abbasla rastlaşanda ona salam vermirəm. Halbuki, bir-birimizi 2001-ci ildən tanıyırıq. Restoranlarda oxuyurduq, o zaman o da, mən də heç kim idik. Amma mən Abbasın ifasını sevə-sevə dinləyrəm. Mən niyə demirəm ki, Abbas dəxlisiz oxuyur? Niyə demirəm ki, Eyyub Yaqubov dəxlisiz oxuyur? Çünki onların ifasına ermənilər belə bəh-bəhlə qulaq asırlar"".
   
   Oğul bala, burada lap açarı itirmisən ha. Nə vaxtdan mənfur erməninin verdiyi qiymət bizim musiqi üçün meyar olub? Adam çənəsinin razmerini bilməsə də, danışığının razmerini mütləq bilməlidir. Səndən bir az ağıllısı çıxar, cırar ağzını qoyar qulağının dibində, ayda bir toyun olur, onlan da qalarsan. Ağzının danışığını və həddini bilsən yaxşı olar. Əminəm ki, bilməsən, tanıdan tapılacaq.
   
   Vallah, məni qınamayın, müəllif yazısında bu manısın adı dəfələrlə Sabir gedib, amma özündən sitatda belə bir ifadə var, "deyəcəklər, Samirə bax, "Range Rover" sürür". Ta deyə bilmərəm ki, bu Sabirdi, yoxsa Samir. Yazı bilirsiniz necə bitir: "Qeyd edək ki, müğənnilər Sabir Əhmədovla Elnurun qohum olduqları da deyilir"g
   
   Yeri gəlmişkən, Sabir, ya da Samir (fərqiyoxdur, heç bir ad heç nə demir), Nyu-Yorkda yaxşı toy tutmaq olar. Elə bir bəylə-gəlinə yarım ildə 85 dəfə toy eləyiblər. Hərəsindən mincə dollar götürə bilsəydin, bankın kreditini bağlayardın. Xəbəri verim, bəlkə səndən başqa maraqlananlar da oldu.
   
   Milli.Az "The Daily Mirror" qəzetinə istinadən xəbər verir ki, Mark və Deniz Daffild-Tomaslar ailə qurduqdan sonra bir neçə ekzotik ölkədə olub və orada təkrar toy mərasimi düzənləyiblər. Cütlük bildirir ki, onların ən romantik toyu Zanzibardakı kurortda, ən qeyri-adisi isə İrlandiyada olub. İrlandiyada cütlüyün nikahı havanın hərarəti mənfi 43 dərəcə təşkil edən otaqda kəsilib. "Orada cəmi 3 dəqiqə dayandıq və xüsusi maskalarda öpüşdük. Yoxsa bir-birimizə yapışardıq", - deyə Deniz bildirib.
   
   Cütlüyün toy elədiyi ölkələr sırasında Avstraliya, Tailand, İndoneziya, İordaniya və digərləri var.
   
   Salyanlılar demiş, dəfdi kii, al mikrofonu, sal diski, düş bunların dalınca. Həm ziyarət, həm də kredit bağlanar. Amma, qaqaş, bir də erməni məsələsində çaşma. Qohum -qardaşla özün bilərsən.g Bir də, özüdən böyüklərin adından danışma. Noolar ki, başın qıraqdan baxanda bütöv görünür...

TƏQVİM / ARXİV