ALLAHIN YANINDAKI iŞIQ

FAİQ QİSMƏTOĞLU
26097 | 2010-12-04 07:00
Dərd adamı içindən yeyir. Amma elə adamlar da var ki, sel kimi gələn bu dərdə sinə verib onun qabağında çətinliklə də olsa duruş tapa bilir. Yəni bu cür insanlar dərdə təslim olmur və o kədəri, o qəmi nikbinlikləri və sabaha ümidli baxışları ilə dəf edirlər. Bir də deyiblər ki, dərdlinin dərdini o dərdi çəkən adam bilər.
   
   Bu günlərdə "Azərbaycan" nəşriyyatının birinci mərtəbəsindəki yeməkxanasında nə vaxtdandı görüşmədiyim bir dostumla üzləşdim. Onu 30 ildir tanıyıram. Daha doğrusu, bəlkə də o insanla tanışlığımız tələbəlik illərindən başlayıb. Sözümün canı o deyil ki, həmin insanla dostluğumu yenidən yada salım. Sadəcə olaraq, bəlkə də onunla birinci mərtəbənin yeməkxanasında görüşməsəydim, o da dərdini mənə açmasaydı, heç bu barədə söhbət etməyəcək, yazı da yazmayacaqdım. Amma hər şeyi onun mənim gözümə dikilmiş baxışları dəyişdi. Sonra da həyəcanla bu oğlan - şair Hürriyyət əlindəki şəkili mənə tərəf uzatdı. Dedi ki, bu şəkilə baxanda yadına yəqin ki, Cəbrayıl düşəcək. Rayonun mərkəzindəki çayxananı xatırlayacaqsan. Uca çinara baxıb həmin günləri yada salacaqsan. Amma səndən əvvəl bir eloğlumuza bu şəkili göstərdim, heç tükləri də tərpənmədi. Sanki heç nə görməyibmiş kimi soyuqqanlı halda şəkili götürüb kənara qoydu və heç bir şey demədən öz işinin dalınca getdi. Hürriyyət dedi ki, məni o adamın soyuqqanlığı o qədər yandırdı ki, hələ də özümə gələ bilməmişəm. Təsadüfən gəlməsəydin heç bəlkə şəkili sənə də göstərməyəcəkdim. Şəkildə Cəbrayıl şəhərinin mərkəzində olan üç mərtəbə çayxana və ətrafındakı hündür çinar ağacları adamın diqqətini özünə çəkir. Şəkildən də göründüyü kimi, fotoqraf həmin mənzərəni payız fəslində lentə alıb. Çünki çinar ağaclarının yarpaqları tökülüb və öz əvvəlki görkəmini bir qədər itirib. Amma buna baxmayaraq, yenə əzəmətli çinar ağacları o çayxananı hər tərəfdən dövrəyə alıb. Sanki düşməndən bu məkanı qorumaq istəyir. Bu, çinar ağacından çox, hansısa bir igidin görüntüsünə bənzəyir. Həmin mənzərəyə baxanda adamın dodağı vətən üçün dörd yerdən partlayır. Təkcə adamın ürəyi dərddən partlamır, həm də dərddən insanın dodağı da çat-çat olur. İnanmıram ki, bu şəkilə baxan və bu mənzərəni görən hər hansı cəbrayıllı o günləri, çinarlı şəhəri və üçmərtəbəli çayxananı xatırlamasın. Masamızın ətrafında Hürriyyətlə yanaşı, əslən cəbrayıllı olan "Respublika" qəzetinin əməkdaşı, şair Kamal Alışoğlu də şəkilə baxıb kövrəlir. Gözünün dərinliyində bir kədər hiss olunur. Hiss olunur ki, bu şəkil mənim içimi tərpətdiyi kimi, dostum Kamalın da iç dünyasının altını üstünə çevirdi. Amma bir azdan sonra onun çöhrəsindəki kədər yavaş-yavaş itir. Üçümüz də bir ağızdan deyirik ki, yaman günün ömrü uzun oldu. Dünyanın işini bilmək olmaz, bəlkə Allah bizi səbrimizlə imtahana çəkir. Gözləyir səbrimiz tükənsin, bir az dözək, bundan sonra o yerlərə qayıda bilək...
   
   Mənim yaxşı yadımdadı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Cəbrayıla cəbhə bölgəsi olduğu üçün tez-tez yolum düşürdü. Elə qaynar nöqtədən isti-isti xəbərləri qəzetimizə ötürürdüm. Gedişimin birində rayon polis şöbəsinin rəisi, polkovnik Rəşid Məmmədovla tanış oldum. Rəhmətlik Rəşid müəllimin yanında ən ağır döyüşlərdə iştirak etdim. Gördüm ki, ermənilər heç də polkovnik Rəşid Məmmədovun başına milyon manatlarla pulu nahaq yerə ayırmayıblar. Yerişində, duruşunda və hərəkətində bir ağayanalıq vardı. Hətta səsinin tonunda belə qeyri-adi bir məlahət və hökm hiss olunurdu. Onun qəhrəmanlığı və şücaəti nəticəsində nəinki Cəbrayılın özü və kəndləri qorunurdu, hətta Rəşid Məmmədovun rəhbərlik etdiyi əməliyyatda 12 erməni kəndi döyüşkən oğullarımız tərəfindən ələ keçirildi. Bu epizodları yada salmaqla mən Cəbrayılla bağlı bəzi xatirələri çözdüm. Çünki Cəbrayıl gözəl havası, suyu və uca çinarları olmaqla yanaşı, həm də qeyrətli bir Azərbaycan zabiti, polkovnik Rəşid Məmmədovla yadımda qalıb. O illəri heç cür geri döndərmək mümkün olmasa da, ancaq xatirələr çox şey deyir. Xatirələr deyir ki, nə vətənin bir qarış torpağını unutmaq olar, nə uca çinarları yaddan çıxarmaq olar, nə də o torpaq uğunda döyüşən oğulları unutmaq mümkündü. Deməli, heç vaxt tarix, torpaq və vətən uğrunda döyüşən oğullar yaddan çıxmırlar. Dostum Hürriyyətin bir sözü məni tərpətdi və mən də ürəyimin səsi ilə o günlərə qayıtdım. Bununla yanaşı, onun mənə təqdim etdiyi şəkili də qəzetimizdə dərc edirik ki, ürəyi o torpağa, o yurda bağlı olan insanlar bu şəkilə baxıb nəyisə yada salsınlar...
   
   
   
   ***
   
   
   
   Deyirlər ki, günlərin birində peyğəmbərlərdən birinə Allah-Təala tərəfindən vəh gəlir ki, sənin ömrün tamamdır və canını tapşırmalısan. Peyğəmbər də Allaha yalvarıb möhlət istəyir ki, bəs mənim uşaqlarım balacadır. Onlar məndən sonra necə dolanacaq? Yenidən Allahdan ona vəh gəlir. Deyilir ki, əlindəki əsanı görür get dənizin qırağında bir qayaya vur. Gör o qayanın içindən nə çıxacaq? Peyğəmbər də əlindəki əsa ilə dənizin qırağına gedir və orda əsanı qayaya vurur. Qayadakı daşın bir hissəsi iki yerə bölünür. Görür ki, bölünən yerdən bir qurd çıxdı, ağzında da yosun. O dəqiqə peyğəmbər hər şeyi başa düşür. Allahdan yenidən vəh gəlir ki, gördünmü mən öz yaratdığımı heç vaxt ruzisiz qoymuram. Ona görə də balalarının balaca olmasından qorxma. Vaxtın gəlib ölümü qəbul eləməlisən. Peyğəmbər dünyasını dəyişir və illər ötür. O balaca uşaqlar Allahın köməkliyi ilə hamısı böyüyür, ev-eşik sahibi olurlar.
   
   Deməli, Allah-Təala hər canlını yaratmamışdan əvvəl ilk növbədə onun ruzisini göndərir. Ona görə də bəndələr naşükürlük edib Allahın qoyduğu yolu azmalı deyillər. Allahın qoyduğu yolu bəndə azanda istər-istəməz günlərin birində öz cəzasına çatır, Allah-Təalanın verdiyi ruzi onun burnundan tökülür. Gərək bəndələr də elə hərəkət eləsin ki, o ruzi nə vaxtsa onların burnundan tökülməsin...
   
   
   
   ***
   
   
   
   Allahın varlığına və qüdrətinə heç kim şəkk-şübhə eləyə bilməz. Əgər buna şübhə eləyənlər varsa, onlar nə vaxtsa mütləq bu yolsuzluğun altını çəkməli olacaqlar. Çünki ulu Yaradan hər şeyə qadirdi və insanlar nə işlə məşğul olur hamısını yaxşı bilir.
   
   Bu yaxınlarda belə bir hadisə olub. Bir qadın sağalmaz xəstəliyə - xərçəng xəstəliyinə düçar olur. Onu o yer qalmır ki, aparmasınlar. Amma həkimlər bir az müalicə edirlər, sonra da deyirlər ki, biz bacardığımız köməyi göstərdik, qalanı Allahdan asılıdır. Yəni onun neçə həftə, neçə ay yaşayacağını ancaq Allah bilər. Xəstəni evə gətirirlər və gündən-günə də vəziyyəti pisləşir. Yaxın qohumları, qardaşları və bacıları hər an onun başının üstündə durub keşik çəkirlər. Bilirlər ki, get-gedə xəstənin vəziyyəti daha da ağırlaşır. Hamının təəccübünə səbəb olan bir hadisə baş verir. Ölümünə 10 dəqiqə qalmış qadın heç kimi tanımır və tez-tez "Allah var, Allah var" deyir. Hər dəfə də bu kəlmədən sonra onu tər basır. Yenidən həmin sözləri deməyə başlayır və "Allah var" deyib dünyasını dəyişir. Qardaşı Əli müəllim deyir ki, mən birinci dəfə idi ki, ölən adamın belə söz deməsini eşidirdim. Bacım o qədər rahat və asanlıqla dünyasını dəyişdi ki, ruhu da incimədi. Adətən bu cür xəstələr çox əzab-əziyyət içində dünyasını dəyişirlər.
   
   Nə demək istəyirik. Demək istəyirik ki, Allahın varlığı əbədidir. Düzdür, onu heç kim göz ilə görə bilməyib və səsini eşitməyib. Amma insanın içində Allah sevgisi olanda və o Allahı tanıyanda və Allahdan qorxanda onda həmin adam Allaha daha yaxın olur. Allaha yaxın olmaqsa, haqqa-ədalətə, həqiqətə yaxın olmaq deməkdir. Gəlin Allaha yaxın olaq, Allahı tanıyaq və sevək. Bax, onda əyri yoldan düz yola qayıdarıq və bu yol bizi Allahın yanındakı işığa doğru aparar.
   
   

TƏQVİM / ARXİV