adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2015 09:32
47066
DÜNYA
A- A+

NÖVBƏTİ ADDIM: BEYNƏLXALQ MƏHKƏMƏ

Son yüzilliklərin ən qorxunc bəlalarından biri də artıq dünyanı bürümüş silahlı separatizmdir. Və bu gün reket dövlətlər tərəfindən idarə olunan bu dəhşətli proses demək olar ki, ən müxtəlif regionlarda ölüm, qan-qada, aclıq, səfalət, xarabalıqlar törətməkdədir.
Postsovet məkanındakı separatizmin müəllifi və havadarı olan Rusiya belə aqressiv siyasətiylə on minlərlə günahsız insanın məhvinə, minlərlə yaşayış məntəqələrinin xarabazara çevrilməsinə, milyonlarla vətəndaşın öz yurd-yuvasından məcburi şəkildə ayrılaraq qaçqın vəziyyətə düşməsinə səbəb olub.
Azərbaycanın tarixi torpaqları işğal edilib, oradakı mədəniyyət abidələri vandalcasına dağıdılıb, dövlətin normal infrastrukturu məhv olunub. Azərbaycandan başqa Gürcüstan da, Moldova da həmin aqibəti yaşıyıb. Uzun illərdi müasir dünyanın gözləri önündə baş verən bütün belə dəhşətlər, bu haqsızlıqlar nəinki durdurulmayıb, hətta daha qlobal şəkildə davam edir.
Bildiyimiz kimi, Ukraynanın da bir çox əraziləri faktiki olaraq Moskva tərəfindən separatçıların iştirakıyla işğal edilib. Gün keçdikcə də itkilərin sayı durmadan artır. Düzdü, son günlər bir sıra cəhdlərdən sonra separatçılarla Ukrayna ordusu arasında atəşkəs əldə edildiyindən insan tələfatı maksimum həddə azalıb, amma hər kəs bilir ki, bu son dərəcə kövrək razılaşma hər an yenidən qanlı çarpışmayla əvəzlənə bilər.
Əlavə itkilərin qarşısını almaq üçün yollar arayan, işğal edilən torpaqlarını geri qaytarmağa çalışan Kiyev bütün mümkün və qeyri-mümkün variantlara əl atmağı planlaşdırır. Bu günlərdə Ukrayna hakimiyyəti işğalı hüquqi cəhətdən rəsmləşdirmək uğrunda hərəkətə keçib. Belə ki, srağagün Ali Rada işğalla bağlı beynəlxalq məhkəməyə müraciət etmək üçün hüquqi baza yaradır.
Parlamentdə müzakirəyə çıxarılan sənədə 226 səs vacib olsa da deputatlardan 259-u "hə" deyərək onu rəsmləşdirib. Sənəd "Rusiyadan öz ordusunu Ukraynadan geri çəkməyi və təcili olaraq Krımı və Sevastopolu geri qaytarmağı" tələb edir. Ali Radanın vitse-spikeri Oksana Sıroyedin sözlərinə görə, parlamentin bu qərarı Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə görə onların beynəlxalq məhkəməyə verilməsi üçün hüquqi baza yaradır. Bu ilk sənəddir ki, Rusiyanın Ukraynaya qarşı gerçəkləşdirdiyi silahlı hücumun bütün detalları, faktları göstərilib. Bundan başqa, həmin sənəd ilk dəfədir müharibənin konkret nə vaxt başladığını da özündə əks etdirir".
Xanım Oksana Sıroyedova həmçinin bildirib ki, qərarda Rusiyanın Minsk razılaşmasına əməl etməsi də tələb olunur. Və Moskva tərəfindən əgər parlamentin bu tələblərinə əməl edilməzsə Kiyev beynəlxlaq məhkəmədən Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsini istəyəcək. Həmçinin vitse-spiker onu da söyləyib ki, təcavüzə son verilməyəcəyi təqdirdə Ukrayna beynəlxalq aləmdən maliyyə yardımlarının göstərilməsini və silah təchizatını tələb edəcək.
Əlbəttə, Rusiya kimi bir dövləti beynəlxalq məhkəmələrlə qorxudaraq öz məqsədindən geri döndərmək o qədər də gerçək görünmür. Hətta ilk baxışdan bir qədər sadəlövh addım təsiri bağışlayır. Lakin unutmayaq ki, beynəlxalq məhkəmənin rəsmi qərarlar qəbul edə biləcəyindən və bu qərara rəğmən iqtisadi və maliyyə sanksiyaların sərtləşdiriləcəyindən söhbət gedirsə bunları gözardı etməyin yeri yoxdur. Bir də ki, ümumi işin irəli getməsi üçün hətta ən kiçik addımlar da gərəkli ola bilər.
Moskva özü son dövrlər işğal etdiyi digər respublika ərazilərinin Rusiyaya birləşdirilməsi üçün Dumaya qərar qəbul etdirmədimi? Əlbəttə. Lakin belə baxanda faktiki olaraq Rusiyanın himayəsi altında olan həmin bölgələrin sənədləşməsinə Kremlin də ehtiyacı yox idi.
Hər halda tərəflər arasındakı mübarizə bütün istiqamətlərdə davam edir. Və hər biri qarşısına çıxan ən kiçik fürsəti belə əlindən buraxmamağa çalışır. Çox yəqin ki, Ali Rada tərəfindən atılan bu addımlara Moskvanın verəcəyi reaksiya müəyyən qənaətlər yaradacaq...