iŞIğIN üSTüNƏ GEDƏN ADAM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
30078 | 2010-12-04 07:00
Hər dəfə kiminsə haqqında, daha doğrusu, kiminsə kitabı barəsində düşüncələrimi, fikirlərimi kağıza köçürmək istəyim məni dəftər-qələmə tərəf çəkib aparanda bir anlıq götür-qoy edirəm. Fikirləşirəm ki, görən mənim yazdıqlarım, mənim o kitabda gördüklərim, duyduqlarım, lap belə çılpaq desəm, həzm elədiklərim digər oxucular tərəfindən necə qarşılanır?
   
   Eləcə də müəllifin özü mənim qeydlərimi, pıçıltılarımı hansı bucaq altında görür, ona necə yanaşır? Axı zarafat deyil, sayılıb-seçilən, oturuşmuş müəlliflər haqqında adi bir oxucu fikirlərini qəzet səhifəsinə çıxarmaq o qədər də önəmli hadisə deyil. Yəni müəlliflə oxucunun hansısa bir məqamda razılaşması və yaxud qütbləşməsi son dərəcə gerçək və rahat qəbul edilə biləcək haldı. Ancaq o rahatçılığın, qəbul edilənin içərisində səmimiyyətdən başqa nə isə olarsa, zənnimcə bunun mayasına, özülünə güvənmək mümkün ola bilməz. Ən azı ona görə ki, Azərbaycan ədəbi ictimaiyyətinin sanballı və söz ucalığında qərar tutan müəllifləri haqqında sıravi oxucunun iddialı fikirlərdə bulunması heç əxlaqa da uyğun gələ bilməz...
   
   Təbii ki, bu mənim öz qənaətimdir. Belə hesab edirəm ki, oxucu istənilən bədii və elmi söz barəsində hər hansı bir fikri dilə gətirəndə heç olmasa, oxuduğunun içərisinə girməyi bacarmalı, oxuduğunu özününküləşdirmək qabiliyyətini nümayiş etdirməli və yalnız bundan sonra özününküləşənin barəsində mənfi və yaxud müsbət fikirlərini səsləndirməlidir.
   
   Ümumiyyətlə, mən sözə, kitaba bağlı olduğumdan hər gün bir təzə kitabın, bir təzə sözün izinə düşürəm. Çalışdığım mətbu orqanın məni şərəfləndirməsi imkanı isə istər oturuşmuş müəlliflər, istərsə də gənc yazarlarla məni tez-tez görüşdürür. Həmin görüşlərin canlı şahidi isə mənə bağışlanan kitablar, yazılardı. Və mən də həmin o kitabları həvəslə, diqqətlə oxumağa, onların səhifələrinin arasında gəzişmə etməyə və bəzilərini də vərəqləyib sona çıxmağa çalışıram.
   
   Belə bir fikir var ki, hər kitab özü özlüyündə ədəbi bir hadisədir. Əgər o dünyaya gəlibsə, onun içərisində ən azı iynə ucu boyda özü ilə işıq da gətiribdi. Ola bilməz ki, vərəqlərin arasında Allaha və bəndəyə xoş olan bircə söz tapılmasın. Bax, bu mənada mən bütün yazdıqlarımın altını cızmaqla mətləbə keçmək istəyirəm.
   
   Təkcə Azərbaycan oxucusu yox, eləcə də yaxın-uzaq ölkələrin ədəbi mühiti Kamal Abdulla imzasını kifayət qədər tanıyır. Və onun uğurları da təkcə özünə aid deyil. Ona görə ki, Kamal Abdulla mənsub olduğu xalqın və onun ədəbi ictimaiyyətinin dəyərli təmsilçisi, elm adamı, ədəbiyyat adamıdı. Mən Kamal Abdullanın son illərdə çıxan bütün bədii əsərlərini maraqla mütaliə etmişəm. İmkanım daxilində, dərk etdiyim səviyyədə oxucu münasibətimi də sərgiləmişəm. Bu gün də Kamal müəllimin bir kitabı haqqında, daha doğrusu, bir vaxtlar barəsində oxucu sözü yazdığım "Kədərli seçmələr" kitabı haqqında təkrar ürəyimdən keçənləri yazmaq qərarına gəldim. Bunun da bircə səbəbi var. O da həmin kitabın birinci fəslinin adı ilə bağlıdır. Bu adı iri hərflərlə yazıram: UNUTMAĞA KİMSƏ YOX.
   
   İri hərflərlə yazdığım bu ad Kamal Abdullanın həm də yeni romanının ünvanıdı. Mən o romanın "525-ci qəzet"də çap edilən bir hissəsini həvəslə oxuyub ilk reaksiyamı da ortaya qoymuşdum. Amma bax, o qəzet variantını oxuduqca bu adın doğmalığı məni özünə çəkmişdi və çalışmışdım ki, bu ada harda rast gəldiyimi, harda qarşılaşdığımı xatırlayım. Bu günlərdə onu xatırladım. Daha doğrusu, içimdə sıxıntı olanda, dəyərli söz adamlarının fikir yükünü, düşündürücü misralarını gözdən keçirməyi xoşlayıram. Bax, həmin o daxili tələbatın nəticəsində mən əlimi kitab rəfimə uzadıb "Kədərli seçmələr"i götürdüm. Kitabı açan kimi ilk qarşılaşdığım həmin o, "Unutmağa kimsə yox" oldu. Və başladım özümü unudaraq kimsənin olmadığı yerlərə getməyə, ünvanları axtarmağa. Axtara-axtara bir divar önünə gəlib çıxdım. Ağappaq bir divar. Hündür, əlçatmaz, səsi də, özündən arxa üzə keçməyə buraxmaz bir divar...
   
   
   
   Yadında qaldımı harda, nə vaxtdı
   
   Yolun əvvəlində qoydular səni.
   
   Sən bir hədəf idin, yol ox idi
   
   Tarıma çəkilmiş ox idi o yol...
   
   Qatdı qabağına yollar səni
   
   Yarı ölü kimi, yarı sağ kimi.
   
   Divar önünə qoydular səni,
   
   Sən - hədəf kimi, yollar- ox kimi.
   
   
   
   Üzümü o divara söykədim, əlimlə sığallayıb nəfəsimlə isitdim və mənə elə gəldi ki, bu divar içimdən keçənləri artıq duymağa, məni hiss etməyə başlayır. Hətta mənə elə gəldi ki, o divar məni qucaqlamaq üçün üstümə tərəf əyilir. Etiraf edim ki, vahiməli bir sevinc yaşadım. Elə bir vahimə və sevinc ki, o bir anlıq mənə həyatın ölümsüzlüyünü pıçıldadı, anlatdı. Və:
   
   
   
   Bu gün də, sabah da vuracaq ürək
   
   Bir buna nə qədər sevinəcəyik..
   
   Bizim səhvlərimiz tükənməyəcək
   
   Həyatımız boyu öyrənəcəyik...
   
   
   
   Yenidən dünyaya gəlmək istəyi
   
   Səhvsiz yaşamağı arzulayarıq.
   
   Son dəfə sakitcə ölmək istəyi
   
   Ölərik -
   
   Ayılıb görərik ki, varıq.
   
   
   
   Maraqlı fikirlərdir, elə deyilmi? Ölüb ayılasan!.. Bir də ayılıb öləsən!.. Və beləcə dünyanın hər üzünü görə-görə saflaşasan, paklaşasan, gözəlləşəsən, yapışıqlı, yanımlı, dili şirin, nəfsi halal, ürəyi və gözləri günəş işığı ilə dolu bir varlığa çevriləsən. O qədər paklaşasan ki, büllurlaşa biləsən. İşığın hər tərəfə düşsün. O işıqdan yapışıb sənə doğru gələnlərə dinmədən, danışmadan, hətta hərəkət etmədən deyəsən. Təbii ki, varlığınla:
   
   
   
   Susdun heykəl tək
   
   Elə bil heç zaman danışmamışdın.
   
   Çünki sən gözəldin, gözəl görünmək
   
   Heç kimə bu qədər yaraşmamışdı.
   
   
   
   Poeziyamızda heyrət doğuran, hətta Füzulinin dediyi heyrətə bərabər tutula biləcək heyrətamiz məqamlar hərdən bir oxucu kimi mənim də qapımı döyür, mən də onlarla qarşılaşıram. Bax, bu gözəlliyi özünə yaraşan varlığın önündə heyrət etməmək də mümkün deyil. Çünki müəllif səni elə ovsunlayıb ki, yalnız düşünə-düşünə heyrətlənirsən. Və baxıb görürsən ki, bu heyrətin özü də bir mövzudu. Elə bir mövzu ki, onu axtarmağa ehtiyac yoxdur. Böyük Cəfər Cabbarlı demişkən, mövzu özü səni tapıbdı, qapını döyübdü. Sən də o qapını açıb ətrafa diqqət yetirəndə görmüsən ki:
   
   
   
   Bir uzun səhraydı-
   
   ucu-bucağı yox,
   
   sorağı yox
   
   hardan başlayırdı, harda itirdi.
   
   Bir dəvə idi-
   
   kövşəyə-kövşəyə
   
   yuxulu-yuxulu
   
   bu səhranı gedirdi.
   
   
   
   Hə, bu mövzu səhrasıdı və istedadın az-çox, ruhu olan hər kəs bu səhrada xırda qum dənəciklərindən misralar düzəldə bilər. O ki, ola böyük istedadın, böyük ruhun sahibləri. Onlar üçün qum dənəciklərinin hər biri artıq misradı. Sadəcə, onu götürüb vərəqlər üzərinə düzüb oxucuya ərməğan etmək lazımdır.
   
   "Unutmağa kimsə yox"un ləngərlənən, ləpələnən, qabarıb çəkilən qoynunda özümü söz dəryasında, fikir ümmanındakı kimi rahat, sərbəst, həm də xoşbəxt və qayğısız hiss edirdim. Sadəcə bir narahatçılığım var idi. O da unutmaq istədiklərimin bu məqamda məni tərk etməməsi, əksinə, Kamal Abdulla poeziyasının təsirindən yararlanaraq üstümə daha böyük güclə gəlməsi idi. Lap sonda onların mənə güc gələcəyinə əmin oldum. İnandım ki, unutmaq istədiklərimi söz dünyasında unutmaq mümkün deyil. Onları məndən başqa unutmaq istəyən olsa da, olmasa da. Çünki:
   
   
   
   Bu dənizin sularını
   
   balıqlarından başqa
   
   içən olmadı.
   
   Keçən olmadı bir daha
   
   bu dağ yollarını -
   
   yollar cığıra döndü.
   
   
   
   Suyu içilməyən dənizin, cığırı, yolu olmayan ömrün faciəsi böyükdür. Amma bir böyüklük də var: o da həmin o dənizin, o yolun faciəsini görüb onu poeziyanın işığına bürümək və hər kəsə göstərməkdir. İşıq demişkən...
   
   Hərdən öz-özümə fikirləşirəm ki, görəsən mənim qədər tənhalığa çəkilməyi xoşlayan ikinci kimsə varmı? Bu sualın uğursuzluğunu bilə-bilə, hiss edə-edə onu dilə gətirirəm. Bilirəm ki, hər kəsin içində bir tənhalığa çəkilmək istəyi mütləqdi. Çünki həmin an insan özünü kənardan müşahidə edə bilir, özünü görür. Təbii ki, müşahidə etmək istəsə, görmək istəsə. Bax, mən də dünyanın sonuncu tənha adamını elə özüm bildiyim, hesab etdiyim məqamda "Unutmağa kimsə yox" hücrəsinə sığınmış bir nəfər çıxdı ortaya. Dedi ki, mən burdayam.
   
   
   
   Dünyanın sonuncu tənha adamı
   
   Elə sevinər ki, tənhalığına.
   
   Yadına da düşməz hardadı hamı
   
   Nə soluna baxar, nə də sağına.
   
   Nə ağına baxar, nə də bozuna.
   
   
   
   ... Baxmır, qoy baxmasın... Onsuz da mənim tənhalığımı görmək istəyənlər çoxdan mənə gözlərini yumublar. İstəməyənlər isə görmədiklərini bəhanə ediblər. Qoy olsun. Əsas odur ki, mən tənhalığımı və onun işığını görürəm. Üstəlik, gözəl şairimiz Məmməd İsmayıl demişkən: "Bir adam yol gedir bizdən qabaqda". Yəni məndən öndə gedənlər var. Onlardan biri hətta işığın da üstündən keçib gedib. Və bir də onda ayılıb ki, işıq özündən arxada qalıb:
   
   
   
   Bir işığın düz üstünə gedirdim,
   
   Az qalırdım çıxım, uçum çəkimdən
   
   Bir tonqalın tüstüsünə gedirdim,
   
   Bütöv dünya tapacaqdım sanki mən...
   
   
   
   ... Nə qırıldı bu sınanmış maşında?
   
   İndiyədək sazdı kiçik çarxı da.
   
   Bir də gördüm işıq yoxdu qarşımda,
   
   Mən getmişəm işıq qalıb arxada.
   
   
   
   ... Arxada qalan işıq öndə gedənin davamçıları üçün aydın bir yoldur, işıq yolu. O yolla kimlərsə gəlir, mən buna əminəm. Və elə həmin o yolun bir döngəsi də mənim ünvanımdan keçir. Ona görə də gözü yumulu əlimi uzadıb oxumağa, baş-başa qalmağa, rəfdən kitab axtaranda "Kədərli seçmələr"i götürüb "Unutmağa kimsə yoxdu" pıçıltılarını ürəyimdə təkrarlamağa başladım. Və sonda özümdən asılı olmayaraq bərkdən dedim:
   
   - Dözmək nə qədər çətin olsa da, unutmamağa alışmalıyıq, unutmamağı bacarmalıyıq. Unutsaq, unudulacağıq. Yaxşı ki, kimsə yoxdu unudulası...

TƏQVİM / ARXİV