adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

DOğMALIQDAN... AZADLIğADƏK

VƏSİLƏ USUBOVA
29595 | 2010-12-04 07:00
Nə vaxtsa Şeyx Şamil haqqında bir rəvayət eşitmişdim. Özü danışıbmış bunu: "Toy gecəsi gəlinin otağına girəndə o, ayağa qalxdı və yengəyə üzünü tutub "qalx ayağa, Şamil gəlir!" dedi. Toyun səhərisi yenə də mən içəri girəndə özü də qalxdı, yanındakı qız-gəlinləri də durquzdu: "Durun ayağa, Şamil gəlir!" Övladımız dünyaya gəldi. Uşaq söz anlayan gündən hər dəfə mən otağa daxil olanda özü də ayağa qalxdı, uşağı da qaldırdı: "Qalx ayağa, Şamil gəlir!" Bu münasibət sanki get-gedə mənim kimliyimi, nəyə qadir olduğumu yadıma salırdı. Mən özümdə qeyri-adi güc hiss edirdim".
   
   Şeyx Şamil qüdrətli şəxsiyyət idi. Bu artıq qəbul olunmuş bir fikirdir ki, onun kimilər dünyaya müəyyən, Tanrı tərəfindən seçilmiş görəvlə göndərilirlər. Çox zaman da insan özü bunu hiss eləmir, onu yönləndirən qüvvənin nədən ibarət olduğunu anlayıb dərk edə bilmir. Təbii ki, əfsanəvi dağlı təvazökarlıq edir, öz qəhrəmanlığını, şücaətini ona əziz olan insanla bölüşmək istəyir. İçəri girəndə ayağa durmaqla qəhrəman yetişdirmək olmaz. Elə kişilər var ki, gündə yüz dəfə ayaqüstə qarşılasan da, ondan heç nə çıxmayacaq, ömür boyu bivec olaraq qalacaq. "Quyuya su tökməklə quyu sulu olmaz" deyimi nahaq yaranmayıb ki...
   
   Bilirsiniz bu rəvayəti niyə xatırlayıb, niyə belə təfərrüatı ilə yazdım? Bu gün bir yazı oxumuşam. "525-ci qəzet"in 30 noyabr tarixli nömrəsində. Son vaxtlar qəzet gender məsələlərinə səhifə-səhifə yer ayırır. Bu yazılarda maraqlı fikir söyləyənlər də var, standartlardan əl çəkə bilməyənlər də. Deyəsən, heç kəs qadın azadlığını birmənalı şəkildə qəbul eləmək fikrində deyil. Elə zaman-zaman bunu müzakirə mövzusu eləməyin özü dediyimizi sübut edir. Fikirlərinə həmişə hörmətlə yanaşdığım möhtərəm ziyalı Məhərrəm Zülfüqarlının müsahibəsində də maraqlı fikirlər səslənir. Bu yazıda Məhərrəm bəyin fikirlərini müzakirə etmək məramında deyiləm. Sadəcə, müsahibəyə qədər və onu oxuyandan sonra düşündüklərimi bölüşmək istəyirəm.
   
   Dırnaqarası müasirləşməyin, qloballaşmanın azərbaycanlı ailəsinə ziyan vura bilməməsi, guya dünyada baş verən dağıdıcı proseslərə baxmayaraq bizdə ailənin möhkəm dayaqlarının hələ də qalması barədə fikirlə qətiyyən razı deyiləm. Oxuduqlarımızdan, eşitdiklərimizdən məlumatlıyıq ki, Qərbdə ailə ənənələri heç zaman möhkəm olmayıb, ər-arvad sədaqəti onlardan ötrü bəlkə də, ən məntiqsiz bir şeydi. (Hər halda biz belə düşünürük). Bizdə isə əksinə. (Lap adamın yadına M.F.Axundovun "Hekayəti Müsyö Jordan və dərviş Məstəli şah" komediyasından Hətəmxan ağanın bizimkiləri fransızlarla müqayisə eləməsi düşür). Olmayan bir şey necə itirilə bilər?! Deməli, itirən varsa, o da bizlərik. Bu sözlərimə görə məni daş-qalaq eləmək fikrinə düşənlər ətəklərinə daş yığmamışdan qabaq papaqlarını qabaqlarına qoyub fikirləşsinlər. Görsünlər ki, bu günkü azərbaycanlı ailəsi, uzağı demirəm, ötən əsrin ortalarındakı ailədirmi?! Niyə öz eyiblərimizi görmürük, yoxsa, görmək istəmirik?! Ört-basdır eləməklə nə qazanacağıq? Yoxsa, elə bilirsiniz ki, dünyanın gözü kordu? Yox, əzizlərim, ən azından bizi buna sürükləyənlər hər şeyi çox yaxşı bilir və görürlər. Hər şeyi iqtisadiyyatla bağlamaq da qətiyyən düz deyil. Belə çıxır ki, imkanlı ailələr ən nümunəvi, kasıb-kusublar isə bütün dəyərləri itirmiş ailələrdir?! Bu fikir "yorğanı qalın" olanların işinə yarayır. Əxlaq elə onda əxlaqdı ki, onu nə aclıq, nə səfalət yendirə bilmir. Ailələrin kasıbçılıqdan dağılması fikrini heç qəbul edə bilmərəm. Bəhanədən başqa bir şey deyil. Nağıl və dastanlarımızdan bəllidi ki, xanların, padşahların qızları çox zaman dövlətliyə yox, kasıb da olsa mərd, igid oğlanlara könül veriblər. Və hər şeyi olsa da, sevilə bilməyənlər məhz belələrinə qibtə eləyiblər, onların yerində olmaq istəyiblər. Sevgi elə həyatın çatışmazlıqlarına, ömrün ağrı-acılarına qalib gəlmək üçündü...
   
   Ailə ocağının istisi barədə deyilənlər nəinki ürəyimcədi, hətta məni həyəcanlandırdı da. Uşaqlığımı, atalı-analı günlərimi yadıma saldı. Bir süfrə başına yığışmağımız, bir-birimizə macal vermədən danışmağımız, arada didişməyimiz elə bildim dünən olub. Yaşa dolduqca belə nisgilli, şirin həsrətlə dolu xatirələr adamı daha çox üzür... Söhbətin yönünü dəyişdim deyəsən. Amma elə bu yerdə də qərblilərə məəttəl qaldığımı bildirmək istəyirəm. Südəmər körpəni belə ayrıca otaqda yatızdırırlar. Halbuki nənələrimizin dediyinə görə, uşaq ilk günlərdən ananın iyini bilir, səsini tanıyır. Həddi-buluğa çatandan sonra isə, oğlanlı-qızlı ailə qurmasalar belə valideynlərindən ayrı yaşayırlar. Bəs, doğmalıq, ailə ocağının istisi, bir süfrəyə əl uzatmağın ləzzəti harada qaldı?! "Hərə öz həyatını yaşayır" prinsipi nə deməkdi? Doğmalardan ayrı yaşamağın nə marağı ola bilər?! Ata-ana övladından kənarda necə xoş günlər keçirə bilər?! Doğrudanmı, biz də buna gedirik?! Adamın heç uğur diləməyə dili gəlmir...
   
   Qadınların sərbəstliyi niyə belə aqressiv qarşılanır? Daxili azadlığı olan qadının eşqi də, sədaqəti də danılmazdır, əvəzsizdir, qiymətsizdir. Amma çoxları bunu nə başa düşmək, nə də qəbul eləmək istəmir. Sərbəstlikdə, müstəqillikdə qorxulu nə görürlər? Ağlı başında olan heç bir insanın idarə olunmağa ehtiyacı yoxdu. Bu, öz qiymətini bilən hər kəsdən ötrü ən azından təhqirdi. Əgər dərd əlindən üzülən bir qadın lap elə ağlamaq, ürəyini boşaltmaqçın bir bağın, xiyabanın küncünə çəkilirsə, öz qəlbiylə təklikdə qalmaq istəyirsə, bunu mütləqmi hamı bilməlidir?! Bizim kişilərə "mən tək qalmaq istəyirəm" deyəndə, niyə özlərindən çıxırlar? Yoxsa, elə bilirlər ki, qadınlarına lazım olan hər şeyi verə bilirlər?! Və onların da nə kədərlənməyə, nə də ağlamağa ehtiyacları qalmır. Şou proqramlara çıxarılan ailələri görəndən sonra nikbin danışanlara qibtə eləməkdən başqa çarən qalmır...Həm də belələri tək-tək deyil, onlarla, yüzlərlədi. Zahirən hər şeyi yerli-yerində görünən, riyakarlıqla kübar rolunu oynamağı bacaran ailələrdə daha dəhşətli və iyrənc dramlar yaşanır.
   
   Ətrafımızda o qədər ailə münaqişələri, daxili haqsızlar, həm də o gərəksiz mentalitetmizin ütüləyib hamarladığı oyunlar var ki, adam toy səsi eşidəndə də ürəkdən sevinə bilmir. Ancaq ailə qayğıları ilə yaşayan, özünü oda-suya vuran kişilərin arvadları başında qoz sındırır, uşaqları hörmətini saxlamır. Evə bir qəpik qazanc gətirməyənlərin dili isə beş arşındı. Aylarla əli bazar sumkası görməyənlər elə şəstlə arvadının üstünə çımxırıb "niyə heç nə bişirməmisən?" deyir ki, ərsizlərə bəxtəvərlik oxumaq istəyirsən. Natəmizi silib-süpürüb yuxarı başa keçirir, gözəl, ismətli birisini küçələrə salırlar... Adamlının başına and içir, adamsızı qapazaltı eləyirlər... Əcəb mentalitetdi...
   
   Nə qədər oxusalar da, dünyanı gəzib dolaşsalar da, kişilərimiz ağalıq iddialarından əl çəkmək istəmirlər. Arvad-uşağı qorxutmaqla idarə eləmək, bununla da yaxşı kişi, yaxşı ər imici qazanmaq onların həyat fəlsəfəsidi. Çox yanlışdı. Unudurlar ki, qorxu qapıdan girəndə sevgi, hörmət, izzət bacadan çıxır. Doğmalar yadlaşır, ailə ocağının istisi azalır. Böyüklüyünü, bənzərsizliyini, fövqəl insanlığını hələ yetərincə dərk edə bilmədiyimiz Asif Ata demişkən: "Ağalıq-yadlıqdır!" Əgər bircə an dayanıb üstünə qışqırdığımız, vurub ağlatdığımız uşağın gözlərinə baxsaq, baxmağı bacarsaq, o zaman öz əzəli xislətimizdən nə qədər gen düşdüyümüzü anlayarıq.
   
   Siyasət ailələrin də içinə girib güvə kimi dağıdır. Əslində tarixən də belə olub. Amma nə üçünsə, həmişə bizə qız veriblər, bizdən qız almayıblar. Sovet dönəmindəki "beynəlmiləl nikah"ların iştirakçısı da ancaq kişilərimiz olublar. Qiymətə mindirənimiz olmayıb, ona görə...
   
   Əgər kişilər özlərini cəmiyyətin aparıcı qüvvəsi hesab edirlərsə, mən də böyük məmnunluq və həvəslə bütün günahları onların boynuna yıxıram. Yaxşı olar ki, qadınların geyim-kecimini, rəftarını ölçüb-biçincə, öz tarixi vəzifələrini yerinə yetirsinlər. Vətəni, torpağı qorumaq, milləti ucaltmaq, şərəfləndirmək, ölkənin iqtisadi gücünü, müdafiə qüdrətini artırmaq, nüfuzlu ailə başçısı, yaxşı ər olmaqçın çalışsınlar. Milli dəyərlərdən ağzı köpüklənə-köpüklənə danışanlar da özləridi, dodaq büzdüklərini maliyyələşdirən də, geyindirib-soyunduran da. Bizi yalandan tərifləməsinlər. Kompliment özü qadını köləliyə sürükləməyin bir vasitəsidi. Özünə güvənən, təhsilli, bilikli, öz həyatını özü qurmağı bacaran qadınların buna heç ehtiyacı yoxdu. Savadsızları məşuqələrinə çevirib, savadlıların yolunu kəsməyi buraxsınlar. Ataların, qardaşların, ərlərin qadına ağalıq elədiyi, yolunu kəsdiyi dövrlər arxada qalıb. İndi əsas maneə imkanlı, vəzifəli şəxslərdi. Vay o gündən ki, bir söz deyəsən, bir ricada bulunasan, kefləri göyün yeddinci qatına qalxır ki, nə yaxşı fürsət düşdü, mən deyən olmasa... "Göl sahilində" rus filmində qız arxasınca düşən oğlandan acıqla soruşur:
   
   - Nə istəyirsən?
   
   - Qızlarda həmişə almağa bir şey olur...
   
   - Namusunu?... Yaxşı iş deyil. Adamın öz namusu olmalıdı...
   
   Yalnız öz namusu olanlar başqasının namusunu almaq istəmirlər...
   
    Hə, əzizlərim, bizim namusumuz elə sizin namusunuzdu, sizin namusunuz da bizimki... Yoxsa, elə bilirsiniz, yazının əvvəlində iftixarla söz açdığım Şeyx Şamilə iradım yoxdu?! Görəsən, o böyük dağlı bu böyüklüyü qazanmaqda ona yardımçı olan qadının üstünə niyə evlənmişdi?! O boyda rus imperiyasına qarşı vuruşan azadlıq mücahidi öz evinin içindəki güclü və zərif məxluqa niyə sitəm eləmişdi?! Deyəcəksiniz ki, çoxarvadlılıq müsəlmanın qanındadı. Razı deyiləm. O boyda kişini belə cılız qəlibə salmaq istəməzdim. Heç bir qadın öz isti yatağını başqasıynan paylaşmaq istəməz... Ölər, istəməz...
   
   ... Elə Məhərrəm müəllim də kişilərin ailədə hörmətini seçkilərə qədər qəbul edir. Səsvermə günü ailə başçısının bütün imtiyazları qüvvəsini itirir... O gün arvad da, uşaq da azaddı, müstəqildi...
   
   Bu da sizə qloballaşan dünya...

TƏQVİM / ARXİV