Deyirlər ki, indi kitab oxuyan adam çox azdır. Bu sözlərdə müəyyən qədər həqiqət var. Həqiqət də ondan ibarətdir ki, bu gün məmləkətimizdə kitaba və oxumağa maraq o qədər də çox deyil. Daha doğrusu, kitab oxuyanlar azdır. Amma heç kim demir ki, insanlar nə üçün kitab oxumur, teatra getmir və digər mədəni tədbirlərdə iştirak eləmir. Bir tikə çörəyə möhtac olan adamın başını kəssən də o çörəyi qoyub heç vaxt kitab oxumayacaq. Hələ biz onu demirik ki, qarnı tox olmayan, hər gün bir parça çörəyin dalınca qaçan məmləkətimizdə nə qədər insanlar var.
Qarın da tox olmayanda və çörək qazanmaq üçün olmazın əziyyətini çəkəndə təbii ki, kitab oxumaq haqqında çoxları düşünmür. Sovet dönəmində belə idi ki, hamının işi-gücü vardı. Əgər kimsə işləməsəydi, Cinayət Məcəlləsindəki maddə ilə məsuliyyətə cəlb edilirdi. Amma indi o qədər işləməyən adam var ki, saymaqla qurtarmaq mümkün deyil. Sözümün canı odur ki, Sovet dönəmində hər hansı adam bilirdi ki, işlədiyi zavodda, fabrikdə, müəssisədə ayın axırında kifayət qədər məvacib alacaq və bu məvacib də onun minimum tələblərini ödəyəcək. Biz demirik ki, Sovet dönəmində hamı kef eləyirdi. Onda hamı kef eləməsə də, amma bir tikə çörəyin dalınca qaçıb indiki kimi əsir-yesir olmurdu. İndi insanların böyük bir hissəsi hər gün evdən çıxanda bir parça çörəyi necə qazanacaqları barəsində fikirləşirlər. Həmin gün o çörəyi tapanlar sevinir, tapmayanlar isə qəm dəryasına qərq olurlar. Əgər əhalinin böyük bir hissəsi bir həftə, on gün hər hansı bir ticarətlə, alış-verişlə və xırda-para işlərlə məşğul olmasa, onlar olmazın çətinlikləri ilə üzləşəcək və ən ağır anlar yaşayacaqlar. Hələ biz onların xeyir-şərə getməyini, xəstələnəndə nə qədər pula ehtiyacı olduqlarını yada salmırıq. Onları da yada salsaq, onda işlər daha da qəlizləşər və düyünə düşər. Bayaq dediyimiz kimi, bir tikə çörəyin arxasınca qaçan adam heç vaxt kitab oxumaq haqqında fikirləşməyəcək. Kitab oxumaq da, teatra getmək də, hər hansı bir maraqlı tədbirdə iştirak etmək də insandan kefi köklük tələb edir.
Rəhmətlik Mirzə Ələkbər Sabir deyərdi ki, "oxutmuram əl çəkin". İndi isə bir çoxları əsəbi-əsəbi deyirlər ki, qardaş, mən kitab oxumuram da, nə yaxamdan zəli kimi yapışıb mənim qanımı qaraldırsan. O günü kitab satan oğlan bir masaya yaxınlaşdı və müxtəlif maraqlı kitabları masanın ətrafında əyləşən cavan, orta yaşlı insanlara göstərdi. Onlardan biri çox əsəbi halda dedi ki, məndən çox kitab oxuyan olmayıb, iki ali məktəbi bitirmişəm və üç də xarici dil bilirəm. Amma heç yerdə məni işə götürmürlər. Kitab oxuyana baxan kimdir? Məndən soruşmurlar ki, nə oxumusan? Hara gedirəm deyirlər ki, işə girmək üçün nə qədər pulun var? Mənim də pulum nə gəzir, bir həsirəm, bir də məmməd nəsir. O iki ali məktəbi qurtarana qədər bir az pulum olsaydı, zırpı da dayım tapılsaydı, bir zənglə istənilən yerdə işə düzəlib həyatımı qura bilərdim. Elə kitab oxuduğuma görə də düzdə qalmışam.
Beləcə, bəziləri kitab oxduğuna görə özünü qınayır, bəziləri də kitab oxumadığına görə, başqaları məzəmmət eləyir. İndi neyləsin bizim millət, kitab oxusun, yoxsa oxumasın? Bu o qədər də qəliz sual deyil. Yəqin açmasını kitab oxuyanlar daha dəqiq deyərlər.
***
Şəhərimizə yeni taksilər gətirilir. Buna şad xəbər də demək olar, bəd xəbər də. Şad xəbər ona görə demək olar ki, yeni taksilərin gəlişi ilə aidiyyətı təşkilatların dediyinə görə, Bakıda və digər şəhərlərdə taksi xidmətində daha komfortlu şərait yaradılacaq, insanlar mənzil başına rahat gedə biləcəklər. Qanı qaralanlar isə köhnə taksi sahibləridir ki, onların idarə etdikləri avtomobillər yeni maşınların gətirilməsindən sonra bir çox çətinliklə üzləşəcək. Daha doğrusu, o köhnə avtomobillər istismardan çıxarılmasa da, taksi xidməti aparmağa icazə verilməyəcək. Bu da o deməkdir ki, bir tikə çörək qazanmaq istəyən fərdi avtomobil sahibləri həmin çörəkdən məhrum olacaqlar. Onsuz da hər şey mərkəzləşdirilir. Belə bir sistemin tətbiq edildiyi anda yəqin ki, çox problemlər ortaya çıxacaq. Bunlar hamısı aydındır. O da aydındır ki, yeni taksilər şəhərə gətiriləndə onlar müxtəlif rəngdə olacaq. Bir mütəxəssis deyir ki, Bakıdakı taksilər bənövşəyi rəngdə olacaq, bəzi mütəxəssislər deyir ki, başqa şəhərlərdə işləyəcək taksilər sarı rəngdə olacaq, bir başqa ekspertlər bildirirlər ki, taksilər müxtəlif rəngdə fəaliyyət göstərəcək. Başa düşmək olmur ki, gətiriləcək taksilərin hansı rəngdə olmasının mətləbə nə dərəcədə aidiyyətı var? Təki hər hansı avtomobil daha komfortlu və müasir olsun. Amma bizim ayrı-ayrı mütəxəssislər neçə gündür baş sındırıb deyirlər ki, bu taksilərin hamısı filan rəngdə olmalıdır. Filan rəngdə olmasa, işlər çox qəliz olacaq. Xaricdən gətiriləcək balaca avtomobillər şəhərin dar yollarında mütəxəssislərin dediyinə görə, daha rahat hərəkət eləyəcək. İngiltərədən ölkəmizə gətiriləcək bu avtomobillər ən müasir texnika və avadanlıqla təchiz edilib. Mütəxəssislərin bildirdiyinə görə, bu avtomobillərdə sərnişinlər heç bir çətinlik və problem yaşamayacaq. Bəlkə də belədir. Amma camaatı o maraqlandırır ki, həmin taksilərdə xidmət haqqı nə qədər olacaq? Əgər indikilər kimi olacaqsa, bunun onda camaata nə xeyri var? Hər bir yeniliyin və fikirlərin ilk növbədə cəmiyyətə müsbət təsiri olmalıdır.
Əgər cəmiyyətdə o müsbət təsir və yenilik hiss olunmursa, onda bunun harası və nəyi camaatın xoşuna gələcək? Bir də bizimkilər bir iş görəndə əhalinin, insanların, sərnişinlərin mənafeyi deyil, öz maraqları daha çox düşündürür. Yəni onlar fikirləşirlər ki, biz milyonlarla pul töküb bir iş görürüksə, bundan nə qədər qazanacağıq və onun xeyri nə qədər olacaq? Hər halda, hər bir iş adamı istəyir ki, beş manat pul qoyanda on manat qazansın. Çox yaxşı eləyir. Ataların belə bir məsəli var: "Bal tutan barmaq yalayar". İndi də təbii ki, əziyyət çəkib milyonlarla manat pul xərcləyən insanlar çəkdikləri əziyyətə görə, onun bəhrəsini də görməlidilər. Ancaq bir şərtlə ki, bunun altını və əzabını sadə insanlar heç vaxt çəkməsinlər. Çünki biz öyrənmişik ki, həmişə öz işimiz daha rahat getsin, başqalarına nə olursa, olsun.