adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HANSI PLANETƏ GEDƏK?!.

VƏSİLƏ USUBOVA
24957 | 2010-12-11 06:03
Mən balaca olanda qohumlarımızın əksəriyyəti kəndimizdən xeyli aralı, dəmiryolu kənarında yerləşən qəsəbədə olurdular. Ata nənəm hər dəfə ora gedəndə məni də özüynən aparırdı. Pambıq tarlalarının, taxıl, yonca sahələrinin qırağından keçən tozlu yollardan ötüb qəsəbəyə yaxınlaşanda, bomboz torpaq, qamış evləri görəndə o qədər sevinərdim ki, bəlkə də Kolumb Amerikanı kəşf edəndə bu qədər sevinməmişdi. Heç bir yaşıllığı, sərinliyi olmayan qəsəbəyə suyu belə qatarla nəhəng qazanlarda gətirirdilər. Qız-gəlinlər hər dəfə qatar gələndə növbəyə durub səhəngləri, vedrələri doldururdular. Burada yaşayan imkansız ailələrin çoxu mənim alışmadığım qəribə bir işlə məşğul olurdular. Təxminən iki metr uzunluğunda qamış qomlarına oxşayan paslı məftilləri açırdılar. Gördükləri işin əvəzində nə qədər pul aldıqlarını deyə bilməyəcəyəm, ancaq çox çirkli və yorucu iş idi. Ailə üzvləri bu işi görəndə mütləq ayrıca paltar geyirdilər. Paltarlar o qədər pas tuturdılar ki, elə bilirdin dəmirdən tikiliblər. Qəsəbənin hər qarışı paslı məftil qırıqlarıynan doluydu. Uşaqlı-böyüklü çox az adam tapılardı ki, nə vaxtsa ayağına paslı məftil qırığı batmasın. Belə yaralara neft hopdurulmuş əski parçası qoyub sarıdıqları da yadımdadı. Və bir gün bu iş mənim də başıma gəldi.g
   
   Evimizə qayıdandan sonra möhkəm qızdırdım. Evin bir küncündə yatmağım, işığı azaldılmış lampanın qırağında oturmuş ata-anamın pıçıltıynan danışmaqları da gözümün qabağındadı. Məni tez-tez qızdırma aparırdı. Gözümə qəribə şeylər görünürdü. Boz-qara buludlar lay-lay üstümə gəlir, sanki məni boğurdular. Həm də məni yerdən götürüb harasa aparmaq istəyirdilər. Arabir yerə qoyurdular, mən də gözümü açıb ata-anamı görürdümg və təzədən göylərə uçurdum. Təəccüblənirdim ki, niyə onların bundan xəbərləri yoxdu?! Niyə qoyurlar məni götürüb aparsınlar?! Deyəsən, məni birdəfəlik apara bilmədilər. Necə sağaldığım yadımda deyil, ancaq qızdırma içində gördüyüm, bəlkə də gəzdiyim o buludları unuda bilmirəm. Sonralar da xəstələndim, hərarətim oldu, indiyədək də bəzən sakit, bəzən də qarma-qarışıq, mənasını anlamadığım yuxular görürəm. Ancaq o mənzərə təkrarlanmır ki, təkrarlanmır. Əslində təkrarlanmasını da istəmirəm. Nə qədər toz-torpaqlı olsa da, lap paslı məftil qırıqları ayağımı qanatsa da, yerdə yaşamaq şirindi, maraqlıdıg
   
   İndiyə qədər unutmasam da, bir dəfə də olsun kimsəyə danışmadığım o qəribə yuxunu niyə xatırladım?! Əslində, çox güman ki, o yuxu deyil, qızdırmanın halətindən yaranan bir hallüsinasiya imiş. Ona görə xatırladım ki, bu gün yer üzündə o qədər qızdırmalı təxəyyülün məhsuluna oxşar hadisələr baş verir ki, adam gerçəkliklə yuxunu, gözəgörünməni qarışdırmaya bilmir. Bir zamanlar Ayı da, Günəşi də göründüyü boyda bilirdik. Eşitdiyimiz nağıllarda Ay oğlan, Günəş qız idi. Hətta bir-birlərini sevirdilər də. Bütün həyalı sevgililər kimi bir-birlərindən utanıb qaçırdılar. Ulduzları da göyə səpələnmiş xırda pullar sanırdıq. Göy üzünü nəhəng çətirə bənzədirdik. Bu çətirin ucları dəyən yerdə dünya qurtarırdı. Böyüdükcə sanki boyumuzla göyləri də qaldırıb üfüqləri genişləndirirdik. Nağıllarla böyüməyin şirinliyi, cazibəsi azalırdı getdikcə. Astronomiya müəllimimiz bütün sehrli xəyallarımızın qapısına iri bir qıfıl vurdu. Dünyanı gözümüzdə elə dəyişdirdi ki, bir gün Aya uçacağımıza elə hər gün məktəbə gəldiyimiz qədər inanmağa başladıq. Bizdən çox-çox uzaq ölkədə müəllimimizin dediyini elədilər. Aya da uçdular, oradan torpaq da gətirdilər. Sonrası nə oldu, qırx ildən artıq vaxt keçsə də, nəticəsi bilinmir.g
   
   Heç uşaqlıqdan fantastik əsərləri sevməmişəm. Maraqla oxuduğum təkcə Belyayevin "Amfibiya-adam" romanı olub. Kitabı oxuyub qurtaranda da çox kədərlənmişdim. İxtiandrın suların qoynuna qayıtması, dərdli atanın gecə-gündüz dəniz kənarında dayanıb oğlunu haraylaması qəlbimi o qədər sıxmışdı, həyat mənə o qədər darıxdırıcı görünmüşdü ki, özüm də sevgiləri puç olan bu dünyadan baş götürüb harasa getmək istəmişdim. Həmin vaxtdan bəri az qala bütün kəşfləri, ixtiraları insanlıq əleyhinə cinayət sanıram. Hər cür sevgi və doğmalıqları qəddarcasına tapdayan, arzu və istəkləri göz ardına vuran tərəqqini, inkişafı qəbul edə bilmərəm, saymıram. "Fəqət dəniz öz sirrini özündə saxlayır". Romanın bu son cümləsindəki kədər, ağrı tutumu bu gün də qəlbimin qaldıra bilməyəcəyi duyğu yüküdüg
   
   Bu yaxınlarda Polşanın fantast yazarı, məşhur "Solyaris" romanının müəllifi Stanislav Lem haqqında bir verilişə baxırdım. Veriliş iştirakçıları danışdıqca müşayiət olunan görüntülər eynən uşaqlıqda gördüyüm yuxunu xatırladırdı. Bilmirəm, bu Yer kürəsi niyə insanlara darlıq edir?! Stanislav Lem də lap dəlinin yadına daş salıb. Deyib ki, insanlar mütləq kosmosdan qaçacaqlar. Başqa planetlərdə sivilizasiyaların mövcudluğu, onların bizdən daha ağıllı, elmli, saf varlıqlar olması, elə bizim planetdə də indiyədək dönə-dönə sivilizasiyaların yaranıb məhv olması barədə o qədər yazır, danışırlar ki, adam lap qəribsəyir. İnanırsan ki, elə sən özün də bu yaxınlarda yad, qərib bir aləmə düşəcəksən. Bəşəriyyətin sabahı barədə bədbin fikirlər, fərziyyələr baş alıb gedir. Artıq planetimizin insanlara darlıq etməsindən söz açırlar. Yer kürəsinin bu qədər adamı yaşatmağa qadir olmadığını iddia edirlər. Bu fikirlərdən qan iyi gəlir. Az qalıblar ki, çıxış yolunun ancaq müharibələr, kütləvi qırğınlar, epidemiyalar, terrorlar olduğunu açıq-aşkar dilə gətirsinlər. Bir tərəfdən də ekoloji problemlər. Bilmirsən, bu həqiqətdi, yoxsa, yazmağa, göstərməyə mövzu tapmırlar. Hər nədisə heç xeyirli iş deyil, adamların əl-ayağını işdən soyutmaqdan, əsəblərini tarıma çəkməkdən başqa heç nəyə yaramır. Nə oldu?! Dünənəcən texniki inqilablarla öyünən dünya niyə belə birdən-birə yazıqlaşdı?! Yaxşısı budu, dünyanı bu günə qoyanlar elə özləri də zəhmət çəkib çarəsini düşünsünlər. Daha Yer kürəsini viran qoyub, başqa planetlərə də əl atmasınlar. Onları da öz günümüzə salıb kainatın axırına çıxmasınlar. Əsrlər, min illər boyu insanlar həyatın get-gedə gözəlləşəcəyi, müharibələrə, aclığa, səfalətə son qoyulacağı ümidi ilə yaşayıb, bu ümidlə də dünyadan köçüblər. Özlərindən sonra dünyaya gələcək nəsillərə qibtə ediblər. Ağıllarına da gəlməzdi ki, əksinə olacaq, sonra gələnlər arxaya həsrətlə boylanacaqlar, daha böyük, daha saf dəyərlərin geridə qalmasına təəssüflənəcəklər.g
   
   Hələ dünyamızda görüləcək o qədər işlər var ki,g Elə Afrika ölkələrinin çoxunda yerli əhlinin hansı səviyyədə yaşadığını düşünmək kifayətdi ki, özünü sivill sayan bəşəriyyətin öyünməli bir şeylər qazanmadığını anlayasan.g
   
   Yerdə bir-birinin gününü qara edənlər, yaşamaq hüququnu əlindən alanlar Aya, ulduzlara uçmaq istəyirlər.
   
   Doğma torpaqda bir-birini anlamayanlar başqa planetlərdə adam axtarırlar.

TƏQVİM / ARXİV