HƏR NÖQTƏDƏN GÖRüNƏN ŞAiR

ƏBÜLFƏT MƏDƏTOĞLU
27228 | 2010-12-11 06:03
Bugünkü Azərbaycan ədəbiyyatında tək-tək imzalar var ki, onu hər kəs sevir, tanıyır və bu imzanın sorağında olur. Təbii ki, bu da oxucunun ürəyinə yol tapmaq, onun ürəyində yaşayıb qalmaq, onun ürəyinə sahib olmaq məharətini və bir də Allahın ən gözəl məqamında dünyaya gəlmək, necə deyərlər, naxış sahibi olmaq qabiliyyətindən, istedadından qaynaqlanır. Yəni həm bir ilahi sevgi, bir ilahi istedad və bir də bəşəri yanaşma tərzi. Bax, bunlar birləşib imza sahibini şərəfləndirir, onu oxucunun evinin, ailəsinin əzizinə, istəklisinə çevirir.
   
   İndi mənim yuxarıda xatırlatdığım məqamları hər kəs gözü önünə gətirəndə məhz həmin o, barəsində söhbət gedən söz xiridarının kimliyini də təbii ki, təxmin edibdi. Bilib ki, bu səmimi epitetlər, bu səmimi istəklər həqiqətən də xalqın şairi olan, özü də Azərbaycan hüdudlarından kənarda böyük türk dünyasına, böyük Turana qucaq açmış Zəlimxan Yaqubdan gedir, onun barəsindədir. Heç də təsadüfi deyil ki, şeirləri nəğmələşən, nəğmələri bəstələrə, çələnglərə, söz, muğam, musiqi, folklora çevrilən xalq şairimiz Zəlimxan Yaqub özünün hər bir misrası ilə, hər bir sözü ilə, özü də nöqtə-vergülü ilə xalqına, türk oğlu türkə aiddir, ona məxsusdur.
   
   Biz zamanın çarxını bir az geri fırlatmaq gücündə olsaq, onda xalq şairi Zəlimxan Yaqubun illərin o üzündən qanadlanıb gələn söz karvanının necə rəvan, necə bir düz xətt boyunca qatarlandığını, səfini pozmadığını, sırasını qoruduğunu və səsilə, nəfəsilə, canıyla, qanıyla, ruhuyla, diliylə, dodağıyla bu şeir dünyasını gülüstana, güllü-çiçəkli bir təbiət guşəsinə çevirməsinə şahid ola bilərik. Bax, elə folklordan, ozandan, aşıq sənətindən, el-oba deyimlərindən, ağsaqqal-ağbirçək boğçasından, düyünçəsindən, xurcunundan barlana-barlana, bəhrələnə-bəhrələnə, qidalana-qidalana sözün həqiqi mənasında şeirin Xanına çevrilən, sözün həm xanı, həm də yeri gələndə nökəri olan Zəlimxan Yaqub bu gün Azərbaycanın, eləcə də cəmi türk dünyasının sevilən şairinə, ozanına, aşığına, söz mülkünün soltanına çevrilə bilibdi. İndi onun təkcə canında-qanında yox, həm də çiynində bir Dədə Ələsgər, bir böyük Füzuli, bir böyük Molla Pənah Vaqif, bir böyük Cavid, bir böyük Müşfiq, bir böyük Səməd Vurğun, bir böyük Məmməd Araz, bir böyük Bəxtiyar Vahabzadə, xüsusilə bir böyük Mövlanə və Dədə Qorqud yükü var. Zəlimxan Yaqub çiyin verdiyi bu yükü özünəməxsus yerişlə, özünəməxsus ləngərlə, özünəməxsus ozanlıqla, təmkinlə, səbrlə, özü də heç kimə, heç nəyə məhəl qoymadan, heç kimin, heç nəyin bostanına daş atmadan sözünü pıçıldaya-pıçıldaya bir ağ yol salmaqdadı. Bu Zəlimxan yoludu!!!
   
   Əgər xatırlayırsınızsa, xalq şairimizin bu il keçirilən yubileyi təkcə ölkəmizdə yox, onun hüdudlarından kənarda da qeyd edildi və edilməkdədi də. Hər eldə, obada bir Zəlimxan gecəsi, bir Zəlimxan söz dünyası işığına minlərlə insanlar, pərəstişkarlar yığıldı. Xalq şairimiz də bir-birindən, dürlü, bir-birindən ləziz, bir-birindən sanballı, bir-birindən düşündürücü və bir-birindən dəyərli şeirləri ilə sadiq oxucularını sözün ucalığına, sözün bənzərsiz dünyasına sarvanlıq etməklə apardı. Bax, belə sevgi-məhəbbətlə doğum günü qeyd edilən, yubiley gecələri keçirilən xalq şairimizin dünyamıza təşrif buyurub onu bəzəməsi, onu rövnəqləndirməsi ilə bağlı olaraq çoxlu sayda kitablar, məqalələr, qəzet-jurnal materialları, radio, televiziya verilişləri hazırlanıb oxuculara, tamaşaçılara təqdim edildi.
   
   Bu günlərdə mənim də adıma bir boxça gəldi - kitab boxçası. Dərhal diqqətimi çəkdi bu kitab. Üstündə xalq şairimizin şəkli olan bu kitabın adı belə idi - "Zəlimxan Yaqub: İçimdə ağlayan Krım".
   
   Mən bu kitabı əvvəlcə adətimə uyğun - əvvəldən sona kimi vərəqlədim. Ümumiyyətlə, bütün kitabları ilk öncə sona qədər vərəqləməyi xoşlayıram. Çünki mətbəə qoxusu hər dəfə məni ilk kitabımın sevincinə qaytarır. Bax, elə indi də bu kitabı vərəqlədim, fotoşəkilləri gözdən keçirdim, bir-birindən maraqlı məqamların və şəxsiyyətlərin ömrünün anlarını lentə köçürmüş, yaddaşda saxlamış fotoqrafa təşəkkürlər edə-edə daxilən mən də xalq şairimizlə birlikdə həmin o şəkillərin tarixləşdiyi yerləri gəzib qayıtdım. Sonra başladım kitabı oxumağa və oxulduqca mənə bəlli oldu ki, bu kitabı filologiya elmləri namizədi Ramiz Məşədihəsənli və jurnalist-filoloq Hökümə Xəlilova hazırlayıb çapa təqdim ediblər. Bu kitabın ön sözündə ahışqalı türklərin, eləcə də vətəndən uzaqlarda yaşayan, Qazaxıstanda Azərbaycan cəmiyyəti yaradan İsa İsayev kimi ziyalıların barəsində məlumatlar verilib. Göstərilib ki, ahışqa türkləri və bütövlükdə Azərbaycan hüdudlarından kənarda yaşayan türk dünyasının saytal, sanballı insanlarının Zəlimxan Yaquba olan sevgisi də sonsuzdu, hüdudsuzdu. Onlar xalq şairimizin "İçimdə ağlayan Krım" (məktub-poema) əsərini necə böyük sevgi ilə, can yanğısı ilə oxuduqlarını, onun hər misrasına necə könül verdiklərini dilə gətiriblər. Almatı şəhərində çap olunmuş bu kitab Zəlimxan müəllimin böyük həyatının kiçik bir hissəsini əhatə etsə də, amma sanbalına və bu kitabda toplanmış şeirlərə, məqalələrə, müsahibələrə görə oxuculara əvəzsiz ərməğandı.
   
   Mən səmimi etiraf edim ki, kitabı oxuduqca doğma vətəndən, yəni Krımdan deportasiya edilmiş, 60 ildən artıqdır ki, didərgin həyatını yaşayan ahışqa türklərinin, xüsusilə onların liderlərindən olan Çingiz Dağçının kimliyi barəsində xeyli bilgi əldə etdim, onu bir az da yaxından tanıdım. Hətta bu kitabda onun fotoşəklini də gördüm. Zəlimxan müəllim Çingiz Dağçıya yazır:
   
   
   
   Niyə ağlayırsan, ağlayan qaya,
   
   Dünyanın ən ağır qayğılarını,
   
   Yaralı çiynində saxlayan qaya!
   
   Mən çox ağlamışam, nə qazanmışam,
   
   Sən çox ağlayasan, nə qazanasan.
   
   Tapdanan haqları yerinə qoymaq
   
   Sənə o qədər də gəlməsin asan.
   
   Bir də görəcəksən çox ağlamaqdan
   
   Tükənib gözünün yaşı, qalmayıb.
   
   Bir də görəcəksən quma dönmüsən,
   
   Qayanın bir parça daşı qalmayıb.
   
   
   
   Bu misralarla başlanan poemanın hər bəndində bir türkçülük, bir vətənçilik, bir bəşərilik özünü göstərir. Şair öz milli kimliyindən böyük vətəninə, ordan da bəşəriyyətə, yer kürəsinə qucaq açır. Ona görə də qayalar Zəlimxan Yaquba cavab verir:
   
   
   
   Gəlib görən xeyirdədi, nəfdədi
   
   Çal-çağırı cərgədədi, səfdədi
   
   Mən gördüyüm Krım ki var, kefdədi,
   
   İçimdə bir qəmli Krım ağlayır.
   
   
   
   Təbii ki, bugünkü Krımın durumu da, ovqatı da, mənzərələri də, söhbət siyasi, iqtisadi mənzərədən gedir, 60-70 il bundan əvvəlki deyil. İndi çox sular axıb, bulanıb, durulubdu. Amma Krım nisgili hələ də durulmayıb, hələ də dumanların qoynundadı. Ona görə də şair haqlı olaraq bu gün içində qan ağlayan Krım üçün bir təəssüf, bir həsrət, bir nisgil yaşadır. Özü də bu nisgili, bu həsrəti təkcə Krıma, onun didərgin insanlarına deyil, bütün türk dünyasının ağrı-acı ünvanı olan torpaqları da xatırlamaqla dilə gətirir. Və inanır ki:
   
   
   
   Hələ ocağımız keçməyib tamam
   
   Külünü üfürsən, qoru yanacaq.
   
   Halal haqqımızı qaytarammasaq,
   
   Ulu babaların goru yanacaq.
   
   Doğrudan da, bizim çiynimizdə son dərəcə böyük bir vətən, bir millət yükü var. Biz bu yükü özümüz mənzilbaşına çatdırmalı, özümüz onu çözməliyik. Əks halda şairin dediyi kimi, bizdən sonra gələnlər bizləri yumşaq desək, yamanlayacaq, onların qınaq yeri olacağıq. Ümumiyyətlə, bu kitabda şairin müxtəlif məqamlarda müxtəlif ovqatlarla yazdığı şeirlər də hardasa poemanı tamamlayır, onun demək olar ki, bir parçasına çevrilir. Çünki şair Almaniyada Münhen ürək xəstəxanasında hər kəsə, yəni onu sevənlərə, onun üçün narahat olanlara çox səmimi, çox isti və çox da kövrək bir müraciət edib. Yazıb ki:
   
   
   
   Özün bil, özgəyə bildirmə məni
   
   Ağlada-ağlada güldürmə məni.
   
   Sən Allah, qürbətdə öldürmə məni,
   
   Vətəndə qəbrimi qazıb gəlmişəm.
   
   
   
   Əslində böyük Yaradana , onun dərgahına açılan bu şair duası, şair istəyi, həm də xalqının qəlbinə öz dastanını yazıb gələn bir ozanın topağına bağlılığını, özünün cismani yoxluğu ilə bu torpağı bir xışma da artırmaq istəyinin yazılı bir haqqıdır.
   
   Bəli, ümumiyyətlə böyük söz adamlarından, sözün özünü yaradıb özünə də tabe etdirən insanların barəsində bir oxucu istəyi ilə, bir şagird-tələbə marağı ilə ürəyindəkiləri yazmaq o qədər də asan deyil. Amma mən hardansa özümdə bu istəyi qanadlandıran, onun kağıza köçməsinə təkan verən daxili bir təpər hiss etdim. O təpərlə də, o güvənclə də ustad barəsində, o cümlədən sərhədlərimizdən kənarda, qardaş bir məmləkətdə, yəni Almatıda işıq üzü görən "Zəlimxan Yaqub: İçimdə ağlayan Krım" kitabı barəsində düşüncələrimi qələmə aldım və bu düşücələrimi də Zəlimxan müəllimin öz misraları ilə yekunlaşdırıram.
   
   
   
   Allaha tən, haqqa yardı zirvələr,
   
   Yaranışdan dümağ qardı zirvələr.
   
   Ömrümüzü ucaldardı zirvələr,
   
   Nahaq endik o dağların başından.
   
   
   
   Zəlimxan müəllim, Siz söz sənətimizin zirvəsində varsınız və o zirvə həm də sizin poeziyanızla şərəflənibdi.

TƏQVİM / ARXİV